Içəri Şəhərdə yerləşən “Muğam-klub”da gənc yazar Xuraman Mahmudovanın “Sehrli səyahət” kitabının təqdimat mərasimi keçirilib.
Buro247.az xəbər verir ki, mərasimdə dövlət və ictimaiyyət xadimləri, diplomatik korpusun nümayəndələri, müəllifin ailə üzvləri, qohumları və dostları iştirak ediblər.
Xuraman Mahmudovanın uşaq ədəbiyyatında yeni söz olan “Sehrli səyahət” kitabı planlaşdırılan böyük layihənin bir hissəsidir. Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş uşaqların istifadəsinə veriləcək böyük kitabxananın yaranmasının başlanğıcıdır. Bu kitabxanada məşhur əsərlərlə yanaşı, müasir Azərbaycan uşaq ədəbiyyatının nümunələri də olacaq.
Məhz bu səbəbdən, kitabla ilk tanışlıq Qarabağ münaqişəsində ailələri zərər çəkmiş uşaqlar üçün rəsmi təqdimatdan əvvəl təşkil olunub. Kitabın həsr olunduğu nağılın səhnələşdirilmiş kiçik parçasının bir növ iştirakçılarına çevrilmiş uşaqların sevinclərinin həddi-hüdudu olmayıb. Burada onlara kitablar paylanıb və qiymətli hədiyyələr verilib.
Kitabın rəsmi təqdimat mərasimindəki çıxışında “Sehrli səyahət”in müəllifi Xuraman Mahmudova əsərin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib, bu nağılın əhəmiyyətini vurğulayıb. Müəllif bu kitabın milli adət-ənənə və mədəniyyətin gələcək nəsil tərəfindən qorunub saxlamasına xidmət edəcəyinə və hər zaman aktual olacağına ümidini bildirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xuraman Mahmudova milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızıdır.