XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2016 - 09:20

“Baba ocağı”(4)-Nizami Muradoğlu


 

nizami-muradogluYaşadığı dövrün güzgüsü olmayan ədəbiyyat əsl ədəbiyyat deyil. Odur ki, klassik şablonlardan çıxmağı bacarmayan, yüzillərlə deyilənləri təkrarlayan, hansısa dahilərin orbitində fırlanan ədəbi əsərlərin ömrü çox zaman yazarların ömrü qədər olur. Şablon xaricinə çıxmış əsərlər isə tarixdə iz salır, yaşayır, yazarını yaşadır. Cəlil Məmmədquluzadənin, Sabirin, Hüseyn Cavidin əbədi həyat qazanmasının sirri də elə dövrün nəbzini tutması, yaşadıqları zamanın problemlərini əks etdirərək, real təsvirlərlə tarixə işıq tutmaları olub.

Yazar Nizami Muradoğlunun qələmindən çıxan “Baba ocağı” romanı da zamana güzgü tutan əsərlərdəndir. Əsər XX əsrin əvvəllərində Ordubadın Əylis və ətrafındakı kəndlərdə baş verən hadisələrdən bəhs etsə belə, bu gün yaşanan erməni məkrinə də işıq tutur. Əsəri həm də Əkrəm Əylislinin “Daş yuxuları”na cavab kimi xarakterizə etmək olar. Baxmayaraq ki, bu romanın yaşı “Daş yuxuları”ndan daha çoxdur və Əkrəm Əylisliyə cavab üçün də yazılmayıb.

Görünən dağa çox bələdçilik etmədən romanı Strateq.az oxucularına təqdim edirik:

(Əvvəli bu linkdə: strateq.az/edebiyyat/96267/erməni-məkrini-ifsa-edən-əsər.html

http://strateq.az/edebiyyat/97465/baba-ocagi.html

http://strateq.az/edebiyyat/98992/baba-ocagi3.html)

Rövşənin haqqında danışılan dedi-qodular kəndi bürümüşdü. Çoxları “ağlı qaçıb, başı xarab olub,”- deyib arxasınca gülürdülər. Rövşən isə əqi­də­sinə sadiq qalaraq öz işini davam etdirir, adam­ları inandıra bilmədiyindən onlardan uşaqlaşır, kösəvin göyərəcəyi günü gözləyirdi. Tək ni­garançılığı Ağ Dədəni görə bilməməsiydi. Bir neçə dəfə Ağ Dədənin mağarasına baş çəkmişdi, məbədə getmişdi, amma Ağ Dədədən soraq verən olmamışdı. Ağ Dədə qeyb olmuşdu, onu heç yerdə görən yoxdu.

Əylisdə ermənilərin arasında pıçhapıç geniş­lən­mişdi. Rövşən ermənilərdə başlayan bu soyuqluğu hiss edir, münasibətlərin günü-gündən gərgin­ləşdiyinin fərqinə varırdı, lakin onun dediklərinə əhəmiy­yət verilmir, son zamanlarda onun psixi durumunda xöşagəlməz halların baş verməsi haq­qında deyilənlər istər-istəməz adam­larda bir şübhə yaradırdı. Bu səbəbdən Rövşən özü də insanlardan uzaqlaşır, duyduğu, eşitdiyi, hiss elədikləri ilə ilgili qəti bir qərar qəbul edə bilmirdi.

Qafan tərəfdən acı xəbərlər gəlməkdə davam edirdi. Xəbərlərdə Oxçu, Şabadın, Atqız, Pirdav­dan kəndlərində türklərə qarşı aparılan sıxış­dırmalardan söhbət açılır, tək-tək adamların dö­yü­lüb incidildiyi söylənilirdi. Daha sonra Nu­hgədihdən Əylis bazarına yağ-pendir satmağa gələnlər Oxçuda bir türk çobanının çöldə öldürüldüyü xəbərini gətirdilər. Çobanı öldürəni görən olmamışdı, amma Oxçu camaatı bu işi ermənilərin gördüyü qənaətində idilər.

 Qafanın türklərlə ermənilərin birgə yaşadığı kəndlərində gecələr üzü örtülü adamların türk evlərinə olan basqınları haqqında da söhbətlər yayılırdı. Əylisdə də gecələr Arakelin evində yığıncaqlar keçirilməsi xəbərləri eşidilirdi.

Türk icması kəndin durumundan narahatdı, hər gün ətraf kəndlərdən gələn xəbərlər yaxşı heç nə vəd etmirdi. İçma qərara aldı ki, Şah Abbas məscidində yığışıb tədbir görsünlər. Kəndin sayılan ağsaqqalları, cavanlar məscidə dəvət edildilər. Hacı Nəcəf, Hacı Qurbanəli, Mirzə Tahir Əfəndi, Molla Nurməmməd, Kəblə Əhməd, Məşədi Kazım, Məşədi Bağır, Aslan baba, Bığ Abbas, Bəyməmməd, Alxan kişi, gənc müəllim Mirzə Rahab və s. yığıncaqda iştirak edirdilər. Rövşən bu yığıncağa dəvət olunmasa da evlərinə baş çəkməyə gedərkən təsadüfən məsciddə qələbəlik olduğunu görüb içəri keçdi. Çox danışıqlardan sonra Hacı Nəcəf ayıq-sayıq olmaq, ermənilərin törədə biləcəyi hər hansı bir hadisəyə hazır olmaq haqqında təlimat verdi. Qərara alındı ki, üç nəfərlik nümayəndə heyəti ermənilərlə görüşüb son vaxtlar yaranmış gərginliyə aydınlıq gətirsinlər. Nümayəndə heyətinin tərkibinə Hacı Nəcəf, Mirzə Tahir Əfəndi və Alxan kişi seçildilər. Görüş üçün özünü ermənilərin rəhbəri kimi qələmə verən Arakelə xəbər göndərildi.

Arakel təklifi alar-almaz hazırlığa başladı. Arakel fikirləşirdi ki, hələlik türklərlə mehriban danışıb, səmimi rəftar etməklə onları arxayın­laşdır­maq lazımdır. Nümayəndə heyətinin top­la­nıb görüş istəməsi Arakeli ziyada narahat etsə də, özünü səmimi aparmağa çalışır, səbr edirdi. Görüş Arakelin təklifi ilə onun üç mərtəbəli evinin qarşısındakı balaca həyətdə baş tutdu. Erməni tərəfdən Arakel keşiş Mikayıl və Petrosu tərkibə daxil etmişdi. Altı kişi tut ağacının altında oturub çay içə-içə Əylisin taleyindən danışırdılar. Hacı Nəcəf sözü belə başladı:

-Arakel kirvə, bilirsən ki, Əylis türkləri bu kənddə sizin babalarınıza qucaq açıb yer verdilər. Biz də əlbir olub burada birlikdə bu günə qədər çox mehriban yaşadıq. Amma son zamanlar ayrı-ayrı yerlərdən qulağımıza gələn səslər, düzü bizi narahat etməyə bilməz. Biz istəmirik ki, qucaq açıb qoynumuza aldığımız dostlarımız ilə aramızda narazılıq yaransın. Elə bilirəm ki, siz də bu barədə xeyli dərindən düşünməlisiniz. Fəqət ki, indi bəzi yer­lərdə bir para cavanlar məxşuşluq salmağa səy edirlər. Dəxi bizim borcumuzdur, onların qarşısını alıb düz yola dəlalət edək.

