XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 10:52

Tariximizin günümüzdə əks-səda verən ağrıları  – Cəlil Məmməquluzadə:“Biz azadlıq binalarımızın bünövrəsini əşxas üstündə tikdik, millət üstündə tikmədik”

c

“Millət” ləfzi İranda yoxdur. Nə qədər ki, qamusları vərəqlədim, nə qədər ki, camaat içində dolandım, – “millət” sözünü nə eşitdim, nə də bir kitabda gördüm.

O yerdə ki, lüğət kitabında gərək yazılaydı “millət”, orada millət əvəzinə yazılıb “şəxs”. O yerdəki söz düşəndə gərək millət sözü danışıla  – orada “əşxas” ( “şəxslər” – red ) ləfzi istemal olunur.

Və məhz bu səbəbdəndir ki, bizlərdə millət qurğuları şəxsi qurğular şəklində meydana gəlir, milli işlərimiz əvəzinə şəxsi dəsgahlar peyda olur.

Bu söhbətin bir müxtəsər tarixi var.

Qədim əsrlərdə də belə imiş; yəni millət ibarət imiş bir şəxsdən, ya bir neçə şəxsdən. Millət yox hesabında imiş.Ta ki, ortancı əsrlərin əvvəlində məşhur filosof Demokrit birinci dəfə olaraq söylədi: “millət”, “millət” və bəyan etdi ki, hər məmləkətin tək bir sahibi var ki, onun adı millətdir.

Bir qədər vaxt bu söhbət yenə fəramuş oldu. Ta ki, miladi tarixin  1793-cü ilində yür üzünün ən nəcib millətlərindən hesab olunan Firəngistan camaatı yenə bir səslə dedi: “millət, millət”

Və bundan sonra Firəngistan millətpərəstliyi sayəsində yer üzündə çox-çox millətlər tərbiyə olundu, millətçilik və azadixahlıq bayrağı cəmi məmləkətkərə sirayət elədi və onların cümləsində biz də yüngülvari hərəkətə gəldik. Və lakin bircə fərq burasındadır ki, biz dəxi istəmədik qeyrilərə təqlid edək, biz özümüz üçün məxsusi bir azadlıq fabrikası bina etdik ki, bu fabrikadan çıxan mal firəng və Avropa azadixahlığına oxşamasın, necə ki, məsəl üçün, şüşə karxanası ya ki, əba fabrikası. Qərb azadixahlığı ilə bizim azadixahlığımızda haman təfavüt əmələ gəldi ki, biz azadlıq binalarımızın bünövrəsini əşxas üstündə tikdik; millət üstündə tikmədik.

Onunçün bu on beş ilin müddətində hərvaxt ki, özümüz üçün bir azadlıq binagüzarlığı istəmişik eləyək, – özümüzə öz çiynimizdən bir şəxsi sultan qərar vermişik və o sultandan izn hasil olmamış dinləməyə və danışmağa ixtiyarımız olmayıb və bunun adını qoymuşuq azadlıq!

O ki, qaldı millət, – o da kənardan qalıb baxa-baxa; çünki kənardan baxmağa min-min illər adət edib.

Mən heç cür demirəm bu fabriklərin hansı yaxşıdır, hansı pisdir, hər kəsin meyli hansını çəkər, – onu qəbul elər. Buyur ağa, mərhəmətin artıq.

Əgər meylin çəkir, bunu götür, meylin çəkmir o birini götür, elə ikisi də fabrikin malıdır. Ancaq bunu bil və eşit ki, məmləkət və camaat cəmi əfraddan ibarətdir, yoxsa o cızbızçı və dükançı, başmaqçı və kömürçü, o lüt bambılı qardaşları nəzərdən salıb, böyük əşxası özü və büt qərar versən, sənin azadlıq fabrikanın mətaı qeyri millətlər içərisində o qədər rəvac tapmaz və axırda fabrikanı bağlamağa məcbur olub, məəttəl qalarsan. Ondan dəxi məndən küsmə!