XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2016 - 19:53

“Baba ocağı”(6)-Nizami Muradoğlu

 

 

nizami-muradogluYaşadığı dövrün güzgüsü olmayan ədəbiyyat əsl ədəbiyyat deyil. Odur ki, klassik şablonlardan çıxmağı bacarmayan, yüzillərlə deyilənləri təkrarlayan, hansısa dahilərin orbitində fırlanan ədəbi əsərlərin ömrü çox zaman yazarların ömrü qədər olur. Şablon xaricinə çıxmış əsərlər isə tarixdə iz salır, yaşayır, yazarını yaşadır. Cəlil Məmmədquluzadənin, Sabirin, Hüseyn Cavidin əbədi həyat qazanmasının sirri də elə dövrün nəbzini tutması, yaşadıqları zamanın problemlərini əks etdirərək, real təsvirlərlə tarixə işıq tutmaları olub.

 

Yazar Nizami Muradoğlunun qələmindən çıxan “Baba ocağı” romanı da zamana güzgü tutan əsərlərdəndir. Əsər XX əsrin əvvəllərində Ordubadın Əylis və ətrafındakı kəndlərdə baş verən hadisələrdən bəhs etsə belə, bu gün yaşanan erməni məkrinə də işıq tutur. Əsəri həm də Əkrəm Əylislinin “Daş yuxuları”na cavab kimi xarakterizə etmək olar. Baxmayaraq ki, bu romanın yaşı “Daş yuxuları”ndan daha çoxdur və Əkrəm Əylisliyə cavab üçün də yazılmayıb.

 

Görünən dağa çox bələdçilik etmədən romanı Strateq.az oxucularına təqdim edirik:

 

(Əvvəli bu linkdə: strateq.az/edebiyyat/96267/erməni-məkrini-ifsa-edən-əsər.html

 

“Baba ocağı”(2)-

 

“Baba ocağı”(3)-

 

http://strateq.az/edebiyyat/101036/baba-ocagi4.html

 

http://strateq.az/edebiyyat/103115/baba-ocagi5.html)

 

17 oktyabr 1918-ci il, hicri tarixiylə 1334-cü ilin məhərrəm ayının 10-u aşura günüydü. Şah Abbas məscidində Məhərrəmlik mərasimi keçirilirdi. Məscidin həyəti, qarşısındakı meydan, bütün məhəl­lələr adamla doluydu. Uşaq, böyük, kiçik, qadın, kişi bir-birinə qarışmışdı. Molla Nurməmməd bir dəstə ağ geyimli kişilərin önündə gedərək sağ əliylə sinəsinə çırpa-çırpa yanıqlı bir səslə oxuyurdu:

 

Necə qan ağlamasın daş bu gün?

Kəsilib yetmiş iki baş bu gün.

Hüseyn vay, ağam vay!

 

Zəngir vuranlar zəngirlərini kürəklərinə vurur, sinə döyənlər sinələrinə döyür, “Şah Hüseyn, ah Hüseyn” deyib fəryad edirdilər. Digər bir dəstə meydanda gənclərdən ibarət təşkil edilmişdi. Bu dəstənin də başında gedən cavan uca səslə oxuyur, sinəsinə çırpırdı:

 

Bu gün məhşər günüdür, Kərbala viran olur,

Əli-əkbər ağamız qanına qəltan olur.

Şahi-mərdan ağamız Hüseyn vay, Hüseyn vay!

 

 Molla Nurməmmədin başçılıq etdiyi dəstə məscidin həyətindən çıxıb üzü aşağı Xanlar məhəlləsindən keçərək müsəlman qəbirstanlığının yanındakı düzənliyə doğru hərəkətə başladı. Mey­danda olan gənclər, uşaqlar da Molla Nurməmmədin dəstəsinin ardınca gedirdi. Şaxsey gedənlərin fəryadı göylərə bülənd olurdu.

Qəbirstanlığın yanındakı düzənlikdə Əylisin bütün camaatı yığışmışdı, iynə atsan yerə düşməzdi. Buraya Vırağırd, Xoşkeşin və digər məhəllə məscidlərindən də şaxsey gedənlərin dəstə­ləri gəlir, burada birləşib mərasimi birlikdə davam etdirirdilər. Dəstənin önündə ələm gəz­di­rənlər gedir, oxunan nohələrə uyğun olaraq sağa-sola ləngər vurur, mərasimin ağırlığını nəzərə çarpdırırdılar. Nohə deyən şəmmaların yanıqlı səs­ləri dağlarda əks-səda verirdi. Dəstələr bir-birinin ardınca hərəkət edirdi. Hər dəstənin önündəki şəmmaların oxuduqları nohələr bir-birindən fərqlənirdi.

 Vəcdə gələn gənclərdən xəncər ilə başını yaranları ətrafdakılar zorla dartıb sıradan çıxarır, bir-bir kənara çəkib başını sarıyır, su içirdib özünə gətirməyə çalışırdılar. Osmanlı ordusunun bölüm komutanı Ədif bəy də Rövşən bəylə birlikdə Əylis türklərinin “Kərbala müsibəti” adlandırdıqları mərasimi izləyirdi. Xəncərlə başını yaranların qar­şı­sını almağa çalışdısa da, vəcdə gəlmiş kütlə Ədif bəyi kənara tulladı:

– Yahu, bu nasıl olur, əfəndim Rövşən bəy!

– Ədif bəy! Bu gün bu insanların qarşısına çıxılmaz, bunların hər biri, İmam Hüseyn yolunda şəhid olmağı müqəddəs borc bilən adamlardır. Yaxşısı budur ki, siz bunların işinə qarışmayasınız.

Meydan yaralılarla doluydu. Qadınlar ağlayır, yaralı uşaqları, gəncləri evlərə aparmağa çalışırdılar. Adamlar sanki savaşdan çıxmışdılar. Gün günorta olanda kimsə ucadan “qətl sındı” dedi. Səhərdən özlərini həlak edən, baş yaran, sinə vuran adamların hərəkətində birdən-birə bir sakitlik yarandı. Dəstələr bir-birindən aralanıb hərəsi bir tərəfə çəkildi. Divar diblərində yaralılara baş çəkənlər, cırılmış köy­nəklərini sahmanlamağa çalışanlar, üz-gözləri toz-torpağın içində görünməz olanlar uşaqların gətir­dikləri su ilə üzlərini yuyur, “lənət Yezidə” de­yirdilər.

Beləliklə “Kərbəla müsibəti” başa çatdı. Yaşlılar, bir qədər özünə gələnlər Molla Nur­məmmədin arxasınca məscidə tərəf getdilər.

 

 

Rövşən bəy hələ də aşura gününün təsiri altın­daydı. Xüsusən, gənclərin, mədrəsə öyrənci­lərinin bu mərasimdə baş yarmaları onu çox narahat edirdi. Mədrəsəyə gedib Mirzə Rahab ilə danışmaq istə­yirdi.

Mirzə Rahab gənc və yenilikçi bir müəl­limiydi. Rövşən bəy Mirzə Rahabın son zamanlar mədrəsədə tətbiq etdiyi yeni üsullu dərs prosesi haqqında da eşitmişdi. Mirzə Rahab əlavə dərs saatlarında öyrəncilərə rus dilini öyrədirdi.

Rövşən bəy mədrəsəyə gələndə dərslər qurtar­mışdı. Mirzə Rahab da evə getməyə hazırlaşırdı. Mir­zə Rahab Rövşən bəyi mədrəsənin qapısı qarşısında qarşıladı:

– Xoş gəlibsiniz, Rövşən bəy!

-Xoş gördük, Mirzə.

– Necəsiniz, Rövşən bəy?

– Şükür Yaradana.

– Xeyir ola, Rövşən bəy?!

– Xeyirdi, Mirzə. Çoxdan mədrəsəyə baş çəkmək istəyirdim, qismət bu günəymiş.

    Rövşən bəy məhrəmcəsinə Mirzə Rahabın qoluna girdi:

– Bilirsiz, Mirzə. Mədrəsədə apardığınız yeniliklər haqqında eşitmişəm. Bu gün bir daha öz gözlərimlə görmək, məni narahat edən məsələlər haqqında sizinlə məsləhətləşmək istədim. Əvvəl başdan deyim ki, avropa sayağı dərs keçmək üsulu­nuz məni xeyli sevindirir. Mən özüm də bu mədrəsədə oxumuşam. Bizim vaxtımızda köhnə üsul-qayda ilə dərs keçirilirdi. Mən o küncdə oturardım…

Rövşən bəy susdu. Bir anlıq sükut yarandı. Mirzə Rahab Rövşən bəyi xatirələrdən ayırmaq istəmir, onun yenidən danışacağı anı gözləyirdi. Rövşən bəy dərindən bir nəfəs aldı, qeyri-ixtiyari olaraq ah çəkdi.

  • Hə, nə isə… Amma, Mirzə, aşura günündə mədrəsə öyrəncilərinin baş yarması, düzü, məni narahat edir. Biz hələ də cəhalətdən ayrıla bilmirik.
  • Düz buyurursuz, Rövşən bəy. Mən də fikirləşirəm ki, bu cəhaləti aradan qaldırmağın zamanı çoxdan gəlmişdir.
  • Fikirlərimizin ortaq olduğuna sevindim.

 Rövşən bəy Mirzə Rahab ilə mədrəsənin ikinci mərtəbəsinə qalxdı. Otaqlara baxdılar, sonra yenidən daxili pillələr ilə aşağı enib həyətə çıx­dılar. Mirzə Rahab Rövşən bəyin bunları demək üçün gəlmədiyini anlayırdı, amma əsas məqsədini nə olduğunu anlaya bilmirdi. Səbirsizliklə Rövşən bəyin mətləb üstünə gələcəyi anı gözləyirdi. Rövşən bəy Mirzə Rahabın nigarançılığına son qoymaq qərarına gəldi:

  • Mirzə, mədrəsəyə kömək etmək istə­yirəm.
  • Buyurun, Rövşən bəy!
  • İstəyirəm, Mirzə, mədrəsəyə təzə avadanlıqlar alaq. Yeni mizlər, masalar, dərsliklər, dərs ləvazimatları alaq. Qoy bizim mədrəsəmiz rusların şkolasından geri qalmasın.

Mirzə Rahabın üzü güldü. Yatsa yuxusunda da görəməyəcəyi arzusu həqiqətə çevrilməkdəydi. Mirzə necə təşəkkür edəcəyini bilmədi, sadəcə bunları deyə bildi:

-Allah razı olsun, Rövşən bəy! Məni sevin­dir­diniz. Öyrəncilərimiz sizi heç vaxt unut­ma­yacaqlar.

Mirzə Rahab iki günün içində mədrəsə üçün yeni avadanlıqlar alıb gətirdi. Mədrəsə yeni bir görkəm aldı. Rövşən bəy bütün avadanlıqların xərcini ödədi, əlavə olaraq mədrəsənin cari təmiri üçün pul da verdi.

 

 

 

Nuhgədiyi kəndinin yandırılıb talan edil­mə­sindən sonra Qafanın Oxçu, Şabadək, Pirdavud, Atqız kəndlərində qırğınlar başladı. Nijdenin quldur dəstələri silahsız və köməksiz qalmış kəndlərə girir, əhalini qırır, əmlakını talan edirdi.

 Soyuq qövs ayının birinci günüydü. Pirdavu­dlular isti ocaqlarında narın-narın yağan qarın dağların ətəklərini ağ kəlağayı kimi örtməsini seyr edir, Allaha şükür edirdilər ki, yeməyə bir tikə çörək­ləri, qızınmağa isti ocaqları var. Son zamanlarda qon­şu kəndlərdə yaşayan ermənilərin münasi­bətlərində soyuqluq hiss etsələr də, Nijdenin quldur dəstəsinin gəlib türk­ləri ucdantutma, sorğu-sualsız həm də tanıdıqları, yaxın qonşuluq əlaqələri olan, xeyir-şərlərində yaxından iştirak etdikləri yerli ermənilərin bilavasitə iştirakı ilə qıracaqlarını heç xəyallarına da gətirmirdilər. Ona görə də dost və sağlam düşüncəli ermənilərdən Məşədi Məkkərənin (Makar Məşhəd ziyarətinə gedib müsəlmançılığı qəbul etmişdi)  bacısı oğlu Buğusun Nazar kişiyə, Yaqubun Cəlil paşaya əvvəlcədən etdiyi xəbərdarlığı qulaqardına vurub belə bir hadisənin yaşa­nacağına inanmırdılar. Amma hər ehtimala qarşı Mir Yəhya ağagil kəndin Qasımlılar məhəl­ləsində səngər qurmuşdular. Səngərin arxa tərəfində dağa yaxın evlərdən birinə qadınları və uşaqları yığmışdılar. Mir Yəhya ağa və Ədif bəyin təlimatçılarından olan Osmanlı türkü çavuş Əli, Ab­əzər kişi, Cəfərqulu kişi, Mədət, Ramazan, Nəbi, Bəşir, Nəzərəli, gənclərdən Qaraş, Bilal, Ağalar səngərdə oturmuşdular. Qadınlar, uşaqlar, baş verən ha­disələrin necə sonluğa çatacağını göz­ləyirdilər.

