XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 October 2016 - 10:52

Baba ocağı”(5)-Nizami Muradoğlu


 

nizami-muradogluYaşadığı dövrün güzgüsü olmayan ədəbiyyat əsl ədəbiyyat deyil. Odur ki, klassik şablonlardan çıxmağı bacarmayan, yüzillərlə deyilənləri təkrarlayan, hansısa dahilərin orbitində fırlanan ədəbi əsərlərin ömrü çox zaman yazarların ömrü qədər olur. Şablon xaricinə çıxmış əsərlər isə tarixdə iz salır, yaşayır, yazarını yaşadır. Cəlil Məmmədquluzadənin, Sabirin, Hüseyn Cavidin əbədi həyat qazanmasının sirri də elə dövrün nəbzini tutması, yaşadıqları zamanın problemlərini əks etdirərək, real təsvirlərlə tarixə işıq tutmaları olub.

Yazar Nizami Muradoğlunun qələmindən çıxan “Baba ocağı” romanı da zamana güzgü tutan əsərlərdəndir. Əsər XX əsrin əvvəllərində Ordubadın Əylis və ətrafındakı kəndlərdə baş verən hadisələrdən bəhs etsə belə, bu gün yaşanan erməni məkrinə də işıq tutur. Əsəri həm də Əkrəm Əylislinin “Daş yuxuları”na cavab kimi xarakterizə etmək olar. Baxmayaraq ki, bu romanın yaşı “Daş yuxuları”ndan daha çoxdur və Əkrəm Əylisliyə cavab üçün də yazılmayıb.

Görünən dağa çox bələdçilik etmədən romanı Strateq.az oxucularına təqdim edirik:

(Əvvəli bu linkdə: strateq.az/edebiyyat/96267/erməni-məkrini-ifsa-edən-əsər.html

http://strateq.az/edebiyyat/97465/baba-ocagi.html

http://strateq.az/edebiyyat/98992/baba-ocagi3.html

http://strateq.az/edebiyyat/101036/baba-ocagi4.html)

II HİSSƏ

QANLI DAŞ

 

 

İrəvan şəhərinin mərkəzində iki mərtəbəli binanın ikinci mərtəbəsində iki otaqlı mənzilin üzü şimali-şərqə tərəf baxırdı. Bina bütövlükdə Qurd Ağamirin qardaşı Şahamirin mülküydü. Şahamir öləndən sonra oğlu təsərrüfat işlərini idarə edirdi. Binanın birinci mərtəbəsində tikiş fabrikası, ikinci mərtəbəsində yaşayış mənzilləri yerləşirdi.  İkinci mərtəbədə ayrılmış iki otaqlı mənzildən birində də əmisinin nəvəsi, taleyi qaragəlmiş bir qadın öz qızı ilə yaşayırdı. 18 yaşlarında olan qız axşamdan erkən yatsa da, anası uzun gecələri pəncərə önündə oturar, naxışlı tikmələr toxuyar, uzun-uzadı yollara baxardı. Bu qadın yollarda nə axtarırdı?! Qızı dəfələrlə anasını fikirdən-xəyaldan ayırmağa çalışsa da,  axırda səylərinin əbəs olduğunu anlayıb taleyin bu qismətini qəbul edib sakitləşmişdi. Bu yaz gecəsində qız erkəndən yerinə uzansa da, anasının halının pəjmürdə olduğunu hiss edir, yata bilmir, vurnuxurdu. Ana da heç bir iş görmür, uzun-uzadı yollara baxır, köks ötürürdü. Ana qızının narahatlığına dözə bilmədi, bir bardaq su gətirib,- iç, uyu,- dedi. Qız yatağından dirçəlib bardağı aldı, bir qurtum su içib geri qaytardı:

–      Sağ ol, ana.

–      Niyə yatmırsan?

–      Yata bilmirəm. Bəs sən niyə yatmırsan?

–      Mən də yata bilmirəm.

–      Yoxsa yadına yenə o yerlər düşübdü?

–      Nə gizlədim, qızım, heç o yerlərdən ayrıldığım

olubmu?

      Ana xəyala getdi. Gözlərinin qarşısına Şam çeşməsi, Əlbaba qayası, məşhur ərik, gilas bağları gəldi:

–      Mən o yerlərin ətrini hiss edirəm.

–      Nə danışırsan, ana?!

–      Hə, hə. Lap elə bil burnumun ucundadır.

Ağacların yaz çiçəklərinin ətri gəlir burnuma. Sağ gözüm də atmağa başladı. Nəsə narahatam. Türklər gözləri atanda deyərlər ki, xəbər alacaqsan. Qulaqları qızışanda isə, sözümü danışırlar deyərlər. Bu hallar mənim də başıma gəlibdi.

–      Türklər dilindən düşmür də…

–      Niyə də düşsün. Mənim damarlarımda türk qanı

axır. Baba tərəfim türk olubdu. Mən türkləri çox sevirəm. Babam hayları heç sevməzdi. Eh, nə isə… dərdim təzələndi. Yaxşısı budur, sən belə şeylərə fikir vermə. Dur mənə qırmızı tel gətir, gözümün üstünə qoyum.

         Qız yerindən qalxıb iynə-sap qabındankı bağaradan bir parça qırmızı sap qırıb gətirdi. Anası sapı baş və şəhadət barmaqlarının arasında yumrulayıb sağ bəbəyinin üstünə qoydu.

-İndi isə uzan yat, mən də yatıram. Gecən xeyirə qalsın.

– Sənin də…

Ana çırağın işığını azaldıb yatağına uzandı, amma yenə də yata bilmədi, Əylisdəki hadisələr kino lenti kimi bir-bir dolanıb xəyalından keçirdi. Anasını, babasını, atasını, lənətə gəlmiş dayısını və ərini xatırladı. O məşum gecəyə min lənət oxudu, ancaq ürəyi təskinlik tapmadı. Xəyalını illərlə ürəyində gəzdirdiyi Rövşənini bir an da olsun unutmadı, gizlin-gizlin ağladı. Yenə də iki damla göz yaşları yanağı boyunca diyirləndi, sanki qızılgül üstünə iki şeh damlası düşmüşdü.

Səhər çoxdan açılmışdı. Şəhərin küçələrində insanlar ora-bura tələsirdi. səs-küy evin pəncərələrindən içəri girirdi.  Selcan yorğun-yorğun evdən çıxmaq istəyəndə binanın xidmətçisi ona bir məktub gətirdi.

 

                          *** 

                           

Naxçıvan tərəfdən Arsı dağına tərəf qapqara bir bulud sürünürdü. Aramsız olaraq göy guruldayır, şimşək çaxırdı. Hər dəfə şimşək çaxdıqca o qara buludun əmcəklərindən üzüaşağı axan üzüm salxımına oxşayan selləmə yağış hələ Əylisə gəlib çatmamış adamlarda bir vahimə yaratmışdı. Yaşlı kişilərin dediyinə görə bu vaxta qədər Əylisdə belə hadisəyə rast gəlməmişdilər. Gündüz vaxtı olmasına baxmayaraq az zaman içində kəndin üzərinə alatoranlıq çökdü. Şiddətli yağış, dolu yağmağa başladı. Əylisçay nərilti ilə gəlir, sel suları körpülərin üstündən aşıb keçir, qabağına çıxan ağacları, mal-heyvanı qoynuna alıb aparırdı. Körpülər təməlindən silkələnirdi. Əylisin gənc qadınları və uşaqlar yağışın altında əllərinə keçən dəmir ləyən, qazan nə varsa döyəcləyir, buludları qorxutmağa çalışırdılar. Yaşlılar səcdəyə qapanmış, əllərini qoşalayaraq Allahın dərgahına açıb yalvarır, rəhm diləyirdilər.

Arakel üç mərtəbəli evinin pəncərəsindən hayqıran sellərə baxırdı. Sel özüylə böyük bir cəviz ağacı gətirirdi. Ağac daş körpüyə ilişib çilləkan bağladı. Sel suları daşıb hər tərəfə yayılır, bağçaları viran qoyurdu. Arakelin evinin qabağındakı bağça suların içində üzür, evinin bünövrəsini sel yuyurdu. Arakel sonunun çatdığını görüb Allaha yalvarırdı. 

Daha dəhşətli bir gurultu eşidildi, selin oynada-oynada gətirdiyi 40 tonluq göy daş körpüyə dəyib dağıtdı, çilləkanın önü açıldı, şahə qalxmış dalğaların səviyyəsi birdən-birə 3-4 metr aşağıya düşdü.

Qorxusundan rəngi sapsarı saralmış Arakelin nəfəsi açıldı, rəngi özünə gəldi. Sel evinin qarşısındakı bağçanı yuyub aparsa da, bünövrəndən aralandığına görə bir qədər rahatladı.

 Əylisçayın üzərində olan körpülərin üçü də dağıldı. Sel həyət-bacanı basıb daş-torpaqla doldurdu, çaya yaxın olan bəzi yardımçı binaları apardı, bir neçə evə böyük ziyan vurdu.  Əylis düzlərində əkilmış taxıl zəmilərinin üstü lığ ilə örtüldü.  O il Əylisdə taxılın qiyməti ceyran belinə qalxdı, aclıq, səfalət baş alıb gedirdi.

Dağılan körpülərin təmirinə, əhaliyə dəyən ziyana hökumət heç bir köməklik etmədi. Ağırlıq əhalinin öz üzərinə düşürdü. Körpülərin təmirinə hər iki icmanın sadə adamları kömək etsə də, Arakel bu işlərdən boyun qaçırdırdı. Rövşən bəy, Hacı Nəcəf ağa lazımi ləvazimatların alınmasında maddi köməkliklərini əsir gəmirdilər. Rövşən bəy bütün gününü körpülərin təmiri ilə məşğul olan ustaların yanında keçirirdi.

 

 

                                 ***

 

 1917-ci il fevral inqilabı rus imperiya ha¬kimiyyətinə son qoydu. Azərbaycanda müvəqqəti hökumət qurulması işləri ləng gedirdi.  Bakıda daşnak Stepan Şaumyanın başçılığı ilə əsasən ermənilərdən və ruslardan ibarət Bakı soveti adlı bir qurum yaradılmışdı. Yerlərdə, xü¬susən əyalətlərdə, demək olar ki, hakimiyyətsizlik idi. Erməni daşnakları hər yerdə hakimiyyəti ələ keçir¬mək, türk əhalini öz dədə-baba ocaqlarından di¬dərgin salmaq, olmayan erməni dövləti qurmaq is¬təyirdi. Bu məqsədlə yerlərə daşnakstyun parti¬ya¬¬sının fəallarını yerləşdirir, onların əli ilə fit¬nə-fəsadlar törədir, türklərə qarşı soyqırım ha¬zır¬la¬yırdı.

 Əylisdə daşnakların istinadgahı Arakel, istinadgah yeri Arakelin evi idi. Arakel quyruğu tap¬danmış ilana bənzəyirdi. Yaralı ilan qəzəbli olduğu kimi Arakel də qəzəbli və kinli idi. Amma atalar demiş, sirkə nə qədər tünd olsa öz qabını çatla¬dar. Arakel türk təfəkkürünün ortalığa qoy¬duğu bu sadə həqiqəti anlamaq istəmirdi. Oğ¬lu¬nun ölümünə özünün bəd əməlləri ilə bais ol¬ma¬sına baxmayaraq, təzyiq altında sadə zəhmətkeş erməniləri silah¬lan¬mağa məcbur edir, aranı qarışdırmaq, bu qarışıq¬lıqdan istifadə edərək kənddə şuluqluq salmağa çalışırdı. Bu məqsədlə Anastası evinə çağırıb onu təlimatlandırırdı:

 – Qulağına sırğa elə, yadında saxla, Novruz bayramı müsəlmanın dəli günüdür. Dığaları başına yığ, aranı qarışdır. Silahlı adamların da hazır olsun, lazım gələrsə, əlavə köməyimiz olacaq. Yadında saxla ki, bizim Aşot kimi qəhrəmanımız var. Onun keçən illərdə göstərdiyi igidlikləri Hayastan dövləti heç vaxt unutmayacaqdır. O indi də bizdən işarə gözləyir. Biz bu dəfə mütləq qalib olacayıq! Sən də möhkəm ol!

 Anastas Arakelin evindən çıxandan sonra səhərə qədər nəyi necə edəcəyi haqqında düşündü. Axırda bir qərara gələ bilməyib türklərin tez-tez işlətdiyi “sabah ola – xeyir ola” sözünü xatırlayıb yatdı.

 Arakelin məkrli hiylələrinə bələd olan Röv¬şən bəy (artıq ona hamı bəy deyə müraciət edirdi) Əylisdə hakimimiyyətsizliyin nələrə səbəb ola biləcəyini dərindən anlayır, baş verə biləcək hər hansı bir hadisənin qarşısını almağın yolları haqqında fikirləşirdi. Rövşən bəy bütün gününü əha¬linin arasında keçirir, təxribat xarakterli hadisələrə vaxtında müdaxilə etməklə önləyə bilirdi. 1918-ci ilin mart ayının 19-u axır çərşənbə günüydü. Bu gündən başlayaraq Əylis türkləri Novruz bayramını görünməmiş bir təmtəraqla qeyd edirdilər. Hələ bir həftə öncədən Kəblə Əhməd və oğlu Məşədi Bağır kəndin mərkəzi meydanında taxt-tac düzəldilməsi işinə başlamış, axır çərşənbə gününə hazır vəziyyətə gətir¬miş¬dilər. Cavanlar Xanılını (əsli adı Xəlil olan bu qaraqa¬baq kişiyə hər il xan taxt-tacına otur¬dulduğuna görə Xanılı deyirdilər) bəzəyib geyindirib gətirib xanın taxtına oturtmuşdular. Xanılı cox ciddi bir adam idi. Yaxşı bilirdi ki, dodağı qaçsa qaydaya görə onu buzlu hovuza atıb çimdirəcəklər.

