XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 October 2016 - 18:33

“Babək də mənimdir, Şah İsmayıl da ” –Şeir

 

surxay

Surxay Sultan

Son zamanlar Azərbaycan tarixində silinməz iz buraxmış qəhrəmanların kimliyi, keçdyi yol, əqidəsi barədə ictimai müzakirəyə çıxarılan fikirlər, istər-istəməz, cəmiyyətimizdə əks-səda doğurur. İctimai vicdanı incidən, yaralayan bu kimi ittihamlara əsrlər boyu xalqın dili olmuş şair və yazarlar da biganə qalmırlar.

Əsərlərində hər zaman milli-mənəvi dəyərlərimizin sözçüsü kimi çıxış edən şair Surxay Sultanın qələmə aldığı “Babək də mənimdi, Şah İsmayıl da” şeiri ictimai vicdanın “Yetər!” hayqırtısıdır. 

Aktuallığını nəzərə alıb, şeiri Strateq.az oxucularına təqdim edirik:

 

Babək də mənimdir, Şah İsmayıl da

 

İnsanın öz haqqı, dinin öz haqqı…

Məncə, insan haqqı daha öndədir.

Verilsin nə varsa, gərək, düz haqqı, 

İnsanın haqqı da elə dindədir.

 

Əzəl insan olub, bəşər xəlq olub,

İnsanın başının üstündə Allah.

İnsanlar toplusu dönüb xalq olub,

Əməldən törəyib savab, ya günah.

 

Əvvəl insan olub, sonra etiqad,

Sonradan yaranıb kitab da, din də.

İnsan da göylərdən diləyib imdad,

Allaha sığınıb darda, çətində.

 

Qədimdən qədimdir mənim tarixim,

Dinlərdən əvvəl də var olmuşam mən.

Mənim öz kitabım, mənim öz mixim,

İslamdan çox əvvəl doğulmuşam mən.

 

Qəhrəman yetirib dünyada hər xalq,

İsgəndər, Temuçin, Napoleon var.

Bircə an tarixin fövqünə qalxaq,

Xalqının fəxridir bu qəhrəmanlar.

 

Etdiyi əməlin tək önəmində,

Yaşayır qəhrəman, hər nəyi olur.

Yetişir zamanın bir dönəmində,

Bütün dövrlərin örnəyi olur.

 

Onları nədəsə ittiham etmir,

Hər xalq sahib çıxır qəhrəmanına.

Düşmən fitnəsinin küyünə getmir,

Qoymur ləkə düşsün onun adına.

 

Millət var özünə qəhrəman gəzir,

 Nədən olana da xor baxırıq biz?

Bu gün dərdimizə əlaman gəzir,

Min ildən əvvələ rəng yaxırıq biz.

 

İçində günah var hər günahsızın,

Günahsız tapılmır ilk daşı atsın.

İnsanlıq adına bircə xətt cızın:

Xeyrə xidmət etsin, xeyri yaşatsın.

 

Özülün qazımaq özünə qəsdir,

Çatmaz mənzilinə yolu azanlar.

Bu yersiz cəhdlər də, vallah, əbəsdir,

Tarixdə qalacaq tarix yazanlar.

 

Dünya düzənində önə çıxmayan,

Özgədən daha çox özünü qına.

Bu gün keçmişinə sahib çıxmayan,

Sahib çıxa bilməz sabah haqqına.

 

Qafillər gözündən, qoy, toru silsin,

Qəflət yuxusundan, yetər, ayıl da.

Bilənlər bilirlər, bilməyən bilsin,

Babək də mənimdir, Şah İsmayıl da.

 

28.09.2016