– Düz yola çağırmaq Rəbbimizin hər bir bən­dəsinin boynunda olan şərəfi-nişanəsidir, – deyə Mirzə Tahir Əfəndi əlavə etdi.

Keşiş Mikayıl da söhbətə qoşuldu:

– Uca Allah bütün insanları Adəm və Hav­va­dan qardaş olaraq yaratmışdır. Dinimiz və inanc­ları­mızda farqlar olsa da, hamımız bir Allaha bağlıyıq. Bax, mən həmişə Mirzə Tahir əfəndini özümə kardeş bilmişəm.

-Evet doğru. Ben də Mikayıl efendini özümə kardeş və dost biliyorum. Şimdi yapacağımız iş şudur; bu kardeşliyi qorumaq, arxayınlıqla yaşamaq.

 Arakel ürəyində “siz necə istərsiz düşünün, am­ma bu xamır çox su aparar”,- deyə fikirləşdi. İndi isə türkləri arxayınlaşdırmaq, vaxtı gələndə ehtiyatda olan qüvvələri hərəkətə gətirib onları darmadağın etmək, cənnət Əylisi birdəfəlik ələ keçirmək lazımdı. “Bala İstanbul” adlanan bu yurd er­mənilərin baş kəndi olmalıydı. Arakel yaxşı bilirdi ki, Əylisi ələ keçirmək bütövlükdə Nax­çı­vanın taleyini həll etməyə bərabər idi. Əylis ələ keçərsə, ermənilər bu torpaqlarda əbədi olaraq məskunlaşacaqdı. Amma hələ ki, komitənin qərarı açıq­lanmamışdı. Arakel gözləyirdi, o zaman müt­ləq gələcəkdi, hələ gəlməmişdi. Arakel Hacı Nə­cəfə üzünü tutub dedi:

-Kirva, ela man həmişa dostluğun tarafdarı olmuşam. Biz turkları çox sevarız. Bizim babalarımız bu topraqlarda birga yaşamışlar, biz da yaşarız.

 Kənardan bir dığa Arakeli işarə ilə çağırdı. Arakel oturanlardan üzrxahlıq edib ayağa durdu. Bağçadan bir qədər aralandı. Anastas gəlmişdi. Anastas “mən hazıram”,- dedi.

-İndi olmaz, – dedi Arakel.

– Arakel ağa, belə fürsət ələ düşməz. Razılıq ver, üçünü də elə burda gorbagor edək. Bunları aradan götürəndən sonra türklər özləri bu torpaqları qoyub qaçacaqlar. Aşığın saqqasını vurarlar, Arakel ağa.

– Mən də biliram aşığın saqqasını vurarlar. Anastas, man xabar gözləyirəm, xabar gəlmədən bir iş görə bilmərik. Bu günə, sabaha mütləq xabar gəlib yetişar. Talasma, hər işin öz vaxtı var. Türklər demiş: “Qoca çox tələsər, armud vaxtında yetişər”. Gözlə.

 Arakel yenidən oturanların yanına qayıtdı. Ara­kelin ayrılmağı Hacı Nəcəfdə şübhə yarat­mışdı. Bu nanəcib ermənidən nə desən gözləmək olardı. Odur ki, vaxt itirmədən getmək lazımdı. Ha­cı Nəcəf ayağa qalxdı:

 -Arakel, biz gəlib sözümüzü dedik. Bu torpaqlarda hüzur olması sizin də xeyrinizədir. Bu hüzur pozularsa, səndən bilərik. Papağını qoy qabağına yaxşı-yaxşı fikirləş.

 -Kirva, ela mazhab haqqı, man da huzur is­taram,- dedi Arakel.

Xudahafizləşib ayrıldılar. Hacı Nəcəf başa düşürdü ki, işlər heç də yaxşı getmir, hər an, hər dəqiqə ara qarışa bilərdi. Əylisdə bütün bu işlərin başında Arakel dururdu. Amma Arakel gözləyirdi, nəyi gözlədiyi bilinmirdi.

   Arakel türkləri yola salandan sonra arxal­a­rın­ca deyindi:

– Bu gün buradan salamat getdiz, amma tezliklə yenə də görüşarik. Bu torpaxlar siza mazar, biza bazar olacax.

   Hacı Nəcəf ağa Əylisin ən varlı türklə­rin­dəndi. Bu günə qədər sözünün üstünə söz deyən olmamışdı. Əylisdə, Vənənddə, Azadda böyük meyvə bağları, tut plantasiyaları vardı. Əylisdə açdığı ipək fabrikasında Avropada istehsal olunmuş toxuculuq dəzgahları qurdurmuşdu. İstehsal edilən ipəyi də Avropa bazarlarına göndərərdi. Mükəmməl təhsil almışdı, rus, fransız, fars və ərəb dillərini bilirdi. Son zamanlar ətraf kəndlərdə baş verən hadisələri təhlil edir, Əylisdə sabitli­yi qoruyub saxlamaq məqsədi ilə yorul­madan çalışırdı. Türk icmasının yığın­caqlarında xüsusi dəstələrin düzəldilib sayıqlığı qorunmaq işinin də təşkilatçısı Hacı Nəcəf ağaydı.

 

 

 Ayka son günlərini çox ağır keçirirdi. Bir tərəfdən Tamaranın özündən sonra tək-tənha qalacağından narahat olur, diğər tərəfdən də özünün dəfninin necə olacağını düşünürdü. Ayka çox istərdi ki, məzarı oğlunun yaxınlığında olsun. Lakin oğlunun günahkar adlandırılaraq bas­dırılması onu çox pərişan edirdi. Oğlunun dəfnin­də varlı ermənilərin kənarda qalması, sonradan ailəyə qarşı ermənilərin ümumi münasibətinin pisləşməsi səbəbin­dən onun özünün də dəfnində xoşagəlməyən halların baş verəcəyi bu başdan bəlliy­di. Bu səbəbdən də neçə illər idi ki, ürəyindən keçən fikirlərini ürəyindəcə boğur, düşünürdü.