Pirdavuda ilk qar yağırdı. Qarşı dağın başında qonşu kənddən olan dörd nəfər silahlı erməni göründü: Mir Yəhya ağa gələnlərdən üçünü tanıdı: Hamas, Tumas, Avetis, o biri isə bu yerlərin adamına oxşamırdı, ona görə də tanıya bilmədi. Gələnlər kəndə endilər, ağsaqqallardan biri bunları evə dəvət etdi. Lakin onlar ağsaqqalın dəvətini qəbul etməyib, dedilər ki, biz Cəlil paşanın evinə gedəcəyik, siz də gəlin Andranikin yeni hökümətinin qanun-qaydaları ilə tanış olun, müqavilələri imzalayın, həm də sizə sözümüz var.

Cəlil paşanın evində heç kəs yoxuydu, Cəlil paşa isə sübh tezdən harasa iş dalınca getmişdi. lakin ermənilər öz evləri kimi qapını açıb içəri keçdilər, biri samovarı qaynatdı, sandığı sındırıb içindən kəllə qənd çıxartdı, çay qoyub içdilər. Hamas birinci göstəriş verdi ki, gənclərdən Hafizi tapıb gətirin, o da akta qol çəkməlidir. Hafiz çox məşhur atıcı idi, dəfələrlə yarışlarda uzaq məsafədən yumurtanı, hətta çöpü vurmaqla birincilik qazanmışdı. Hamas bilirdi ki, atışma olarsa Hafiz təkbaşına ermənilərin axırına çıxa bilərdi. Sonra adbaad kəndin sayılan kişilərini Cəlil paşanın evinə çağırdılar. Bu əsnada Niydenin silahlı quldurları kəndə daxil oldular. Təsadüfən Cəlil paşa da gəlib çıxdı. Cəlil paşa evinə girmiş quldurları görəndə başa düşdü ki, ermənilər onları tələyə salıblar. Ermənilərdən biri guya zarafatla Cəlil paşaya dedi ki, bəs Cəlil paşa, sən evdə yoxdun, biz dost kimi ərk edib sandığı sındırdıq, oradan qənd götürüb çay qoyub içdik.

 Sonra ermənilərdən ikisi öz aralarında danışdılar. Biri dedi ki, “bir saatlıq dostluğun içinə lənət, burada nələr olacağını heç Allah da bilməz”. Cəlil paşanın qulağı bu sözləri aldı. Cəlil paşa yəqin etdi ki, bu məsələ göründüyündən daha ciddidir. Bundan xeyli əvvəl erməni dostu Yaqubun xəbər­darlığını xatırladı, ürəyində özünü danladı, kənd adamlarının ona inanmamasına təəssüf etdi. Nijdenin adamları qapının ağzını kəsib durmuşdular, bir-bir kəndin sayılan adamlarını tapıb gətirir, tərkisilah edib otağa toplayırdılar.

 Ermənilər Cəlil paşanın evinə Pirdavudun əsas adamlarını yığmışdılar. Hamı, o cümlədən Cəlil paşa da bu oyunun nə ilə nəticələnəcəyini gözləyirdi. Bu zaman silahlı ermənilərdən biri içəri girib məlumat verir ki, kənddə olan kişilərin hamısını yığmışıq, bircə Mir Yəhyadan başqa. Deyirlər ki, Mir Yəhya haradasa səngərdədir.

 Hamas Cəlil paşanı arxayın salmaq məqsədi ilə dedi:

 – O kimdi Cəlil paşanın yanında. Biz hamımız oturmuşuq burda onu gözləyirik. Cəlil paşa, dur get, tut onun qulağından gətir bura, müqaviləmizi imzalayaq, söhbətimizi edək, çıxıb gedək!

Bu göstəriş sanki Allah tərəfindən Cəlil paşaya açılan yoluydu. Cəlil paşa,- baş üstə, mən bu dəqiqə tapıb gətirərəm, – deyib bayıra çıxdı.

 Cəlil paşa fürsətdən istifadə edib tələsik Qa­sımlı məhəlləsinə gəldi, vəziyyəti Mir Yəhya ağaya, çavuş Əliyə və orada yığışanlara izah etdi.

          Cəlil paşa evdən çıxandan sonra Hamas səhv etdiyini başa düşdü və Cəlil paşanın ardınca silahlı göndərdi. Silahlı quldur, səngərə yaxınlaşanda Bilalla rastlaşdı, silahını çəkib Bilalı vurdu, eyni zamanda Bilal da onu vurdu, hər ikisi öldü. Bilalın anası Güləbətin nalə çəkdi, oğlunu vuran dığanın qarnını yırtıb ciyərini çıxartdı, aparıb qancıq itin qabağına atdı ki, it yesin, erməni hökmdən düşsün. Güləbətin arvad inanırdı ki, belə bir iş görərsə, mütləq arzuları çin olacaqdı. Bu, həmin Güləbətin idi ki, 1906-cı ildə erməni quldurlarının əlindən qaçıb qurtula bilmişdi. Lakin yanında qətl edilən, qaçıb qurtara bilməyən qadın və uşaqların faciəsini unutmamışdı. O zaman elə oğlu Bilal da anasından ayrı düşsə də, qaçıb qurtula bilmişdi. Bu dəfə Güləbətin arvad  qaçmaq haqqında heç əvvəldən fikirləşmirdi. Axı, nə qədər qaçmaq olardı?! Döyüşmək, şərəflə ölmək, Vətəni qorumaq istəyirdi. 

         Güləbətin Bilalın silahını  götürüb çiyninə keçirdi. Bilaldan sonra yaşamaq ona zindan əzabı kimi ağır gəlirdi. Ana oğlunun əvəzindən vuruşacaq, ermənilərdən qisasını alacaqdı.

         Mir Yəhya ağa adamları səfərbər edib Bilalın dəfnini keçirməyə çalışırdı:

            – Əl-ayaq eləyin, başa.a.. dönüm, tez olun! İndi bu dəqiqə ermənilər tökülüb gələcəklər.

            Tez-tələsik qazılan çuxurda Bilalı dəfn etdilər. Erməninin cəsədini sürüyüb meşənin qırağına atdılar, silahını qənimət kimi döyüşçülərə verdilər. Mir Yəhya ağa uzaqdan-uzağa Cəlil paşanın evini nəzarətdə saxlayırdı.

Səhvini anlayan, onu bir daha təkrarlamamaq üçün Hamas göstəriş verdi, qapıları bağlayıb Cəlil paşanın evinə od vurdular. Bayıra çıxmağa cəhd edənləri yerindəcə güllələdilər. Tüstü-duman diri-diri yananların fəryadına bürünüb göylərə bülənd oldu. Bir tərəfdən də Nijdenin quldurları evlərə girib yağmalayır, evlərdə tək-tək qalmış əlsiz-ayaqsız qocaları, ağbirçək qadınları və uşaqları güllələyirdilər. Mir Yəhya ağanın və çavuş Əlinin qurduğu səngərdə atışma gedirdi. Nijdenin adamları səngəri üç tərəfdən mühasirəyə almışdılar. Nəzərəli, Güləbətin arvad vuruldu. Mir Yəhya ağa başa düşürdü ki, sursatları azalır, adamları qırılır, Nijdenin quldurları isə həlqəni getdikcə daraldırdılar.

Qurtuluş yolu ancaq burada olanları aradan çıxartmaqdı. Mir Yəhya ağa, Cəlil paşa, çavuş Əli ayaqüstü məsləhətləşib qərar qəbul etdilər. Göstəriş verildi, sağ qalanlar bir-bir evdən çıxıb meşəyə girdilər və dağ yoxşa dırmaşmağa baş­ladılar. Kəndin sağ qalan adamlarının ikinci və sonuncu köçü başladı, Ailə başçısını itirmiş qadınların əksəriyyəti balaca uşaqların hamısını götürə bilmirdilər, yol uzaq, hava soyuq, arxadan da düşmən gülləni yağış kimi yağdırırdı. Dörd-beş və hətta daha çox uşağı olanlar vardı, məcbur olub ən çox iki uşağını özüylə apara bilirdi, qalanını evdə qoyub çıxmalı olurdu. Hətta, elə ağır vəziyyət yaranır ki, Mir Yəhya ağanın həyat yoldaşı Şərəf xanım oğlu Mir Babanı özüylə götürür, lakin qızı Səfiyyəni götürə bilmir. Mir Yəhya ağa vuruşa-vuruşa geri çəkilmək məcburiyyətində qalır. Abuzərin arvadı Nabat yüklü olduğundan qaçqınlara qoşula bilmir, həyatını taleyin ixtiyarına buraxır. Abuzər oğlu Rüstəm və yeddi yaşlı Şəhlalı ilə yola çıxır. Yollar buz bağlamışdı, bir tərəfdən də yağan qar, külək adamların əhədini kəsirdi. Rüstəm də yüksək dağ cığırından dərəyə yuvarlanıb həlak oldu. 

İki uşağını evdə qoyub çıxanlardan biri də Zeynəbiydi. Zeynəb 7-9 yaşlarında iki qızını evdə qoyub çıxmaq məcburiyyətində qaldı. Beş yaşlı oğlunu arxasına bağladı, bir əlinə silah aldı, o biri əliylə də on iki yaşlı böyük qızının əlindən yapışıb yola düşdü. Zeynəb gənc yaşlarından dul qalmışdı, əri cavan ikən xəstələnib ölmüşdü, təkiydi, heç nəyə ümidi gəlmirdi. Fikirləşirdi ki, kənddən bir qədər aralandıqdan sonra böyük qızını və oğlunu bir daldanacaq yer tapıb gizlədər, sonra da digər iki qızının ardınca gələr. İki gün öncə bişirdiyi fətirin arasına yağ sürtüb qızlarına vermişdi, tapşırmışdı ki, samanlıqda gizlənib bayıra çıxmasınlar.

Qar getdikcə şiddətlənir, soyuq neştər kimi kəsirdi. Sam yeli əsir, tufan cövlan edir, camaatı qırıb tökürdü. Nə qədər ermənilər qırmışdısa, bir o qədər də insanlar dağ yallarında soyuqdan donub ölürdü. Uşaqlar yollarda buz bağlayır, donur, adamların əlini, ayağını soyuq aparırdı. Heç kəs bir-birinə kömək edə bilmirdi.

Gecə qaranlıq, yol ağır və üzücüydü. Elə bil ki, yol acı bağırsaq kimi uzanırdı. Abuzər kişi yorğana bükdüyü yeddi yaşlı oğlu Şəhlalını artıq kürəyində daşıya bilmirdi. Bir daşın yanında dayanıb Şəhlalını kürəyindən endirdi və daşın külək tutmayan tərəfinə qoydu. Üzünü göylərə tutub yalvardı: “Ya Rəbbim, özün şahidsən ki, artıq gücüm qalmayıb. Sən mənim balamı özün hifz elə!”

Abuzər kişinin göz yaşları saqqalını islatdı. Qaraş Abuzər kişinin halına acıdı, öz sağlamlığının bahasına Şəhlalını daşın dibindən götürüb qucağına aldı və yoluna davam etdi.

Soyuqdan yolçulardan bəziləri gedə-gedə donur, yıxılır, yuvarlanıb dərəyə düşürdülər. Mehrnisə də hiss edirdi ki, soyuq ayaqlarını aparır, ancaq dişini-dişinə sıxıb gedir, cərgədən çıxmırdı. Daha bir neçə addım atdı, lakin ayağı sürüşdü, özünü saxlaya bilməyib yuvarlandı, xoşbəxtlikdən cığırdan aşağıda olan bir koldan tutub özünü saxlaya bildi. Əmisi Abuzəri, qardaşı Fərruxu çağırsa da, səsi heç kimə çatmırdı. Son qüvvəsini biləyinə yığan Mehrinisə sürünə-sürünə yenidən cığırın üstünə qalxır və dəstənin ardınca getməyə başlayır. Lakin soyuq öz işini görmüşdü, Mehrinisənin (Elçibəyin anası) bir ayağı donmuşdu. O cümlədən həmin gecə Zeynəbin bir ayağını, Qaraşın iki ayağını, Cavad kişinin dabanını soyuq apardı. Yaxınlıqdakı kənddə yerləşəndən sonra Mehrinisə balta ilə donmuş ayağının barmaqlarını kəsib atdı.  

