XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 October 2016 - 08:48

Özündən utan, barı! –Şeirlər

gunay

Arzu GÖYTÜRK (Dadaşova Arzu Ramiz qızı) 1981- ci ildə Qobustan rayonunun mərkəzində – Qobustan şəhərində (keçmiş Mərəzə) anadan olub.

1998-ci ildə H.Z.Tağıyev qəsəbəsində yerləşən 6 saylı orta məktəbin 11- ci sinfini bitirib. Həmin il Sumqayıt Pedaqoji Seminariyasına qəbul olmuş, 2001- ci ildə seminariyanı orta məktəbdə ibtidai sinif müəlliməsi ixtisası üzrə bitirmişdir.

Hazırda Sumqayıt şəhər “Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi”ndə müəllimə işləyir.

 

     

 

 

 

 

 

 

  Ürəyim var

 

Qulaq  asın a dostlarım,

Olmasa da pulum, varım,

Var puldan da üstün olan,

Çox insanda tapılmayan,

Təmiz, məsum duyğularım,

Ürəyim var…

 

Hamını bir gözdə görən,

Çox hikməti sözdə görən,

Yaşamağın mənasını,

Bu dünyada saldığı yol,

Yaşatdığı izdə görən,

Ürəyim var…

 

Haqq itəndə parçalanan,

Yetimə, məzluma yanan,

Öz dərdinin yarasına,

Elə özü məlhəm olan,

Tez sağalıb, tez də sınan,

Ürəyim var…

               

            

 

Yalan eşqin

 

Ürəyimin evini,

Eylədi talan eşqin.

Başına dəysin sənin,

Yalançı, yalan eşqin!

 

Gözlərinə düz baxan,

Gözümdən utan barı!

Riyakar eşqin üçün,

Özündən utan barı!

 

Yaxın durma, toxunma

İstəmirəm sevgini!

Çürük məhəbbətinlə,

Çürüdərsən qəlbimi…

 

Daha sənə yoxdu yer,

Bu evdə, bu ocaqda!

Ağac xarab meyvəni,

Saxlamayır budaqda!

       

 

 

 

        Mənə yad olmusan…

 

O uca sevgini salma gözümdən,

Ağlama qarşımda uşaqlar kimi!

Söküb ayırmışam səni özümdən,

Mənə yad olmusan uzaqlar kimi.

 

Baxışın yandırmır qəlbimi daha,

Saxta gülüşündən xumarlanmıram.

Bir  vaxt yalanına səcdə edərdim,

İndi heç doğuruna mən inanmıram.

 

Sənin soyuqluğun yağıştək yağıb,

Yanan ürəyimi söndürüb mənim.

Hər  gün söylədiyin kiçik yalanlar,

Böyük inamımı öldürüb mənim…

 

     Yenə də

 

Yenə də gecə gəldi,

Nə tozun var, nə izin.

Qucaqlayıb dizimi,

Ağladım həzin – həzin…

 

Səndən qara gecəyə,

Səni şikayət etdim.

Sarılıb həsrətinə,

Sənə xəyanət etdim.

 

Bu gecə həsrətinlə,

Qəminlə yaxın oldum.

Məni kim unutdurdu?

Sən kimə yaxın oldun?

 

Ay vəfasız bülbülüm,

Kimin "toruna"düşdün?

Alovlu eşqimizi,

Közlərəmi dəyişdin?

 

Bu necə sirli aləm,

Bu necə qəm, bilmirəm.

Unutmağın yolunu,

Sən öyrət, mən bilmirəm…

 

 

 

           YAŞADIM

 

Yaşaya bilmədim istədiyimtək,

Qohuma, qonşuya baxdım, yaşadım.

Ömrümü keçirtdim sevmədiyimlə,

Elin qınağından qorxdum, yaşadım…

 

Öldü ürəyimin bir çox arzusu,

Yandı dodaqlarım, tapılmadı su.

Yaşadım,  yaşamaq adlanırsa bu,

Üz çevirdi məndən bəxtim, yaşadım…

 

Ağlıma qul oldum şəxsiyyətimçün,

Heç nə eləmədim mən sevgim üçün,

Özüm ocaq oldum öz bəxtim üçün,

Ömrümü yandırıb yaxdım, yaşadım…