Avqust ayının sonlarında İtaliyanın mərkəzi hissəsində baş verən dağıdıcı zəlzələnin vurduğu zərər təxminən 3-4 milyard avro həcmində qiymətləndirilib. Bu barədə İtaliya Mülki Müdafiə xidmətinin başçısı Fabrisio Kurço bildirib.
Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, təxminən bir ay əvvəl baş vermiş təbii fəlakətə həsr olunan xüsusi mətbuat-konfransında Kurço Mülki Müdafiə Xidmətinin evlərini itirmiş şəxslərə yardın göstərməyə davam etdiyini deyib. Onun sözlərinə görə, hələ də 2,5 min insan müvəqqəti qurulan çadırlarda yaşayır.
İtaliyanın Baş naziri Matteo Rensi isə öz növbəsində hədəflərinin zərər çəkən şəhərləri bərpa edərək əvvəlki vəziyyətindən daha yaxşı hala salmaq olduğunu qeyd edib.
Xatırladaq ki, avqustun 24-nə keçən gecə Mərkəzi İtaliyada 6 bal gücündə dağıdıcı zəlzələ baş verib. Yeraltı təkanların episentri Akkumoli şəhəri yaxınlığında, yer səthindən 4 kilometr dərinlikdə yerləşib. Apennin silsiləsinin geniş ərazisini əhatə edən zəlzələ dağlarda yerləşən kiçik şəhərlərdə ciddi dağıntılara səbəb olub. Yeraltı təkanlar bir çox şəhərdə, o cümlədən Roma, Florensiya və Boloniyada da hiss edilib.
Son məlumata əsasən, təbii fəlakət nəticəsində 297 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb, həmçinin 3 mindən çox insan evsiz-eşiksiz qalıb.