 (Mehrinisənin yıxıldığı yer Tiri yaylağının yaxınlığındaydı. Təqribən iyirmi ildən sonra Mehrinisə elə bu yaylaqda bir oğlan uşağı dünyaya gətirdi. Şura hökümətinin ilk illərində doğulan uşaqlara rus dilindən alınan traktor, kombayn, oktyabr kimi adlar qoyulurdu. Mehrinisənin də oğluna anadan olan günü Uçastok adı qoydular.

Mehrinisənin körpə uşağı ilə qaldığı çadırın üzərinə qara bir bulud çökmüşdü. Uşaq anadan olandan daim ağlayır, sakitləşmirdi. Ətraf çadırlardakı adamlar da yata bilmir, uşağın daim çığırmasından narahat idilər.Yaşlı qadınlar türkəçarə dərmanlar hazırlayır, şəfalı otlardan çay dəmləyir, uşağa içirməyə çalışırdılar. Lakin nə edirdilərsə, bütün səyləri boşa çıxırdı, uşağın səsini kəsə bilmirdilər.

Uşağın doğulduğu onuncu gün Mir Yəhya ağa yaylağa qalxmışdı. Uzaqdan uşaq çığırtısını eşidib çadıra yaxınlaşdı. Qədirqulu kişi çadırın yanında daşın üstündə oturmuşdu, qolları qoynunda çarəsiz-çarəsiz içəridən gələn çığırtını dinləyirdi. Mir Yəhya ağanı görüb yerindən dik qalxdı:

– Salam-əleyküm, ağa…

– Və-əleykümə-salam. Bu uşaq niyə belə çığırır.

– Nə bilim, ağa, anadan olandan belədi.

– Adını nə qoymusunuz uşağın?

– Dayısı Uçastok qoyub…

– Mən səni bir ağıllı adam bilirdim… O nə addı?!..

Mir Yəhya ağa içəri keçdi, Mehrinisə ayağa qalxıb ağaya yer göstərdi. Amma Mir Yəhya ağa oturmadı, uşağı Mehrinisədən alıb sinəsinə sıxdı, iylədi, bir dua oxuyub üzünə püflədi, qulağına,- Əbülfəz, Əbülfəz, Əbülfəz,- dedi. Uşaq səsini kəsdi, balaca gözləri ilə Mir Yəhya ağanın ağappaq saqqalına baxdı. Mehrinisə və Qədirqulu təəccüblə Mir Yəhya ağaya baxırdılar. Uşaq Mir Yəhya ağanın qucağında yuxuya getdi. Mehrinisə Mir Yəhya ağaya dua edirdi:

– Cəddinə qurban olum, ay ağa! Allah səni bizə çox görməsin.

– Bu uşağın adını Əbülfəz qoydum. Adını mən qoydum, ömrünü Allah versin!- dedi Mir Yəhya ağa.

Mir Yəhya ağa çadırdan çıxanda başını qaldırıb göyə baxdı. Çadırın üstündəki qara bulud uzaqlaşırdı.

İllər sonra Mehrinisənin oğlu Əbülfəz böyüyüb Mir Yəhya ağanın nəvəsi Həlimə ilə evləndi, Azərbaycan Respublikasının Prezidenti oldu). 

Köçdən salamat qalanlar Pəzməri və Unus kəndlərinə gəlib çatdılar. Bir müddət burada tanış adamların, qohumu olanlar qohumlarının yanında qalandan sonra Əylisə gəldilər.

Zeynəb və digər uşaqları Pirdavdanda qalanlar ağır duruma düşdülər, uşaqlarının öldürülməsi xəbərini alıb sarsıldılar, bir daha geri qayıda bilmədilər.

Əylisdə ermənilər öz evlərində oturmuşdular, Ədif bəy burada sabitliyi qoruyub saxlamağa çalışırdı. Rövşən bəy Əylis türkləriylə birlikdə Nuhgədihdən gələn qaçqınları ancaq yerləş­dirirdilər. Ermənilər qaçqınların yerləşdirilməsinə nəinki köməklik göstərmir, əksinə bu gün-sa­bah Andranikin qoşununun yenidən Əylisə gələ­cəyi haqqında şaiyələr yayırdılar. Belə olan təqdirdə qaçqınlar burada da özlərinə münasib yer tapa bilməyib, məcbur olub pələynən Arazdan keçib o biri sahildə Dizarıya get­dilər. Pirdavdandan gələnlər Dizarıda məskunlaşmaq istəyirdilər ki, farslar başlarının üstünü kəsdirib torpaqbasdı pulu istədilər, pul verə bilməyənləri şallaq ilə döyüb, geri qaytardılar. Qaçqınlar məcbur olub yenidən bu tərəfə keçdilər, gəlib Aşağı Əylisin kənarında bir yer tapıb qalmalı oldular.

Nijdeh isə türklərdən bir qrup adamın qaçıb aradan çıxmasını həzm edə bilmirdi, qəzəbi aşıb daşırdı. Göstəriş vermişdi kəndin hər tərəfini, kol-kosların dibini, uçulub-dağılmış töv­lə­ləri, təndirləri, ev xarabalıqlarını axtarır, gizlənənləri aşkara çıxarırdılar. Quldurlar Pirdavdan kəndini tar-mar etdi. Kənddə qalıb gizlənən uşaqları sorğu-suala çəkir, güllələyirdilər. Zeynəbin kəndə qalan iki qızı da güllələnənlər arasındaydı. Bir neçə 14-15 yaşlarında olan oğlanları əsir götürmüşdülər. Əsir oğlanları Nij­de­hin özü danışdırır, hər biri haqqında ayrılıqda hökm çıxa­rırdı. İşləmək qabiliyyəti olan oğlanları quldurların ağır işlərini görməyə yönəldirdilər.

Əsir düşən uşaqlardan biri də Fatalıydı. Nijdenin yanında erməni yaraqlıları oturmuşdu. Nijde uşaqları bir-bir qəbul edir, sorğulayırdı. Fatalı erməni dilini bilirdi. Onu təzəcə içəri salmışdılar ki, bir nəfər silahlı təlaşla içəri girib dedi:

– Zəngilan tərəfdən türklər hücuma keçib, bizimkilər davam gətirə bilməyib geri çəkilirlər, bir nəfər də ölübdür.

 Nijde naqanı çəkib bu sözləri deyəni alnın­dan vurdu, adam yerə yıxılıb öldü. Ara qarışdı, ermənilərin danışıqlarından məlum oldu ki, bu adam Nijdenin doğmaca əmisi oğluymuş. Onun belə sözü silahlıların yanında deməsi Nijdeni əsəbiləş­dirmişdi, guya belə sözlər erməni döyüşçülərində ümidsizlik yaradırdı.

Fatalı gördü ki, ona əhəmiyyət verən yoxdu, yavaşca həyətə çıxıb oradan qaçdı. Buxçar yoluyla Ələngəzdən aşıb gəlib Nüsnüsə çıxdı.

 Fatalı nüsnüslülərin yanında başlayır işləməyə. Bir dəfə Xəlil kişi Ordubadda bir nüs­nüslüylə rastlaşır. Söhbət əsnasında nüsnüslü deyir ki, Fatalı adında bir Qarabağ uşağı gəlib Nüsnüsə çıxıbdı. Xəlil kişi başa düşür ki, bu doğma qardaşı Fatalıdır, gedib onu da Əylisə gətirir.

 

 

Qövs ayının ikinci, üçüncü günləri eyni ssenari Oxçuda və Şabadında təkrar edildi. Oxçu camaatını danışıq aparmaq bəhanəsi ilə “Zejidom”(jeleznıy dom, dəmir ev) deyilən bir evə toplayıb qırdılar, Şabadın camaatını isə məsciddə və məscidin qabağındakı düzənliyin ortasında gülləbaran etdilər.

 Şabadın kəndində qırğının təşkilatçıları keşiş və Nuvarsat adlı erməniydi. Ordubadda rus-tatar məktəbində dünyəvi təhsil almış Ağabala da ermənilər tərəfindən aldadılaraq əhalinin bir yerə toplanması işinə cəlb edilmişdi.

Ağabala dövrünə görə savadlı adamdı və savadlı olduğuna görə də guya onu Andranik hökuməti Şabadın kəndi üzrə səlahiyyətli nüma­yəndəsi təyin edəcəkmiş. Bu minvalla kəndin bütün prob­lemləri Ağabala vasitəsi ilə Andranik höku­mətinə çatdırılacaq və vaxtında həllini tapa­caq­mış. Nuvarsat və keşiş bu yerlərdə nüfuz sahibi olan Əziz bəyi də aldadıb məscidə çağırmışdılar. Ermənilərin bu cür boş və mənasız təkliflərinə aldanan Şabadın kəndinin məscidinə və məscidin həyətinə yığılmış adamları Nijdenin quldurları hər tərəfdən güllə-baran etdi. Birinci güllə də Ağabalanın sinəsində partladı. Ağabala yerə yıxıldı, ümidsiz halda ətrafına baxdı, ətrafında yüzlərlə qadın, kişi, uşaq meyidləri səpələnmişdi. Yaralılar sıızıldayır, sağ qalanlar qaçıb qurtulmağa çalışırdı. Qaçanlar təqib olunur, erməni snayperləri tərəfindən bir-bir vurulurdu. Sonra quldurlar yerə yıxılmış yaralıları süngüləməyə başladılar. Yaralı Ağabalanın bir neçə süngü zərbəsindən sonra sızıltısı ilə birlikdə nəfəsi də kəsildi. Əziz bəy çox çətinliklə aradan çıxıb qaça bildi, həyətlərdə gizlənə-gizlənə axşamın düşməsini gözlədi.

Ədif bəyin Şabadın kəndi üzrə təlimatçısı və Teymur yaxınlıqdakı dağın döşündə qurduqları səngərdən bu mənzərəni izləyirdilər. Teymur qırğından əvvəl təlimatçıya keşişin və Nuvarsatın vurulması haqqında təklif versə də, təlimatçı,- “biz bura sülh yaratmaq naminə gəlmişik”, deyib bu işə razılıq verməmişdi.

Təlimatçı gördüyü mən­zə­rədən sarsılmışdı, vicdan əzabı çəkirdi.

Teymur ermənilərə tərəf bir neçə güllə atdı, təlimatçı da yerini möhkəmlədib atmağa başladı. Atılan güllələrin yerini müəyyənləşdirən ermənilər hücuma keçdilər. Teymurgil vəziyyətin ağırlığını görüb atışa-atışa geri çəkildilər.

 Məscidin içində və həyətində insan cəsədləri bir-birinin üstünə qalanmışdı. Axşam düşürdü, narın-narın yağan qar cəsədlərdən axan isti, qırmızı qanların üstünü örtür, sırsıra bağlayırdı. Qalaq­lan­mış insan cəsədlərinin altında bayılıb qalan, onlarla süngü zərbəsinə hədəf olan Sona gecədən xeyli keçəndən sonra özünə gəldi, bütün qüvvəsini toplayıb cəsədlərin altından çıxdı, dişini dişinə sıxıb səsini çıxartmadan Əylisə tərəf yol başladı. Ətraf sakitlikdi, dağ yolunda tapdanmış cığırı qar hələ tamamilə örtməmişdi. Sona bu cığırları yaxşı tanıyırdı, hələ uşaqlıqdan dəfələrlə atası ilə Əylisə gedib gəlmişdi. Bir qədər gedəndən sonra qorxudan kolların, daşların dibində gizləndikləri yerlərdən çıxıb Sonaya qoşulanların sayı artdı. Köçün arxasınca Əziz bəy də gəlirdi. Yaralı, üzgün, təhqir edilmiş, döyülmüş adamların- sərgərdan köçün ümid yeri Əylisdi. Nə yazıq ki, köçün içində erməni dəyirmanına su tökənlər də varıydı. Bu da dünyanın qəribə işlərindəndi.

 Teymur isə osmanlı təlimatçıyla Unusa gedir­di. Pəzməriyə çata-çatda Teymurun və os­manlı təlimatçının ayaqları soyuqdan dondu, daha yeriyə bilmədilər. Qarşıdan yüklü ulağı qabağına qatıb gələn bir kişi göründü. Baş verən ha­di­sələrdən xəbərsiz unuslu kişi yüklü ulaqla Qafana getmək istəyirdi. Teymur Qafanda baş verən hadisələri kişiyə danışandan sonra unuslu kişi geri qayıtdı. Teymur kişidən xahiş etdi ki, unuslu Molla Həsənə Teymurun və osmanlı təlimatçının yolda qaldığını çatdırsın.

