Tanınmış şairə Adilə Nəzərin bir neçə şeirini Strateq.az oxucularına təqdim edirik:
YERLƏR DƏYİŞİR və ya "Cavid Əfəndiyə şikayət"
Yenə də eynidi, Cavid Əfəndi,
Rusları qovuruq, ingilis gəlir.
Yəhudi, ərəb, fars, fransız fəndi
Vətən torpağına hiylə ələyir.
Dünya dəyişdikcə, tərs avand olur,
Oyundan çıxarar ağı qaralar…
Zülməti doğrayan nurun qolunu
Dəmir bilərziklər kəsib yaralar…
Feilə, fəlakətə, kinə qol çəkir
Əsalət simvolu olan baronlar.
Əqrəb quyruğunda yuvalar tikir,
Ruhunu sərmayə qoyan "firon"lar.
Bir küp qırığında qırıb inadın
Yarasa quşları dönməz qoruğa.
Bilik tanrısının qartal qanadın
Əyri dimdiyilə yaralar qarğa.
Götürür başına yol-yoxuşları
Xoruz öpüşləri, fərə naxışlar.
Bülbül həvəsinə uçan quşları
Qapıda qarşılar bayquş baxışlar.
Oturub şeytana papışlar tikir
Bizim iynəmizlə vətəndə “con”lar.
Xalqın əzabından, qəmindən çəkir
Eşşək arısı tək ləzzəti onlar.
Tarixə çevrilir bahar gülüşlər,
Burda çovğun ilə tufan deyişir.
Oyundan çıxarar ağı qaralar,
Dünya dönür deyə, yerlər dəyişir.
XƏBƏRİN OLDUMU
Xəbərin oldumu?
Bu bahar xəzan əsdi dağlara,
daşlara, yamaclara,
təzə çiçəkləyən ağaclara.
Bülbüllər günahkar-günahkar oxudular –
naləsinə güllər ağladı.
Xəbərin oldumu?
Bütün şeirlərimin üzlərini qəm,
gözlərini qan tutdu.
Yazdıqlarım can üstədi, sağ qalmır,
Gedənin yeri dolmur,
buralardan uzaqlara hara gedim? –
burda da qalmaq olmur.
Xəbərin oldumu?
Çox çağırdim bu gecə,
ilk heca və son heca: –
al apar məni
bu xəzan vurmuş baharın əlindən, Allah!
Bu bahar gözümdən düşdü,
bu bahar məni qışdan betər üşütdü.
Xəbərin oldumu?
Yollarımız ayrıldı – ayrılığı istəmədən,
qəlbimdə bir həsrət var
Ağrı dağını əridən…
Gözlərimi bulaq bilib çağlatdı,
ümidimi bağladığım qan ağlatdı
bu bahar
Xəbərin oldumu?…
ADSIZ ŞEİR
Sərbəst şeirlərim oğlum kimidir,
Heca şeirlərim qızımdır mənim.
Bütün şeirlərim özüm kimidir,
Elə qış içində yazımdır mənim.
Bilirəm, dünyada hamı qonaqdır,
Mənim nişanəm yox, kim anar məni?
İtsəm aranızdan,- bu ki bir haqdır,
Yəqin şeirlərim yaşadar məni.
Deməyə bir ayrı söz nə gərəkdir,
Alışar, dərdimi desəm hər kimə.
Budur vəsiyyətim: bez nə gərəkdir, –
Məni bükərsiniz şeirlərimə.
DARIXDIM
Mənə bir nəğmə oxu – darıxdım…
Qurtar məni sıxıntıdan,
dünən getdiyim yoldayam hələ də…
karıxdım…
Keçmişimdən –
bir gənc qızın yetim səsindən,
bir nəğmə oxu –
lap ahəstəsindən…
Mənə bir nəğmə oxu – darıxdım…
Göy üzündən,
dəniz mavisindən,
bu dünyanın soyuğundan, istisindən…
Bu günümdən –
gücsüzlüyümdən,
ümidsizliyimdən sabaha baxdım…
Mənə bir nəğmə oxu – darıxdım…
Od yanır sinəm altında –
qar ol, yağ, bir az üşüt.
Donuram, Günəş ol,
bir az isit…
Bulud oldum,
doldum gözlərinə neçə ildir,
axdım, axdım…
Mənə bir nəğmə oxu – darıxdım…
TƏK İŞIQ
Gecənin qaranlığına gömülmüşəm,
ulduz da yoxdu səmada
sayıb üzümü yalandan güldürməyə –
vaxt öldürməyə.
