XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2016 - 01:35

Dərbənddən bərinin tonqalı –  Ramiz Qusarçaylıya məktub

hemid

Həmid ORMANLI

 

Əzizim, Ramiz bəy!

Olanına bərəkət. Nə yaxşı ki, Sən varsan. Varlığını fürsət bilib üzümü Sənə tuturam. Özün yaxşı bilirsən! Özün yaxşı bilirsən  ki, yalan gerçəkləşdikcə, gerçəklərin yalana çevirildiyi bir dövrdə yaşayırıq. Az qala deyək ki, hər şeyin zayı çıxıb. Sevgiyə də, seçkiyə də, içkiyə də su qatırlar. Hər yerdə belədir.Eləcə də ədəbiyyatda. Fikrət Sadıq demiş, hamı şeir yazır. Millət şeir yazmaq azarına tutulub – deputat şeir yazır, nazir şeir yazır, bazarkom şeir yazır. Şeirin gözü aydın olub. Daha dizlərdə, siqaret qutularına, salfetka kağızlarına, gürcü dili dəftərinə, köhnə idarə blankların 5 qəpiklik qələmlərlə yazılmır. Bu gün şeir çil-çıraqlı isti otaqlarda üstü brilyant qaşlı qızıl qələmlərlə yazılır.

Dərd burasında deyil. Dərd orasındadır ki, şeir yazanlar, it unu misalı, hər yerə səpələnsələr də,  ölkədə yeni dövrün dərkindən yaranan, onun  ağrısını-acısını özündə ehtiva elətdirən həqiqi şair sözü görünmür. Sözünün işığı gələn yaxşı şairlərin sayı, az qala, barmaq saydadır.

Həmin o barmaq sayda olan  şairlərdən  biri də  Sənsən. Niyə məhz Sən, niyə məhz Ramiz Qusarçaylı? Lap kəsə deyəcəm. Çünki Ramiz Qusarçaylı kiminsə güllü tumanını görüb şair olanlardan deyil. Ramiz Qusarçaylı mürəkkəb milli-etnik tərkibə malik Quba kimi bir rayonda doğulub, özünün milli kimliyini dərk etdiyi  üçün şairdir…

Şair var – özü fağırdır, sözü ağırdır; şair var – xəlvətdə od püskürür, ancaq şeiri can verir. Şair var – sayları çox olsa da, nə özü bir şey deyil, nə sözü. Şair də var – Ramiz Qusarçaylı kimi. Özü də döyüşür, sözü də!

Əzizim Ramiz bəy!  Sən Qubanın şimal soyuğunun qabağında şerin istisinə qızınıb şer yazırsan. Bu, sənin Bozqurdluğundan gəlir. Əslində Sən şeir yazmırsan, tonqal çatırsan. Elə bir tonqal ki, Dərbənddən bərinin tonqalıdır o tonqal.

Tonqal dedim, Zakir Məmmədin sazı yadıma düşdü. Borçalı ağacından düzələn sazı. Ramizin tonqalı, Zakirin sazı. Şair olsaydım, bu mövzuda gözəl bir şeir də yazardım. Ruh qardaşımız Çiçəyə təxminən buna yaxın mövzuda Sən özün daha yaxşı yazmısan:

O sazı nə yaman qucaqlamısan,

Harası ağrıyır o sazın, Çiçək…

Yaxşı tutmusan o məqamı! Sazın ağrısı elə Türkün ağrısıdır.  Adı özündən qorxulu Türkün. Sazın ağrısı Qubamızın ağrısıdır. Təbrizin, Dərbəndin, Göyçənin, Borçalının ağrısıdır. Kərkükümüzün, Mosulumuzun ağrısıdır. Şuşanın ağrısıdır, a kişi, Şuşanın ağrısıdır – sazımızın ağrısı. Şuşa ağrısını hər gün təzə yaşayıb təzə yazırsan. Yazdıqlarında da ürək görünür. Ürək köpəkoğlu şeydir.

