XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2016 - 17:18

Füzuli şeirinə fərqli bir baxış:Bir beytin altında yatan hikmət

ney-ufleme-300x204

 

 

 

 

 

 

 

 

 

 

 

Saytımızda geopolitik təhlillərini, araşdırma yazılarını oxuduğunuz şair-publisist Heydər Oğuz həm də klassik ədəbiyyat nümunələrimizi özünəməxsus tərzdə şərhləriylə tanınır.

Füzulinin bir beytinə onun fərqli baxışını təcəssüm etdirən bir şərhini Strateq.az oxucularına təqdim edirik:

Ney-i bəzm-i qəməm, ey mah, nə bulsan, yelə ver
Oda yanmış quru cismimdə havadan qeyri!

Ölçüsü: Feilatün/feilatün/feilatün/feilün

Mənası: Ey ay(üzlü), mən qəm məclisinin neyiyəm. Oda yanmış quru cismimdə havadan başqa nə tapsan, yelə ver.

Açıqlaması: Şair burada özünü neyə bənzədir. Neyə bənzəməsinin iki  səbəbi var: aşiq də həm ney kimi qəmlidir, həm də eşq odunda yanmış quru cismi forma etibarilə neyə bənzəyir. Bəlkə də elə onun ney kimi qəmli olmasının səbəbi odda yanmasıdır.

Ney bildiyimiz kimi qamışdan hazırlanır. Qamışlıqdan yığılan qamış günəşin altına sərilərək qurudulur. Və sonra ondan ney düzəldilir. Qamış nə qədər yaxşı qurusa, ondan düzəldilən neyin səsi də bir o qədər yanğılı çıxır.

Təbii ki, günəşin altında qurudulmaq hələ odda yanmaq demək deyildir. Şair isə özünü neyə bənzədərkən, odda yanmağı xüsusi olaraq vurğulayır. Bu xüsusiyyət təsadüfi olaraq seçilməmiş və yalnız aşiqə xas olan keyfiyyət də deyil.

Məsələ burasındadır ki, neyin odda yanmaqla bir başqa və birbaşa əlaqəsi var. Bildiyimiz kimi, neydə altısı yuxarıda, biri aşağıda olmaqla yeddi deşik açılır. Qədimdə bu deşiklər qızdırılmış şişlərlə açılardı. Yəni qurudulmuş qamışların üzərinə qızdırılmış şişlərlə basılır və həmin yerlər yandırılaraq deşiyə çevrilirdi. Şair bu əməliyyatı odda yanmaq kimi ifadə edir.

Neyin üzərində yeddi deşiyin açılması təsəvvüf ədəbiyyatında cənnətə işarədir. Əski inanca görə cənnətin yeddi qapısı var. Qapılar hasarlarda, divarlarda olur. Hasarı ney kimi düşündüyümüz zaman, qapılar orada açılmış deşiklərə bənzəyir. Şair bu mənzərəni açıq ifadə etmədən sadəcə oda yanmaqla  yada saldığına görə klassik ədəbiyyat nəzəriyyəsində ən çox işlənən bir sənətdən istifadə etmişdir. Bu sənətə kinayə deyirlər. Yəni fikir açıq ifadə edilmədən ona eyham vurulur.

Beytdə sevgili əvəzinə mah sözünün işlədilməsi də təsadüfi deyil. Ay həm öz rəngi, həm də hilal vəziyyətində olduğu zaman forması etibarilə qızdırılmış şişə oxşayır. Üstəlik, şiş qamışı yandırdığı kimi sevgili olan ay da aşiqin ürəyini şişləyir.

Ayın qamışla digər bir əlaqəsi də olmamış deyil. Çünki divan ədəbiyyatında qamış, ney və ayla qurulan tənasüblərə tez-tez rast gəlinir. Bəlkə də bu, qamışdan ney düzəldən sənətkarların peşə mədəniyyətilə əlaqədardır. Fəqət mən bu peşənin sirlərini bilmədiyimdən o əlaqəni də əsaslandıra bilmirəm.

Beytdə keçən “hava” sözünün bir çox mənası var. Mənalardan biri bu gün rahat başa düşdüyümüz hava deməkdir. Neyin çalına bilməsi üçün neyzənlər ona hava üfləyirlər. Bu təsvir adamı təsəvvüf düşüncəsindəki insanın yaradılması haqqında təsəvvürlərə aparır. Həmin təsəvvürə görə, Allah Adəm peyğəmbəri gildən yaradıb. Sonra ona can vermək üçün bədəninə ruh üfləyib. Yəni eynilə neyzən neyi çalarkən, etdiyi hərəkətə bənzər ilahi iltifat sayəsində bəşər övladı cana gəlib.