Ana¬dan¬gəl¬mə qaraqabaq olan Xanılı xan təlxək və kosanın bütün zarafat və məzhəkələrini qulaq ardına vurur, ciddiyyətini saxlayırdı. Sazandalar bir tərəf¬də onlar üçün hazırlanmış uzun taxta otura¬caq¬larda (Əylisdə bu oturacaqlara “eşşək” deyirdilər) əyləşmişdilər.

 Hərtün tarını kökləyir, Fariz kamançasını sızıldadır, Hidayət də qavalını qabağında yan¬dır¬dığı neft lampasının şüşəsinin üst tərəfinə tutub qızdırırdı. Şabanalı qara zurnanı ovurdlarını şişir¬dərək püləyirdi. Səlim nağaranın kəmərini sağ çiynindən aşırıb sol böyrünün üstündə saxlamışdı. Sol əlindəki nazik heyva şivindən olan çubuq ilə arxadan, sağ əlindəki başı toppuzlu ağac ilə qabaqdan nağaranı döyəcləyirdi. İmaməli tütək ilə züy tuturdu. Vur-çatdasın yallı oyunu gedirdi. Yallı dəstəsini ardınca çəkən Uzun Əvəz əlindəki yaylıq bağladığı şümal çubuğun başına qırmızı alma keçirmişdi. Yallı bitincə Xanılı xanın sağ tərə¬fində oturmuş vəziri ayağa qalxıb üzünü camaata tutdu:

 – Camaat! Eşidin və bilin! Kəndimizin bu il Novruz bayramında seçilmiş xanı Xanılı xandır. Həşəmətli hökmdarımız Xanılı xan görüşünüzə gəlmişdir, onun sizə sözü vardır. Buyurun, xan həzrətləri!

 Xanılı xan taxtından ayağa qalxıb dedi:

 – Camaat! Sizi Novruz bayramı münasibəti ilə təbrik edir, bu gözəl bayram günlərində hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram. Biz Novruz bayramını kəndimizdə müxtəlif şənliklər və mərasimlərlə qarşılayırıq. Bu gözəl bayram günlərini bizə qismət etdiyinə görə Uca yaradana həmd olsun. Novruz bayramı xalqımızın tarixi keçmişinə  bağlı bir bayram olduğunu təsdiq etməkdədir.

 Biz Novruz bayramını hər il təntənə ilə qeyd etmişik, bu il də yüksək əhval-ruhiyyə içindəyik. Biz hesab edirik ki, bu bayram bizimlə birgə yaşayan, işləyən, çalışan bütün xalqların nü¬ma¬yən¬dələrinin də bayramıdır. Əylisdə yerli Azərbaycan türkləri ilə yanaşı nəsrani ərmən türk tayfalarının, musəvi zoqların və hayların da nümayəndələri yaşayır. Biz onları da bu gözəl bayram münasibəti ilə təbrik edirik. Əylisdə yaşayan hər ailəyə, milliyə¬tindən asılı olmayaraq hər bir vətən¬daşı¬mıza bayram sevincləri arzu edirik.

 Novruz bayramınız mübarək olsun!

 Xanılı xanın təbrik nitqi diqqətlə dinlənildi və alqışlandı.

 Carçı meydana girib təbili döyəclədi:

 -Camaat, eşidin və agah olun! Xanılı xanın əmri ilə bu gün – axır çərşənbə günü də daxil olmaqla üç gün bayram tətili elan edilmişdir! Yeyin, için, şənlənin! Xanılı xanın əmri ilə bu axşam üç dağın – Arsı dağının, Əlbaba qayasının və Ala daşın başında tonqallar qalanacaq, bizim şənliyimiz bütün ətraf ellərə çatdırılacaqdır! Qoy dostlarımız sevinsin, düşmənlərimiz xar olsun! Üç günlük bayram şənliklərində müxtəlif yarışlar keçiriləcək, qaliblər Xanılı xandan ənam alacaqlar! Xanılı xanın digər fərmanları da vaxtında sizə çatdırılacaqdır.

Xanılı xan var olsun! Yaşasın Xanılı xan! Ura!..

Carçı sözlərini deyib sazandaların yanına qayıtdı. Sazandalar çalmağa başladılar. Ağamənsur segah oxuyurdu, hər tərəfdə bir coşqu hiss edilirdi. Dükanların qabağında manqallar qoyulmuş, şişə çəkilmiş ətlər bişirilir, kabab iyi adamların mədəsini qıcıqlandırırdı. Uşaqlar ciblərin¬dən qırmızı, sarı, narıncı boyanmış yu-mur¬talar çıxarıb döyüş¬dürür¬dülər. Atalar balaca uşaqların əllərindən yapışıb dükanların önündən keçir, Əylis ustalarının düzəltdiyi pəhləvan oyuncaqları, axşam şənliklərində istifadə etmək üçün hazırlanan tüstülü taraqqalar, ulduz çıxaran fişənglər alırdılar. Hər uşağın əlində Əylis şirniçilərinin hazırladığı əlvan rəngli xoruz şirniləri və saçaqlı konfet vardı. Hamı bir-birini təbrik edir, yeni ildə bir-birinə yeni uğurlar arzulayırdı.

Meydana kosa, təlxək və keçəl girdi. Təlxəyin məzəli oyunları adamları əyləndirirdi. Təlxək dəridən-qabıqdan çıxır, xanı güldürmək istəyirdi. Xan ciddiliyini qoruyb saxlayırdı:

              Xanılı xanı var olsun,

                Saç-saqqalı qar olsun,

                Mənə ənam verməsə,

                Dünya ona dar olsun.

Xan mizin üzərindən bir neçə şirniyyat götürüb təlxəyə verib, onu sevindirirdi.      

Kosa ətrafa nəzər yetirib bayram payı istəyirdi:

 

 Ağa, yaxına gəlsənə,

 Kosaya ənam versənə.

 Verənin oğlu olsun,

 Verməyənin qızı olsun.

 Təlxək:

Kosa gəlir o üzdən,

Çuxası qanovuzdan.

Keçələ toy eyləsin,

Xələti olsun bizdən.

 Kosa:

Kosa durub obaşdan.

Bir ev tikibdi daşdan.

Min igidi saxlayar,

Soyuq qardan, yağışdan.

Təlxək:

Kosa-kosa uyruğu,

Bığı qatır quyruğu.

Keçələ bir toy eylə,

Belədir xan buyruğu.

Kosa:

Kosa bir oyun eylər,

Keçini qoyun eylər,

Yığar elin xonçasın,

Keçəlin toyun eylər.

 Keçəl:

Kosa, kosa, daz kosa,

Ağzı xəkandaz kosa.

Mənə bir toy etməsən,

Başına qapaz kosa.

        Meydanın ortasında tonqal qalanmışdı, Kosa, keçəl, təlxək və oynayanlar – “ağırlığım, uğur¬luğum bu odda yansın” – deyib tonqalın üzərindən hop¬panırdılar. Uzun Əvəz oynaya-oynaya məzəli oyunlar çıxarır, ən yaxşı oynayanları bir-bir ortaya çəkib oyuna dəvət edirdi.

Gənclər bir neçə yerdə topalaşıb yumurta qatara qoyur, söhbət edir, çay içir. əylənirdilər. Yumurta qatara qoyan gənclərin içərisində dığalar və Anastas da vardı. Anastas özünü şübhəli apardığından Rövşən bəyin diqqətini cəlb etmişdi. Ona görə də uzaqdan uzağa sezdirmədən Anastasın hərəkətlərini izləyirdi. Ortalıqda Nuhgədihli gənc bir oğlanın satmağa gətidiyi bir böyük qazan yumurta vardı. Anastas yumurtaların lap yaxınlığında dayanmış oğlanı arxadan itələdi. Oğlan belə bir hadisənin baş verəcəyini gözlə¬mədiyin¬dən müvazinətini saxlaya bilməyib yumurtaların üstünə yıxıldı və qazan mizin üzərindən aşaraq yerə düşdü, yumurtalar dağılıb parçalandı. Oğlanın təzə paltarları yumurtanın sarısı və ağına bulaşaraq bərbad oldu, yüzə qədər yumurta sınaraq torpağa qarışdı. Gənc ayağa qalxaraq dedi:

– Məni kim itələdi?

Cavab ala bilməyən gənc xoşagəlməyən ifadələr işlətdi:

– Alçaq, niyə dinmirsən?

Qulam öz kəndlisinin bir erməni dığası tərəfindən alçaldılmasına dözə bilmədi, Anastasın qolundan dartıb dedi:

– Cavab versənə, sənə deyir.

– Mana niya?

– Sən itələmədinmi onu?

– Ela… Mazhab haqqı… yo…

Anastas kəkələdi, gəncin yumruğu Anastasın başında partladı. Anastas naqanını çəkib atəş açmaq istəyəndə Rövşən bəyin güclü əlləri Anastasın biləyindən yapışdı. Könüllü asayiş nəzarətçiləri Anastasın qolunu burub Xanılı xanın hüzuruna apardılar, vəziyyəti Xanılı xana izah etdilər.

Xanılı xan üzünü vəzirə çevirdi:

– Vəzir, məsləhətiniz nədir?

– Xan sağ olsun, sağ əli biləyindən kəsilsin.

Xanılı xan vəkilə tərəf döndü:

– Vəkil…

– Xan sağ olsun, bu dığanın nazıynan çox oynayırsız, başı kəsilsin!

Xanılı xan hökm verdi. Xanılı xanın hökmünü carçı təbilini çalıb elan etdi:

– Camaat, eşidin və agah olun! Duyduq duy¬madıq deməyin! Duyanlar duymayanlara, eşidən¬lər eşitməyənlərə çatdırsın. Xanılı xanın hökmü belədir: Anastas Makar oğlunun ümumi sabitliyi pozmaq cəhdinə görə çılpaq bədəninə yeddi şallaq, çılpaq ayaqlarına on çubuq vurulsun. Yumurta sahibinə və gənc oğlana dəymiş ziyan Anastas tərəfindən yerində ödənilsin, sonra azad edilsin. Fərraş işinə başlasın!

Təlxək :

Yol verin, farraş gəlir,

Əlində qırmaş gəlir.

Dığaya yeddi şallaq,

On çubuq da xoş gəlir.

 

Xanılı xanın işləri,

Çürüyübdü dişləri.

Xan satdığı turşlu aş,

Varmı ona müştəri?

Xanın əmri ilə asayişi pozmağa cəhd edən Anastasın soyundurulmuş kürəyinə yeddi şallaq, çıl¬paq ayaqlarına on çubuq vuruldu. Yumurta sahibinə və türk gəncə dəymiş ziyanlıq Anastas tə¬rəfindən ödənildikdən sonra meydandan qovuldu.

 

Təlxək:

Xan dığanı danladı,

Dığa işi anladı.

Eşşək kimi anqırdı,

Xoruz kimi banladı.

 

Xan, səni də asaydıx,

Amanını kəsəydıx.

Bir dodağın qaçaydı,

Soyuq suya basaydıx.

 

Təlxək məzəli sözləri ilə adamları güldürüb gərcinliyi azaltdı, oyun başladı, gənclər yallı getdi. Novruz bayramı tədbirləri davam edirdi.

Anastas ağrıyan ayaqlarını yerə basdıqca sanki ayaqlarından alov qalxırdı. Axsaya-axsaya evlə¬rinə getdi və bir ay bazarda, dükanda görün¬mədi, qəlbində türklərə qarşı nifrəti bir az da artdı. Arakelin tapşırığını yerinə yetirə bilməsə də, özü bu bayramdan nəsibini almışdı, kürəyindəki şallaq yerləri sızım-sızım sızıldayırdı.

Bayram tədbirlərinə Əylisdə yaşayan nəsrani dininə sitayiş edən ərmən türkləri, musəvi zoqlar və haylar da qatılmışdı. Təkcə Arakel dükanından bayıra çıxmır, bayram tədbirlərini altdan-altdan izləyir, Anastasa verdiyi tapşırığın nə zaman, necə icra olunacağını gözləyirdi.

Anastasın aranı qarışdırmaq cəhdinin qarşısı alındıqdan sonra, ona tətbiq edilən cəza tədbir¬lərinə müdaxilə etmək imkanından məhrum oldu¬ğuna görə Arakel qəlbində baş qaldıran nifrətin və kinin məngənəsində boğulurdu. Günortadan bir az keçmiş dükanı bağlayıb evinə getdi. Qaş qaralanda türklərin qaladıqları tonqalların işığı göylərə bülənd olanda Arakelin qəlbinə qaranlıq çökür, onu vahimə basırdı. “Xain xoflu olar” deyərlər, Arakel öz əməllərinin qarabasması ilə yaşayırdı.

Axşama yaxın türk gənclərin dağların başına daşıyıb yığdıqları odun qalaqlarından hazırlanmış çox böyük tonqallara od vuruldu. Tonqalların alovları Ordubaddan, Dəştdən, Nüs-nüs və Ən¬dəmicdən görünürdü. O zamankı yazılmamış qay¬dalara görə ətraf kəndlər Əylisdən işarə gözləyər və sonra tonqallarını yandırardılar. Bir azdan qonşu dağların başında tonqallar qalandı. Gənzəlilərin Ələngəzin başında qaladığı tonqal, hətta, Arazın o biri sahilindən görünürdü. Cə¬nub¬lu azərbaycanlılar da Arazın o biri tərəfində olan Kəmki dağında qaladıqları tonqallar ilə ordu¬bad¬lıları salamlayıb, öz sevgilərini bildirdilər.

