Ramazan SİRACOĞLU
Ərdəbilli Tacüş-şüəra Abbasqulu Yəhyəvi (1902-1980) İranda “Şairlərin tacı” mənasına gələn “Tac-üş-şüəra” təxəllüsü ilə məşhurdur. Çağdaş türkdilli ədəbiyyatın müqtədir şairi olan Abbasqulu Yəhyəvi, tərəddüdsüz demək olar ki, Raci və Qumrudan sonra ən təsirli mərsiyələr yazması ilə tanınır. Onun insanları riqqətə gətirən şeirləri dillər əzbəridir. Kərbəla hadisələrini böyük ustalıqla qələmə almış Yəhyəvinin misraları olduqca duyğusaldır. Təsadüfi deyil ki, İran İslam Cümhuriyyətinin Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xamneyi onun şeirlərindən əzbər söyləyərək, dinləyənləri heyran edir.
Məhərrəm ayının onu – Aşura günü – iliklərinə qədər ALLAH sevgisi, Peyğəmbər şəfqəti ilə nurlanmış, Əhli-Beyt sevdalılarının xüsusi özən göstərdikləri çox önəmli gündür. Bu gün həm də iman dolu köksünü düşmən gülləsinə sipər etmiş, cismən bizdən ayrılsalar da, ruhən hər an bizimlə olan ölməz şəhid övladlarımızın anım günüdür. Torpaqlarımızın bütövlüyü, doğma Qarabağımızın azadlığı uğrunda məkrli düşmənə qarşı döyüşlərdə yüksək rəşadət nümunəsi göstərmiş, yüzlərlə şəhid vermiş Azərbaycan oxucuları üçün şəhadət çox həssas mövzudur. Nur içində uyuyan Şəhidlərimizin ruhu şad olsun!
Etinasız qalınması mümkün olmayan bu misralar imamlarla bərabər onlar üçün də səslənsin, onların da ruhlarını oxşasın:
Ay batdı, sübh açıldı, Zeynəb nəvayə gəldi,
Zəhra dedi: “Hüseyn vay!”, aləm sədayə gəldi.
Çün yıxdılar atından Sultan-i təşnə kamı
Dünyaya oldu elan “Qutl-əl-Hüseyn” pəyamı.
Cənnatidən eşitdi Peyğəmbəri- Girami
Nəleynsiz, əbasız Kərbübəlayə gəldi.
Peymanə amil oldu, canana verdi canın
Şövq-ü şərafət ilən tey etdi imtahanın.
Şümr dağa tökəndə xaki- Minayə qanın
Üz tutdu asimana, həmd-ü sənayə gəldi.
Xuni- İmam töküldü səhrayi- Kərbəlayə,
Yerlər təzəlzül etdi, rişə düşüb səmayə.
Kərubiyani- lahut ağlaşdı bu bəlayə,
Yel əsdi, gün tutuldu, zülmət fəzayə gəldi.
Xuni- Hüseyn boğazdan cari olan zamanı
Cibril apardı ərşə bir şişədə o qanı.
Ol şişədən namüdar oldu bəla nişanı
Qovzandı buyi- matəm, əhli- səmayə gəldi.
Nuri- Həqq oldu lamə, başsız qalan bədəndə
Rasi- Hüseyni- Məzlum sərnizəyə gedəndə;
Badi- siyah əsəndə, yer zəlzələ edəndə
Sındı nizami- dünya, həddi- fənayə gəldi.
Hurani- baği- cənnət məhzun, giriftə sima,
Həvva, Xədicə xatun, Məryəm, cənabi- Sara
Aşüftə mu, siyahpuş, dillərdə “Vay Hüseyn va”
Zəhraya həmdəm olub bəzmi- əzayə gəldi…