Bir qədər keçmiş Molla Həsən iki atlı ilə gəlib Teymurgili yolda tapdı və onları ata mindirib Unusa apardı. Mola Həsənin evində isti yarma aşı yedikdən sonra Teymur və təlimatçı bir qədər toxtasalar da, hərəkət edə bilmirdilər. Donub taxtaya dönmüş ayaqları şişir və əziyyət verirdi. Ədif bəyə təlimat­çısının Unusda xəstə olduğu haqqında xəbər göndərildi. Sabahı günü Ədif bəy qara kəhərin, Rövşən bəy ağ atın belində birlikdə Unusa gəldilər, xəstələri Unusdan Dırnıs kəndinə Kəblə Şükür ağa­nın evinə köçürdülər. Burada kənd həkimi qazanda isti su hazırladı, xəstələrin ayaqlarını isti suda yumşaldıb dərisini soydu, sonra məlhəm sürtüb bağladı.

Kəblə Şükür ağa xəstələri ayrıca otaqda yerləşdirib, onlara baxıcı təyin etdi. Kənd həki­minin gündəlik qayğısı və baxıcının xidmətləri sayə­sində iki həftəlik müalicədən sonra xəstələr aya­ğa qalxa bildilər.

Ədif bəy Teymura türk hö­ku­mə­ti və komandanlıq adından bir türk beşaçılanı ba­ğışladı.

 

 

Baba iki gün öncə getdiyi Ordubaddan Oxçu kən­dinə evlərinə qayıdırdı. Axşamın toranlığı kənddə baş verənləri tam aydınlığı ilə görməyə imkan verməsə də, uzaqdan burnuna yanıq qoxusu gəlirdi. Yatsa yuxusuna da girməzdi ki, iki gün öncə sağ-salamat qoyub getdiyi ailəsinin yanıb kül olmuş cəsədləri ilə rastlaşacaqdı. Amma işə bax ki, insanın ağlına gəlməyənlər çox zaman başına gəlir.

Babagilin evləri dağın döşündə yolun kə­narın­daydı. Baba evə yaxınlaşanda evdən hələ də tüstü qalxırdı. Ətrafdakı evlərin, demək olar ki, hamısı tamamilə yanmışdı. Baba yanmış evin qapı yerindən içəriyə keçib kömür kimi kösəvləşmiş cəsədlər ilə qarşılaşdı. Həyətdə isə güllələnmiş köpəyin cəsədi, mal-heyvanı sürülüb aparılmış boş tövlə qaralırdı, ins-cins deyilən kimsə yoxuydu. Bir daşın qırağında yerə çöküb nə edəcəyini bilmirdi. Qəhər boğazında donmuşdu, ağlaya bilmirdi, gözlərindən yaş da çıxmırdı. Öz-özünə sual verirdi. Nəyə görə belə olmalıydı? Niyə?..

Kəndin mərkəzi hissəsindən yeni alovların yüksəldiyi bir anda diqqətini cəlb etdi. Bayaqkı sakitlik birdən-birə pozuldu, qarışıq, boğuq səslər uzaq məsafəni ötüb gəlirdi. Erməni quldurlarının gülüşləri, bəzən də mahnı oxumaları da eşidilir, qulaqlarını yandırırdı. Baba ehtiyatla qonşu evlərin hamısını nəzərdən keçirdi, hamısı dağıdılmış və yandırılmışdı. Həyətlərdə, küçələrdə insan cəsədləri, evlərdə yanmış kömürlənmiş cəsəd­lərdi. Hər ehtimala qarşı  dəyənəyə oxşar bir ağac parçası tapıb əlinə götürdü. Gördüyü dəhşətli mənzərədən beli əyilirdi, elə bil dünyanın ən ağır yükünü Babanın çiyinlərinə yükləmişdilər. Burada qalmaq əzabdan başqa heç nə vermirdi. Bacardıqca buradan uzaqlaşmaq, xilas olmaq lazımdı. Amma hara getsin, ne etsin, bilmirdi. Hara getdiyini bilmədən gedirdi.

Ançaq elə bil dünyanın bütün baç-xəraçını ondan istəmişdilər. Bütün yol boyu fikirləşirdi: "Niyə belə olmalıydı? Axı, bu ailənin günahı nə idi? Bu kəndin günahı nə idi? Bütün günü öz həyət-bacasında işləyib, çalışan bu insanların günahı nə idi? Bu boyda düşmənçilikmi olar? Bu boyda qansızlıqmı olar? Axı biz ermənilərə nə etmişdik ki, bizim millətin başına bu qədər müsibətlər gətirirlər?"

Atasının, anasının, qardaşının-bütün ailəsinin yanıb kül olmuş cəsədlərini gözünün önündə çanlandırır, onların yanında olmadığından, onlarla birlikdə məhv olmadığından sanki xəçalət çəkirdi.

Bundan sonra o nə etməli idi? Arxada ölüm çəhənnəm ağzını açaraq alov püskürür, qarşıda isə nə olduğundan xəbərsizdi. Yol boyu yumruğunu çəkic kimi daşlara çırpmaqdan əlinin oturaçağı çırılmış, laxtalanmış qan sağ əlinin biləyinədək süzülüb yayılmışdı. Əsəbləri o qədər gərgin idi ki, əlinin ağrısını hiss etmirdi. Hər yerdə elə hərəkət etməyə çalışırdı ki, bütün bu dağları bürüyən erməni quldurlarına rast gəlməsin. Ançaq taledən qaçmaq mümkün deyildi.

Baba həmişə çöldə-bayırda olduğundan ən kiçik bir hənirtini belə hamıdan əvvəl sezərdi. Kək­liyin pırıltısından onun hansı qayanın dibindən uçduğunu fəhm edər, dağ keçisinin hənirtisindən onun hansı istiqamətdə hərəkət etdiyini müəy­yən­ləş­dirə bilirdi. İndi qulağı insan ayağının uzaqdan gə­lən səslərini almışdı. Baba çox ehmallı bir tərzdə qula­ğını yerə söykədi. Ayaq səsləri ona tərəf yaxınlaşırdı. Bir qaya seçib onun arxasında oturdu, nəfəsini içinə çəkib ətrafı dinlədi.

Gələn bir erməni qulduru idi. Çiynində rus beşaçılanı var idi. Özündən razı və arxayındı. Babanın beynindən sürətli bir fikir keçdi – bir an içərisində erməni quldurunu zərərsizləşdirib silahına sahib olmaq. Hər hansı bir ehtiyatsızlıq ölümə bərabər idi. Yeganə yol hüçum etməkdi. Sol əlində saxladığı ağac-dəyənəyi ehmalca sağ əlinə keçirdi. Nəfəsini içinə çəkdi, yaxınlaşan erməni quldurunun üzərinə atıldı. Qəfil hüçumdan özünü itirən düşmən əl-qol açınça Baba dəyənəyini onun boğazına keçirib, var qüvvəsi ilə sıxdı, düşmən xırıldayırdı. Artıq taqətdən düşən, nəfəsi kəsilmiş düşmən üzüqoyulu yerə yıxıldı. Baba çəld hərəkətlə düşmənin beşaçılan və qılınçını götürdü. Beşaçılanın lüləsini yerdə uzanıb keçinmiş düşmənə tərəf tuşlayıb yoxlamaq istədisə, ehtiyatlanıb bu fİkrİndən vaz keçdi.

Baba çox heyvan öldürmüşdü, hətta vəhşi heyvanları bəzən balaca bir bıçaq, yaxud dəyənək ilə vurub öldürmüşdü, amma insan öldürməyi xəyalına belə gətirməmişdi. Baba ilk dəfəydi ki, adam öldürürdü, bu adam erməni qulduru olsa da, yenə də adamıydı. Öldürdüyü adama acıyırdı, am­ma görəsən onun qoca atasını, günahsız anasını öldürən erməni quldurları da heç olmasa ürək­lərində binəvalara acıyırdılarmı? Bəlkə elə onun əziz­lərini öldürən elə bu erməni qulduruydu? Kim bilir?! Ürəyində – bu, anamın intiqamı olsun, – dedi.

 Baba rus beşaçılanını bir neçə dəfə əlində atıb tutdu. Nişangahını gözlərinə yaxınlaşdırıb yoxladı. Bir gözünü yumub, o biri gözü ilə nişan aldı. Amma atmadı. Gülləyə heyfi gəlirdi. Bu güllələr intiqam atəşi ilə açılaçaqdır, – deyə düşündü. Qılınçı belinə bağladı. Patrondaşı sinəsindən aşırdı. Babanı görən tanımazdı. Baba indi özündə bir yüngüllük, əzəmət və qüvvə hiss edirdi. O, indi bir orduya qarşı təkçə vuruşmağa hazırdı. Oxçulu Baba yamaçlarda quş kimi səkirdi.

Bu minval ilə Ayı çınqıllığını keçmişdi, Saq­qarsuyu adlamışdı, yaxında başıqarlı Əylis dağları görünürdü.

 

 

Rövşən bəy son zamanlar çox əziyyət çəkirdi. Artıq qaçqınların Əylisdə yerləşdirilməsindən xey­li müddət keçirdi. Nuhgədihlilər də, Qafandan gə­lən qaçqınlar da yeni həyata alışır, min zəhmət baha­sına da olsa, yurd-yuva salmağa çalışırdılar. Rövşən bəy Ədif bəylə birlikdə dəfələrlə qaç­qın­la­rın Əylis ermənilərinə hücum etmək təşəb­büslərinin qarşısını almış, nahaq qan tökülməsinə imkan verməmişdi. Amma gərginlik davam edir, üstəlik aclıq, səfalət baş alıb gedirdi. Arakel erməni tacirlərini taxılı gizlətməyə, qiymətləri qaldırmağa təhrik edir, qaçqınları çörək problemi ilə üz-üzə qoyur­du. Çörək almaq imkanı olmayan qaç­qınların içərisində dilənçilik, oğurluq halları baş verirdi. Rövşən bəy rəsmən Ədif bəyə müraciət etmək məcburiyyətində qaldı. Müraciətdə taxılın qiymətinin sabitləşdirilməsi, Arakelin və taxıl alveri ilə məşğul olan digər erməni tacirlərinin anbarlarında olan taxılın qeydiyyatdan keçirilməsi, norma daxilində satılması əsas prinsip olaraq qərarlaşdırılırdı. Ədif bəy bu işdə bir qədər tərəddüd etsə də, Rövşən bəyin əsaslı dəlilləri qarşısında razılaşmağa məcbur oldu. Beləliklə, Ədif bəy vasitəsi ilə taxılın satışının nəzarətə götürülməsi Arakelin kefinə soğan doğradı.

 Ədif bəy rəsmən Rövşən bəylə hesablaşırdı. Mühim məsələlərin müzakirəsi zamanı Arakelin və digər imkanlı adamların fikri soruşulsa da, əksər vaxt onların dediklərinin əksinə qərar çıxarılır, sonda Rövşən bəyin mülahizələri əsas götürülürdü. Digər bir ciddi məsələ də Əylislilərin örüş yerlərinin qaçqınların mal-heyvanlarının otarılması üçün açıq elan edilməsiydi. Bütün bunlar Arakeli cin atına mindirmişdi. Arakel başa düşürdü ki, Rövşən bəy durduqca onun artan nüfuzu erməni icmasının üzvlərinə də təsirsiz qalmır, erməni daşnaklarının gələcəyə hesab­lan­mış planlarını alt-üst edir, türklərsiz Əylis planı iflasa uğrayırdı.

 Arakel vəziyyətin dözülməz bir hala gəldiyi haq­qında düşünür, Rövşən bəylə haqq-hesabı çürütməyin yollarını arayırdı. Türkləri təşkilat­lanmağa qoymaq olmazdı. Onların irəlidə olanlarını bir-bir aradan götürmək, camaatı başsız burax­maq lazımdı. Ondan sonrası asan olacaqdı, turklər bu torpaqlardan birdəfəlik didərgin düşəcək, ermənilərin durumu xeyli yaxşılaşacaqdı. Güzəştə getmək ölümə bərabərdi, hər nəyin bahasına olsa da, türklərə indiki vəziyyətdə arxadan zərbə vurmaq ən düzgün yoldu. Arakel Niydehə və parağalı Aşota məktub yazıb təyin edilmiş gün silahlı quldur dəstəsini Əylis ermənilərinin köməyinə gətirməsini xahiş etdi. Sonra da Anastası yanına çağırtdırıb ona belə bir xüsusi tapşırıq verdi:

 – Rovşanı aradan qaldırmaq lazımdı.

 Anastas fikrə getdi, bilirdi ki, hazırkı durumda belə bir işə qol qoymağın nəticəsi yaxşı olmaya bilərdi. Ürəyindən keçənləri dilinə gətirdi:

 – Arakel ağa, indiki zamanda bu, çox qorxuludu.

 – Canındanmı qorxursan?

 – Yox, canımdan qorxmuram, bunun yaxşı nəticə verməyəcəyindən qorxuram. Rövşən bəyi başqaları ilə bir sıraya qoymaq olmaz. Onun ölümü bizə bəla gətirər. Türklər onu çox sevirlər, gizlin deyil ki, bizimkilərdən də onu eşidənlər az deyil.