 Bu minvalla üç gün Novruz bayramı Əylisdə böyük coşqu və təmtəraqla keçdi. At yarışları keçirildi, pəhləvanlar güləşdi, qoçlar döyüş¬dürül¬dü, axırda Xanılı xan qaliblərə ənam verdi, təbrik etdi. Təlxək bayram tədbirinin yekununda son sözünü Xanılı xana sataşaraq dedi:

 

Ay camaat, xandı bu.

Xan deyil aslandı bu.

Nə güldü, nə danışdı,

Kif atdı, paslandı bu.

 

Daha bunu taxtdan salmaq lazımdı. Xanılı xan yedi, içdi, kef çəkdi. Bir dəfə də gülmədi ki, biz də onu suya basıb kef çəkək. Dünyanı bizə dar elədi, gələn novruzda biz də onu seçmərik, gələr rəiyyət olar. Gələn Novruzda özüm xan olacağam, deyin, inşallah!

 

Camaat bir ağızdan “inşallah” dedi.

 

Təlxək:

Xanılı xanı var olsun,

Dağlarında qar olsun.

Bir də onu seçməyin,

Dünya ona dar olsun!

 Deyin, inşallah!

 – İnşallah…

 

 

 

Rövşən bəyin kəndə qayıdışının on ikinci iliydi. Bu müddətdə kənddə xeyli dəyişikliklər olmuşdu, yenə də ermənilər türklərlə mehri¬ban¬laşmış, çiyin-çiyinə çalışmış, kəndin ümumi işlərində birlikdə iştirak etmişdilər. Amma son günlərdə digər yerlərdən, xüsusilə də Bakıdan və yenə də Zəngəzur tərəflərdən gələn xəbərlərdə bir narahatçılıq vardı. Az keçmiş Bakıda müsəlman¬ların qətliamı haqqında məlumatlar yayılmağa başladı. Bakıda ermənilər tərəfindən müsəlman-türk əhaliyə qarşı aparılan qətliama Stepan Şaumyanın rəhbərlik etdiyi deyilir¬di. Milli burjuazi¬ya başını itirmişdi. Xəbərlərdə o da de¬yilir¬di ki, ayrı-ayrı qoçu dəstələri ermənilərin qarşı¬sına çıxmasaydı, Bakıda bir nəfər də türk bu davadan salamat qurtara bilməyəcəkdi. Ələlxüsus da Qoçu Nəcəfqulu öz dəstəsi ilə silahsız və köməksiz türklərin etibarlı yerlərdə gizlədilməsi ilə məşğul olmuş, qadınları, uşaqları Fatmayi bağlarına köçürmüş, əli silah tutanları silah¬landırıb erməni daşnaklarına qarşı vuruşmuşdu.

Kənddə gəzən xəbərlərdə isə Arakelin evində  tez-tez xüsusi məclislərin təşkili haqqında bil¬gilər verilirdi. Bütün bu hadisələri diqqətlə izləyən Rövşən bəy sayıqlığını bir an da olsa, itirmir, Əylisdə əmin-amanlığın qorunmasına çalışırdı.

 Ötən il Bakıya getdiyi zaman köhnə dost¬la¬rını başına yığıb bir vida məclisi düzəltmişdi, indi o məclisdə olanları kiçik detallarına qədər xatır¬layırdı; Vida məclisində Qoçu Nəcəfqulu başda oturmuşdu. Atamoğlan, Behzat, Malik Qoçu Nəcəf¬qulunun ətrafındaydı. Hələ o vaxt Qoçu Nə¬cəfqulu ermənilərin yenidən fəallaşması haqqında danışırdı. Qoçu Nəcəfqulunun nədənsə ermənilərə ümu¬miyyətlə, etibarı yoxdu. Rövşən bəy indi bütün bu olanları beyninin süzgəcindən keçirərkən Qoçu Nəcəfquluya haqq verir, onun uzaqgö-rənliyini yüksək qiymətləndirirdi.

 İntiligentdən də söz düşmüşdü, onun şeir¬ləri, həcvləri dillər əzbərinə çevrilmişdi. Xüsusilə də həcv xarakterli şeirləri daha tez yayılırdı. Stepan Şaumyan haqqında da yazmışdı. Onun bu həcvində hələ o zaman Şaumyanın qaniçənliyi təsvir edilmişdi:

 

 Daşnak keçir, yan görünür,

 Hər tərəf al qan görünür.

 Hər kimin qarnı ağrıyır,

 Orda Şaumyan görünür.

 

Məclis əhli bu həcvi dəfələrlə səsləndirib gül¬müşdülər.

O gecə vida məclisi səhərə yaxın qurtarmışdı. Dostlarından bəziləri nə qədər təkid etsə də, Rövşən bəy spirtli içki içməmişdi. Hamı Rövşən bəyin tövbəsini yüksək qiymətləndirib alqış¬lamışdı. Xüsusilə Qoçu Nəcəfqulu Rövşən bəyi öz qardaşı kimi çox sevirdi. O, deyirdi ki, bu ayrılıq əbədi ayrılıq deyildi, yenə də bir-birləri ilə əlaqə saxlayacaq, xeyirdə-şərdə birlikdə iştirak edəcəklər. Sonda Rövşən bəy bir neçə kəlmə söz demişdi:

– Əziz dostlarım, iyirmi il sizinlə oturub dur¬dum. Sizi ən yaxınım, doğmalarım qədər sevdim, ağrımız, acımız bir yerdə oldu. On ildi sizdən ayrılmışdım, doğma dədə-baba ocağına qayıt¬mışdım. On ildən sonra gəlib sizi bir daha sağ-salamat gördüyümə çox şad oldum. Siz mərd və namuslu adamlarsınız. Birincisi budur ki, mənim burada olan evim necə vardısa, eləcə də durur, bu, sizin qayğınızın nəticəsidir. İkincisi də budur ki, siz məni heç unutmamısınız.

– Unutmaq olarmu?-yerdən səslər eşidildi.

– Bu gün həmin mənzili bizdən yaşda kiçik olan dostumuz Atamoğlanın qərdəşı, hamımızın qərdəşi Ənvərə bağışlayıram. Qoy bu mənzil ona xoş günlər yaşatsın. Əylis mənim dədə-baba yurdumdur. Mənim də ilk və son mənzilim ora¬da¬dır. Mən sabahdan yenə də baba ocağına qayı¬da¬cağam. Necə demişlər:

Vətən yaxşı,

Geyməyə kətən yaxşı.

Gəzməyə qürbət ölkə,

Ölməyə vətən yaxşı.

 

Xəyallar bir-birini əvəz edirdi. Rövşən bəy na¬rahatdı. Gec-tez Azərbaycanın az qala bütün ərazisini sarmış erməni virusunun Əylisdəki ermənilərə də sirayət edəcəyi şübhəsizdi. Amma bunun qarşısını almaq, dinc əhalini bu keçici dönəmdə erməni şovinizminin qurbanı olmaqdan qorumaq böyük təcrübə, cəsarət və mübarizlik tələb edirdi. Əhalinin sayıqlığını artırmaq, müxtəlif fitnə-fəsadlara uymamaq üçün Rövşən bəy gənclər ilə görüşlər keçirdir, kəndin sayılan kişiləri ilə söhbətlər aparırdı.

Rövşən bəy tövbəsi qəbul olandan sonra böyük zəhmət hesabına yaranan bu gözəl məkanı “cənnət guşəsi” adlandırırdı. Hərdən də sevgi xatirə¬lərinin qucağında qızınmaq üçün “Camış¬boğan”ın üstündəki balaca, lakin həmişə doğ¬malığı ilə seçilən bağa gedirdi. Rəssamlığını da davam etdirirdi. Xatirələrin işığında Selcanın portretini yenidən işləyirdi. İlk sevgini unutmaq çətindi. Dostlarından Rövşən bəyə evlənmək, ailə qurmaq haqqında məs¬ləhət verənlər də olurdu. Amma Rövşən bəy onun üçün unudulması mümkün olmayan sevgisinin xatirələrinin işığında yaşamağı daha məq¬bul hesab edirdi. O, bir dəfə sevmişdi, bu sevgisinə də ölənə qədər sadiq qalacaqdı. Onun xəyallarında Selcan hələ də on səkkiz yaşında bakirə qızdı, nə vaxtsa sevgilisinə qovuşacağına ümid bəsləyirdi. O inanırdı ki, Uca Yaradan nə vaxtsa mütləq onları yada salacaqdı. Bu dünyada olmasa da, axirət dünyasında birləşə¬cəklərinə böyük inamı vardı. Uca Yaradan onun tövbəsini qəbul etmişdi, onu bağışlamışdı, onun hökmündən kənarda heç bir qüvvə ola bilməzdi.

 Axşam çağıydı. Günəş Arsı dağının arxa¬sında qürub edirdi. Əylisdə Günəş qürub edəndə həmişə Arsı dağının üstündəki buludlar əsrarəngiz rəng alırdı. Rövşən bəy uşaqlıqdan Günəşin qürub etdiyi anları seyr etməyi sevirdi. Bu gün də eyvanda əyləşib Günəş batarkən buludların aldığı sarı, çəhrayı rəng çalarlarına baxır, gəncliyinin qayğısız, xoşbəxt anlarını xatırlayırdı. O zaman bu vaxt¬ları Selcanla birlikdə Camışboğanda qarşılayar¬dılar. Belə anlarda Selcan Rövşənin sinəsinə sığınar, Rövşən də Selcanın çiyninə düşən xur¬mayı saçlarını sığallayar, öpər və qoxlardı.

Rövşən o saçların ətrindən doymazdı, doya bilməzdi. Selcanın saçlarının ətri İlahi tərəfindən bəxş olunmuş lətafətə malikiydi, əvəzedilməzdi. Ona elə gəl¬di ki, indi də Selcanın saçlarının ətrini bur¬nunda hiss edir. Dərindən nəfəs aldı, sanki bütün ey¬vanı doldurmuş bu ətir iyini tutub saxlamaq, doyunca həzz almaq istəyirdi:

– Eh, Selcan, Selcan… İndi sən hardasan?

Qulaqları od tutub yanırdı, sanki kimsə onun adını çəkir, onun haqqında danışırdı. Bunun necə bir hiss olduğunu özü üçün aydınlaşdıra bilmirdi. Ən doğma, ən yaxın adamının ətrafında olduğunu hiss edirsən, amma onu təsəvvür edə bilmirsən. Bu, insan bədənində olan neçənci hissdir görəsən? Bəlkə də insanlar o hissləri işıqlandıra bilsələr, bir-birlərini uzaqdan uzağa görüb danışa bilərlər, dərdlərini bölüşə bilərlər. Rövşən bəy bu duyğuların qoynunda saatlarla eyvanda oturdu. Amma bilmədi ki, saçlarının ətrini duyduğu sevimli Selcanı lap yaxınlıqdadır. O da həmən anlarda Şam çeşməsinin üstündə xəyala dalıb keçmiş günlərin işığında azacıq da olsa qızınmaq istəyirdi.

Şam çeşməsinin üst tərəfində ağappaq saçları çiyinlərini gizlədən orta yaşlı, zərif bədənli bir qadın dayanmışdı. Qadın tərəddüd edirdi. Sifəti hərdən qıpqırmızı olur, sanki od tutub yanırdı. Otuz ildən artıq bir məsafə onu Şam çeşməsindən, indi yaşadığı duyğulardan ayırmışdı. Ayrılıq müddətində hər gün bu hissləri yaşasa da, heç vaxt onu bu qədər dərindən hiss etməmişdi. Hətta, o vaxtlar bir neçə dəfə intihar etmək təşəbbüsündə olmuşdu, yenə də canını bu qədər həyəcan, qorxu hissi almamışdı. İndi o nəyi itirməkdən qorxurdu bəs?! Ömrü boyu sevdiyi, vüsalına çatmadığı insan¬ımı? Uzaqdan uzağa keçmiş xatirələrin işığında qızındığı anlarımı? Zorakılığa, təcavüzə uğra¬mış, ləkələnmiş sevgisinimi? Şam çeşməsinin sərin suları qədər lətif və əvəzedilməz xatirə¬lərinimi? Bilmirdi.

 İllərlə yazdığı, ünvanına göndərməyə həmişə tərəddüd etdiyi, sonra da “daha bunun vaxtı keçib”- deyə cırıb atdığı məktubları xatırladı. Neçə gündən bəri son dəfə yazdığı, İrəvandan durub o məktubu sahibinə çatdırmaq üçün illərdən bəri gəlmədiyi, lakin bir gün də unutmadığı Əylisə gəlmişdi. Bütün bədəni titrəyir, canı uçunurdu. Bir neçə dəfə geriyə qayıtmaq istədi, lakin ayaqları yerə mıxlanmış kimi tərpənmədi. Son anda özündə az da olsa, cəsarət tapıb Tamaragilin darvazasına yaxınlaşdı, dar¬vazanın qadınlar üçün nəzərdə tutulmuş buta şəkilli taqqülbabını taqqıldatdı.