İnsana canın ağızdan üfləndiyini düşünsək, bu, ağız-ağıza öpüşü xatırladır. Öpüş sevginin əlaməti olduğundan ilahi eşq fəlsəfəsinə uyğundur. Digər tərəfdən, suda boğulan insanı yenidən həyata  qaytarmaq üçün əskilərdən bəri eyni metodla onun ağzına hava üfləyirlər. Və buna klassik ədəbiyyatda “həyat busəsi” deyilir. İnsan həyat busəsiylə cana gəldiyi kimi, ney də neyzənin nəfəsiylə dilə gəlir. Bu nəfəs kəsiləndə isə əhəmiyyətsiz bir varlığa çevrilir. Başqa təbirlə desək, çalınmayan ney ölü neydir.

Bir halda ki, cansız gilə üflənən nəfəsə görə yaşamaq haqqı qazanmışıq, deməli, insanı insan edən də canında daşıdığı Haqq nəfəsidir, havadır. İnsan dünya malına aludə olduqca, bu havanın üstünü örtür, onu gizlədir. Əməlisaleh insan Haqdan gələn dəyərli cövhəri gizlədən masivadan, yəni Ondan başqa hər şeydən arınan insandır.

Haqdan gələn bir nəsnəni gizlətmək həm də “kafir” sözünü ağla gətirir. Bildiyimiz kimi, “kafir” – ərəb dilində gizlədən deməkdir. Kafir olmayan insan Haqqın təcəllasını gizlədən bütün vasitələrdən azad olmalıdır ki, cənnət qapısından üzüağ içəri daxil ola bilsin. Füzulinin havadan qeyri hər şeydən arınmaq istəməsinin bir səbəbi də bu ola bilər.

“Hava”nın digər bir mənası arzu və istəkdir. Şair “cismimdə havadan başqa nə tapsan yelə ver” deməklə, yalnız arzu və istəyinin qorunmasını diləyir. Digər dəyərlərin-masivanın isə yelə verilməsini, yəni yox olmasını arzulayır.

Adətən, hava klassik ədəbiyyatda dünya arzusu, mənasız, cılız duyğular kimi tərənnüm olunsa da, burada Füzulinin onu tamamilə başqa mənada ələ aldığını görürük. Bu beytdə söhbət ilahi eşqdən getdiyindən aşiqin digər dünyəvi hislərdən xilas olması lazımdır. Məsələyə bu aspektdən baxanda “havadan başqa nə tapsan, yelə verilməsi”nin səbəbi aydın olur.

Yelə vermək ifadəsi burada tövriyəlidir. Yəni iki mənaya gəlir. Həm neyzənin neyi üflərkən ona doldurduğu nəfəs, həm də təmizləmə mənasındadır.

Bildiyimiz kimi, biz bəzi maddələri arıtmaq üçün onu üfləyirik. Üfləmə nəticəsində dəyərli hesab etdiyimiz maddələrin üzərindəki toz təmizlənir. Eyni metoddan keçmiş zamanlarda dənli bitkilərin təmizlənməsində də istifadə edirdilər. Məsələn, buğdanı tozdan arındırmaq üçün onu küləkli havada göyə sovururdular. Buna “xırman” deyilirdi. Bəzən toplanan məhsul xırman dövründə xeyli azalırdı. Çünki külək onun samanını, tozunu, torpağını aparıb saf məhsul halına gətirirdi. Bu da “məhsulu yelə vermək” adlanırdı. Dilimizdə məşhur atalar sözü var – "Şumda razılaşaq ki, xırmanda yabalaşmayaq” .

Xırmanda  yabalaşmağın səbəbi məhsul itkisiylə əlaqədar idi. Bəzən ortaqlar azalan məhsulun səbəbini digər tərəfin əliəyriliyində axtarırdı. Şumda razılaşıb xırmanda yabalaşmayanlar isə yığdıqları məhsula qane olub və bunu musiqi məclislərində o dövrün qaydalarına uyğun “qeyd edirdilər”. Təbii ki, məhsulun azlığından qəlblərində sevinclə qarışıq, qəm də olurdu və həmin məclislərdə çalınan musiqi alətlərindən biri də ney idi. Şair burada “neyi-bəzmi-qəm” deyəndə sanki bu hadisəni canlandırmaq istəyir. Beytin məzmununu da bu xırman mövsümü təşkil edir.

“Bəzm” sözünün digər mənası mətla beytində haqqında söhbət açdığımız bəzmi-bəlayla əlaqədardir. Bu haqda artıq məlumat verdiyimizdən bir daha üzərində dayanmağı əbəs hesab edirik. Sadəcə onu qeyd etmək yerinə düşərdi ki, burada şair həm də təlmih sənətindən istifadə edib.

Neyin qəmli olması qamışlıqdan kəsilib ayrı salınmasıdır. Aşiq də məhz bəzmi-bəladan ayrı düşdüyü və Quranın “məndən gəldiniz mənə qayıdacaqsınız” müjdəsinin həsrətiylə yandığı üçün qəmlidir.

İstifadə olunan sənətlər: kinayə, tövriyə, təlmih.

Heydər Oğuz