 – Bunu yaxşı dedin, “bizimkilərdən də onu eşidən az deyil”. Məni də narahat edən elə budur. Belə getsə, biz gərək namusumuzu Rövşən bəyin ayaqlarının altına atıb tapdalayaq. Sən buna necə dözə bilərsən? Yadındadı Aykanı aparıb müsəl­manların qəbirstanlığında basdırdılar. Tamaranı türkə ərə verdilər. Petrosu yoluq cücəyə döndəriblər. Mani girov götürdülər. Buna nə deyirsən? Bir o qalıb ki, gəlib altımızdan döşəyimizi də çəkib aparsınlar. Yox, Anastas! Yox! İlanın başını əzərlər. Nə olur olsun sən bunu etməlisən. Böyük Hayastan namına etməlisən. Haylar səni unutmayacaq, Hayastan dövləti sənin əməyini qiymətləndirəcəkdir. Bunu bir sirr kimi yadında saxla, bu günlərdə Nijdehin və parağalı Aşotun əsgərləri bizim köməyimizə gələcəklər. Bizim kifayət qadar güclü qüvvəmiz var.

 Arakel ağa mizin üzərinə qoyulmuş qrafindən balaca bardaqlara tut arağı süzdü:

 – Böyük Hayastan namına!

 Arakel ağa tut arağını bardağın yarısına qədər içdi və Anastasın üzünə baxdı. Anastas başa düşürdü ki, onun başqa çarəsi yoxdu, etiraz edərsə, daha pis günlərə qala bilər, Arakel ağa onu bağışlamazdı. Arakel ağanı eşitməyən onlarla erməninin acınacaqlı taleyi bir anda gözlərinin qarşısından keçdi. Bardağı qaldırdı:

 – Böyük Hayastan namına!- deyib tut arağını son damlasına qədər içdi.

 Arakelin gözləri güldü:

 – Afərin, bax belə.

 Anastas razılıq versə də, bilirdi ki, Rövşən bəyi aradan qaldırmaq o qədər də asan olmayacaq.

 

 

Rövşən bəy axşamdan narahatıydı. Evdə o tərəf – bu tərəfə gedir, özünə yer tapa bilmirdi, Selcanın portreti önündə saatlarla dayanıb baxdı. Ömründə bircə dəfə anasına göndərdiyi güllü yaylığın ucuna düyünlənmiş qızıl üzüyü anası həmayil kimi portretin qırağına bağlamışdı. Rövşən bəy anasının sanki gəlini olacaq qızın barmağına üzük taxması kimi qiymətləndirdiyi bu hərəkətini ürəyində yenə də təqdir etdi. Sonra da özünü qınadı, ürəyindən qara qanlar axdı, peşimançılıq çəkdi, amma nə fayda?! Nə ana vardı, nə ata, təkcə xatirələr yaşayırdı. Selcanın mək­tubunu pencərənin önündən götürüb sığalladı, qoxuladı, Selcanın ətrini duydu. Bu vaxta qədər məktubu oxumağa ürəyi gəlmirdi. Sanki məktubu oxusaydı əlindən şüşə qabı salıb sındıracaqdı, ya da nə isə xoşagəlməz bir hadisə olacaqdı. Cəsarəti olsa da, üzücü bir olayın baş verə biləcək ehtimalı ürəyinə şübhə toxumları səpirdi. Nəhayət məktubu oxumaq qərarına gəldi. Məktubu açdı, içindən Selcanın son zamanlarda çəkilmiş foto-şəkli çıxdı. Bəyaz saçları çiyninə dağılmış, pərişanlığı sifətinin cizgilərini daha da dərinləşdirən Selcanın məktubunda yazılanları sanki şəkil dil açıb danışırdı:

Salam, Rövşən. Bəlkə də yazdığım bu məktub mənim duyğularımı əks etdirməyəcək. Çünki bir günahkar bəndə kimi mən sənin sevginə layiq ola bilmədim. Özümü heç vaxt bağışlamayacağam. Səndən ayrıldığım hər gün mən ölüb dirilmişəm. Hər gün sənə uzun-uzun məktublar yazmışam, amma sonra da cırıb atmışam.O məktubları sənə göndərməyə cəsarətim çatmayıbdı.

 Allah Arakelin tifaqını dağıtsın, ona lənət etsin. Tifaqım dağıldı.

 Başıma gələ biləcək müsibətləri anlamadım, qoruya bilmədim sənin sevgini, özümü də qoruya bilmədim. Məni bağışlamağını istəmirəm, bunu istəməyə haqqım yoxdur. Amma istəyirəm, biləsən ki, ömrümün bütün gecələrini sənin xəyalınla keçirmişəm. Soyuq gecələrdə yatağımı sənin xəyalın isidibdi.

Halıma acımağını da istəmirəm. Halımı surətim bəyan eylər. Yalnız istədiyim budur: biləsən ki, tək səni sevdim, ölənə qədər də sevəcəyəm.

Acı taleyimiz bizi ayırsa da, sən həmişə mənimləsən.

Son dəfə uzaqdan-uzağa da olsa, bir daha səni görmək istəyirdim, amma qismət olmadı. Selcan.

Pəncərəyə yaxınlaşdı, qaranlıq gecədə uzanıb gedən bir işıq axtardı. O işığın içində Selcanı görmək istəyirdi. Doğrudan da bir işıq zolağı gördü. O işıq zolağı uzanıb sonsuzluğa gedirdi sanki. O işıq zolağının sonunda isə gördüyü Selcan deyildi, anası Güllübəyimiydi. Anası ağ ipək paltardaydı, əllərində bir dəstə gül tutmuşdu. Güllübəyim ana gülümsəyirdi. Güllübəyim ananın arxasından bir kölgə keçdi, aydınlaşanda atası Nov­ruz kişi göründü. İndi onlar ikisi də bir yer­dəydilər, məsuddular, Rövşənə baxıb gülü­m­sə­yirdilər.

Rövşən bəy pəncərənin qabağından çəkildi. Gecədən xeyli keçmişdi, yatmaq istəyirdi, soyunub yatağına girdi, yatmağa çalışdı, yerində vurnuxdu, gah sağa, gah sola döndü, ancaq yata bilmədi. Qaçqınların bu qışı da alaçıqda, yaxşı halda təndirdə və pəyələrdə keçirəcəyi yadına düşdükcə isti yatağında üşüyürdü. Rövşən bəy yata bilməsə də vaxt keçir, səhərin gözü açılırdı.

Dünəndən yığıncaq elan edilmişdi. Bu yığıncağın əsas məqsədi qaçqınlar üçün münasib bir şərait yaratmaq, türk və erməni icmasının – hər ikisinin birgə qərarı ilə əsaslı yardım etmək, qaçqınların ev tikməsi üçün torpaq sahələrinin ayrılmasına nail olmaqdı.

 Əzgin-əzgin yerindən qalxdı. Payız günəşi­nin solğun və zəif işıltısı pəncərədən içəri süzülürdü, yerdə qırov vardı. Bu il hələ ki, qış yubanır, sanki qaçqınlara rəhm edirdi. Ötən ilki sərt qışdan qaçqınların bir çoxu əziyyət çəkmiş, yaz-yay aylarında da iqlimə uyğunlaşa bilmə­diklərindən xeyli qoca, xəstə adamlar və uşaqlar yatağa düşmüş, bir çoxu yataqdan qalxa bil­məmişdi.

 Bu il nəyin bahasına olursa olsun qaçqınlara bir şərait yaratmaq zərurəti hava-su kimi meydana çıxırdı, çünki qaçqınların gəlib Əylisdə yerləş­mələrindən düz bir il ötürdü. Bir il ərzində çox sular axıb durulmuş, çox məsələlərə aydınlıq gətirilmişdi. Qaçqınların öz dədə-baba yerlərinə qaytarılması məsələsi baş tutmamışdı. Bakıda müvəqqəti hökumət ləğv edilmiş, demokratik cümhuriyyət öz yerini möhkəmlətmişdi. Stepan Şaumyanın başçılığı ilə erməni daşnaklarının türk müsəlman əhaliyə qar­şı apardıqları soyqırımın qarşısı Osmanlı Qafqaz ordusunun komandanı Nuru paşanın rəhbərliyi ilə alınmış, Azərbaycan dövlətinin qanuni hüquqları bər­pa edilmişdi.

Naxçıvanda erməni-daşnak zülmünə son qoyulmuş, Kazım Qara Bəkir paşanın rəhbərlik etdiyi qoşun hissəsi çəkilib Türkiyəyə getmiş, Naxçıvanda Xəlil bəyin komandanlığı altında azacıq bir qüvvə saxlanılmışdı. Hər yerdə sabitlik bərqərar olmuş, qayda-qanun yaradılmışdı.

Ədif bəyin də Ordubadı tərk edib gedəcəyinə sayılı günlər qalmışdı. Amma hələ də qaçqınlıq həyatından əziyyət çəkən, belə getsə, qarşıdakı qışı da çöldə-bayırda keçirmək məcburiyyətində qalacaqları qorxusu ilə yaşayan qaçqınlardan bir neçə nəfər; oxçulu Mustafa bəy, Cəlil paşa və s. yığışıb Naxçıvana Xəlil paşanın yanına şikayətə getmişdilər. Xəlil paşa da Əylisə gəlib Ədif bəy, Rövşən bəy və erməni icmasının rəhbərləri ilə görüşmüş, qaçqınların yerləşdirilməsi ilə bağlı təkliflərini vermişdi.

Rövşən bəyin qərarı qətiydi. Bu günkü yığıncaqda konkret olaraq görüləcək işlər planlaşdırılmalı, qaçqınlar üçün vəsait ayrılmalı, mənzillərin tikilməsi işi təxirə salınmadan həll edilməliydi.

Bu yığıncaqda qaçqın həyatına son qoyulmalı, qaçqın problemi həll olunmalıydı.

Rövşən bəy ötən il Bakı səfərində olarkən demokratik cümhuriyyətin nümayəndələri ilə görüşdüyü zaman xatirə olaraq ona cumhuriyyətin üç rəngli bayrağı hədiyyə edilmişdi.

Rövşən bəy də bu toplantıda Azərbaycan Demokratik Cumhuriyyətinin üç rəngli bayrağını qaldırmağı  qarşısına məqsəd qoymuşdu.

Yığıncağın vaxtına isə hələ çox vardı.

 Ağ at səhərdən kişnəyir, dırnaqları ilə yeri eşirdi. Rövşən bəy gəncliyində də tez-tez at minər, çapar, at yarışlarında iştirak edərdi. Həmişə də özünün ağ atı olmasını arzulamışdı. Hələ uşaq vaxtı Əylisdə gördüyü bir ağ at vardı, kimin atı olduğunu unutmuşdu, amma o yadındaydı ki, ona “soldat atı” deyirdilər. Belə bir at istəyirdi. Əylisə qayıdandan sonra at satanlar ilə əlaqə saxlayıb uzun soraq­laşmaların nəticəsində tapıb ala bildiyi ağ atın misli yoxuydu, həmişə də Rövşən bəyə uşaq vaxtı gördüyü ağ “soldat atını” xatırladırdı.

Rövşən bəy geyinib bayıra çıxdı, ağ ata yaxınlaşıb alnını qaşıdı, at burnunu Rövşən bəyin qoltuğunun altına uzadıb iylədi. Rövşən bəy atı yəhərləyib küçəyə çıxartdı, sıçrayıb atın belinə qalxdı, vaxtını keçirmək, əzginliyini çıxartmaq məqsədi ilə Ala daşın dibində yaratdığı cənnət guşəsinə baş çəkmək istədi. Payızın yelləri cənnət guşəsini soldurub saraltmış, təbiətin hüsnünə bir məhzunluq çəkmişdi. Rövşən bəyə elə gəlirdi ki, qoca təbiət insanlara görə dəyişir, yoxsul, səfalət içərisin­də yaşayan, həyatda qalmağa can atan qaçqınlar ilə təbiətin arasında gözə görünməyən bir bağlılıq yaranırdı. Bəlkə də bu bağlılıq ona görəydi ki, bu il hələ də qar yağmamışdı, bəlkə də təbiət qaçqınlara rəhm edir, onların yurd-yuva qura biləcəyi günü gözləyirdi. Bilmirdi, onu bilirdi ki, bu gün sonuncu gündür, bu gün qaçqınların taleyində mütləq dəyişiklik olmalıydı, olacaqda da.

Rövşən bəy bu xəyallar içərisində gəlib Ala daşın yanına çatdı, atdan endi, cilovun kəmərini yəhərin qa­şına bağlayıb atı çəmənliyə buraxdı. Ağ at çəmənlikdə balaca-balaca göyərən otların başını qırpıb yeyirdi.

