XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 13:01

Tariximizin günümüzdə əks-səda verən ağrıları:Məhəmmədhüseyn Şəhriyarın “Azərbaycan” qəzəli

sehriyar

Məmmədhüseyn ŞƏHRİYAR

 

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!

Xoş günlərin getməz müdam xəyalımdan, Azərbaycan!

Səndən uzaq düşsəm də, mən eşqin ilə yaşayıram,

Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan!

 

Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə

Abad olub, azad olub, mülkü-İran, Azərbaycan!

Bisütuni-İnqilabda Şirini-Vətən üçün Fərhad,

Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan!

 

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,

Ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan!

Qurtarmaqçün zalımların əlindən Rey şümşadını,

Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!

 

Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,

Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!

İgidlərin İran üçün şəhid olmuş, əvəzində

Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!

Evladların nə vaxtadək tərki-vətən olacaqdır?

Əl-ələ ver, üsyan eylə, oyan, oyan, Azərbaycan!

Bəsdi fəraq odlarından kül ələndi başımıza,

Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!

Şəhriyarın ürəyi də səninki tək yaralıdır,

Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan …