XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 12:42

Tariximizin günümüzdə əks-səda verən ağrıları:Hüseyn Cavid – “Şərq qadını”

huseyn_cavid

Hüseyn CAVİD

 

Mən nə idim? Şərqin əzilmiş qadını!

(Bir az sükut…)

Mən nə idim? Uf, onu heç sormayınız!

Varlığım bir quru heç!

 

Keçmişin ən qaba, ən vicdansız,

Kirli dırnaqları qəhr etdi məni.

Görmədim gün işığı;

Doğduğum gündən – əvət – tarixin

Paslı zəncirləri inlətdi məni.

 

Hər tərəfdən qara bir mövhumat

Pərdələr çəkdi həmən gözlərimə…

Qoparırkən fəryad,

Etdi qanun ilə din istehza

Mənim öksüzcə qırıq sözlərimə.

 

Yox, yalan söylədim, aldanmayınız;

Vardı bir çox tapınanlar da mana

Çünki pək dilbər idim,

Süslü kaşanələrin qoynunda,

Məni sarmışdı ipəklər, tüllər…

Ağlayırdım gülərək,

Alışıb məhbəsə, altun qəfəsə,

Söndürürdüm qaba şəhvətləri mən…

 

“Pək gözəlsən” – qaniçən sultanlar

Məni əyləncə yapar,

Çox zamanlar da bağışlar birinə,

“Ən nəfis işvəli bir qüvvə” – deyə.

Oh, nə miskincə həyat!?

Yeri gəldikcə atarlar Nilə,

Yaxud atəşkədəyə…

 

Duyğusuz tanrıya qurban olaraq,

Kül olurdum yanaraq, qıvrılaraq.

Daha dəhşətli bəla, – çirkin isən, – 

Atacaqlar dərhal

Bir çuxur, bir quyuya, bir kanala.

Yapsalar hər qabalıq, alçaqlıq,

Baş əyərdim susaraq of demədən…

Bir zamanlar mən, əvət, bir heç idim,

Qismətim sillə, dayaq, könlüm əsir,

Bir böcəkdən də həqir.

 

İmdi lakin o tikənlərdən uzaq – 

Gülərək, oynayaraq,

Yaşamaq zövqünü duymaqdayım ancaq, ancaq…

Yox, mən artıq sürünən heç deyilim,

Parçalanmış da qaranlıqdan hörülmüş kəfənim,

Gəmirilməz beynim.

İştə ən şanlı üfüqlərdə uçan

Şərqin azadə, gülər bir qızıyam;

Uca həşmətli fəzalardan aşan

Pənbə bir yıldızıyam!..