 Anası Ayka öləndən sonra Tamara evə qapıl¬mışdı. Axşam olmamış evə girər, uzun gecələri sabah olana qədər səbirlə gözləyərdi. Bu axşam nədənsə Günəş tam qürub eləsə də, hələ də evə keçmək istəmirdi, qulağı səsdəydi, kimisə gözləyirdi. Amma kimi gözləyirdi, gələcək bir adam yoxdu, axı. Nahaq yerə özünü yorurdu. Bu düşüncələrdəydi ki, darvazanın taqqülbabı döyüldü. “Axşam vaxtı xeyir ola”-deyib darvazanı açdı, qarşısında ağsaçlı, orta yaşlı, zərif və gözəl bir qadın dayanmışdı. Hava sərin olmasa da qadın tir-tir titrəyir, soyuqlamış adam kimi əsirdi. Tamara çoxdan görmədiyi, azqala unutduğu, hardasa yaddaşının künc-bucağında bəzi cizgiləri qalmış bu qadını xatırlamağa çalışdı. Qadın daha dayana bilmədi, müvazinətini itirdi, darvazanın qabağında yıxılıldığı anda Tamara onu qucaqladı, qoluna girib eyvana apardı. Tamara qadının altına kətil qoyub oturtdu, bir bardaq su gətirib içirtdi. Qadın Şam çeşməsinin sərin suyundan bir neçə qurtum içib özünə gəldi. Hələ də çaşqın nəzərlərlə çağrılmamış qonağa baxan Tamaraya minnətdarlıq etdi və “mən Selcanam”-dedi.

Tamara Selcanı qucaqlayıb ağladı, Selcan da ağladı. İki qadın gecəni yatmadılar, keçmiş günləri xatırlayıb, gah ağladılar, gah güldülər, gah da yenidən xəyala daldılar. Səhər Selcan Tamaradan ayrılıb İrəvana yola düşdü. Getməmişdən Tamaraya bir məktub verib xahiş etdi ki, Rövşən bəyə çatdırsın.

 Selcan gedəndən sonra Tamara məktubu Röv¬şən bəyə çatdırdı. Rövşən bəy bir neçə gün məktubu açıb oxuya bilmədi. Məktubu sinəsinə sıxıb qucaq¬ladı, iylədi, sığalladı. Sanki məktubda yazılanları oxumaqdan qorxur, ehtiyat edirdi.

 

 

 

İllər su kimi axıb getdikcə zaman Rövşənin saç¬larını ağardıb Ələngəzin qarı kimi bəmbəyaz et¬mişdi. İndi o, kəndin ən alicənab şəxsləri sırasında sayılırdı. Hamı ona hörmətlə Rövşən bəy deyə müraciət edir, məclislərdə yuxarı başa keçirirdilər. Hamı bilirdi ki, Rövşən bəyin tövbəsi Uca Yaradan tərəfindən qəbul olunubdu. Rövşən bəy də qalan ömrünü xeyirxahlıqla başa vurmağa çalışırdı. Bu məqsədlə kəndin və ətraf kəndlərin xeyir-şərində iştirak edir, imkansızlara yardım edir, köməklik göstərirdi. Qalan vaxtlarını Aladaşın ətrafında yaratdığı “cənnət guşəsi”ndə keçirirdi.

Rövşən bəy Məminin təsərrüfatını inkişaf etdir¬mək məqsədilə yüz ədəd qoyun alıb ona bağışlamışdı. Məminin arvadı bir neçə ildi ki, ölmüşdü. Məmi üçün təsərrüfatı idarə etmək çətinlik törədirdi. Ona görə də Rövşən bəy ağsaq¬qalların məsləhəti ilə yığcam bir məclis düzəldib Məmi ilə Tamaranı evləndirdi. Belə bir həssas məqamda cütlüyün birgə yaşayışı kəndin hər iki icmasının xeyirxah insanlarının ürəyindən oldu. İnsanların gələcəyə xoş ümidləri artdı, yenə də insanlar əl-ələ verib işləyir, bir-birlərinin xeyrində, şərində iştirak edirdilər. Rövşən bəyin xeyirxah işləri davam edirdi.

 Daha nə qədər görülməli işlər vardı. Son günlərdə yeni portretlər, yeni tablolar işləmək haq¬qında düşünürdü. Selcanın məktubu onun duyğu¬larını yenidən canlandırmışdı. Elə tablo-portretlər işləmək istəyirdi ki, bütün zamanlarda öz təravətini, canlılığını, yaşarlığını qoruyub saxlaya bilsin. Bu tablo-portretlər milli ayrılıq hisslərinin olmadığı, bəşəri düşüncənin işığında yaşayan, sevən insanların simvoluna çevriləcəkdi. Bu, bir qədər əvvəlki tablolardan fərqli olacaqdı. Arazı və Arazın hər iki sahilindən bir-birinə əl edən bir oğlan və bir qız rəsmi çəkmək istəyirdi. Onların ayrılı¬ğının səbəbi Arazmıydı, ya zəmanəmi? Por¬t¬retdə mücərrəd düşüncə hakim rolunun ifaçısına çevrilməli, zaman və zamansızlıq yaşanmalıydı.

 Rövşən bəy üzərinə kətan çəkilmiş böyük bir çərçivənin önündə xəyala getmişdi. Qışqırıq səsinə xəyaldan ayrıldı.

-Adam vurublar, adam vurublar, məscidə gəlin…

Qışqırıb camaatı məscidə çağıran Alxan kişinin balaca nəvəsi Sarxan idi.

 

 

 

1918-ci ilin iyun ayının əvvəlləri idi. Əylisin qo¬ca dağları yenə də Günəşi salamlayaraq qarş¬ı¬la¬yır¬dı. Əylis düzlərində əkilmiş taxıl zəmiləri göz oxşa¬yır, dəniz kimi dalğalanırdı. Bu il bol məhsul gəlmişdi. Kəndlilər iki gün¬dü ki, taxıl zəmilərində arpa biçini ilə məşğul olur¬dular. Adətən arpa buğdaya nisbətən tez yetişdiyindən vağamlayıb tökülürdü. Çalışıb tez biçib yığışdırmaq lazımdı.

        Nuhgədih kəndinin adamları da sübh tez¬dən gəlib Yuxarı Əylis ilə Aşağı Əylisin arasındakı Aşağı Nuhgədihə məxsus olan taxıl zəmilərində arpa biçirdilər. Burada bir qədər izahat verməyə ehtiyac duyulur. Nügədih//Nühgədih//Nuhgədih kəndi Nuh peyğəmbərin adı ilə əlaqələndirilir. Bu kənd Ordubad bölgəsində geniş yayılmış rəva¬yət¬lərə görə Nuhgədiyi kəndidir ki, Nuh peyğəm¬bərin gəmisinin dayandığı Gəmiqaya dağının 3-4 km-liyində, Köçeli dağının döşündə yerləşir. Buradan Xoşlu dağına qısa bir məsafə vardır. Rəvayətə görə Xoşlu dağının zirvəsində yerləşən Açar abidəsi Nuh peyğəmbərin göy cisimlərini mü¬şahidə etdiyi, dünyada ilk dəfə yaradılmış rəsədxana tipli bir yer olmuşdur. Xoşlu dağından Köçeli dağına keçən bu aşırımda da Nuhgədiyi kəndi ilk yaşayış məskənlərindən biri kimi formalaşmışdır. Nuh peyğəmbərin gəmisində tufandan xilas olan Xoşlu tayfasından bir qisim əhali bu ərazini heyvandarlığın inkişafına uyğun və əl¬verişli olduğundan özləri üçün yaşayış yeri seçmişlər. Xoşlu dağının ətəklərində – Tiri yay¬la¬ğın¬da bu gün də qədim insanların əkib becərdikləri əkin sa¬hə¬lərinin izləri qalmaqdadır. Da¬ha sonralar nuhgədihlilər arana enmiş, burada özləri üçün əkin sahələri yaratmışdılar. Həmən ərazilərdə balaca bağ evləri də tikmişdilər. Nuhgədihlilər bu evlərdə ancaq taxıl biçini zamanı qalırdılar. Bu evləri onlar kərəz adlandırırdılar. Nuhgədihlilərin əsas məşğuliyyəti heyvandarlıq idi. Ötən illərdə olduğu kimi bu il də nuhgədihlilər taxıl biçininə gəlmişdilər.

Qulamın qardaşı Məhərrəm ilk dəfə idi ki, biçində iştirak edirdi. Məhərrəm on səkkiz yaşın içindəydi. Bığ yerləri təzəcə tərləyən Məhərrəm Nuhgədih kəndinin sayılıb seçilən gənclərindəndi. Paşa kişinin gözünün ağı-qarası olan bircə qızı Çiçəyin deyiklisiydi. Bu gün səhər Paşa kişi heyvanlarını yaylağa qaldırmağı qərara almışdı. Çiçək də atası ilə yaylağa qalxacaqdı. Yaylaqda Məhərrəmgiliynən hər il qonşu düşürdülər. Bu il də çox güman ki, belə olacaqdı. Məhərrəm də bu gün Paşa kişiyə kömək etməli, heyvanları yaylağa qal¬dırmalı idi.      Lakin biçinçilərin köməkçisi Ey¬¬vaz xəstəlindiyindən Qulam kiçik qardaşı Mə¬hər¬¬rəmin bir günlüyə biçin işinə kömək etməsini məsl¬əhət bilmişdi. Necə deyərlər, “sən saydığını qoy, gör fələk nə sayır”. Kimsə başına gələcək qədəri bilməz, əgər bilsəydi dünyada qədər olmazdı. Məhərrəmin başına gələcək qədəri də kimsə bilmirdi. Paşa kişi həmən günü yaylağa qalxmağı təxirə salmalı oldu və bu təxirə salmaqla Paşa kişi, ümumiyyətlə, bu il yaylağa qalxa bilmədi və qədərini gözləməli oldu. Məhərrəm də gülə-gülə qədərinə qarşı getdi.

Sübh tezdən biçinə başlayan kəndlilər günün altında işlədikcə tər tökürdülər. Taxıl biçini davam edirdi. Kəndlilər sıra ilə düzülmüşdülər, biçin kərəntilərlə həyata keçirilirdi. Kərənti ilə taxıl biçmək harmonik bir rəqsi xatırladırdı. Kərəntilərin ağzından çıxan biçilmiş arpa dəstələri yan-yana düzülərək xoş təəssürat yaradırdı. Kimsə cərgədən ayrılmaq istəmirdi. Biçin davam edə-edə Qulam qardaşı Məhərrəmə dedi ki, gedib bulaqdan sərin su gətirsin. Məhərrəm mis sənəngi çiyninə aşırıb bulağa yollandı, başında sevgilisi Çiçəyin sevdası o illərin tez-tez oxunan “Gəlin” mahnısını zümzümə edirdi:

Qərənfil dəstə, gəlin,

Olmuşam xəstə, gəlin.

Mən yolunu gözlərəm,

Siz bulaq üstə gəlin.

 

Bulaq başı qız olur,

Hörükləri düz olur.

Qız baxsa eybi yoxdur,

Gəlin, baxma söz olur.

Bulaq yaxınlıqdan keçən Əylisçaya enəndə yulğun kollarının arasındaydı. Məhərrəm bulağa endi, kuzəni bulağın şırşırına söykəyib dolmasını gözləyirdi ki, atəş açıldı. Güllə Məhərrəmin sinəsini parçalayıb kürəyindən çıxdı. Məhərrəm, “ah, na¬mərd”- deyib yıxıldı.

Anastasın gülləsi hədəfi yerə sərmişdi. Son on ildə ilk dəfə açılan bu güllə gələcək facilərin təməlini qoyurdu. On ildi bu kənddə güllə səsi eşidilməmişdi, bu çox gərgin əməyin nəticəsində yaranmışdı. Bu güllə, Allah bilir, nələrə səbəb olacaqdı. Böyük bir xəyanətə imza atan Anastas bir anda qaçıb ağacların arxasında gözdən uzaqlaşdı, izi itirmək məqsədi ilə Aşağı Əylisə tərəf istiqamət götürdü. Bir qədər gedəndən sonra kimsənin arxasınca gəlmədiyini yəqin etdi, özünü Ələmşah dərəsinə çatdırıb sızqa bulağın kənarında dincəlməyə oturdu. Tapşırıq yerinə yetirilmişdi, məqsəd türkləri daim təşvişdə, qorxu altında saxlamaq, ara qarışan kimi onların dədə-baba torpaqlarını qoyub qaçmasına nail ol¬maqdı.

Güllə səsinə biçinçilər dayandılar. Qulamın ürəyi sancdı, kərəntini yerə atıb Məhərrəmin arxa¬sınca qaçdı. Digər biçinçilər də Qulamın arxasınca özlərini bulağa çatdırdılar. Məhərrəm arxası üstə uzanmışdı, sinəsindən axan qızıl qan ətrafı boyamışdı. Qulam əyilib Məhərrəmin başını dizinin üstünə qaldırdı, Məhərrəm gözlərini açıb qardaşına baxdı, sonra gözlərini dolandırıb ətra¬fındakıları xatırlamağa çalışdı. Sinəsinin qanı axır, gözləri özündən iradəsiz halda yumulurdu. Şikarı köynəyini cırıb Məhərrəmin yarasının üstünə basdı. Qanı kəsə bilmirdilər. Kimsə qışqırdı:

– Həkimə götürmək lazımdı, nə durmusuz, tələsin!

Elə bil hamı bir sözə bənd imiş, əl-ayağa düş¬dülər, yulğun kollarından xərək düzəldib Məhərrəmi xərəyin üzərinə qaldırdılar. İki nəfər xərəyi qaldırıb Yuxarı Əylisə tərəf aparırdı. Digər biçinçilər də xərəyin ardınca gedirdi. Yolda bir-birlərini əvəzləyərək yaralını mənzil başına çatdırmağa tələsirdilər.

 Bıçaq vursaydın Qulamın qanı çıxmazdı. Ürəyin¬də özünü danlayır, Məhərrəmi biçinə gətirdiyinin peşmançılığını çəkirdi. Bu namərdliyi kim etmiş olar¬dı? Düşünürdü ki, yerli ermənilərdən günün günorta çağı bir türkü vuracaq cəsarətli kimsə ola bilməzdi. Çox güman ki, bu, son günlərdə kənardan gəlib Əylisdə sabitliyi pozmağa çalışan qüvvələrin araqarışdırmasıydı. Amma nə olur-olsun ermənilər bu xəyanətin bədəlini ödəməlidirlər.