Ayka islamı qəbul etmək istəyirdi. Oğ­lu ölən gündən bu fikir başında dolaşır, bir an da onu tərk etmirdi. Ömrünün son günlərində qəti qərar qəbul etmişdi. Səhər yuxudan oyanar-oyanmaz Tamaranı Rövşənin dalınca göndərdi. Ana Tamaraya tapşırdı ki, müsəlmançılığı qəbul etmək arzusunu Rövşənə çatdırsın və o da Molla Nurməmmədi də götürüb onlara gəlsin.

Tamara ananın tapşırığını yerinə yetirəndən sonra qayıtdı. Bir qədərdən sonra Rövşən Molla Nur­məmməd ilə Ayka ananın evinə gəldi. Molla Nurməmməd Quranı əlində tutub dedi:

 -Ayka bacı, mənə dedilər ki, dünyanın ən kamil dini islamı qəbul etmək istəyirsiz? Bu, doğrudur?

Ayka köhnə taxtın üstündə uzanmışdı. Molla Nurməmmədin uca səslə dediklərini eşitmək üçün yerində dikəlməyə çalışdı. Tamara tez ananın qolundan yapışıb köməklik göstərdi. Ana dikəlib yerində oturdu. Molla Nurməmməd uca səslə bir də soruşdu:

– Ayka bacı, islamı qəbul etmək istədiyiniz doğrudur?

Ayka başını tərpətdi:

– Bali.

– Allah imanınızı kamil eləsin, çox böyük savab iş görürsünüz. Ayka bacı, bu Qurana inanıb islamı qəbul etdiyinizə şəhadət verə bilərsinizmi?

 Molla Nurməmməd quranı başının üstünə qaldırdı, Ayka ana da başını qaldırıb Qurana baxdı:

–  And olsun o Qurana ki, man islamı qabul ediram.

– Onda, bacım, mənim dediklərimi təkrar edin:- la İlahə İllallah…

Ayka təkrar etdi:

– la ilaxa illallax…

Molla Nurməmməd dedi:

– Məhəmmədən rəsul İllah…

– Mahəmmədan rasul Allax…

   Ayka ananın çətinlik çəkdiyi, düzgün tələffüz edə bilmədiyi sözləri Molla Nurməmməd onunla birlikdə dəfələrlə təkrar etdi. Bir neçə dəqiqəlik mərasim bir insan ömrünün yekununda qəbul etdiyi ən mühüm, əlamətdar hadisəydi. Bu hadisənin başa çatdığını Molla Nurməmməd belə bəyan etdi:

– Mən Uca Rəbbimizin hüzurunda şəhadət verirəm ki, Ayka bacı islamı qəbul etmişdir.

Molla Nurməmmədin bəyanından sonra Ayka ananın üzünə bir işıq-nur gəldi. Bu nuru Rövşən bəy də, Tamara da, Molla Nurməmməd də gördü. Molla Nurməmməd arif adamdı, çox belə hallar ilə rastlaş­mışdı. Bilirdi ki, bəzən ölüm ayağında olan insan­ların son arzuları tamam olan kimi onlar dünyasını dəyişirlər. Ayka ananın son dəqiqələri idi. Molla Nurməmmədin məsləhəti, Rövşən bəyin köməyi ilə Tamara Ayka ananın üzünü qibləyə çevirdi. Molla Nurməmməd uca səslə Quranın “Yasin” surəsini oxumağa başladı.

Ayka ana öldü. Türklər onu qədim müsəlman qəbirstanlığında dəfn etdilər. Rövşən yas məra­siminin bütün xərclərini öz üzərinə götürdü, müsəlman qayda-qanunlarına uyğun olaraq mər­humənin üçü, birinci cümə axşamı keçirildi, ehsan verildi və xətm olundu.

 

 

Qulam dostu Nabatalı ilə Əylis bazarına pendir satmağa gəlmişdi. Axşama yaxın Nü­h­gə­di­hə qayıdırdılar. Kəndin girişində gördükləri mənzərəyə çaşıb qaldılar. Qafanın kəndlərindən xeyli qaçqın gəlmişdi. Qadın, uşaq, qoca, cavan bir-birinə qarışmışdı. Bəzi qadınlar ağı deyib ağlayır, qocalar susub dururdu. Gələnləri Nuhgədihlilər ailə-ailə öz evlərinə aparıb yerləşdirirdilər. Qaçqınların hamısını evlərdə yerləşdirmək imkanı olmadığından böyük bir hissəni məscidə dəvət et­dilər.

Mal-heyvan, qoyun-quzu səs-səsə vermişdi. Yerli cavanlar gələnlərlə birlikdə qoyun-quzunun yerləşdirilməsi ilə məşğuldu. Balaca uşaqların ya­lın ayaqları, məhzun görkəmləri ürəkləri par­çalayırdı. Qulam Ordubada və ətraf kəndlərə adam göndərib baş verən hadisələri təfsilatı ilə əha­liyə çatdırılmasını tapşırıb, özü də silahlı dəstə dü­zəldib kəndin müdafiəsini təşkil etməyi qərara aldı.

Qafanda baş verən hadisələr Əylisdə bomba kimi partladı. Türklər və ermənilər – hər iki icmanın nümayəndələri ayaq üstə idi. Arakel xəbər gözləyirdi, xəbər isə yubanırdı. Arakel tapşırığa əsasən xəbər çatmayınca hərəkət etməyəcəyinə dair komitə qarşısında söz vermişdi. Komitədən xəbər gətirəcək adam isə yubanırdı. Arakel nə edəcəyini bilmədən gözləyirdi.

Qafan hadisələrinin səs-küyü türkləri də ayağa qaldırmışdı. Hacı Nəcəf adamları ayıq-sayıq olmağa, həm də, imkan daxilində səbirli olmağa çağırırdı.

 Rövşən bu gün səhərdən çalışırdı. Axşama yaxın bir daha kösəvi suvardı və diqqətlə nəzərdən keçirdi. Kösəvdə həyat əlaməti deyilən heç nə yoxdu. Kösəvin nə zaman göyərəcəyi məchul idi. Rövşən isə pis əməllərə son qoyacağına söz vermişdi, tövbə etmişdi. Çalışırdı hamıya yaxşılıq etsin, nəzir-niyaz paylayırdı, yetimlərə əl tutur, əlsiz-ayaqsızların işinə yarayırdı. Bütün fəaliy­yə­tini insanlara xidmət etmək amacıyla bağlamışdı. Kəndə gələndən bu günə qədər kimin bir ağır işi vardısa ona köməyə gedir, yığdığı qızılları xərc­ləyir, yardımlar edirdi. Amma kösəv göyərmirdi. Tövbəsinin Allahın dərgahında qəbul olmasını istəyir, gecə-gündüz kösəvin göyərməsini səbirsizliklə gözləyirdi. Günlük ağır işdən sonra yanını bir daşa qoyub bir qədər dincəlmək, sonra da qalxıb kəndə getmək fikrindəydi. Gözlərinə dağın döşündə Buxçar yolunun üstü ilə hərəkət edən bir qaraltı dəydi.