 Anastas neçə müddətdi Rövşən bəyi güdür, tapşırığı yerinə yetirməyə fürsət axtarırdı. Anastas bilirdi ki, Rövşən bəy tez-tez Ala daşın dibindəki cənnət guşəsinə gəlir. Bura sakit, kənddən kənar olduğundan Anastas fikirləşirdi ki, həm də öz məqsədini yerinə yetirməyə münasib yerdir.

 Rövşən bəy onu gözləyən xəyanətdən xəbər­sizdi, Ala daşın üstünə qalxıb oturdu. Buradan Araz və Arazın cənub sahilindəki dağlar əl içi kimi görünürdü. Yadına Araz dərdini içindən keçirib oxunan bir xalq mahnısı düşdü, dodaqları titrədi:

 

  Arazı ayırdılar,

  Su ilə doyurdular.

  Mən səndən ayrılmazdım,

  Zülmünən ayırdılar.

 

 Mahnı yarımçıq qaldı, kürəyində bir yanğı hiss etdi, düşmən onu arxadan vurmuşdu. İsti-isti yarasının dərinliyini aydınlaşdıra bilmədi, arxaya çevrilib Anastası gördü. Anastas arxayın-arxayın qürurlu şəkildə ayaq üstə durub baxır, bəlkə də Rövşən bəyin qıvrılıb öləcəyi anı gözləyirdi, amma yanılmışdı. Rövşən bəyin özündən asılı olmayaraq dilindən çıxan “namərd” sözü Anastasa yetməmiş, naqanının qızıl gülləsi ürəyini deşib keçdi. Anastas müvazinətini saxlaya bilməyib dərəyə yuvarlandı, parça-parça oldu.

 Rövşən bəy son qüvvəsini toplayıb ayağa qalxdı, Ala daşın ətəyinə endi, ağ kəhəri səslədi. Ağ at kişnəyib özünü Rövşən bəyə yetirdi. Rövşən bəy ağ atın belinə qalxdı, atın cilovunu boşladı.

 

 

   Arakel çox nigarandı. Əgər bu yığıncaq baş tutarsa, Arakel xeyli torpaq sahəsi itirəcəkdi, ona görə də mümkün qədər bu işə maniəçilik törətmək, erməni qüvvələrini toplayıb türklərin baş bilənlərini bir-bir sıradan çıxartmaq, Əylisi əllərində saxlamağa çalışırdı. Amma Arakel qəzəbi içində vulkan kimi püskürməyə hazır olan qaçqınların səbir kasasının dolduğu haqqında nəinki fikirləşmir, hətta, tezliklə onları buradan uzaqlaşdırmaq, yox etmək istəyirdi.  Arada Anastasa və erməni dığalarına verdiyi sonuncu tapşırığı yada salıb bir qədər təskinlik tapır, Rövşən bəyin ölüm xəbərini, Nijdehin və parağalı Aşotun silahlı dəstə­sinin gəlişini səbirsizliklə gözləyirdi.

 Arakelin təlimatı ilə qurulmuş plana görə erməni dığaları yaxınlıqdakı etibarlı yerlərdə silahlarını hazır saxlamışdılar. Aşotun quldur dəstəsi meydana girər-girməz dığalar silahlanıb onlara kömək edəcəkdilər.       

Əylisin mərkəzi meydanında iynə atsan yerə düşməzdi. O gün bütün dükanlar bağlanmışdı, bircə qəssab Yaqubun dükanı açıqdı. Qəssab Yaqub səhər sübh tezdən kəsib qənarədən asdığı dana ətinin yanında əlləri qoynunda dayanmışdı, çünki kimsənin ət almaq həvəsi yoxuydu. Hamı intizarla yığıncağın başlamasını gözləyirdi. Bir tərəfdə ermənilər, qarşı tərəfdə yerli türklər, aşağı başda qaçqınlar dayanmışdı.

Ədif bəyin yanında Əylisin mötəbər şəxsləri Hacı Nəcəf ağa, Mirzə Tahir Əfəndi, Əyyub kişi, Məmməd Səfi, Molla Nurməmməd, Aslan baba, Məşədi Bağır, Mirzə Rahab, Arakel, Saşa, keşiş Mikayıl, Petros  dayanmışdılar. Osmanlı ordusunun Ədif bəyin rəhbərliyi altında olan əsgərləri kütlənin qarşısında hər on addımdan bir dayanmışdı. Onlar baş verə biləcək hər hansı bir hadisənin qarşısını almaq üçün təlimat­lan­dırıl­mışdılar.

 Ədif bəy qızıl sepli cib saatını  döşlüyünün yan cibindən çıxarıb baxdı, vaxt keçirdi, amma hələ də Röv­şən bəydən bir xəbər yoxdu, öz-özünə pıçıldadı:

  – Rövşən bəy nerədə kaldı?

    Ədif bəyin pıçıltı ilə dediyi söz bir an da bir uğultuya çevrilib kütlənin içində dolaşdı. Bütün türklər və qaçqınlar:- Rövşən bəy harada qaldı?- deyərək bir-birinə müraciət etdi. Gözlər Ala daş tərəfdən gələn yola dikildi.

Rövşən bəy dəqiq ad

amıydı, vaxtını qiymət­ləndirməyi bacarırdı. Zamanı saatlara, saatları dəqiqələrə ayırıb vaxtı itirməkdən xoşlanmazdı. Bu günkü azacıq gecikməyi də  məlum səbəbdən baş vermişdi. Azacıq yubansa da, Rövşən bəy ağ atın belində, əlində Azərbaycan cümhuriyyətinin üç rəngli bayrağı  meydana daxil oldu.

Səhərdən gözlədiyi xəbərin əvəzində Rövşən bəyin ağ atın belində, əlində Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli bayrağı meydana girdiyini görüncə  Arakelin rəngi ağardı, ayaqları titrədi, qəzəbindən yerində əsməyə başladı. Arakelin bu halını görən er­məni dığaları nə etmək lazım gəldiyini araşdırmaqda çətinlik çəkirdilər. Gözlərini Arakelə dikib durur, Arakeldən bir işarə gözləyirdilər. Arakel hər tərəfdən türklərin mühasirəsindəydi, çıxılmaz duruma düşmüşdü. Arakelin hesabıyla Aşotun qoşunu çoxdan Əylisə girməliydi. Təlimata görə Səbətkeçməzə yaxınlaşanda Aşot atəş açaraq işarə verməli, burada dığalar fəaliyyətə başlamalı, türklərin başı daxildəki münaqişəyə qarışdığı zaman Aşotun quldurları onları mühasirəyə alıb qırmalıydı. 

Arakel bu durumu düşünürkən uzaqdan açılan atəş səsi eşidildi, meydana toplananların diqqəti bir anlığa səs gələn tərəfə yönəldi. Fürsətdən istifadə edən Arakel qaşlarını oynadaraq dığalardan birinə işarə verib Rövşən bəyi göstərdi.

İkinci gülə açıldı. Atəş lap yaxından, meydanın içindən açılmışdı. Xain düşmənin gülləsi bu dəfə də Rövşən bəyin sinəsini yandırdı.   

Rövşən bəy müvazinətini itirib  atın yalına yıxılsa da, əlindəki üç rəngli bayrağı saxlamağa çalışırdı. Əsgərlərdən biri bayrağı Rövşən bəyin əlindən ehmalca alıb göyə qaldırdı. Ədif bəy çaşqın vəziyyətə düşdü, gözləmədiyi halda Rövşən bəyin vurulması onu sarsıtmışdı:

  – Rövşən bəy, sana kim qıydı?

Türk əsgərləri Rövşən bəyi ağ atın belindən endirib bir kənara çəkdilər. Türklərin arasında uğultu başladı, əsgərlər Rövşən bəyi vuran adamı axtarıb tapmağa cəhd göstərir, qaynayan kütlənin qarşısını almağa çalışırdılar.

Yerli türklər də, qaçqınlar da yaxşı başa düşürdülər ki, bu iş ermənilər tərəfindən qurulmuş planın tərkib hissəsidir. Bununla belə yenə də hər kəs bir mülahizə irəli sürürdü.

 

 

 

 Qulam alaqaranlıqdan kəhəri minib Nüs-nüsə iş dalınca getmişdi. Nüs-nüsdə onu nahara saxlamaq istəsələr də, oturmadı, bacardıqca tez qayıdıb kəndin mərkəzində günorta saatlarına təyin olunmuş toplantıda iştirak etməyə tələsirdi. Qulama “od almağamı gəlmişdin?” dedilər. Qulam da ;- vallah, elə od almaq kimi bir şeydi- deyib kəhərin cilovunu  tərpətdi. Kəhər bir anda  Nüs-nüs dağlarını aşıb Əlmüzür dərəsinə keçdi. Qulam Əlmüzür dərəsində atın cilovunu boşladı, at da yorğa yerişlə tənbəl-tənbəl yeriməyə başladı. Ala daşın yaxınlığında, dərənin dibində bir meyid vardı, yaxınlaşıb diqqətlə baxıb Anastası tanıdı, bu alçağı özü imkan tapıb öldürə bilmədiyi üçün özünü danladı, ürəyini Anastasın ünvanına bir-iki söyüş deməklə soyutdu :

    – Daşnak köpəyoğlu, it kimi cəbər, səni bura azdıranın…  

  Kəndin ümumi toplantısının keçiriləcəyi bir gündə Anastasın Ala daşın dibində vurulması çox ciddi mətləblərdən xəbər verirdi. Ala daş və Ala daşın ətrafı Rövşən bəyin müntəzəm gəlib getdiyi bir məkandı. Qulam başa düşürdü ki, nəsə qeyri-adi hadisə baş veribdi. Kəhəri mahmızladı, bir an öncə özünü mərkəzi meydana çatdırdı, atdan endi.

Rövşən bəyi arxası üstə daşların üstünə uzatmışdılar. Ədif bəy onun yanında durmuşdu, fikirliydi. Rövşən bəyin kürəyindən axan qan daşların üzəriylə süzülüb gedirdi. Gözləri açıqdı, göy üzünə baxırdı, Qulamın səsini eşidib başını qaldırmaq istədi, lakin qaldıra bilmədi. Qulam tez yaxınlaşıb onun yanında oturdu, Rövşən bəyin başını qaldırıb rahatlamaq istədi:

      – Rövşən bəy…

       Rövşən bəy Qulamın üzünə baxdı:

      –  Qulam…- deyib bir qədər fasilə verdi, danışmağa çətinlik çəkirdi, gözləri yumulurdu.

       Qulam:- Rövşən bəy, döz, bir az da döz,- dedi.

       – Yox, Qulam, mənimki bura qədərdi. Məhərrəmi Anastas vurmuşdu, mən sənə demirdim, istəmirdim qan tökülsün.

       – Bilirdim, fürsət axtarırdım əlimə düşmürdü.

       – Anastası vurdum.

       – Bildim…

       – Mən Əylisi çox sevirəm, buradan Araza baxırdım. Arazdan o yana da bizim ellərdi…

       – Bilirəm…

       – Qulam…

       Rövşən bəyin üzü döndü, başı  yana düşdü.

       Qulam qışqırdı, səsi dağlara dəyib əks-səda verdi:

– Rööövşəəənnn…

Ədif bəy əsgəri salam verdi, papağını başından çıxartdı, yanındakı əsgərlər də papaqlarını çıxartdılar.

Ağ at şahə qalxdı, kişnədi. Qulamın qonur və Ədif bəyin qara kəhəri də ağ atın dərdinə şərik oldular, ona qoşulub kişnədilər.

 

Qəssab Yaqubun ət dükanının yanında dayanmış Nabatalı gördüyü mənzərədən şoka düşmüşdü. Hər şeyini itirmiş Nabatalının yeganə təsəllisi Rövşən bəyin ümidli sözləriydi, indi Rövşən bəyi də itirirdi. Nabatalı yaxşı bilirdi ki, Rövşən bəyin yeganə düşməni Arakeldi. Qulamın qışqırıq səsini eşidəndə yuxudan ayılan kimi oldu, kimsə “Rövşən bəy öldü”- dedi. Nabatalı daha dözə bilmədi, əlini uzadıb Yaqubun ət baltasını götürdü, necə tulladısa Arakelin başı iki yerə parçalandı. Erməni dığaları saxladıqları silahları işə salmağa çalışdılar, atəş açıldı. Amma əks tərəflər burun-buruna dayan­dığından silahdan istifadə etmək müşkül məsələyə çevrildi, aləm qarışdı, ermənilər və qaçqınlar əlbəyaxa oldular. Yerli türklər və Ədif bəyin əsgər­ləri aranı sakitləşdirməyə çalışsalar da, mümkün olmadı. Qan su yerinə axırdı.

