Sentyabrın 30-da axşam saatlarında “Metyu” qasırğası Karib dənizində ən yüksək – beşinci təhlükə səviyyəsinə çatıb. Bu barədə məlumat ABŞ-ın qasırğaları müşahidə üzrə milli mərkəzindən verilib.
Qasırğanın mərkəzində küləyin sürəti saatda 260-320 kilometrə qədərdir. O, Yamayka, Kuba və Haitiyə, həmçinin Kolumbiya və Venesuelanın Karib dənizi sahillərinə təhlükə yaradır. Hazırda qasırğa Kolumbiya sahillərindən təxminən 120 kilometr, Yamaykadan isə 710 kilometr məsafədə yerləşir.
Meteoroloqların müşahidələrinə əsasən, “Metyu” bu mövsümdə Karib dənizində qeydə alınan və 2007-ci ildən bəri baş verən ən güclü qasırğadır.
Kolumbiyada şiddətli leysan yağışları və daşqınlar səbəbindən artıq bir nəfər həyatını itirib. Qasırğanın yaxınlaşması ilə bağlı Panama hökuməti də hazırlıqlara başlayıb(azərtac).