Buxçar yolu Naxçıvan ilə Zəngəzur arasında olan dağ yollarından biriydi. Buxçar Mehri rayo­nunun ərazisində yerləşən müqəddəs bir ocaqdı. Buxçar pirinə Ordubadlı zəvvarlar piyada yolu ilə Ələngəz dağından aşaraq gedərdilər. Buxçar pirində imam Museyi-Kazım ə.s-nın birinci oğlu Seyyid Sultan Əhməd dəfn olunmuşdur. Son zamanlara qədər pirin baxıcısı ordubadlı çayçı Miri kimi tanınan Mir Əşrəf ağanın atası rəhmətlik Mir Haşım ağaydı.

1988-ci ilə qədər Buxçar pirinə gediş-gəliş davam edirdi, həmən ilin sonundan yollar erməni silahlıları tərəfindən bağlandı.

Qaraltı yaxınlaşırdı. Rövşən əvvəl qaraltını bir dağ heyvanına bənzətdi. Lakin bir az diqqət etdikdə məlum oldu ki, dağın döşüylə hərəkət edən adamdır. Bir qədər müşahidə apardı. Adam bu yerlərin adamına oxşamırdı. Daşlara sinə-sinə hərəkət edən adam tez-tez yoldan çıxır, daha çox dağın döşünə meyl edir, sanki gözə görünmək istəmir, o tərəf-bu tərəfə boylanır, nigarançılıq keçirirdi. Dağın ətəyindəki Buxçar yolunun işlək olmasına baxmayaraq gö­rü­nür, yola enmək haqqında düşünmürdü. Adamın hərəkət­ləri istər-istəməz Rövşəndə şübhə yara­dırdı. Rövşən oturduğu daşın üzərindən ayağa qalxdı, əlini gözünün üstünə qoyub adama baxdı. Adam Rövşənin ona baxdığını hiss edincə özünü gizlətməyə çalışdı, daşın arxasına keçib oturdu. Onun bu hərəkəti Rövşənin şübhələrini bir qədər də artırdı. Rövşən çağırdı:

 – Ay adam, bəri gəl…

 Adam Rövşənin onu gördüyünü bilincə qaç­mağa başladı. Adam bu yerlərə nabələd olduğuna görə yıxılr, durur, yenə də qaçırdı. Rövşən bir anda adamın başının üstünü alıb niyə, nədən qaçdığını bilmək istədi. Lakin yadına düşdü ki, tövbə edibdi, kimsəni incitməyəcəyinə söz veribdi, indi necə tövbəsini poza bilərdi. Ona görə bir də səslədi:

– Ay adam, qorxma, yaxın gəl, gəl qonağım ol, gəl bir tikə çörək kəsək…

Adam sürətini daha da artırdı, qaçıb qurtulmaq istəyirdi. Bu ətrafın bütün adamları Rövşəni tanıyırdı, yoldan ötənlər özləri ona baş çəkər, çörəyini yeyib söhbətə tutardılar. Hərdən də kösəvdən danışıb onun fikrini dəqiqləşdirməyə çalışardılar. Üzünə bir söz deməsələr də arxada ondan şübhələndiklərini dilə gətirərdilər. Amma hamı bilirdi ki, Rövşən çörəkli adamdı, dinindən asılı olmayaraq yoldan ötənlərin hamısına qayğı ilə yanaşırdı. Bu gün isə axşamın toranlaşdığı vaxtda dağlara sinə-sinə, oğrun-oğrun qaçan adam isə sanki “qarğa, məndə qoz var” deyirdi.

 Rövşənin şübhələri daha da artdı. Bu yerlərdə belə hadisələr olmazdı. Adamlar bir-birinə rast olanda salam verər, dərdlərini bölüşər, sonra ayrılardılar. Bu adət hər iki icmanın adamlarına aiddi. Şübhəli adam isə qaçmaq, qurtulmaq istəyirdi. Rövşənin marağı hər şeyə üstün gəlir, bütün qadağaları, etdiyi tövbəni unudub bir an öncə adamın kimliyini öyrənmək istəyirdi.

Rövşənin yaxınlaşdığını görən adam tapan­çasını çıxarıb Röv­şə­ni vurmaq istədi. Tapança açıldı, güllə Rövşənin sığındığı qayaya dəyib dağlara səs saldı. Rövşən bəd əməllərə son qoyacağı haqqında tövbə etsə də, çölün vəhşi heyvanlarının ola biləcək hücumundan qorunmaq məqsədi ilə ehtiyatlı davranaraq ta­pançasını hər zaman yanında gəzdirirdi. İndi isə tanımadığı adam ona atəş açırdı. Amma buna baxmayaraq Rövşən yenə də adamı vurmaq haq­qında düşünmürdü. Sadəcə olaraq atəşə atəşlə cavab verib adamın kimliyini öyrənmək amacındaydı.   Rö­v­şən,- ay adam, dayan,- deyib havaya atəş açdı.

 Rövşənin silahlı olduğunu bilən adam sürətini daha da artırdı. Tanı­madığı qayaların arasıyla qaçır, sürüşür, yıxılır, du­rub yenidən qaçırdı. Adam özünü böyük bir qayanın arxasına verib gizləndi. Sonra ehtiyatla başını çıxarıb Rövşənə tərəf dalbadal iki güllə atdı. Rövşən qara daşlardan birinin arxasına keçib bir qədər gözlədi. Adam sakitlik yarandığını görüb fikirləşdi ki, yəqin gülləsi hədəfə dəyibdir. Bir qədər də gözlədikdən sonra gizləndiyi yerdən çıxıb ətrafı nəzərdən keçirmək istədi. Yaxınlığında şığğıltı eşidib hədəfi müəyyənləşdirə bilmədən daha bir güllə atdı. Səs eşidildi:

– Silahını burax, əllərini göyə qaldır!

Rövşən adamı vurmaq istəmirdi, ona görə yenə də havaya bir güllə atıb onu qorxutmaq istədi.

Səs adamın lap qulağının dibindən gəlirdi. Adam geri döndü, Rövşənin ona çataçatda ol­du­ğunu görüb üstünə çıxdığı böyük bir qayanın qənşərindən aşa­ğıya atılmaq istədi. Lakin düzgün mövqe seçə bilmədiyindən ayağı sürüşdü, dərəyə yuvarlandı.