    Petros ayaqlar altında fəci şəkildə can verdi, Arakel öz cəzasına çatdı, ölüm onu daha ağır cəzalardan qurtardı, çünki Əylisdə hadisələrin bu şəkildə cərəyan etməsinin əsas baiskarı o idi. Saşa ağa təsadüfən azacıq yaralandı, sonralar öz əcəli ilə öldü.

 Keşiş Mikayıla heç kim əl qaldırmadı, hamı onun gözəl insan, qayğıkeş bir ruhani olduğunu bilirdi,  bir neçə il sonra Əylisdə də ömrünü başa vurdu.  Petrosun ölümündən sonra qaçaq Səməd ortalığa çıxdı, təsərrüfat işləriylə məşğul olmağa başladı.

 Nabatalı həddən artıq qəzəbliydi, atdığı balta Arakelin başını parçalayanda erməni dığaları onun üstünə hücum etdilər. Amma Nabatalı çox güclü olduğundan erməniləri şil-küt edib sağ-salamat qurtardı. Nabatalıya “qırdı-çatdı” dedilər. O vaxtdan Nabatalının adı “Qırçat” qaldı, sonralar bu ad təhrif olnub “Qıcat” kimi formalaşdı.

 Baba Əylis bazarının arxasında Dırnıs aşırımına keçən yerdə, Səbətkeçməz çığırında keşik çəkirdi. Bir neçə gün öncə Rövşən bəyin toplantı zamanı sayıqlığı artırmaq haqqında könüllülərə verdiyi təlimatdan sonra Səbətkeçməzdə post qurulmuşdu. Səhərdən postda dayanmış Teymuru Baba əvəzləmişdi, Teymur toplantıdan bir xəbər bilmək və  yemək gətirmək məqsədilə mərkəzi meydana enmişdi. Baba səbətkeçməz daşının arxasında oturub gözləyirdi.

İlk güllə səsindən Baba güllənin lap yaxında açıldığını başa düşdü. Səngərdən boylanıb baxdı. Qarşıda parağalı Aşotun  silahlı quldur dəstəsi  göründü.

   Baba postda tək olsa da, əlverişli mövqe tutması onu cəsarətləndirirdi. Düşməni xeyli yaxına buraxıb nişangaha gətirdi, arada bir güllə məsafəsindən də az yer qalırdı.  "Ya Allah" deyib nişan aldı. Güllə açıldı. Qarşıda gələnlərdən biri yerə sərildi. “Bu, atamın əvəzi”, – dedi ovçu Baba. Düşmən vəlvələyə düşdü. Babanın mövqeyinə güllə yağış kimi yağdı.  Sərt qayalara dəyən güllələr əks-səda verib vahimə yaradırdı. Babanın ikinçi gülləsi açıldı. Bu dəfə də əks tərəfdən dəhşətli bir qışqırıq eşidildi. “Bu, qardaşımın əvəzi”, – dedi  Baba.

Atəş daha da şiddətləndi. Ovçu Babanın başını qaldırıb nişan almaq imkanı yoxdu. Hərdən boşuna atmaq məçburiyyətində qalırdı.

Düşmən ovçu Babanın arxasına keçməyə çalışır­dı. Ovçu Baba isə arxadan təhlükə gözləmədiyindən özünü ançaq qarşıdan gələn güllələrdən qoruyurdu, kiminsə sıldırım qayanı aşıb ona yaxınlaşa biləçəyini heç təsəvvürünə də gətirmirdi. Elə bu zaman kürəyinə söykənən lülənin soyuqluğu bir anda bütün bədəninə yayıldı, qolları boşaldı, beşaçılan əlindən yerə düşdü. Gicgahlarında aramsız olaraq bir səs duydu, ölümdən o yana yol yoxdu. Bütün çəsarətini topladı. Qılınçı çəkməyi ilə yerində fırlanmağı bir oldu. Ançaq eyni zamanda düşmənin gülləsi də açıldı və Babanın kürəyini yaralayıb keçdi. Qılınçın zərbəsi isə düşmənin başını bədənindən ayırıb yerə sərmişdi.

Atışma səsini eşidib Əylisdən könüllü türk əsgərləri köməyə yetişdi. Savaş daha da şiddətləndi. Erməni quldurları böyük itki verərək darmadağın edildi, tək-tük salamat qurtaranlar qaçdılar. Gələnlər bədənindən ayrılmış başın parağalı Aşotun oldu­ğunu bildirdilər.   

Arakelin məktubuna əsasən Əylis ermənilərinə köməyə gələn Aşotun silahlı dəstəsini görmək Arakelə qismət olmadı. Amma sağ qalan digər ermənilər Əylis meydanında Aşotun nizəyə keçiril­miş başını uzun zaman gördülər. 

  Niydenin quldur dəstəsi Xorxat yüksəkliyini ələ keçirməyə çalışırdı. Ordubad şəhərindən gələn könüllülər, Cəlil paşanın  ətrafında olan qaçqınlar dəstəsi və Ədif bəyin tabeliyində olan təlimatçı əsgərlərdən bir qrupu və Nehrəmdən  köməyə gələn vətənpərvərlər Andranikin qoşununa qarşı vuruşurdular. Şiddətli və qanlı döyüşlər gedirdi. Andranikin qoşunu Ordubada girə bilmədi. Amma hər iki tərəfdən yüzlərlə adam həlak oldu.

   Axşama yaxın ara sakitləşdisə də, narın qar yağmağa başladı. Ədif bəy əsgərləri ilə hər iki tərəfdən ölənlərin meyitlərinin dəfnini təşkil etdi. Rövşən bəyi və savaş zamanı öldürülmüş iki türk əsgərini ilk şəhid Məhərrəmin yanında dəfn etdilər.

    Xorxat döyüşlərində şəhid olan könüllülərin əksəriyyəti Xorxat dağında dəfn edildi. Cəlil paşa və Ədif bəyin  təlimatçılar bölüyündən  yeddi əsgər də bu döyüşdə şəhid oldu. Cəlil paşanın və yeddi türk əsgərinin nəşi Əylisə gətirildi və şəhidlərin yanında dəfn edildi.

    Əylisin şəhidlər məzarlığında on iki şəhid on iki qardaş kimi yan-yana uyudu.

 Şəhidlər məzarlığının baş tərəfinə qardaş Azərbaycan və Türkiyə cümhuriyyətlərinin aylı-ulduzlu bayraqlarını sancdılar.

Ədif bəy şəhid olan Rövşən bəyin, Cəlil paşanın və doqquz türk əsgərinin şərəfinə yaylım atəşi açılması haqqında əmr verdi. Dalbadal açılan yaylım atəşləri Əlbaba qayasında əks-səda verib Aladaşın üzərində əsdi, Arazın o biri sahilinə qədər gedib çatdı.

Anastası düşdüyü dərədə it ölüsü kimi sürüyüb bir çuxura quyladılar. Daşnaklar gecəynən Arazı keçib Əylisi tərk etdilər, öz günahları ucundan qorxub bir daha geri qayıtmadılar. Sahibsiz evlərdə qaçqınlar yerləşdi, sahibsiz qalan dükan-bazar yağmalandı.

 O vaxtlar Qarabağ talanı haqqında çox danışırdılar. Qarabağ müharibəsini də ermənilər başlatmışdı. Mahnı da yazılmışdı:

 

                Qarabağda talan var, 

                Zülfün üzə salan var.

                Gedirsən tez də qayıt,

                Gözü yolda qalan var.

 

       Əylis savaşı bu ətrafda Qarabağ müharibəsini yaddan çıxartdı. Bir il Əylisin düzlərində ac-yalavac qalan qaçqınlara qarşı ermənilərin qeyri-insani rəftarı onların qəzəbini coşdurmuşdu. Ədif bəyin onları qoruyacağı haqqında verdiyi sözə görə ermənilər saymazlıq göstərir, bu gün-sabah Andranikin müvəqqəti hökümətinin bu yerlərdə hakimiyyətinin qurulacağına inanır, qaçqınların həyat səviyyəsinin düzəldilməsinə heç bir köməklik göstərmir, qiymətləri qaldırır, bir növ iqtisadi çətinliklər yaradırdılar.

Qaçqınların isə artıq səbir kasası dolub daşırdı. Qaçqınların himayədarı Rövşən bəyin öldürülməsi qaçqınların hərakatına təkan verici qüvvəyə çevrildi. Əylis dağıldı, Əylisdə talan oldu, hətta Əylis talanına Nehrəmdən belə bütün kəndlərdə müvəqqəti məskunlaşan qaçqınlar qoşuldular. O vaxtlar belə bir bayatı yarandı:

 

                           Əylisdə talan oldu,

Qarabağ yalan oldu.

Gedənlər qayıtmadı,

Qalanlar nalan oldu.

 

 

***

EPİLOQ ƏVƏZİ

 

 Əylisi tərk etməyən sadə, zəhmətkeş ermə­nilərə heç kəs dəyib toxunmadı, onlar ömürlərinin sonuna qədər burada türklərlə mehriban bir ailənin üzvləri kimi yaşadılar.

 Erməni qızı Tamara Məmiyə iki ekiz oğul bəxş elədi, onlardan birinin adını Telman, digərinin adını Rövşən qoydular. Uşaqlar böyüyüb Əylisdə qalmadılar, Rusiyanın mərkəzi şəhərinə-Moskvaya gedib orada bisnes qurub ticarət ilə məşğul oldular. Yaydan – yaya Əylisə gəlib valideynlərinin yanında dincələr, Rövşən bəyin məzarını sayğıyla ziyarət edərlər.

 Rövşən, Rövşən bəyin evini əsaslı şəkildə təmir etdirdi. Rövşən bəyin çəkdiyi portretlər bu evin daimi eksponatlarıdır. Selcanın portreti evin yuxarı başında əbədi olaraq özünə məskən salıbdı. Selcan özü də ölənə qədər hər yay nəvəsi ilə Əylisə gəlir, Rövşən bəyin məzarını ziyarət edirdi.

Cəlil paşanın ölümündən altı ay sonra bir qızı dünyaya gəldi və nəsli artıb çoxaldı.

 Hərtün arvadı Haykanuş ilə yenə də öz köhnə evində yaşayırdı, axşamlar Fariz və Hidayət gəlirdi, yenə də çalıb oxuyurdular. Ması arvadın oynamağı gələndə yenə də Hərtünün qapısı açıqdı. Bu evdən həmişə musiqi səsi gələrdi. Hərtünün oğlu Jora İrəvana daha yaxşı iş üçün getdi.

 Erməni Minasın iki yetim qızı qalmışdı; Taniko və Arsenik. Taniko ilə kəndin müəllimi Mirzə Rahab evləndi. Arsenik ilə qaçqınlardan Mustafa bəy ailə qurdu, sonra köçüb İrana getdilər, nəsilləri artıb davam elədi.

 Sovet hakimiyyəti kənd müəllimi Mirzə Rahabı yüksək vəzifəyə irəli çəkdi, o, maarif komissarı oldu, iqtisadi imkanları xeyli genişləndi. Taniko qonşuluqda böyüyən bir qarnı ac, bir qarnı tox olan azərbaycanlı uşaqlara hərdən ya bir tikə çörək, ya bir alma verib onların məhəbbətini qazandı. Bütün gününü bu uşaqlara erməni mahnıları öyrətməklə keçirən Taniko Əylisdə baş verən hadisələri təhrif edərək danışır, həm də onlarda “məzlum” erməni xalqına qarşı bir məhəbbət oyadırdı.

Ümumiyyətlə, yeddi erməni qızını türklər alıb özlərinə ömür-gün yoldaşı elədilər. Türk kişilər sevdilər öz qadınlarını, onlara xoşbəxtlik bəxş etdilər, qəlblərində ermənilərə qarşı heç bir bədxah fikir olmadı. Onların övladları dünyaya gəldi, bu gün də nəvə-nəticələri yaşayır və işləyirlər, müstəqil Azərbaycanın ən ləyaqətli övladları sırasında sayılıb seçilirlər. Bu ailələrdən biri də Saşa ağanın qızı Firuzə ilə evlənmiş Zeynalın ailəsidir.

Nüsnüslü Məşədi Rzaqulu Saşa ağayla yaxın idi. Saşa ağanın qızı Firuzə Məşədi Rzaqulunun  oğlu Zeynalla evləndi və Əylisi tərk etdi. Zeynalın beş oğlu və qızları oldu. 1930-cu illərdə Zeynalın ailəsi Qazağıstana sürgün olundu. Bir müddət sürgün həyatı yaşayan ailə sonradan Azərbaycana qayıtdı. Saşa ağanın və Məşədi Rzaqulunun nəvələri – Zeynalın övladları respublikada çox hörmətli insan kimi yetişdilər və yüksək vəzifələrdə işlədilər.Mutuz Zeynal oğlu  Sadıqov, rus dili və ədəbiyyatı üzrə filologiya elmləri doktoru, professor, Rzaqulu Zeynal oğlu Sadıqov, fizika-riyaziyyat elmləri doktoru, professor, Sadıq Zeynal oğlu Sadıqov, polkovnik, Naxçıvan MR-in sabiq Daxili İşlər Naziri oldu.