Üşüyürəm, bürünmüşəm tənhalığıma –
hava soyuqdu, əllərim soyuqdu,
insanlar soyuqdu…
Suallarım cavabsız,
hamı haqlı, mən haqsız.
Yerin-göyün arasında nə varsa ixlassız…-
arxada qoyub getmək istəyirəm.
Həyat və ölüm bu qədər yaxınkən bir-birinə,
nəyinə döyüşürəm dünyanın, nəyinə?…
Xatırladığım qırx il əvvəl çay qırağında
o qırmızı donlu qızın
yalın ayaqlarını kəsən şüşə qırıqlarının
gün işığındakı gözqamaşdırıcı şüaları.
Hiss etdiyim başımdakı kirpi yuvasını xatırladan
dəlik-deşik, çopur sızıltısı.
Dünya eşq məktubuymuş,-
gecə qaranlığı şeytan badalağı…
Sözlərimin ləngərində cəhənnəm qorxusu,
mənim gözlərimdə ölüm yuxusu.
Allah,
sən bu qaranlıqda tək işıqsan! –
Günahımı bağışlarsan…
Mən ömrümdə heç göyərçin uçurtmadım…
ƏZBƏRDƏN BİLDİYİM ADAM
Səni oxuya bilmirəm,
Bu gün tor gəlib üzünə.
Söküb toxuya bilmirəm,
Görünməyirsən gözümə,
Əzbərdən bildiyim adam!
Şəkillərin də danışmır,
Susub baxır üzə key-key.
Dərmanımdır gözlərimdən
Dodağıma süzülən mey,
Əzbərdən bildiyim adam!
Görəsən, bu sirr nədədir,
Haqdan gələnlər hədədir…
Mənim ki, yoxdu tələbim,
Ay gizli yaram, səbəbim,
Əzbərdən bildiyim adam!
Mənə qədər, məndən belə
Kim sevmişdi mən tək səni?!
Keçdi, gecdir, indən belə
Tanımaram mən də səni,
Əzbərdən bildiyim adam!
Səni dərdlərimə çarəm
Bilmişdim, çərlətdin, -çərəm.
Unudacam, – unutmasam,
Günəş tutmasın pəncərəm,
Əzbərdən bildiyim adam!
SƏNİN PƏNCƏRƏNDƏ MƏNİM ÜMİDİM
Nə köks ötürürəm, nə ah çəkirəm,
Sönür adımıza yandırdığım şam.
Sənin pəncərəndə mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.
Bilmirəm nə işdi, daşdan fərqi yox,
Qaynar gözlərinin qışdan fərqi yox,
Qəlbimin bir bala quşdan fərqi yox,
Əcəl təri tökür hər nəfəsində.
Solur üzümdəki o tər baxışlar,
Tanrı surətini verməyib demək.
Görünür payızda yağan yağışlar
Yeddi rəng olmayır yaz yağışı tək.
Yarpağı tökülən ağacın dərdi
Payızın eyninə deyildir, paşam.
Eh, sənə nə var ki, mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.
İNSAN MƏLƏK DEYİL
Tanrıya çatmağın yolları çoxdu,
Xoşbəxdir ən doğru yolu bulanlar.
Bəxtləri gətirən o kəslərdi ki,
Zəkası nəfsindən üstün olanlar..
Nəfs zəhərdisə,- zəhər də dərman,
Olmaz ölçüsünü itirmək bir an.
Mələk deyildir ki, nəfsin öldürə,-
Nəfsini tərbiyə etməli insan…
Mən də nəfskaram, nəfsim Sevgiyə,
Bəndəyəm, -Ondadır böyüklük yenə.
Günah var kiçilər, azalar, itər,
Əriyər tövbənin böyüklüyünə…
Yalan söz, – məhəbbət, Eşq dəlilikdir,
Sevmək xanımlıqdır, əfəndilikdir.
Dünəndir, bugündür, əbədilikdir,
Bundan o tərəfə zaman işləməz…
Adilə, nə olsun, çoxları deyir –
Nəfsinə yenildi, puç oldu Həvva.
-Seçimi Adəmə buraxdı Tanrı,
Cənnət seçilmədi, seçildi Həvva.