 Rövşən ürəyində “yazıq oldu”,- dedi. Dərəyə enib adama yaxınlaşdı, adamın başı daşa dəyib par­çala­nmışdı. Son anda cibindən çıxarıb atmaq istədiyi bir məktub kilidlənmiş barmaqlarına sıxılı qalmışdı. Röv­şən adamın əlini açıb məktubu götürdü. Mək­tubun üzərində “Arakel ağaya çatacaq” yazılmışdı. Məktub Rövşənin diqqətini cəlb etdi. Məktubda qısaca olaraq bunlar yazıl­mışdı:

 “Arakel ağa, məlum edirik ki, bu məktubu alandan sonra dərhal sizə verilən təlimata uyğun olaraq fəaliyyətə başlayasınız. Böyük Hayastan naminə sizə uğurlar olsun. Komitə”.

 

 

 

Rövşən məktub məsələsini Hacı Nəcəf ağaya çatdırdı. Hacı Nəcəf ağa bir daha Şah Abbas məscidində icmanın sayılan kişilərini toplayıb həm Qafan hadisələrini, həm də müdafiə tədbirlərinin vəziyyətini müzakirə etdilər. Silahlı dəstələr düzəldildi, bütün müsəlman məhəllələrində gözət­çilik təşkil olundu. Əylisdə tam sakitlik, əmin-amanlıq hökm sürürdü. Silahlı türk dəstələrini görən ermənilər indi hər şeydən artıq özlərinin mal-mülkünün hayına qalır, özlərini dost, qardaş kimi göstərməyə çalışırdılar. Arakelin Əylisdəki planları pozulmuşdu, evdən bayıra çıxmır, səhərdən axşama qədər böyük otaqda o baş-bu başa vargəl edir, fikirləşir, amma bir nəticəyə gələ bil­mirdi. Zamanı uduzduğunun fərqindəydi, fürsəti əldən qaçırmışdı. Yenidən hiylə işlədib Əylisdəki türk­lərlə yaxınlaşmağın hələlik ən doğru yol olduğu qənaətindəydi. Tabeliyində olan silahlıların əksəriyyəti də Zəngəzurun islam kəndlərini işğal etmək üçün ümumi komandanlığın sərəncamına göndərilmişdi.

 

                                 ***

Göydə ulduzun sayı vardı, Oxçu-Şəbadək dağlarına yerləşdirilən erməni qoşununun sayı yoxdu. Dörd günlük müharibədə türklər qalib gəlsə də, ermənilər yenidən böyük qüvvə toplayaraq hücuma keçdilər. Avqustun 15-də sübh tezdən dağlardan başlayan atəş səsləri göylərə bülənd olmuşdu. Toplar guruldayır, pulemyotlar şaqqıldayır, güllələr yağış kimi yağırdı. Qadınlar, uşaqlar ağlayır, vurulan mal-heyvanlar böyürür, kişilər çığırıb bir-birlərini  səsləyir, erməni birliklərinə qarşı durmağa səfərbər olurdular. Ermənilərin dağ yamaclarında qurduqları səngərlərdən açdıqları sərrast atəş nəticəsində camaat tut kimi ələnir, igid türk kişiləri yarı-yarımçıq seçdikləri mövqelərdən başlarını çıxarda bilmirdilər. Ermənilər eyni zamanda hər tərəfdən Oxçu, Şabadək, Pirdavud və Atqız kəndlərinə hücum etmişdilər. Kəndlərin mühasirəsi daralır, türklərin silah-sursatı çatışmırdı. Müharibəni davam etdirmək türklərin bütünlüklə məhvinə gətirib çıxarda bilərdi. Hər kənddən bir neçə adam sanki sözləşiblər kimi ətraf kəndlərin müsəlman əhalisinin çox böyük hörmət və izzət göstərdiyi Molla Həsən Əfəndinin evinə toplaşdı. Molla Həsən Əfəndinin iştirakı ilə Oxçu, Şəbadək, Pirdavud, Atqız kəndlərinin nümayəndələri müharibədən çıxmanın yollarını müzakirə edirdilər. Molla Həsən Əfəndi özü də çıxılmaz vəziyyət yarandığını görürdü. Qərara alındı ki, Molla Həsən Əfəndinin təklifi ilə dümdar üsulu ilə hər kənddə bir neçə nəfərlik dəstələr düzəldilsin, ermənilərə qarşı vuruşa-vuruşa tədricən geri çəkilsinlər. Bu müddətdə qocalar, qadınlar, uşaqlar gizli yollarla kəndlərdən çıxarılsınlar.

Avqustun 15-də axşam alatoranlığında  əhalinin çıxarılmasına başlansa da, çoxları ermənilərin səngərlərini keçə bilməyib yollarda gülləbaran edildilər. Tək-tək adamlar meşələrdən, dağ yamaclarından – hardan gəldi keçib Ordubad şəhərinə və ətraf müsəlman kəndlərinə gələ bildi. Əksər adamların cəsədləri tut kimi tökülüb yollarda qalırdı.

 Molla Nəsən Əfəndi axşam namazını qılıb dua etdikdən sonra bir-iki vacib kitablarını və Quranını götürüb evdən çıxdı. Yaşlılar, qadınlar və uşaqlar onu gözləyirdilər. Dəstə keçilməz, bu vaxta qədər iz düşməmiş yerlərdən keçə-keçə Pirdavud kəndinə tərəf gedirdi. Yolda dəstəyə qoşulanlar da vardı. Molla Həsən Əfəndi qocalmışdı, daşlı-qayalı yollarda ləngiyirdi. Dəstədə olan yaşlı qadınlar, uşaqlar da yolun ağırlığına tab gətirə bilmirdilər. Tərs kimi avqust ayı olmasına baxmayaraq şiddətli soyuq küləklər əsir, yağış, sulu qar yağırdı. Havanın bu cür soyuq və yağışlı olması bir tərəfdən qaçqınların işinə yarayırdı. Erməni quldurları səngərlərə çəkilmiş, sakitlik yaranmışdı. Bütün gecəni yol gedən qafilə Pirdavud dağlarını keçib Saqqarsuya yaxınlaşmaqdaydı. Əldən düşən qadınlar, uşaqlar daha gedə bilmir, dayanıb dincəlmək, yorğunluqlarını çıxartmaq istəyirdilər. Molla Həsən Əfəndi dayanmağın tərəfdarı deyildi, çox az məsafə qalmışdı, ikicə saat da tab gətirə bilsəydilər, sübh tezdən Ayı çınqıllığını aşıb Nuhgədiyinə yetişər, xilas olardılar. Amma olmadı, qadınların bir qrupu Saqqarsuyun yanında dağın çıxıntılı bir hissəsini daldanacaq kimi seçib dayandılar.

Səhərə az qalırdı. Pirdavud kəndini mühasirədə saxlayan erməni silahlı dəstələrindən birinin başçısı Parağalı Aşot əsgərlərini ayağa qaldırdı. Bu yerlərin hər cığırına, yoluna, yolağasına yaxşı bələd olduğundan qaçqınların bir hissəsinin Saqqarsudan keçə biləcəyini güman edirdi. Alatoranlıqda heç nə hiss edilmirdi, yağış izləri yuyub aparmışdı.

