Azərbaycan dilində durğu işarələrindən bəhs edən yeni kitab çap olunub.
Vahid Dumanoğlu və İlkin Əsgərin həmmüəllif olduğu kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.
Kitabın redaktoru filologiya üzrə elmlər doktoru, professor Fikrət Xalıqov, rəyçiləri isə filologiya üzrə elmlər doktoru, professor Əbülfəz Rəcəbli və filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlidir.
Qeyd edək ki, “Müasir Azərbaycan ədəbi dilində durğu işarələri” adlanan kitabda durğu işarələri, işlənmə məqamları, yazılı nitqdə onların daşıdığı funksiya və səciyyəvi xüsusiyyətlər göstərilməklə bədii ədəbiyyatdan gətirilən praktik nümunələr üzərində şərh olunub. Bundan başqa, durğu işarələri haqqında mövcud qaydalar daha da sistemləşdirilərək təkmilləşdirilib, onların əvvəlki dərslik və vəsaitlərdə verilməyən işlənmə məqamları sistemli şəkildə izah edilib. Kitabın sonunda durğu işarələrini tədris prosesində daha yaxşı mənimsətmək üçün poetik nümunələr və səhnəcik verilib.
Kitab şagirdlər, tələbələr, magistrantlar, doktorantlar, orta və ali məktəb müəllimləri, jurnalistlər, ümumiyyətlə, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.