Qulam sadə, zəhmətkeş bir insandı, Məm¬mədrza kişinin böyük oğluydu. Orta boylu olsa da, çox cəld və qoçaqdı, qardaşı Məhərrəmdən yeddi yaş böyükdü, nişanlıydı, bu payızda toy eləmək istəyirdi.

Kənd adamları saf və təmiz olurlar. Qulamın da təbiətində olan saflıq, hamıya böyük inam hissi bəzən ətrafda baş verən hadisələri düzgün qiymətl¬ən¬dir¬mə¬si¬nə əngəl törədirdi. Bu səbəbdən də Qulam yanılırdı, artıq yerli ermənilərdə bir təşkilatlanma işi getmişdi. Hər an, hər dəqiqə partlayış ola bilərdi. Qulam kimi yer¬li türklər qarşıda onları daha hansı bəlalar göz¬lə¬di¬yin¬dən xəbərsizdilər. Məhərrəmin günün günorta çağı vurulması onlara xəbərdarlıq olmalıydı, amma olmadı.

Məhərrəmi Nuhgədihə aparmaq mümkün olmadı, çoxlu qan itirmişdi. Onu Şah Abbas məscidinin həyətindəki mədrəsənin birinci mərtəbəsindəki qonaq otağına yerləşdirib həkim dalınca getdilər. Həkim gəldi, özü ilə dərmanlar da gətirdi. Ara həkiminin otlardan hazırladığı dərmanları birtəhər Məhərrəmə içirdilər, yarasına məlhəm qoydular, lakin bir faydası olmadı, daha bacarıqlı həkimə ehtiyac duyulurdu. Debi həkimi gətirmək lazımdı. Əslən erməni olan Debi həkim Çənnəbdə olurdu və bu ətrafda çox şöhrətlənmiş bir həkimdi. Türklərin ən ağır xəstələrini Debi həkim müalicə edərdi. Çənnəbə at ilə kəsə yol ilə sabaha gedib gəlmək olardı.

 Debi həkimin ardınca adam göndərmək istəyir¬dilər ki, onun Əylisdə xəstə üstünə gəldiyi xəbəri çıxdı. Debi həkim gəlib Məhərrəmin yarasını açdı baxdı və yenidən sarıdı. Məhərrəm çoxlu qan itirmişdi, amma gənc və qüvvətliydi, bəlkə də ayağa qaldırmaq olardı. Debi həkim bir istədi ki, qollarını çırmalayıb tədaviyə başlasın, amma xəyalında dünən Arakellə görüşündəki söhbətlər bir an içində canlandı və tərəddüd etdi. Debi həkimin vicdanında bir oyanıqlıq vardı. Gənc oğlanı xilas etmək, ölümün pəncəsindən almaq olardı. Vicdanı onu bir həkim kimi xeyirxah olmağa səsləyirdi.

Qulamın, Nabatalının, Röv¬şənin, yaralı gəncin ətrafında olan bütün adamların gözləri ümidlə Debi həkimə dikilmişdi. Debi həkim isə çox fikirli görünürdü. Xəyalında Arakellə danışır, gözlərinin önündə erməni daşnaklarının planları can¬lanır, onun insani hisslərinin üstünə kölgə salırdı. Məhərrəmin isə halı getdikcə fənalaşırdı. Nəhayət, Debi həkim dilləndi, “ümud Allaxdan kasilməz, Allax saxlasın”- deyib çıxdı.

Debi həkimin sözləri adamlarda təəccüb doğurdu. Belə başa düşmək olurdu ki, Debi həkimin xisləti vicdanını üstələyibdi.

Məhərrəmin vurulması xəbəri ildırım sürəti ilə Əylisin hər yerinə yayıldı. Xəbəri eşidənlər Şah Abbas məscidinə gəlir, yaralıya baş çəkmək, vəziyyətdən xali olmaq istəyirdilər.

Ədif bəyin qara kəhəri Şah Abbas məscidinin qarşısındakı meydanda kişnədi. Xəbər Ədif bəyə də gedib çatmışdı. Ədif bəy osmanlı ordusunun Or¬dubad bölgəsindəki təlimatçılar bölüyünə rəhbərlik edirdi. Bölüyün işi yerli türk gənclərə silah atmağı, müharibə zamanı manevrlər etməyi öyrətməkdi. Ədif bəy bölüyün işinə rəhbərlik və nəzarət edir, ətrafda baş verən hadisələrdən Naxçıvanda oturmuş Os¬manlı ordusunun komandanı Xəlil bəyi məlu¬matlandırır, eyni zamanda tez-tez Əylisdə olur, burada sabitliyin qorunmasına çalışırdı. Ədif bəy əlini Məhərrəmin alnına qoyub soruşdu:

– Yavrum, sana kim kıydı?

Məhərrəmdən cavab gəlmədi. Ətrafdakılar bir ağızdan,- Kim qıyacaq ermənilərdən savayı,- dedilər. Ədif bəy:

– Buluruz duşmanı,- dedi.

Rövşən bəy Ədif bəyə yaxınlaşıb dedi:

– Ədif bəy, bu kəndin hüzuru pozulmaqdadır, əgər çapuq tədbirlər görülməzsə, burada qırğın qaçılmaz olacaqdır. Ermənilər hər yerdə fəallaşmış, Andranikin qoşununun Arazın o tayında törətdikləri vəhşiliklərdən ruhlanmışlar. Biz burada sabitliyi ancaq könüllü dəstələrimizin hesabına qoruyub saxlaya bilirik. Bizə Osmanlı ordusunun əməli köməkliyi lazımdır.

Ədif bəy gərəkənin yapılacağına söz verib ayrıl¬dı.

Qulam və dostu Nabatalı üç gün gecə-gün¬düz Məhərrəmin yatağının yanından ayrıl¬madılar. Rövşən bəy də bütün iş-gücünü ötürüb onlarla birlikdə qalırdı, bir an da olsun onları tərk etmirdi, Qulamın xata çıxaracağından ehtiyat edir, baş verə biləcək hər hansı düşünül¬məmiş hərəkətin nələrə səbəb ola biləcəyini təxmin edirdi. Belə bir həssas dönəmdə Rövşən bəy ən doğru yol tut¬muşdu. Hacı Nəcəf ağa da Rövşən bəyin bu hərəkətini təqdir edir, nə qədər çətin də olsa, hadisənin sakitliklə sona çatmasını gözləyirdi. Üçüncü gün Məhərrəm sadəcə bircə dəfə gözlərini açıb qardaşına baxdı və əbədi olaraq bu dünyaya yumdu. Qulam qardaşının mənalı baxışlarını ömrünün sonuna qədər unuda bilmədi, – sənin qisasını alacağam,- dedi.

Məhərrəmin dəfnində Əylisin türk icmasının bütün üzvləri iştirak edirdi. Nuhgədihdən gələn qa¬dın və uşaqlar ağlayırdı. Çiçəyin məhzun duruşunda qəribə bir sakitlik vardı, sanki Məhərrəmin öldüyünə inanmır, səfərə getmiş bir adamın qayıdıb gələcəyini düşünürdü. Molla Nurməmməd “Yasin” oxuyurdu. Gənclər günahkar kimi başlarını aşağı dikmişdilər.

 Məhərrəmin dəfninə erməni icmasından Arakel, Saşa və Petros da qatılmışdı. Qulam qardaşını qoruya bilmədiyindən başını qaldırıb kimsənin üzünə baxa bilmirdi. Qədim bir el məsəli qulaqlarında cingildəyirdi: “Vuran qaçar, vurduran gələr”. Heç şübhəsiz ki, Məhərrəmin vurulma¬sından Arakelin xəbəri vardı. Yoxsa Arakelə nə düşmüşdü ki, nu¬h¬gə¬di¬hli bir cavanın dəfnində iştirak etsin. Qulamın fikrindən bir an öncə Məhərrəmin intiqamını almaq keçirdi, elə bu an, bu dəqiqə Arakelin boğazını üzüb o dünyalıq etmək istəyirdi. Amma səhərdən yanını kəsdirib bir an da olsa, onu tək buraxmayan Rövşən bəyin nəzə¬rindən yayına bilmir, daha doğrusu, Rövşən bəyi qıracaq hərəkətə yol verməyi qəbahət sayırdı. Rövşən bəy Məhərrəmin məzarı başında üzünü camaata tutaraq söylədi:

– Camaat, bu gün bizim kəndimizdə bir faciə yaşandı. Məhərrəmi vuranlar bu kəndin hüzurunu pozmağa çalışanlardır. Məhərrəmin qatili gec-tez tapıla¬caq, cəzasına çatacaqdır. Amma mən istə¬mirəm ki, bu hadisə bəhanəyə çevrilərək günahsız insanların qanı bahasına başa gəlsin, hərçənd ki, bu¬nu istəyənlər var. Bu hadisədən istifadə etməyə çal¬ı¬şanlar var. Məhərrəmin dəfnində erməni icmasının nümayəndələri də iştirak edirlər. Yəqin ki, onlar da istəməzlər ki, burada qardaş qırğınına yol verilsin. Belə deyilmi Arakel kirvə?

 Arakel istər-istəməz Rövşən bəyin sualına cavab vermək məcburiyyətində qaldı. Bu anda Ara¬kelə bıçaq vursan qanı çıxmazdı, amma danışmaya da bilməzdi:

        – Ağalar, bu gün bu kənddə cavan bir adamın vurularaq öldürülməsi bizi çox qamgin etdi. Bunu edənlar bizim duşmanlarımızdı. Kirva, bax, manim da oğlumu öldürdülər. Hala da qatili tapılmır.

 Arakel yaylığını çıxarıb gözlərini sildi, özünü ağlayan kimi göstərməyə çalışdı. Xəyalında isə Anastasın məharətini alqışladı. Anastas ovu gözün¬dən vurmuşdu, türkləri xəyal qırıqlığına uğratmışdı. Arakel üçün bir şey də məlum oldu ki, türklər sadəcə olaraq sakitlikdə yaşamağa çalışırlar, onların başının altına yastıq qoyub yaxşıca uyutmaq mümkündür. Onların erməni komitələrinə qarşı çıxacaq nə gücləri var, nə də o haqda düşünürlər.

        Molla Nurməmməd ucadan fatihə dedi. Hər kəs xəyaldan ayrılıb “Fatihə” surəsini oxumağa başladı. “Allah rəhmət eləsin” deyib geri döndülər.

Dəfndən sonra adamlardan bir qismi elə qəbirstanlıqdaca başsağlığı verib ayrılırdı. Baş sağlığı verənlərə Qulamın dostu Nabatalı cavab verirdi. Qulam isə Rövşən bəylə birlikdə səssiz, sakit addımlarla Molla Nurməmmədin arxasınca məscidə qayıtdı. Rövşən bəy gec-tez qatilin tapılacağını deyib Qulama təskinlik verirdi. Məhərrəmin yasını Şah Abbas məscidinin həyə¬tində tutdular.

Dəfndən sonra Məhərrəmin məzarının üstündə ağı deyib ağlayan bir deyikli qız qaldı. O, Çiçək idi. Ümidləri gözündə qalan, açmamış solan çiçək, sevgi nəğmələri ağıya, bayatıya dönən, dağı-daşı ağladan, saçları hörülməmiş, çiçəyi dəril¬məmiş, sevgi bulağının sərin suyundan içərkən içməz olan dağlar maralı, könlü yaralı Çiçək.

Çiçək ağı dedikcə Paşa kişinin ürəyinin yağı əriyirdi. Çiçək onun bircə balasıydı. Uşaqkən anadan yetim qalan Çiçəyə Paşa kişi həm ata, həm ana olmuşdu. Nə zəhmətlər bahasına qızını böyüdüb boya-başa çatdırmışdı. Bayaqdan kənarda dayanıb qızının sakitləşməsini gözləyən Paşa kişi daha dözə bilmədi. Qızının yanına gəlib onu qaldırdı, ata-bala qucaqlaşıb ağladılar. Sonra da bir-birlərinə təsəlli verməyə çalışdılar.

Məhərrəm Əylis qəbirstanlığında dəfn edilən ilk nuhgədihli, ilk şəhid idi. Məhərrəmin dəfn edildiyi ərazi ümumi qəbirstanlıqdan aradan keçən yol ilə ayrılırdı. Sonralar həmin ərazi şəhidlər xiyabanına çevrildi, hazırda orada osmanlı türk şəhidləri də daxil olmaqla on iki şəhid uyuyur.

Nuhgədihlilər axşama qədər Məhərrəmin yas mərasimində iştirak edib, axşam üstü Nuhgədihə getdilər. Nuhgədihlilərin əsas təsərrüfat fəaliyyəti heyvandarlıq olduğundan mütləq kəndə qayıdıb mal-heyvanı yerbəyer etmək lazım gəlirdi. Qulam, dostu Nabatalı ilə daha iki gün Əylisdə qaldılar, üçüncü gün Molla Nurməmməd, Hacı Nəcəf, Rövşən bəy və Alxan kişiylə qəbir üstünə gəlib Məhərrəmi yad etdilər. Qulam Məhərrəmin qəbrinin üstündə bir daha and içdi:

–      And olsun sənin nahaq tökülən qanına, and olsun ağam Əbülfəzlabbasın kəsilən qollarına, qisasını alacam, qərdəş! Mənim qollarımı kəsdilər. Sənin ölümün məni

yandırır, qərdəş! Axı, sən kimə neyləmişdin?