Aşotun türklərin psixologiyasına dərin bələdçiliyi vardı. Türk müsəlmanlarının Həzrət Əli aşiqi olduqlarını, qəlbən saflıqlarından tez aldandıqlarını bilirdi.

Hava işıqlanırdı, bir azdan Pirdavud kəndinə hücumlarını davam etdirəcəydilər. Lakin axşamdan qaçıb ətrafda gizlənənlərin ola biləcəyi də ağlından çıxmırdı. Dəstəsinə günlərlə keçdiyi təlimlərdə müsəlman kəndlərinə girərkən “Allahu-əkbər”, “Ya Əli” deyib təkbir gətirməyi öyrətmişdi.

Aşotun komandası eşidildi:

  • Əsgər, dayan!

Əsgərlər dayandı.

  • Əsgər, irəli! Allahu-əkbər!

Əsgərlər oxumağa başladılar:

–    Allahu-əkbər! Ya Əli!

Əsgərlərin xoru daşlara dəyib əks-səda verirdi. Molla

Həsən Əfəndi bu səsin haradan gəldiyini ayırd etməyə çalışırdı. Molla Həsən Əfəndi barmağını dodaqlarının üstünə qoyub sakitlik tələb edirdisə də, lakin mürgülü qadınlar səsi eşidən kimi qışqırıb daldalandıqları yerdən yola çıxdılar. Binəva qadınlar erməni silahlılarını türk-müsəlman əsgərləri hesab edib onlara tərəf qaçırdılar. Komanda eşidildi:

 – Əsgər, atəş!

        İlk atəşdə onlarla qadın yerə sərildi. Aldandıqlarını başa düşən qadınlardan bəziləri cəld tərpəşib geri qaçıb dağlara dırmanır, özlərini qayalardan atır, qurtulmağa çalışırdı. Bəziləri də erməni əsgərlərinə yalvarır, əsgərləri yumşaltmaq istəyirdilər.  Amma artıq gec idi. Molla Həsən Əfəndi də Quranı başının üzərinə qaldırıb bu günahsız insanlar üçün rəhm diləmək istəyərkən sinəsindən vurulub yerə sərildi. Güllələnib ölərkən belə Quranı əlindən buraxmayan Molla Həsən Əfəndinin Kəlmeyi-şəhadətini tamamlamağa imkan vermədilər. Aşot bu məsum insanın ağappaq saqqalından yapışıb xəncər ilə başını bədənindən ayırdı. Molla Həsən Əfəndinin qızıl qanı daşların üzərinə axdı.  Uşaqlar, qadınlar ağlayırdılar. Ermənilər bütün yaşlı adamları güllələdilər. Uşaqları əsir götürüb sıraya düzdülər, əylənə-əylənə qətl etdilər. Başları kəsilmiş cəsədləri bir-birinin üstünə qalaqlayıb od vurdular.

       Külək daha da şiddətlənmişdi, sulu qar yerdə sırsıra bağlayırdı. Küləyin qulaqbatıran vıyıltısı dağları, daşları lərzəyə gətirirdi.

         Qaçan qadınların içində Güləbətin də vardı. Güləbətin hündür bir qayanın arxasına keçə bildi. Buradan sıldırım dağ yamacı ilə üzü aşağı var qüvvəsi ilə qaçır, vəhşi erməni əsgərlərindən qurtulmağa çalışırdı. Ardına baxmadan qaçır, haraya getdiyini bilmirdi. Saatlar keçirdi, hava taş işıqlananda Güləbətin tamam kimsəsiz bir dərəyə endi. Hava dərədə bir qədər mülayimləşdi. Aşağıya endikcə ölümün pəncəsindən qurtara bildiyinə görə Allaha şükürlər etdi. Belinə bağladığı dəstərxanında bir lavaş çörək iki parça pendir qalmışdı. Bir bulaq başında dayanıb dincini aldı, çörəyin yarısını bir parça pendirlə yedi, yarısını da ehtiyat üçün saxladı.

            Güləbətin yoluna davam etdi. Bütün günü adamsız dərə, təpə, kolluqlar ilə yol gəlib Nüs-nüs kəndinin kənarına çatdı. Paltarları kol-kosa ilişib cırılmış, bıçaq kimi iti daşlar ayaqqabılarını kəsib doğramışdı. Cızılmış üz-gözü, kəsimiş ayaqları sızım-sızım sızıldayırdı.

 Kənddə sakitlik hökm sürürdü. Güləbətin ehtiyatlı  hərəkət edir, kənddə nə ilə qarşılaşacağını bilmədiyindən aşkaraya çıxmağa qorxurdu. Ucqardakı evlərdən birinin çəpərinə yaxınlaşdı, daldalanacaq bir yer seçib oturdu. Çəpərin çubuqlarını aralayıb həyəti nəzərdən keçirdi. Bədənində və ayaqlarında olan ağrılar daha da şiddətlənir, huşunu aparacaq dərəcəyə çatırdı. Nə ilə qarşılaşacağını bilmədiyindən evin qapısını döyməyə cəsarət etmirdi. Bu minvalla xeyli gözlədi. Handan-hana evin qapısı açıldı, 34-35 yaşlarında bir gəlin 4-5 yaşlarında oğlan uşağının əlindən yapışıb ayaqyoluna apardı. Uşaq içəridə oturduğu zaman gəlin ayaqyolunun yanında gözləyirdi.

            Güləbətinin qüvvəsi tükənmişdi, bir təhər ayağa qalxıb çəpərdən boylandı,  zəif səslə çağırdı:

  • Gəlin bacı, ay  gəlin bacı!..

Gəlin iniltili səsdən ani olaraq diksindi, səs gələn tərəfə döndü:

       – Bismillahi rəhmani-rəhim…

 Güləbətin gəlinin diksindiyini görüb,-qorxma bacı, mən də müsəlmanam – dedi.

 Güləbətinin cırılmış paltarlarından qaçqın olduğu bilinirdi.

Uşaq ağlayıb anasını çağırdı:

  • Ana…

Gəlin tərəddüd içərisində qalmışdı, bir tərəfdə uşaq

ağlayır, bir tərəfdə də Güləbətinin məhzun durumu ürəyini parçalayırdı:  Gəl bacı, içəri keç, gözlə, uşağı yuyum, gəlirəm…

Gəlin aftafa ilə uşağı yuyub təmizləyənə qədər

Güləbətin qapıya yaxınlaşdı, çəpərin qapısı da ağac çubuqlarından düzəldilmişdi, aralayıb həyətə keçdi.