Şuşada güllər gülürmü,

Dağına duman gəlirmi,

Xudu müəllim bilirmi?-

Şuşaya gedə bilmirəm…

Bu günə kimi hələ heç bir Qarabağlı İncəli Akif Səmədin bu şerindən o yana keçə bilmir. Çünkü Akifin Şuşa ağrısının da, şüşə ağrısının da sirri infarktı qoşasından tapan böyük ürəyindən gəlirdi…

Eyni fikirləri Sənin silsilə Şuşa şerlərin haqqında da demək olar. Yaxud da elə götürək “Azərbaycan bayrağı” şerini:

Sənsən Azadlıq eşqim, Sənsən hürr, – deyəcəyəm,

Ən son nəfəsimdə də Sənə şeir deyəcəyəm,

Şuşada Sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı!!!

Azərbaycan bayrağı!!!

Belə gülü hər gülüstan bitirməz, hər dağa belə qar yağmaz. Möhtəşəmdir. Çünkü bütövləşmiş bir Türk kişisinin ürəyindən su içib. Evində belə baş çıxarda bilməyən içki düşkünlərindən, istedadsız, simasız insanlardan belə şeir gözləmək də düzgün deyil.

Əzizim, Ramiz bəy!

Bir-iki cümlə də səbr elə, bitirirəm… Sənin şeirlərin  həm də mənə ona görə doğmadır ki, şeirində necəsənsə, özün də eləcənəsən. Şeirində peyğəmbərlik eləyib həyatda küfürnən məşğul olanları azmı görmüşük? Bir də baxışlarında çox oyaqsan. Yaşca Səndən kiçik olduğum üçün bu fikrimə görə, hər ehtimala qarşı, üzr də istəyirəm. Quşu gözündən vurursan. Maaşallah olsun! Heç şübhəsiz ki, bu, həm də Sənin şair intiusiyandan irəli gələn keyfiyyətdir. Mürşüdüm Akif Səməd deyirdi ki, yaxşı şair gərək havanın proqnozunu sinoptikdən, ürəyin kardioqramını kardioloqdan tez xəbər tutsun. Bu üstün keyfiyyət Səndə də var (Kaş bir az da artıq olaydı). Az qala hər şerində bu cəhət hiss olunur:

 Nə var-nə yox, Akif Səməd?

Gör, kimlər öldürdü Səni.

Doğma havalar üstündə

Yad Simlər öldürdü Səni…

Əladır – “Doğma havalar üstündə yad simlər” məsələsi məni yaman tutdu. Ancaq inan ki, onlar da öldürə bilmədi Akif Səmədi. Ölüm məğlub oldu Akif Səmədə. Bir dəfə, beş dəfə, yüz dəfə… ha cəhd elədisə, bacarmadı. Ancaq ölümə də ölüm deyərlər. Ölüm yenə də inadından əl çəkməyib. İndi də şeytanla qol-boyun olub hiyləyə əl atır. Namərd ölüm Akif Səmədə ölü kimi laqeyid “dostlarının”, “eloğlularının”, “özününkülərin”, … əli ilə hücuma keçir, qovğaya qalxır, qovğadadır. Akifin öz sözü ilə desək, “Bacarmayacaqsınız, ay həpəndlər”. Bu gün Akif Səməd Atilaylarda, Ulucaylarda… cismən də bərpa olub, aramıza qatılır. Bu günlərdə Ulucay Akifin şerlərinə baxdım. Akif Səməd göründü Ulucayın şerlərində. Atilayın gözlərinə baxdım, Akif Səməd mənə baxdı Atilayın gözlərindən. Akif Səmədin ölümünə inanıb bu gün cilddən-cildə girənlərə Atilayın dodaqlarında gülür Akif Səməd. Bunlar Sənin bildiyin şeylərdir, Ramiz bəy. Əslində elə Sən də bunları bildiyin üçün şairsən. Bunları bildiyin üçün ölümdən qorxmursan. Bunları bildiyin üçün Sənə və Sənin şerlərinə  ölüm yoxdur. ..

Tonqalın ətrafında görüşmək ümidi ilə,

Həmid Ormanlı.