 

 

Məhərrəmin vurulduğu günlərdə xəbər yayıldı ki, Andranikin qoşunu qonşu Culfa rayonunun Yaycı kəndində böyük qırğın törədibdir. Belə məlum olurdu ki, Andranik qoşunu ilə Cənubi Azərbaycanın Maku, Xoy, Salmas şəhərlərini və yolüstü kəndləri talayıb viran qoyaraq böyük qırğınlar törətdikdən sonra Culfaya gəlibdir. Culfa dəmiryolunda çalışan Yaycılı fəhlələrə dəmiryolunu sökməyi əmr edən Andranikin hərəkətinə qarşı yaycılılar etraz etdikləri zaman onları güllələtmiş, Yaycıya girib evləri yandırmış, əhalini böyük bir hissəsini qırmışdı. Əhalinin az bir hissəsi özünü Araza vuraraq o biri sahilə çıxa bilmiş, ölümdən qurtulmuşdu. Bir müddət Culfada qaldıqdan sonra Andranikin qoşunundan müxtəlif dəstələr ətraf kəndlərə hücumlar etməyə başlamış, hər yerdə qəsbkarlıq və talançılıq etmiş, müsəlman əhalinin evlərini yandırıb özlərini qətl etmişlər.

 Andranikin quldur dəstələri iyunun axırlarında Naxçıvan yolunun üstündə bir sipər kimi dayanan Nehrəm kəndinə hücuma keçirlər. Nehrəmlilər Kabla Muxtarın rəhbərliyi altında düşmənə qarşı igidliklə vuruşaraq Andranikin qoşunun Nehrəmə girməsinə imkan vermirlər. Kabla Muxtarın könüllü silahlı dəstəsində iki top vardı. Yüngül əl topları ilə müxtəlif manevrlər edən nehrəmlilər bu döyüşdə böyük qələbə qazanırlar. Topçu Müseyib və qardaşı topların yerini tez-tez dəyişərək ermənilərdə əsil vahimə yaradırdılar. Müxtəlif istiqamətlərdən atılan top mərmilərinə cavb verə bilməyən ermənilər qaçmağa başlamışdılar. Hətta Kabla Muxtar nehrə¬mlilərə sığınan 60-a qədər sadə ermənini də qoruyub ara sakitləşəndən sonra İrəvana yola salmışdı.

Andranik qoşunu ilə Naxçıvan şəhərinə girir, özünü Rusiyanın səlahiyyətli nümayəndəsi kimi təqdim edərək Naxçıvanda onun hakimiyyətinin tanınmasını tələb edir. Naxçıvan Türk Milli Komitəsi Andranikin hakimiyyətini tanımaqdan imtina edir, kömək üçün Osmanlı hökumətinə müraciət göndərir. Bu ərəfədə Naxçıvan Milli Komitəsinin və Osmanlı Ordusunun Naxçıvandakı nümayəndəsi Xəlil bəyin Osmanlı türk hökümətinə yazdıqları raporlara cavab verilmiş, Naxçıvanın və Təbrizin xilası üçün Kazım Qara Bəkir paşaya tapşırıq verilmişdi. İyulun 7-də türk ordusu Naxçıvan şəhərinin ətrafında hücuma keçərək Andranikin ordu birliklərini top atəşinə tutdu. Naxçıvanda hakimiyyəti ələ keçirə bilməyən, türk ordusunun qarşısında duruş gətirə bilməyib xeyli tələfat verən Andranikin qoşunu müxtəlif kəndlərə hücum edir, qarşısına çıxan hər şeyi məhv etməyə çalışırdı. Avqustun əvvəllərində Andranikin qoşunu Badamlı tərəfdən Şahbuza və oradan Ordubad bölgəsinə keçir, Əylisə girib Əylisi dağıtmağı planlaşdırır. Ordubad könüllülər dəstəsinə rəhbərlik edən İbrahim Axundov Əylisə gəlir, Rövşən bəyi, Hacı Nəcəfi və türk icmasının fəallarını vəziyyətdən xəbərdar edir.

 

 

 

Avqustun qora bişirən günləriydi. Şah Abbas məscidinin qalın divarları istinin qarşısını alsa da, içəridə adamın çoxluğundan nəfəs təngiyirdi. Kəndin müsəlman türklərinin bütün ağsaqqalları məscidə cəm olmuşdu. Hacı Nəcəf ağa, Hacı Qur¬banəli ağa, Kəblə Əhməd ağa, Aslan baba, Kəblə Qurban ağa, Hacı Rza ağa, İmaməli, Kar Abdulla, Bığ Abbas, Məşədi Tağı, Məşədi Bağır, Məşədi Sulta¬nəli, Kəblə Hüseyn, Alxan kişi, Molla Nurməmməd, Məşədi Salman, Məşədi Cavad, Məşədi İman, Mə¬şədi Kazım və s. saymaqla qurtaran deyildi. Necə de¬yərlər, iynə atsan yerə düşməzdi. Rövşən bəy hazırkı durumu izah edib, müvəqqəti olaraq imkan daxilində qadınların, xəstə və uşaqların daha təhlükəsiz yerə köçürülməsini təklif etdi. Onsuz da böyük nigarançılıq içərisində yaşayan ailələr bunu çoxdan gözləyirdi. Həmən günün axşamı hava bir qədər sərinləyən kimi köç başladı. Əhali Araza üz tutur, çayın o biri sahilinə keçib qurtulmağa çalışırdı. Qəbul edilmiş ümumi qaydaya əsasən hər ailədən bir nəfər yaşlı, ağsaqqal ailənin köçürülməsi ilə məşğul olur, kişilər, cavanlar kəndin qorunmasında iştirak edirdi.

Kəblə Əhməd arvadı Heyrana köçmək üçün hazırlıq görməsini tapşırıb özü kiçik oğlu Məsum ilə arabanın sınıq-salxaq yerlərini düzəltməklə məşğul oldu. Axşama qədər çalışıb arabanı hazır vəziyyətə gətirdi. Axşam kəhəri çəkib arabaya qoşmaq məcburiyyətində qaldı. Arabanın içinə bir dəst palaz salıb, əvvəl qız nəvələrini arabaya mindirdi. Məşədi Bağırın dalbadal üç qızı olmuşdu, dördüncü oğlan uşağıydı, hələ bir yaşı tamam olmamışdı, adı Rəşidiydi. Rəşid Xanımın quca¬ğındaydı. Kəblə Əhməd ona öz babasının adını vermişdi, çox arzulayırdı ki, Allah-tala ona bir oğlan nəvəsi də versin ki, sağlığında öz adını da nəvəsinə versin. İndi belə bir qarmaqarışıq zamanda körpə uşaqlı gəlin, balaca-balaca qız uşaqları, qocalıb əldən düşmüş qarısı ilə yola çıxması Kəblə Əhmədin qanını qaraltsa da, çox fikirləşir, köçməkdən başqa bir yol tapa bilmirdi. Arazın o tayında Kərbalaya gedərkən yaxından yoldaşlıq etdiyi Kəblə Qasımdan başqa ümidi gələn yer yoxdu.

Araba hazır olub yola çıxmaq ərəfəsində Məşədi Bağır da gəlib çıxdı. Məşədi Bağır səhərdən kəndin bəzi strateji yerlərində könüllülər ilə istehkam qurmaqla məşğul olmuşdu. İndi də ailəsini yola salmağa gəlmişdi. Körpəsi qucağında Xanım Məşədi Bağıra baxıb sanki, “bu vəziyyətdə məni hara göndərirsən”,- deyirdi. Məşədi Bağır çiyinlərini çəkdi:

– Allah mərdi-məzara lənət eləsin.

Kəblə Əhməd dedi:

– Özünüzdən muğayat olun, hadi, di salamat qalın.

Kəblə Əhməd kəhərin cilovunu tərpətdi, qafilə körpü başından Araza tərəf yol başladı. Köçün önün-də, ortasında və arxasında yolda baş verə biləcək hər hansı bir hadisənin qarşısını almaq məqsədiylə könüllülərdən iyirmi nəfər silahlı gedirdi.

Qızlardan böyüyü Həcər, ortancıl Məhbubə Heyran nənəyə qısılmışdılar. Balaca altı yaşlı Məleykə anası Xanımın yanından ayrılmır, tez-tez babasının niyə onlarla getmədiyini soruşurdu. Xa¬nım bir yandan qucağında körpə uşağını yırğalayıb yatırtmaq istəyir, bir tərəfdən də Məleykənin suallarına cavab axtarır, onu ovut¬mağa çalışırdı. Hey¬ran nənə bu yaşında çöllərə düşməsinə vəsilə olanlara qarğış tökür, sağ-salamat qurtulmaları üçün Allaha yalvarır, əlindəki qara rəngli təsbeh ilə istixarə edirdi. Köç Araza yaxınlaşırdı. Araz qırağı Ordubaddan və ətraf kəndlərdən gəlib o biri sahilə keçmək istəyənlərlə doluydu. Səs-səsə qarışmışdı, ağlayan uşaqların səsi ürəkləri parçalayırdı.

 Kəblə Əhməd Heyran nənəni, gəlini Xanımı və nəvələrini sala oturdub Arazın o biri sahilinə keçirdi.Kəblə Əhmədin Arazın o biri tərəfində yaxın adamı  vardı, ailəsini dostunun evinə apardı.

Sala minə bilməyənlər Arazı üzüb keçməyə cəhd edirdilər, lakin onların çoxu Arazın sularında qərq olur, üzüb o biri sahilə çıxa bilmirdilər.

Hamının üzündə bir təlaş, bir həyəçan, bi qorxu vardı. Kişilər bir tərəfə çəkilib xısın-xısın danışır, oğlan uşaqları  atalarının böyründə durub danışılanları özləri üçün aydınlaşdırmağa çalışırdılar. Qadınlar bİr tərəfdə çöməlib oturmuşdular. Bəziləri səssizcə göz yaşlarını silir, bəziləri isə özünü saxlaya bilməyib hönkür-hönkür ağlayırdı. Arxada Ordubad şəhərinin, Əylisin qaraltısı qalırdı. Qarşıda olaçaqlardan heç kəsin xəbəri yoxdu. Arazın o biri sahilinə keçmək istəyən Ordubadlı ailələrdən biri də Heydər Məmmədəliyevin ailəsiydi. Heydər kişinin 12  yaşlı oğlu Yusif 6 yaşlı qardaşı Həbib ilə birlikdə anasına sığınmışdı. Soyuqdan vüçudu titrəsə də dişlərini bir-birinə sıxıb zorla da olsa özünü saxlayır, danışılanları yaddaşına həkk edirdi. Böyük qardaşı İlyas isə öz yaşıdlarının yanında idi.

Bu dəfəki dava 1905-1906-cı ilin davasından fərqlənirdi. Andranikin ətraf kəndlərdə törətdiyi vəhşilikləri saymaqla qurtaran deyildi. Andranikin təlim görmüş əsgərlərinin qarşısında Ordubadın könüllü silahsız dəstələri tab gətİrə bilmir, məğlub olub, geri çəkilirdi. Ordubad şəhərində və kəndlərdə bir vahimə yaşanırdı. Düşmən Culfada, Yaycıda böyük qırğınlar törədib Disər kəndində toplaşmışdı.

Ordubadın könüllü döyüşçü dəstələri şəhərİn kənarında barrikadalar qurur, ələ keçən nə varsa, (bel, yaba, tüfəng, qılınç) onunla silahlanıb geçə – gündüz şəhərin keşiyini çəkirdi. Qərara alınmışdı ki, şəhərdə olan əlsiz-ayaqsız yaşlıları, uşaqları və qadınları daha təhlükəsiz yerlərə, xüsusən Arazın o biri Sahilinə, Güney Azərbayçana köçürsünlər. Lakin Arazın o biri sahilində yaşamaq da asan deyildi. Orada yaxın adamın olmalı, qalacaq yer tapmalıydın.

Daha bir sal gəldİ. Hər kəs öz bağlamasını çiyninə atıb  sala mİnməyə tələsdi. 10-15 nəfərlik tutumu olan balaca sala minib bu bəlalı sahildən uzaqlaşmaq istəyənlər basabas salırdılar. Yaşlı bir kişinin ayağını sala qoymağı ilə aşıb yıxılmağı bir oldu. Kişinin başı daşa dəyib parçalandı. Yaşlı kişinin başından açılan qanı saxlaya bilmədilər. Kişi canını tapşırdı. sala mİnə bilməyənlər qocanı dəfn etmək üçün hazırlıq görməyə başladılar. Qoçanın ölümü yaxşı əlamət sayılmadı. Balaca Yusifin (Akademik Yusif Məmmədəliyev – N.M.) gözləri qarşısında baş verən bu hadisələr onun qəlbini, nurlu, işıqlı gözlərini kədərləndirirdi.

Sal yerindən tərpəndi. Salı idarə edən arıq, yaşlı kişi nə qədər çalışsa da, salı istiqamətləndirə bilmirdi. Arazın gur suları salı ağzına alıb aparırdı. Salın üzərinə tutumundan iki dəfədən çox adam minmişdi. Sal ləngər vurdu, bir tərəfİ əyildi. Müvazinətini saxlaya bilməyən bir neçə nəfər suya düşdü. Yusifin böyük qardaşı İlyas da müvazinətini saxlaya bilməyib Arazın sularında qərq oldu.