Güləbətini qəhər boğdu, özünü saxlaya bilməyib

ağladı. Səsə evin kişisi də bayıra çıxdı. Məşədi Feyzi gələnin qaçqın olduğunu həmin dəqiqə anladı:

  • Gəl, gəl bacı…Allah mərdiməzarın bəlasın

versin…

Güləbətin içəri keçdi, özü kim daha iki qaçqın

qadın vardı burada. Güləbətinin parça-parça olmuş ayaqları, cızılıb göyərmiş sifəti qaçqın qadınların dərdini təzələdi, dözməyib ağladılar. Ailə üzvlərindən ayrı düşmüş bu qadınlar ermənilərin vəhşiliklərini, yollarda öldürülmüş insanların dəhşətli görüntülərini unuda bimirdilər. Kişiləri Allah ümidinə qalmışdı, heç kəsin bir-birindən xəbəri yoxuydu. Güləbətin oğlu Bilaldan nigaranıydı, bir Allah bilirdi ki, indi Pir Davud kəndində nələr baş verirdi.   

Gəlin isti su hazırlayıb Güləbətinin üz-gözünü, ayaqlarını yuyub təmizlədi, çay gətirdi, – iç, bacı,- dedi. Məşədi Feyzi qadınlara toxtaqlıq verməyə çalışdı:

      –  Ağlamayın, bacı. Şükür edin ki, sağsınız. Arxayın olun ki, burada güvəndəsiniz. Sabah olar, xeyir olar, inşallah. Gedib Ordubaddan bir xəbər öyrənərik, deyirlər ki, orada qaçqınlara  düşərgə yaradıblar. Allahın köməyiylə siz də qohum-əqrabalarınıza qovuşarsınız.

 

                               ***

Ordubadda böyük qələbəlik vardı. Zəngəzurdan gələn qaçqınlar burada düşərgələrə yerləşdirilirdi. Xəstə və yaralılar tədavü edilir, sağlam kişilər könüllü dəstələrə cəlb edilirdi. Ordubaddan və ətraf kəndlərdən xeyli kö­nül­lü dəstələr yığılmışdı. Həmin dəstələr silahlılandırılır, müharibəyə göndərilirdi. Ordubaddan yola çıxan könüllülər Əylisin küçələrindən keçib Nuh­gədihə tərəf gedirdilər. Əylis türkləri silahlı dəstələri alqışlayır, çaya-çörəyə qonaq edirdi. Uşaqlar silahlı cavanların ətrafında oynayır, onları sorğu-suala tuturdular.

 Ermənilər küçə-bacada gözə dəymirdi. Hər kəs öz evinə çəkilmişdi. Bazarda bir neçə gün ermənilər dükanlarını açmadılar, sanki qurbağa gölünə daş atmışdılar. Türklərin coşqusu isə davam edirdi. Ara­kelin qanı qaraydı, nə edəcəyini bilmirdi. Komitədən gələcək xəbər çox yubanmışdı. Artıq bütün türklər silahlanmışdı, belə bir şəraitdə Əylisdə iğtişaş yaratmaq ermənilərin məhvinə səbəb ola bilərdi.

1906-cı il avqust ayının 17-də səhər-səhər xəbər yayıldı ki, Bakıdan Ordubada gələn Məmməd Səid bir qrup ordubadlı ilə Nuhgədihə getmək, orada Qafan qaçqınları ilə görüşmək istəyir. Bu xəbər Hacı Nəcəf ağanı çox sevindirdi. Saat 11-30 radələrində Məmməd Səid ətrafında olan bir ne­çə şəxslə at belində Əylisə daxil oldu. Hacı Nə­cəf ağanın adamları hörmətli qonaqları qarşılayırdı. Kəndin sayılan ağsaqqal kişiləri, Rövşən, Hacı Nəcəf ağa darvazanın önündə gözləyirdilər. Məmməd Səid atdan enib Hacı Nəcəf ağayla köhnə dost kimi görüşüb hal-əhval eylədi, digər gözləyənlərlə də salamlaşıb içəri keçdi. Hacı Nəcəf ağanın evində Məmməd Səidin şərəfinə böyük bir süfrə açılmışdı. Əvvəlcə dədə-baba qaydası pürrəngi çay içildi, ardınca qoç ətindən buğlama, soğan dolması, qabırğa kababı süfrəyə gəldi.

Məmməd Səid soğan dolmasını birinci dəfə yediyini və bu yeməkdən xüsusi bir ləzzət aldığını söylədi. Onu necə hazırlandığını soruşdu. Hacı Nəcəf ağa soğan dolmasının ancaq çox hörmətli qonaqlar üçün hazırlandığını söylədi. Məlum oldu ki, soğan acı olduğundan onu hazırlamaq o qədər də asan iş deyil. Soğanın içərisini xüsusi səriştəli xanımlar səliqə ilə bişirb təmizləyirlər. Sonra dol­manın içərisi doldurularaq bir-bir qazana düzülür, başlarına soğanın özündən papaq qoyulur. Onun ləzzətli alınması üçün sirkə-şirə deyilən məhlul hazırlanıb qazana əlavə edilir, soğanlar əvvəldən bişirildiyi üçün içi bişənə qədər dağılmasın deyə çox diqqət edilməlidir. Soğan dol­ması vam istidə bişirilməli, süfrəyə verilməsində də ehtiyatlı davranıl­malı, yanında reyhan və digər göyərtilər düzülməlidir. Soğan dolması azər­baycanlı türklərin süfrə mədəniyyətinin nadir nemətlərindən sayılırdı.

