XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 09:48

“Məmməd Araz Poeziya günü”:Görkəmli şairin anadan olmasının 83-cü ildönümü keçirildi

m-araz-6

Dünən görkəmli Azərbaycan şairi Məmməd Arazın anadan olmasının 83-cü ildönümə həsr olunmuş “Məmməd Araz Poeziya günü” adlı tədbir keçirilib.

Strateq.az Azertac-a istinadla xəbər verir ki, tədbir Fəxri Xiyabanından başlayıb. Şairin qəbrini ziyarət edən ədəbiyyat adamları daha sonra Yazıçılar Birliyinin "Natəvan" klubunda toplaşıblar.

“Məmməd Araz Poeziya günü” münasibəti ilə Fəxri Xiyabanda Məmməd Arazın zəngin şeir dünyası ilə çoxəsrlik poeziya gülüstanımıza misilsiz töhfələr bəxş etməsindən danışılıb, görkəmli şairin bir-birindən hikmətli şeirlərinin bu gün də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunmasından söhbət açılıb.

“Məmməd Araz Poeziya günü”nün keçirilməsinin  məqsəd və hədəfindən danışan şair, tədqiqatçı Qardaşxan Əzizxanlı bildirib ki, Məmməd Araz xalqın ruhunun qorunmasında  müstəsna rola malik olan şairdir və onun yaradıcılığı birləşdirir, mərkəzçiliyə xidmət edir. Məmməd Araz  poeziyası ilə hamı  bir araya gəlir: “Necə deyərlər, “qaçan da, qovan da”  Məmməd Araz  yaradıcılığına üz tutur”.

Q.Əzizxanlı sonda “Məmməd Araz Poeziya günü”nü ənənəyə çevirməyin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən tanınmış şair Musa Yaqub görkəmli Xalq Şairi Məmməd Arazın mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşadığını söyləyib. Bildirib ki, Məmməd Araz yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur. O, əsərləri ilə ədəbiyyatımızın, poeziyamızın fəlsəfi dəyərini artırıb, əsərləri bəşəri mövzulara həsr olunub. Onun əsərlərində Vətən sevgisi, milli dəyərlər, insan mənəviyyatı ön planda verilib. Ona görə də şairin yaradıcılığı yaddaşlara həkk olunaraq, daim seviləcək, könüllərdə yaşayacaq.

BDU-nun professoru Cahangir Məmmədli şairin yaradıcılığı ilə bağlı ürək sözlərini bölüşüb. Bildirib ki, şairin yaradıcılığı, sadə dili və hikmətli deyim tərzi ilə hər zaman seçilib. Ədəbiyyat aləminə 1952-ci ildə “Yanın, işıqlarım” şeiri ilə gələn Məmməd Araz ömrünün sonunadək Vətən sevgisini, yurd, el-oba məhəbbətini, ana təbiətin gözəlliklərini, mənsub olduğu xalqın qədim tarixi keçmişini tərənnüm etməkdən doymayıb. Bildirib ki, o, sonsuz həyat eşqi, böyük şövq və həvəslə yazıb-yaradıb. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatında yeni bir hadisədir.

Mərasimdə çıxış edən şair Zakir Fəxri şairin bənzərsiz sənət dünyasından, xüsusilə də ona olan ümumxalq məhəbbətindən danışıb.

Tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin sədri Afaq Məsud, həmçinin müxtəlif təşkilatlardan nümayəndələr iştirak ediblər. 

***

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən “Məmməd Araz poeziya günü” adlı tədbirdə isə AYB-nin katibi İlqar Fəhmi çıxış edərək, şairin anım gününü bu şəkildə – poeziya günü kimi keçirmək qərarına gəldiklərini diqqətə çatdırıb.

Tədbirin aparıcısı, şair, tədqiqatçı Qardaşxan Əzizxanlı Məmməd Araz şəxsiyyəti barədə danışaraq bildirib ki, o, xalqın mövqeyini ifadə edən, arzu və istəklərinin carçısı kimi yadda qalıb. Neçə gəncin istedadının üzə çıxmasında, yetişməsində şairin böyük rolu olub.

Poeziya günündə məktəblilərin ifasında “Bizi vətən çağırır”, “Üstümə qayıdan yazılarım”, “Getdilər”, “Bu insan adlanan insan” şeirləri səsləndirilib. Həmçinin “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeiri ingilis dilində oxunub.

Tədbirdə tanınmış şairlər Musa Yaqub, Çingiz Əlioğlu, Əlişirin Şükürlü və digərləri çıxış edərək belə bir poeziya gününün davamlı olaraq keçirilməsini təklif ediblər.

Məmməd Arazla bağlı xatirələrini bölüşərək onun mübarizliyindən, əyilməzliyindən söhbət açan çıxışçılar misraları ilə öz tərcümeyi-halını yazan şairin şeirlərinin oxucunu bütün zamanlarda düşündürəcəyini vurğulayıblar.

Bütün iştirakçılara minnətdarlığını bildirən şairin qızı İradə Tuncay vurğulayıb ki, Məmməd Araz ömrü boyu hər cür siyasi konyunkturadan uzaq olmaqla, yalnız ədəbiyyatın əzəli və əbədi qanunlarına istinad edərək, hələ sovet dövründə Azərbaycanın bu günü ilə səsləşən dəyərli əsərlər yaradıb. Bu böyük şəxsiyyət milli poeziyamızın, söz sənətinin inkişafında xüsusi xidmətlər göstərib. O, ulu Nizaminin söz sənətini yaşadıb, Füzuli, Nəsimi, Molla Pənah, Səməd Vurğunun yaratdığı anadilli poeziyamızın şəhdini, şəkərini bu günümüzə gətirib, ədəbiyyat tarixində yeni bir poeziya intibahı yaradıb.

Tədbirdə, həmçinin Məmməd Arazın əlyazmalarından ibarət “Qarabağ simfoniyası” adlı kitab təqdim edilib.

Anım günündən şəkillər:

araz-m-1

araz-m-2

araz-m-4

araz-m-5

img-20161015-wa0024

 

   img-20161015-wa0021 

 

img-20161015-wa0054 img-20161015-wa0057