Yusif və qardaşı Həbib ağlayırdı, anası dizlərinə çırpırdı. Köməksiz qalan ata özü kimi bir neçə kimsəsiz ordubadlı ilə Arazın sahilində o tərəf – bu tərəfə qaçırdı. Gecə səhərə qədər Heydər kişi Arazın sahilini axtardı. Ançaq İlyası tapa bilmədi. Yusifin ağlamaqdan gözləri şişmişdi. Anası bihal olub, huşsuz halda düşmüb qalmışdı. Yazıq ata nə edəçəyini kəsdirə bilmədən ora-bura qaçırdı. Ailə o geçəni səhərə qədər Arazın güney sahilində keçirdi. O gecə Araz ordubadlı bİnəva mühacirlərin bir neçəsini öz ağuşuna alıb apardı. Bu, qaniçən Andranikin qırğınından qaçıb yaxa qurtarmağa çalışan ordubadlıların açı taleyi idi.

Sonralar akademİk Yusif Heydər oğlu Məmmədəlİyev o  günləri belə xatırlayırdı: "İlyasın həlakı bütün ailəmizi sarsıtdı. Bir neçə il Təbrizdə yaşasaq da, bu yerlərə isinişə bilmirdik. Anam Həmişə ağlayırdı. Bir tərəfdən İlyasın həlakı, dİgər tərəfdən Vətən həsrəti anamı gözüyaşlı qoymuşdu.

 

Ana¬lar ya¬nar ağ¬lar,

Dər¬di¬ni sa¬nar ağ¬lar.

Dö¬nər göy göyər¬çi¬nə,

Yоl¬la¬ra qо¬nar ağ¬lar.

 

Anamın bu dərdlərə tab gətirə bilmədiyini görən atam bizi yenidən Ordubada qaytardı. Həmin köhnə evimiz bizim  üçün xan sarayından da qiymətliydi. Bizim günəşimiz bu balaca şəhərdə, bu balaca evdə doğmuşdu. Ançaq heyf İlyasdan, o çox istedadlıydı. Əgər yaşasaydı, o, məndən də böyük alim ola bilərdi…"

                               ***

Andronikin qoşunu Ordubadın, Əylisin lap yaxınlığında Disər kəndində toplaşıb hər dəqiqə böyük təhlükə törədirdi. Rövşən bəy vəzyyəti qiymətləndirib təcili olaraq Əylisin türk icmasının səfərbərliyini elan edib, erməni icmasının başbilənləri ilə görüşdü. Bu görüş çox gərgin bir şəraitdə keçdi. Görüşdə yenə də erməni tərəfdən Arakel ağa, Saşa ağa, keşiş Mikayıl və Petros iştirak edirdi.

Görüşdə iştirak edənlərin tərkibinə türk icması tərəfindən Rövşən bəy, Hacı Nəcəf ağa, Mirzə Tahir əfəndi, Alxan kişi, osmanlı ordusunun komutanı, osmanlı türkü Ədif bəy daxil idi. Rövşən bəy sözü belə başladı:

– Biz uzun illərdir ki, bu kənddə mehriban bir şəraitdə yaşayırıq. Arada yaşanan narazılıqlar hər iki tərəfin birgə səyləri nəticəsində aradan qaldırılır. 1906-cı ildə ətraf yerlərdə yaşanan faciələr bizim kəndimizdə yaşanmadı. Bu, hər iki icmanın səyləri nəticəsində olmuşdur. İndi bir daha kəndimizin başını qara buludların aldığı görünməkdədir. Andranikin qoşunu bu kəndə girməməlidir. Bunun üçün nə lazım gələrsə, hər iki icma etmək məcburiyyətindədir. Xüsusən də erməni icması bu işdə fərqlənməlidir. Biz bilirik ki, Andranikin qoşunu qonşu Yaycı kəndində günahsız türklərin başına nə müsibətlər gətiribdir. Ancaq onu da bilmək lazımdır ki, Əylis türkləri tam silahlanmış halda hər hansı bir qarşıdurmaya cavab verəcəkdir. Xüsusən də belə olacağı təqdirdə Əylis erməniləri bu zaman daha çox zərər görəcəklər. Osmanlı bölüyü də bizimlədir. Gəlin fikirləşək. Arakel ağa, sən öz var-dövlətini itirmək istərmisən? Ya Saşa ağa, sən? Biləsiniz, Əylisdə ola biləcək hər hansı bir hadisə, Arakel ağa, sizdən görüləcəkdir. İndi söz sizindir, buyurun ağalar!

Arakel ağa yerində qurcalandı, sifəti qıpqırmızı oldu. Keşiş Mikayıl söz aldı:

– Allah bağışlasın. Rövşən bəyin necə sağlam düşün¬cəli bir insan olduğunu bilirik. Xeyirxah işləri də gözlərimizin qarşısındadır. Bu gün onun de¬diklərinə çox hassaslıqla baxmalıyıq. Bu kənd bizim göz bəbəyimizdir. Ona görə də biz bu kəndi qoru¬malıyıq.

Hacı Nəcəf ağa təklif verdi:

 – Mənə elə gəlir ki, biz gedib Andranikin adamlarıyla görüşməli, onları Əylisə girmək fikrindən uzaqlaşdırmalıyıq.

– Amma necə?- yerdən suallar verildi.

– Onu Arakel ağa həll etməlidir,- deyə Rövşən bəy müdaxilə etdi,- Arakel ağa Andranikin adamları ilə əlaqə yaratmalı, bizim nümayəndələr onlarla görüşməli, Arakel ağa özü və ailəsi burada girov qalmalıdır.

– Sən nə danışdığının farqındamısın?- deyə Arakel bozardı.

 – Mən dediyim sözün fərqindəyəm. Əylisdə baş verə biləcək hadisələrə bilavasitə siz cavab verəcəksiniz, ona görə də biz sizi girov saxlamaq məcburiyyətindəyik.

Söhbətin gərcinləşdiyini hiss edən Ədif bəy hər iki tərəfi sakitləşdirməyə çalışdı:

-Arkadaşlar, bana müsaidə edərmisiniz? Ben buraya sülh namına gəldim. Maramım da burada sülhü korumaqdır. Andranikin qoşunu kapının ağzında. Burada kan tökülürsə, kimsə bundan fayda görməz. Biz birlik olub Andranikin buradan uzaqlaşmasına çalışmalıyıq.

Saşa ağa,- doğru, – deyə əlavə etdi,- man An¬dra¬nik ilə gedib görüşə bilərəm. Hacı Nəcəf ağa da manımla gedərsə daha yaxşı olar.

 Hacı Nəcəf ağa bu təklifə razılıq verdi. Qərara alındı ki, Andranikin adamları ilə görüşsünlər. Andranikin adamlarına xəbər göndərilib Əylisin nümayəndələrinin onlarla görüşmək istədikləri bildirildi. Arakeli könüllü dəstələr tərəfindən Əylisdə girov saxladı.

 Andranikin quldur dəstələri Vənəndin yu¬xarısında Disər kəndində düşərgə salmışdı. Hacı Nəcəf ağanı və Saşa ağanı qəbul edib onlardan xeyli təzminat aldılar, Əylisə girmədən dağ yolu ilə Zəngəzura tərəf getdilər.

 Bu, Rövşən bəyin ən böyük qələbəsiydi.

 

 

 

 

Andranikin qoşunu əsasən iki istiqamətdə: Vənənd çayı və Gilançayı boyunca hərəkət edərək Zəngəzura girmək istəyirdi. Gilançayı boyunca hərəkət edənlər qarşılarına çıxan kəndləri viran edir, əhalini qılıncdan keçirirdilər. İstinad duracaqları Parağa kəndiydi. Burada Parağalı Aşot Tivililərə sifariş göndərib danışıqlar aparmaq məqsədi ilə onları Parağaya dəvət etdi. Tividən 16 nəfər nümayəndə heyəti Parağalıların təklifinə inanaraq danışıq üçün Parağaya gəldilər. Qaçaq Süleymanın başçılıq etdiyi dəstəni danışıq adı ilə aldadıb tələyə saldılar, hamısını qırdılar, dəstədən təkcə İbiş adlı birisi qaçıb salamat qurtara bildi. Aşotun bələdçiliyi ilə Andranikin quldur dəstəsi Tiviyə hücum edib dinc əhalini qılıncdan keçirdi. Quldur dəstələri kəndin hər tərəfini mühasirəyə alıb təkcə aşağı hissədə dar keçidi açıq saxlamışdılar. Silahsız, əliyalın adamlar heç nə düşünmədən qaçıb qurtulmağa çalışırdılar. On beş yaşlı Babaxan gizləndiyi ağacın arxasından baş verənləri izləyirdi. Budur kəndin sayılı igidlərindən olan düşmənə qarşı durub vuruşan, lakin yetərli gücün olmadığını görən Nəbi damın üstünə çıxır, əlində bir yaylıq tutub yelləndirir:

– Atəş açmayın, mən Nəbiyəm, gəlin danışıq aparaq.

Nəbinin sözü ağzında yarımçıq qaldı, namərd düşmən snayperi Nəbinin düz ürəyindən vurdu, Nəbi damın üstünə yıxıldı, elə bil ki, bir dağ uçdu. Düşmənin amansızlığını görənlər sağ qalacaqları ümidini tamamilə itirdilər. Babaxan da gizləndiyi yerdən çıxıb qaçanlara qoşuldu, yolun böyük hissəsini arxada qoymuşdu, dar keçidi keçməyə az qalırdı. Ürəyində Allaha yalvarır, onu hifz eləməsini istəyirdi. Arxadan ermənilər gülləni yağış kimi yağdırır, adamlar tut kimi ələnirdi. Ətrafında yıxılanlar vəziyyəti daha da çətinləşdirirdilər. Az qalırdı, lap az qalırdı, bircə bu keçidi keçə bilsəydi, amma yıxılan adamları adlayıb keçmək elə də asan deyildi. Babaxan qaçırdı, arxasına baxmadan qaçırdı. Sonuncu addımlarını atmırdı, sanki uçurdu, azadlığa, qurtuluşa uçurdu, bircə bu keçidi keçə bilsəydi qurtulacaqdı.

 Babaxan yıxıldı. Öncə nə baş verdiyini özü üçün aydınlaşdırmağa çalışırdı, ətrafı ölülər və yaralılar ilə sarılmışdı. Yaralıların zarıması qəlbini parçalayırdı. Güllə budunu deşib çıxmışdı. Budundan qan axırdı, amma dayanmaq olmazdı. Qarnı üstə sürünüb dar keçidi keçdi, ətrafda böyürtkən kolları vardı, kolları aralayıb arasına girdi. Köynəyini cırıb budunu bağladı, qaçmaq imkanı yoxuydu, yorğunluqdan, taqəqsizlikdən gözləri yumulurdu. Nə qədər yatdığını bilmədi, oyananda gecəyarıydı, ay çıxmışdı. Ayın solğun işığında qaralıb şirinləşmiş böyürtkənlərdən yığıb yedi, tədricən qüvvəsi bərpa olunurdu. Daha dayanmaq olmazdı, Tividən – yanan evlərindən uzaqlaşmaq istəyirdi.

 İkinci istiqamətdə Nijdehin rəhbərliyi ilə hərəkət edən erməni yaraqlıları Lij kəndində dayandılar. Nijdehin gəlişindən çiçəyi çırtlayan Lij erməniləri çoxdan ürəklərində qalan arzularını həyata keçirməyə fürsət tapıb, bir böyük atlı dəstə ilə Nuhgədiyi kəndinə hücum edib yandırdılar.

 Məhərrəmin ölümündən sonra yaylağa qalxmağı Çiçək istəməmişdi, ona görə də Paşa kişi gözünün ağı-qarası bircə qızının istəyinə qarşı çıxmamış, kənddə qalmalı olmuşdu. Oruc kişi də səhər-səhər yaylaqdan kəndə qayıtmış, sabah Əylis bazarına alış-verişə getməyə hazırlaşırdı. Əlavə olaraq kənddə qalan və ya yaylaqdan qayıdanlar, xəstələr, hamilə qadınlar və uşaqlar gündəlik işlərlə məşğul idilər. Zavallı Çiçəyə sataşmaq istəyən erməni dığasını Paşa kişi yabaya keçirdi. Çiçək erməni dığasının əlindən qurtulub qaçmağa çalışdı, lakin namərd gülləsi onu yerə sərdi.

Silahlı quldurlar Paşa kişini tutdular, belinə qaynar samovar bağlayıb, döyə-döyə qovmağa başladılar. Paşa kişi qaçdıqca samovarın boğazından yırğalanıb daşan qaynar su cızıltılı səslə bədənini yandırır, bədənin dərisi tuluqlayır, dəhşətli dərəcədə ağrı verirdi. Paşa kişi özünü qayadan dərin dərənin dibinə atdı. Oruc babanı və məscidin qarşısında yığışanları – iyirmi iki nəfəri sorğu-sualsız güllələdilər. Altı aylıq hamilə olan Şərəfin qarnını yırtıb cocuğunu süngüyə keçirdilər.

Şükür oğlu Əbülfəz yaylaqdan təzəcə qayıtmışdı, bir qədər uzanıb dincəlmək istəyirdi ki, güllə səsləri kəndi bürüdü. Pəncərəyə yaxınlaşıb erməniləri gördü. Yerini rahatlayıb osmanlı türk¬lərindən aldığı çaplı tüfəngini sinəsinə sıxıb nişan aldı, erməni quldurlarından biri yerə sərildi, daha sonra ikincisi, üçüncüsü… Əks-həmlə gözlə¬məyən er¬mənilər marığa yatdılar, gülləni dolu kimi Əbülfəzin evinə tərəf yağdırmağa başladılar. Bir saata qədər atışma davam etdi, Əbülfəz həlak oldu. Atışma zamanı evləri kənarda olanlardan qaçıb gizlənən, canını qurtaranlar oldu.

