XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2016 - 16:58

Keçin ürəyimdən, sərhəd simləri!-Şeir

serhed

 

25 il bundan əvvəl Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə hər kəs kimi ədəbiyyat adamları da səfərbər olmuşdular. Eynilə II Dünya müharibəsi dövründə Səməd Vurğunun “Müsəlləh əsgərəm mən də bu gündən” dediyi kimi, müsəqilliyimizin qazanılmasında qələmiylə, sözüylə ədiblərimiz ön cərgələrdə yer almışdılar.

Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi kimi ziyalılarımızın əsərləri bu çətin dövrdə qaranlıq yollarımızı işıqlandırmışdı. Heç bir təmənna güdmədən şeiriylə, sözüylə xalqın dili olmağa çalışan, onu rus imperializminə qarşı mübarizəyə, şimala, cənuba bölünən yurdumuzu birləşməyə səsləyən şairlərdən biri də Aləm Kəngərli idi.

Şairin 1989-cu ildə qələmə aldığı “Ayrılıq” adlı şeirini Strateq.az oxucularına təqdim edirik:

 

Ayrılıq

 

Vətən qan içində, millət kölədir,

Yuxuya həsrətdir hər qaya, hər daş,

Düşmənin qurduğu qurğu belədir,

İncimə Arazdan, incimə, qardaş.

 

Qırıldıq halayla, qırıldıq tək-tək,

Hələ seçəmmirik ağı qaradan.

Gəlmişdik qul kimi, gedirik qul tək,

Necə bağışlasın bizi Yaradan?!

 

Boğduq səsimizi, heyrətimizi,

Vətən paralandı, ömür talandı.

Gərək alçaltmayaq qeyrətimizi,

Biz gəldi-gedərik, tarix qalandı.

 

Tək qalan odunla alışmaz ocaq,

Yağışda güc olmaz dönməsə selə.

Möhtəşəm ordular basılar, ancaq

Fələk də batammaz bir olan elə.

 

Əzilsən, güc yığıb yenidən yaran,

Havayı verilmir sevinc bir kəsə.

İnsan zəhmət çəkir, əlləşir hər an,

Görürsən yenə də çatışmır nəsə.

 

Kimin əlindədir ixtiyarımız?!

İnsan əsarətə qatlaşa bilməz.

Bir ikən əlçatmaz olub yarımız,

Millət parçalanar-yadlaşa bilməz!

 

Gəzmə qərib kimi, fikrini bildir,

Öz doğma elində yalqızlığına.

Susmaq cinayətdir, günah deyildir,

Əyilmə zamanın haqsızlığına!!

 

Haqqımız alınıb əllərimizdən,

Dünya bazarında hələ ki düz yox.

Əsir sərt küləklər ellərimizdən,

Dərdimiz sonsuzdur, ölməyə üz yox.

 

Bir dəli həsrətdir yaşadan məni,

Təsəllim ümiddir ağır günümdə.

Məzarım od tutub alışacaqdır,

Vətən birləşməsə axır günümdə.

 

Qırın, parçalayn bəd tilsimləri,

Haraay, bu millətə yurda qıymayın!

Keçin ürəyimdən, sərhəd simləri,

Həsrətli gözləri yolda qoymayın!