             Nijde türklərə mehriban münasibət bildirən ermənilərə divan tutdu. Nazar kişinin dostu Buğusun dayısı Məşədi Məkkərə və oğlunun başına olmazın zülümlər açandan sonra atasının başına silah dayayıb öz oğlunu  güllələməyə  məcbur etdilər. Məşədi Məkkərənin oğlunu öldürməyə əli gəlmirdi. Amma oğlunu və özünü o qədər döyüb incitmişdilər ki, belə bir vəziyyətdə güllə bu əzablardan qurtuluş kimi göydən düşmə fürsət sayılırdı.

         Məşədi Məkkərənin gözlərinin yaşı saqqalını islatdı. Ömrünün ahıl çağında övlad qatili olmaq onun qəlbini sıxır, lakin qurtuluş yolu tapa bilmirdi. Bu vəhşiləşmiş erməni quldurlarında insaf deyilən heç nə yoxuydu. Məşədi Məkkərə nə edəcəyini bilmirdi. Oğlu da bir tərəfdən yalvarırdı:

  • Vur ata, vur məni!

Məşədi Məkkərə silahı qaldırdı, nişan aldı, amma

atmağa əli gəlmədi.

            Arxadan komanda eşidildi:

  • Vur!

Məşədi Məkkərənin tətiyi çəkməyə əli gəlmirdi,

gözləyirdi, anlar il qədər ağır keçirdi. Düşünürdü, bəlkə, kimsə insafa gəlib onlara rəhm edəcəkdi, bəlkə bir möcüzə baş verəcəkdi.

            Amma möcüzə baş vermirdi, insafa gələn də yoxuydu, hər tərəfdən qışqırırdılar:

  • Vur, Vur!..

Məşədi Məkkərə isə hələ də gözləyirdi. Başına ağır

bir zərbə dəydi, Məşədi Məkkərə üzüqoylu yerə yıxıldı. Başına, qarnına dəyən təpiklərin səsi qulaqlarında güyüldəyirdi. Onu yenidən ayağa qaldırıb  silahı əlinə verdilər. Gicgahına da silah dayadılar:

  • Vur!

Məşədi Məkkərənin daha bir gümanı qalmamışdı,

ümidi hər yerdən kəsilmişdi, üzünü göylərə tutub yalvardı:

  • Sən şahid ol, Allahım!  

Güllə açıldı, Məşədi Məkkərə öz oğlunu güllələdi.

Sonra da quldurlar Məşədi Məkkərənin özünü güllələyib Teştin yolunun kənarına atdılar. Ata-oğulun erməni qəbirstanlığında dəfn edilməsinə icazə vermədilər. Onları lənətlənmiş adamlar kimi elə Teştin yolunun kənarında basdırdılar. Hansı ki, Məşədi Məkkərə kimi insanlar sülh istəyirdilər, dostluq istəyirdilər, əmin-amanlıq istəyirdilər, onlar da hamı kimi birgə yaşayıb işləmək istəyirdilər.

 Məşədi Məkkərə və oğlunun həlakı xəbəri Nazar kişini çox sarsıtdı. Sonralar Sovet hökuməti bir qədər əmin-amanlıq gətirdiyi vaxtlarda Nazar kişi Teştin kəndinə gedən yolda Məşədi Məkkərənin və oğlunun məzarlarını dəfələrlə ziyarət etdi. Allahdan onlara rəhmət dilədi.

Nazar kişi öz ailəsi ilə birlikdə bacısı Nübarı və  bacısı uşaqlarını yanına alıb Əylisi daimi yaşayış məskəni seçdi.

 Nuhgədiyi kəndindən gələn qaçqınlar Əylisin yuxarı başında məskən saldılar, yaşadıqları yeri Nuhgədiyi məhəlləsi adlandırdılar, bu gün də orada yaşayırlar. Yaylağa qalxanda yollarını qədim Nuhgədiyi kəndindən salır, keçmiş günləri xatırlayırlar.

 Zöhrənin ərini ermənilər Oxçuda yandır­mışdılar. Zöhrə bir yaşlı oğlu Savalanla qaçqınlara qoşulub Əylisə gəlib çıxmışdı. Sahibsiz və tam köməksiz olduğundan İman həmişə onun işlərinə kömək edirdi. Sonra aralarında eşq macərası yarandı və evləndilər.

 Zəngəzur qaçqınları qaçan daşnakların evlərinə yerləşdilər, onların da evlərini daşnaklar zəbt etmişdi, əvəz-əvəz oldu. Zəngəzur Er­mənistana veriləndən sonra öz ata-baba yurdlarına qayıtmaq ümidini birdəfəlik itirdilər, yığcam halda yaşadıqları məhəlləni Qarabağ məhəlləsi adlan­dırdılar.

 Yerli türklər öz həyatlarını davam etdirdilər, yerli türklərdən heç kəs qaçan erməni evinə yaxın düşmədi. Hacı Nəcəf ağa, Aslan baba, Qafar kişi, Bəyməmməd, Alxan kişi, Kəblə Əhməd, Məşədi Bağır, Hayrik, Zəkəriyyə, Qurd Ağamir yenə də yaxın və mehriban idilər, bir-birlərinin xeyir-şərində iştirak edirdilər.

 Kəblə Əhməd nəvələrini, arvadı Heyran xa­nımı, gəlinini Arazın o tayında

n yenidən Əylisə qaytardı. Kəblə Əhmədin ailəsi bir ildən bir qədər artıq Siyarı kəndində qalmışdı. Kəblə Əhməd tez-tez bir neçə günlüyə yoxa çıxırdı. Sonralar məlum olmuşdu ki, Kəblə Əhməd Əylisdə qalan oğlanları Məşədi Bağır və Məsumla görüşmək üçün kəndə qayıdırmış.

Bir ildən sonra Kəblə Əhməd ailəsi ilə birlikdə kəndə qayıdanda Əylisin əvvəlki mənzərəsindən əsər-əlamət qalmamışdı. Əylisin xarabalığa çevrilmiş mənzərələrini görəndə Heyran nənə və Xanım ağladı. Balaca Məleykə də anasına qoşulub ağladı. Sonra Heyran nənə qara təsbehini çıxarıb dəfələrlə çevirdi, istixarə etdi, Allaha yalvarıb şükür dilədi. Heyran nənə övladlarının sağ-salamat olduğuna, evlərinin dağılmadığına şükür edirdi.

Məşədi Bağır atası Kəblə Əhmədə baş verən hadisələrdən danışdı, qonşu erməni Şaqinyanın evinin zirzəmisindən bir böyük sandıq rus beşaçılanı tapılmışdı. Silahları Ədif bəy öz əsgərlərinə və könüllü dəstənin üzvlərinə paylamışdı.

Kəblə Əhməd oğlu Məşədi Bağırla əl-ələ verib dədə-baba sənətini davam etdirməyə başladı. Kəblə Əhməd mahalın ən yaxşı dülgəriydi. Ata-balanın cəviz ağacından düzəltdikləi qapılar bu gün də qədim Əylisin darvazalarının bəzəyidir.

 Kəblə Əhmədin oğlu Məsum ölənə qədər ticarət ilə məşğul oldu. Bir gün də sovet hökumətinə işləmədi, arada onu həbs edib Zaqatalaya sürgünə göndərdilər.

 Ədif bəy bacardığı qədər erməniləri himayə etdi, xüsusən varlı ermənilərin köçüb getməsinə köməklik göstərdi. Bəzi erməni gəlinləri doğulan oğlan uşaqlarına Ədif adı verdilər. Ədif bəy Əylis dağılan­dan sonra türk komandanlığı tərəfindən geri çağrıldı, deyirlər ki, yol verdiyi nöqsanlara görə komandanlıq tərəfindən cəzalandırıldı.

 Qulam qardaşı Məhərrəmə verdiyi sözü tutdu, Məhərrəmin də, Rövşən bəyin də qisasını aldı. Qulam Qıcatın bacısı Şəfa ilə evləndi, 1925-ci ildə Qulamın oğlu oldu, adını Məhərrəm qoydu.

 Molla Nurməmmədi sovet rejimi Qazaxıstana sürgün etdi.

 Sovet rejiminin yaratdığı “Allahsızlar cəmiyyəti” kilsə, məscid, mədrəsə və  məbədləri xaraba qoydu. Hulaki xanın baş hərəmi Doq­quzxatun xanımın tikdirdiyi kilsə də sovet rejiminin qəzəbinə gəldi, əvvəl anbara, mal tövləsinə çevrildi, sonra da sökülüb dağıdıldı,  qar-yağış sularından aşınıb getdi.

İrandan Əylisə köçürülmüş, artıq iqtisadi imkan­ları məhdudlaşan erməni ailələri Rus impe­riyasının çökməsi ilə maddi yardımdan məhrum edildiyindən yenidən köçüb gəldikləri yerlərə getdilər.

 Rövşən bəyin əkdiyi kösəvdən göyərən ağac yazda çiçəkləmədi, qurudu. Cənnət guşəsində və Ala daşda qıpqırmızı lalələr açdı. 1906-cı ildə Rövşən  bəy Bakıdan Əylisə qayıdanda Əylis düzlərində açılan lalələr düz on dörd ildən sonra təkrar açdılar. Sanki düzlər, dərələr, Ala daşın ətrafı Rövşən bəyin ölümünə ağı deyir, qanlı göz yaşı axıdırdı.

 Ala daşa Qanlı daş dedilər. Rövşən bəyin məzarı ziyarətgaha döndü. Erməni daşnaklarının Ordubada hücumları zamanı və Əylis döyüşlərində  ölən şəhidlərimizin uyuduğu həmən məzarlıq  “Şəhidlər xiyabanı” adlandırıldı. İndi orada uyuyan on iki şəhidi Əylis camaatı sayğıyla xatırlayır, onlara Allahdan rəhmət diləyirlər.

Bayram günlərində məktəblilər “Şəhidlər xiyabanına” gəlir, şəhidlərin məzarlarına gül dəstələri, gül çələngləri qoyurlar. Məktəblilər  qəhrəmanlıq mahnıları oxuyur, Vətən torpağını, Vətən sevgisini bir tül kimi üzərinə çəkmiş şəhidlərə həsr edilmiş şeirlər söyləyirlər.

Rövşən bəyin əkdiyi kösəvdən göyərən söyüd ağacı hər on ildən bir yenidən göyərir, iki ildən sonra yenidən quruyub sıradan çıxır. Hər on-on iki ildən bir düzlərdə qıpqırmızı lalələr göyərir. Amma Qanlı daşın qan rəngi heç vaxt solmur, bu qan rəngi insanları ayıq-sayıq olmağa səsləyir, nahaq qan tökməməyə çağırır.

 Qanlı daş adi daş deyil, nəhəng Təkəqaya dağına söykənmiş balaca bir dağdır. Əylisdə çox daşlar qana bulaşmışdı. Lakin yağan yağışlar, qarlar o balaca daşları yuyub təmizlədilər. Qanlı daşa isə Rövşən bəyin qanı axmışdı, qərinələr keçsə də, qar-yağış suları o qanı yuyub təmizləyə bilmədi, o daşın üzərinə tökülən o müqəddəs qan qayalara silinməyən izlər nəqş elədi.

 Əylislilər Qanlı daşı əfsanələşdirdilər. Deyirlər ki, hərdən Qanlı daşın üzərində bir insan gəzir, hərdən qayalara söykənib oturur, oradan uzaqlara – Araza tərəf baxır, sanki, nəsə  bir xəbər gözləyir, bəlkə də kiminsə yolunu gözləyir…

 

Bakı-Əylis-Bakı 2014.

Nizami MURADOĞLU (Məmmədov)

filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitunda “Azsaylı xalqların folkloru” şöbəsinin müdiri

 

1955-ci ildə Ordubad rayonunun Əylis kəndində anadan olubdur

Müəllifin bu günə qədər oni kitabı: (“Qayıda bilmirəm” -1989, “Dayan, əsən külək”- 2002, “Vətən dərdi” -2005, “Sabaha açılan qapılar”- 2009, “Bu dünyanın məzarları ağlamaz” -2010, “Yaşayan Cavidlər” -2012, “Sözün Məmməd Araz zirvəsi” -2013,”Baba ocağı”-2014,seçilmiş əsərləri-2015,”KDQ” və müasir Azərbaycan poeziyası-2016 ) çap olunubdur.

  Nizami MURADOĞLU Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Vətən-Media”, “Həsən bəy Zərdabi”, “Qızıl qələm” mükafatları laureatıdır.