Atışma zamanı qaçıb qurtula bilməyən qadın, uşaq, xəstə kim vardısa hamısını ermənilər Ula tərəf sıxışdırdılar. Ul dərənin dibinə enən dərin sıldırım qayalıqdı, ermənilər gülləyə qıymır, adamları süngüləyərək qayadan aşağı atırdılar. Aşağıda parça-tikə olmuş adamların cəsədləri üst-üstə qalanmışdı.

Bu vəhşiliklərin törədilməsində Andranikin qoşununa təzəcə qoşulan qonşu Lij kəndindən olan ermənilər daha fəallıq göstərirdilər. Lijli ermənilər Nuhgədihliləri yaxşı tanıyırdılar. 1906 – cı ildə Nuhgədihlilərin Qafan qaçqınlarına göstərdikləri köməyi unutmayan ermənilər qisas alırdılar.

Kənddən kənarda olan nuhgədihlilərdən başqa salamat qurtaran kimsə yoxdu. Qaçanların əksəriyyəti yaralıydı, özlərini kol-kosa vura-vura qaçır, daşların arxasında gizlənir, atılan güllələrdən yayın¬mağa çalışırdılar. Ermənilər silahsız binə¬vaların arxasınca gülür, əylənirdilər. Bir qədər keçmiş kənddə qalmaq qeyri-mümkün oldu. Yanan evlərin tüstüsü qatılaşdıqca hava daha da boğucu olurdu. Yanan cəsədlərin kəsif iyi, hərarət və tüstü adamı boğurdu. Kənddə kimsənin qalmadığına, yanaraq külə döndüyünə arxayın olandan sonra ermənilər yağmaladıqları qənimətləri götürüb geri çəkilib Lijə getdilər.

Qulam yaxın dostu Nabatalı ilə axşama yaxın yaylaqdan kəndə qayıdırdı. Qulamın mindiyi kəhər hələ kəndə çatmamış şahə qalxıb kişnədi. Sanki kəhər daha qabağa getmək istəmirdi. Qulam ata təkid edib cilovunu dartıb oynatdı, at yarıkönül irəliləməyə başladı. Qulamın burnuna yanıq qoxusu gəlirdi. Yaxınlaşdıqca kəndin tüstülənən mənzərəsi ürək ağrıdıcı bir halda nəzərə çarpırdı:

– Bu nədi?!

Nabatalı təəccüblə Qulama baxdı:

– Nə ola bilər? Kəndə odmu vurublar?

– Bu o yaramaz köpəyuşağının işi olacaqdır.

– Vallah, mən buna dözə bilmərəm, Qulam…

 Qarşıda dəhşətli bir mənzərə vardı. Hələ də tüstülənən evlərin qaralmış divarları vahimə yaradırdı. Kəndə yaxınlaşdıqca faciənin dəhşəti insanın qanını damarlarında dondururdu. Qulamın bir anlıq gözlərinin qarşısına 1906-cı ildə ayı çanqıllığında ermənilər tərəfindən qətl edilib yan-yana səpilmiş uşaqların cəsədləri gəldi. İndi burada yenə də ermənilər qətliyam keçirmiş, adamları qırıb töküb, evləri yandırmışdılar. Dağ boyda Nabatalı bu dəhşətli səhnənin təsirindən ayrılan¬mır, nə deyib-deməyəcəyini kəsdirə bil¬mirdi:

 – Qulam…

 Qulam Nabatalıya tərəf döndü, baxdı, lakin dinmədi, elə bil ki, danışılası sözü yoxdu…

 – Qulam, mən bu qisası ermənidə qoymaram. Bu boyda haqsızlıq olmaz. Məhərrəmi vurdular, dinmədim, dedim qan salmayaq, biz baiskar olmayaq! Biz hələ bu torpaqlarda yaşayacayıq. Buna nə deyəsən? Bu məzlum insanların günahı nəydi? Ya bizim günahımız nədir? Ev-eşiyimiz getdi, uşaqlarımızdan xəbər yox, hardadır bizim uşaqlar?

–      Bilmirəm …

 Qulam naqanını çıxarıb havaya iki güllə atdı və qışqırdı:

–      Kim var burda?..

 Ətrafda sakitlikdi. Qulam yenidən uca səslə:- Kim var?- səsləndi. Bir-bir kolların, daşların arxasından çıxanlar yaxınlaşmağa başladı. N¬ə¬ha¬yət bir neçə nəfər gəlib, məscidin qabağındakı mey¬danda toplaşdı. Qulamı, dostu Nabatalını gö¬rən qadınlardan biri əllərini dizlərinə çırpıb ağladı:

 – Evimiz yıxıldı, evləri yıxılsın ermənilərin, qapımız bağlandı, qapısı bağlansın onların. Vay, qundaqda ölən balam, vay… Ağam Əülfəzlabbasdan istəmişəm, tifaqı dağılsın onların, hara baxırsan, Allahım! Niyə onları qırmırsan, vay, balam, vay!.. Bizim günahımız nədi?!.

 – Tayqulaq köpəyoğlu, Allah onu yox eləsin!..

 Səs səsə qarışdı, qadınlar, uşaqlar ağlayır, yaralı insanların fəryadı göylərə bülənd olurdu.

 Qulam nə qədər çətin olsa da, vəziyyətin get¬dikcə gərginləşməsinin qarşısını almaq məqsədiylə dedi:

 – Camaat, başımıza gələn müsibət böyükdür. Allah hamımıza səbir versin. Acımız nə qədər böyük olsa da, biz bu meyitləri dəfn etməliyik. Kimin qazmaya, belə gümanı gəlirsə gətirsin, qəbir qazaq.

 Yaralılar sızıldayır, uşaqlar ağlayır, az-çox özündə təpər tapanlar qəbir qazırdı. Axşam düşmüş, göy üzündə ulduzlar sayrışırdı. Sanki göy üzündəki ulduz dünyasının bu faciədən xəbəri yoxdu. Köçeli dağının qoynundakı bu kiçik Nuh peyğəmbərin dövründən qalan kəndin isə acı taleyinin son akkordları çalınırdı. Kənddə bir ədəd də olsun sığınacaq qalmamışdı. Bütün evlər yandırılıb kül edilmiş, pəyələrə, tövlələrə od vurulmuş, məscid dağıdılıb talan edilmişdi. Məscidin mollasını məscidin içərisində güllələyib yandırmışdılar. Naba¬talının, Qulamın və düşmən gülləsindən yayınaraq qurtula bilmiş bir neçə nəfərin iştirakı ilə qəbirlər cəsədlərin düşdüyü yerdə qazılır, dəfn edilirdi. Cəsədləri yumağa, kəfənləməyə heç bir imkan yoxuydu, kənd başdan-başa xarabalığa çevrilmiş, yaşamaq üçün heç bir şərait qalmamışdı.

 Gecə yarıydı, Ay işığında uzaqdan gələn atların ayaq səsləri eşidildi. Gələnlər xəbəri alar-almaz yola düşən Rövşən bəy və Osmanlı ordusunun bölük komandiri Ədif bəylə birlikdə könüllülərdən ibarət on nəfərlik dəstəydi. Gördüyü mənzərədən bərk sarsılan Rövşən bəy Nuhgədiyi kəndinin müdafiəsi haqqında düşünmədiklərinin xəcalətini çəkirdi. Belə bir kiçik, kasıb dağ kəndini ermənilərin girib dağıdıb talan edəcəklərini kimsə ağlına da gətirə bilməzdi. Bu kənd nə üçün belə tarimar edilmişdi? Çox təəssüf ki, vacib bir məqam həmişəki kimi türklər tərəfindən əhəmiyyətsiz sayılaraq unudulmuşdu. Rövşən bəy indi anlayırdı ki, Nuhgədiyi kəndinin 1906-cı il davasında oynadığı dayaq məntəqəsi rolunu ermənilər unutmamışdı.

 Hələ o zaman Qafandan gələn qaçqınlar burada qarşılanır, yerləşdirilir, hər cür yardım alırdılar. Eyni zamanda Ordubaddan gələn könüllü silahlı dəstələr də burada dayanır, silah-sursatını burada sahmana salır, atlarını yemləyir, dincəlir və buradan da döyüşə gedirdilər. O zaman Qafanın bütün kəndlərində baş verən münaqişələr yatırılmış, türk qaçqınların hamısı yurd-yuvalarına qaytarılmışdı. Bu böyük qələbənin əldə edilməsində Nuhgədiyi kəndinin aralıqda olması, çox böyük strateji əhəmiyyət kəsb etməsi əsas olmuşdu. Artıq bu strateji məntəqə itirilmişdi, gələcəkdə daha hansı böyük faciələrin yaşanacağı hələlik bəlli olmasa da, ipin ucu görünürdü.

 Rövşən bəy Qulama və Nuhgədihlilərə təskinlik verməyə çalışsa da, daxilən narahatlıq keçirir, çəkdiyi mənəvi iztirabı gizlətməyə çalışırdı:

–      Nə deyəcəyimi bilmirəm, Qulam!

 – Bu işlər belə getməz, Rövşən bəy! Bu köpəyuşağının kökünü kəsmək lazımdı.

 – Tələsmə, Qulam…

 Ədif bəy daha soyuqqanlıydı:

 – Yapılacaq bir şey yox,- deyirdi.

 Rövşən bəy Nuhgədiyi kəndinin salamat qalan adamlarının Əylisdə yerləşdirilməsinin vacibliyindən danışdı və sabah axşama yaxın ölüləri dəfn edib qurtardılar. Uldan atılanları kəfənləmək, ayırmaq mümkün olmadığından dərədə bir yamaca quyladılar. Axşam Rövşən bəy və könüllülər ilk köç ilə birlikdə geriyə – Əylisə qayıtdılar.

 Yaylaqda olanlara xəbər göndərildi. Acı xəbər alanlardan biri də Nübardı. Nübar o zaman iki oğlu İman, Murad və qızı Telli ilə yaylaqdaydılar. Həyat yoldaşı Orucun yolunu gözləyirdilər. Oruc gedib Əylis bazarında pendir satıb, bazarlıq edib qayıtmalıydı. Amma Oruc daha qayıtmadı, onun vay xəbəri gəldi, vay xəbəri yaylaqda olanların hamısına gəlmişdi. Nübar ağlayırdı. Qonşu alaçıqlarda bütün qadınlar, qızlar, gəlinlər ağlayırdı. Bığ yerləri təzəcə tərləyən cavan oğlanlar bir tərəfə çəkilib, nə edəcəklərini bilmirdilər. İman Muradı qucaqlamışdı, qardaşından üç yaş böyük olması on yeddi yaşlı İmanın çiyninə ağır bir yük qoyurdu. Ailənin bundan sonrakı yaşayışı- anası Nübarın, bacısı balaca, zərif Tellinin taleyi iki qardaşın ümidinə qalırdı.

 Qulam dostu Nabatalı ilə yaylaqda olanları arana endirmək üçün yaylağa qalxmışdı. Onsuz da payızın acı ruzgarları əsməyə başlamışdı. Daha gözləmək olmazdı, yaylağa hər an tayqulaq An¬dranikin ac-yalavac qoşununun hücumlarının ola biləcəyi, olan-qalan adamları da qırıb, mal-heyvanı aparacaqları gözləniləndi. Hələlik hər kəs taleyinə baş əyib alaçığını Əylisin qaçqınlar üçün ayrılmış yerində qurmalı və ya Aşağı Nuhgədiyin çərəzlərinə sığınıb qışa hazırlıq görməliydi. Yuxarı Nuhgədiyi kəndində qışı keçirməyə heç bir imkan qalmamışdı.

 Nuhgədiklilərin Əylisdə yerləşdirilməsi mə¬sə¬ləsi kəndin ermənilərini narazı salsa da, azərbaycanlı türklərin qərarlığı, xüsusən də Rövşən bəyin təkidi və bilavasitə rəhbərliyi nəticəsində kəndin yuxarı hissəsində baş tutdu. Ayrılan ərazilərdə müvəqqəti alaçıqlar qurulur, bütün ərzaq ehtiyatı talan edilmiş ailələrə imkan daxilində maddi yardım göstərilirdi.

 Nuhgədih kəndindən gələn qaçqınların Əylisə axını ilə bazarda bahalıq başladı. Nuh¬gədiklilərin bütün ərzaq ehtiyatı və xüsusən də taxılı Andranikin quldur dəstəsi tərəfindən talan edilib aparılmışdı. Bir girvənkə un üçün bütün günü işləmək tələb olunurdu, iş isə yoxdu. Nuhgədiklilər əllərində qalan mal-heyvanı dəyər-dəyməzinə satır və ya taxıla dəyişirdi. Acından ölməmək üçün ən ağır işləri görməyə məcbur olurdular. Bir tikə çörək ucbatından nuhgədihlilərin ən ağır və zillətli işlərdə çalışdırılması Rövşən bəyin izzətinə toxunur, imkan olduqca bu binəva insanlara kömək etməyə çalışırdı.

 Erməni icması maddi yardım göstərilməsinin qəti olaraq əleyhinə çıxdı və heç bir köməklik göstərmədi. Hətta bəzi hallarda qaçqınlara təsərrüfat sahələrində problemlər yaşatdılar. Nuhgədihlilərin heyvanlarının içərisində keçilər çoxuydu. Uşaqlar heyvanları dağın ətəyində otararkən bəzən keçilər yayınıb erməni bağlarına girirdi. Keçiləri bağdan çıxararkən balaca uşaqlar bağlardakı meyvələrdən yığıb yeyərdilər. Belə vaxtlarda erməni uşaqları onlara sataşır, “qaçqın” deyib lağ edirdilər. Bu kimi səbəblərdən uşaqların arasında tez-tez qovğa olurdu. Bütün bunları böyük səs-küyə çevirən ermənilər Ədif bəyə şikayət etdilər.