Süfrə yığışdırıldı. Hamının intizarla gözlədiyi söhbəti Məmməd Səid özü başladı. Ermənilərin hərəkətləri müzakirə olundu. Hacı Nəcəf ağa və Rövşən Əylisdəki vəziyyət haqqında danışıb məlumat verdilər. Məmməd Səid isə bildirdi ki, rus hökumətinin birbaşa yardımı və köməyi ilə ermənilər muxtariyyat qazanmaq, özlərinə indiyə qədər olmayan dövlət qurmaq istəyirlər. Ona görə də kazaklarla əlbir olub Azərbaycanın hər yerində iğtişaşlar törədib savaş açırlar. Qarabağda, Gəncə qəzasında, Naxçıvanda törədilən qətliyamlarda ermənilər hökumət tərəfindən müdafiə edilir, türklərin ərizəsini isə oxuyan yoxdur. Zəngəzur mahalının kəndlərini də ələ keçirmək üçün erməni komandanlığından Əylisdə və ətrafdakı bəzi kəndlərdə  olan ermənilərə təlimat verilmişdi. Ermənilərin birləşmiş qoşunları Oxçu, Şəbadəkin yaxınlığında olan Panuslu, Girdikan kəndlərində toplaşıb fürsət gözləyirdi. Avqustun 9-da erməni silahlıları hökumət qoşunu libasları geyinərək türklərdə bir çaşqınlıq yaradır, Oxçu-Şəbadək dağlarında səngərlər quraraq müsəlman kəndlərinə hücuma keçirlər. Dörd günlük vuruşma türklərin qələbəsi ilə başa çatır. Ermənilər sıxışdırılaraq müsəlman kəndlərindən çıxarılır. Məğlub olduqlarını görən ermənilər Gicəlan kəndinə toplanıb burada istehkam qururlar. Lakin islam kəndlərinin qəhrəman igidləri Gicəlana hücuma keçib erməniləri məğlub edir, kəndi dağıdırlar. Erməni komandaları ehtiyat əsgərlərini hərb meydanına gətirir, ətraf erməni kəndlərindən könüllü əsgər toplayırlar. Avqustun 14-də ermənilər gecəynən yenidən Oxçu-Şəbadək dağlarını işğal edirlər. Dörd günlük müharibədən sonra yorulmuş, köhnə silahları sıradan çıxmış, köməksiz qalan camaat Pirdavud kəndinə yığışıb geri çəkilməyə çalışırlar. Lakin qəddar erməni qoşunları tərəfindən bir çoxları qətl edilir, sağ qurtaranlar qaçıb Ordubada gəliblər. İndi Ordubad könüllü əsgərləri qaçqınların yenidən öz yerlərinə qaytarılması və yerləşdirilməsi məqsədi ilə buradan Nuhgədiyi kəndinə, oradan Saqqarsuya, oradan da Oxçu-Şəbadəkə gedirlər. Siz də bu sırada çox diqqətli olmalısınız. Əylisdə hər an müharibə baş verə bilər. Mənim sizə deyəcəyim hələlik bu qədər. Zatən çox vaxtımız da yoxdur. Tezliklə müsəlman köyü Nuhgədiyə çatmalı, könüllülərin hərəkətinə nizam verməliyik. 

Məmməd Səid daha bir neçə suala cavab verdi, Əylis türklərinə möhkəm, ayıq-sayıq olmağı tövsiyyə edib yola düşdü.

                                ***

 

Məmməd Səid başının dəs­təsi ilə saat dörd radələrində Nuhgədih kəndinə çatdı, qaçqınlarla görüşüb dərd­lərinə şərik oldu. Qulamın bələdçiliyi ilə Məmməd Səid və ətrafında olanlar Ayı çanqıl­lığının yaxınlığında Saqqar suyun ətrafına gedib erməni­lərin türk cocuqlarını qətl edib yan­dır­dıqları yerə baxdılar. Məmməd Səidin üzünün ifadəsi dəyişdi, bu qədər vəhşicəsinə edilmiş bir qətl ilə rastlaşacağını güman etmirdi. Qətl olun­muş cocuqların yanında Molla Həsən Əfəndinin də başı kəsilib bədənindən ayrılmışdı. Bir tərəfdə də yandırılmış Quranın bir hissəsi qaralırdı. Gördüyü mənzərədən uzun zaman özünə gələ bilməyən Məmməd Səid sonralar “Qanlı sənələr” kitabında belə yazırdı:

“Ordubaddan uca dağa qədər yaralıların sayı-hesabı yoxdusa da, yaraları bağlandıqdan sonra şəhə­rə göndərilirdi. Havanın pisliyinə bax­mayaraq, bir neçə bələdçi götürüb ətrafı öyrənmək üçün əzm edildi. Saqqar suyun ətrafında bir qan çalası göründüyündən o tərəfə gedildi. Soyuğun şiddətindən qanın üzü buz bağlamışdı. Bununla belə, daşın hər tərəfindən damcı-damcı qan sızırdı. Daşın arasında 62 nəfər övrət-uşaq cənazəsi bir-birinin üstünə qalaq-qalaq tökülmüşdü.

   Ayın 18-də sübh namazından sonra ca­maatın sığınaq etdiyi meşəyə girdik. Bir az getdikdən sonra 25 yaşlarında bir övrət, bir də cavan oğlan cənazəsi göründü… Molla Həsən Əfəndinin şəhadətgahına yaxınlaşdıq. Bədəni, canamazı və s. müqəddəs əşyaları yandırılmışdı. Həsən Əfəndinin qətl yerindən bir az şimala qarşı bir palas parçası göründüsə də, camaatı büsbütün ağlatdı. Zira, palası kənar etdikdə 15 nəfər üzlərində çiçək, yəni abilə əlaməti sönməmiş körpə cocuqların kəsilmiş başları və bir-birinə qarışmış bədənlər göründü”.

 

 

 

Könüllü yerli türk silahlı dəstələrinin köməkliyi ilə Qafan hadisələri normal məcrasına qayıdır­dı. Qafanın kəndlərində erməni millət­çi­lərinə qarşı aparılan tədbirlər nəticəsini ver­məkdəydi. Qaçqın türklər yenidən öz doğma yurd-yuvalarına qaytarıldılar, yandırılan evləri bərpa etdilər, ölənlər dəfn edildi, mərasimlər keçirildi. Keşişlər, mollalar məsləhətləşdilər, sadə camaat yenə də bir-biriynən dil tapıb anlaşdı. Ordubada, Əylisə gəlmiş qaçqınlar da öz yurd-yuvalarına qayıtdılar.

 Ara sakitləşəndən sonra Rövşən əkdiyi kösəvə baş çəkməyə getdi. İnanılmaz möcüzə baş ver­mişdi. Gözlərinə inana bilmirdi. Kösəvin bir neçə yerindən cücərtilər uzaqdan işarırdı. Yaxınlaşıb əliylə bir daha yoxladı, kösəv göyərirdi.

 Günlər, aylar keçdi, kösəv göyərib böyük bir ağaca çevrildi. Rövşən burada abadlıq işləri aparır, yorulanda həmin ağacın kölgəsində dincəlirdi. Az bir müddətdən sonra burada yaranan gözəl mənzərə yoldan ötən bütün insanların dayanıb zövq aldığı, dincəldiyi bir məkana çevrildi. Eyni zamanda Rövşən burada dünyada misli-bərabəri olmayan Əylis qovunları yetişdirdi.

 Bütün günü böyük bir zövq ilə çalışan Rövşən axşama yaxın ağacın yaxınlığında arxası üstə göy otların üzərinə uzandı. Tədricən qaralan göylərin ənginliklərinə baxdı. Qaranlıq düşdükcə tək-tək ulduzlar görünür, göylərin möhtəşəm əzəməti Rövşəni valeh edirdi. Uca Tanrı onun tövbəsini qəbul etmişdi. Şükürlər olsun Tanrının dərgahına. Ona elə gəlirdi ki, Yaradanın səsini eşidirdi:

– Torpağı qoru, oğlum! Torpaq Vətəndir!

 

I hissənin sonu.