XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 11:40

Bir şəklin tarixçəsi və yaatamın ən çox sevdiyi professor

                              

qezenfer

Atam sürücü idi. Uşaqlıqdan ən böyük arzusu sürücü olmaq olub. Arzusunu gerçəkləşdirmək üçün ötən əsrin 60-cı illərinin əvvəlində Tiflisə getmiş və burada 6 aylıq sürücülük kursunda oxumuşdu. Gözümü açandan maşınında özü ilə gəzdirdiyi və fürsət olan kimi oxuyub bitirməyə çalışdığı kitablar gördüm. Onun maşınında ayrı-ayrı vaxtlarda Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı, M. Ə. Sabirin “Hophopnamə”si, Bəxtiyar Vahabzadənin “Seçilmiş əsərləri”, Sabir Rüstəmxanlının “Ömür kitabı”… olurdu. Bu kitablar zamanla dəyişər, biri digərini əvəz edərdi. Lakin bir kitab vardı ki, o, hər zaman yanında idi. Bu, adını əsərin ilk bölümündəki bir hekayənin qəhrəmanları olan iki heyvandan – "doğrunun və dürüstlüyün" simvolu Kəlilə ilə "yanlışın və yalanın" simvolu Dimnədən alan məşhur təmsillər kitabı  “Kəlilə və Dimnə” idi. Bu kitab evdən maşına, maşından evə daşınırdı. Evdə də, maşında da olanda yanında idi. O zamanlar uzun qış gecələrində bu kitabdan bizim üçün həvəslə oxuduğu “Şir və öküz” rəvayəti, “Meymun və dülgər” əhvalatı, “Alabaxta göyərçin fəsli” və digər rəvayətlər hələ də yaddaşımda qalmaqdadır…

80-ci illərin ortalarında evimizə “Kəlilə və Dimnə”yə “rəqib” olan bir kitab gəldi. Bu kitab, Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahillərində” kitabı idi.

Kitab qısa müddətdə ailəmizin ən sevimli kitabı oldu. “Kəlilə və Dimnə”nin dili olsaydı, güman ki, bu kitabı ciddi şəkildə qısqandığını deyərdi. Artıq qış gecələrində “Kəlilə və Dimnə”ni deyil, “Altı il Dəclə-Fərat sahillərində” kitabını dinləyirdik.  Təkcə dinləmirdik, həm də müəllifə qoşulub, Bağdadın tarixinə səyahət edirdik, müasir Bağdadın küçələrini gəzirdik, Dəclə və Fərat çaylarının sahilində dayanıb suyun necə axmasına baxardıq, səmum yelinin istisini canımızda hiss edirdik…

Atam oxuyar, biz dinləyərdik:

 “…İraqda olduğum 6 il ərzində bir dəfə də qar yağdığını görmədim. Söhbət etdiyim bir çox cənublu tanışlarımın qar haqqında təsəvvürü belə yox idi. Yəqin buna görədir ki, İraqda qar da buz da bir məfhumla – “səlic” sözü ilə ifadə edilir. Yayda isə çox isti olur. İyun, iyul, avqust, sentyabr ayları “yanar aylar” adlanır. Bu vaxt Dəclə və Fərat kimi nəhəng çaylarda belə suyun səviyyəsi çox aşağı olur. Günəş od kimi yandırır. Elə bil torpaq təndirə dönür. Gün eynəyi olmadan küçəyə çıxmaq olmur. Dəmir sağanalı eynək də taxmaq olmaz.  Gün o saat sağanağı qızdırır, eynəyi gözündən çıxarmalı olursan…”

Təsvirlər o qədər canlı idi ki, sanki müəlliflə bərabər eyni şeyləri biz də yaşayırdıq. O zaman 10-11 yaşım vardı. Bu kitabı dinləyəndən sonra xəyallarımda dəfələrlə İraqa səyahət etmişdim. İraqdakı xurma bağlarını gəzirdim, müəllifin təsvir etdiyi kimi “Füzulinin nəvə-nəticələri  arasında” olurdum, Amarada “Kababçı Mustafa”nın kabab evində nahar edirdim… İlk dəfə bürclər haqqında, tovuz quşuna sitayiş edən Yezidilər haqqında və “Göl ərəbləri” barəsində məlumatları bu kitabdan aldım. Və ən əsası ilk dəfə olaraq öyrəndim ki, İraqda kökü kökümüzdən olan, dili dilimizdən olan doğma soydaşlarımız yaşayır. Onların şifahi xalq yaradıcılığı, özəlliklə də xoyratları bizim bayatılara çox bənzəyir…

Beləcə, “Altı il Dəclə-Fərat sahillərində” kitabı  hər birimizin sevimli əsərinə çevrilmişdi. Atam bu kitabı bəlkə də 5-6 dəfə təkrar oxumuşdu. Az qala kitabı başdan-ayağa əzbər bilirdi. İndi onun nitqində ən çox səslənən söz  “Qəzənfər Paşayev “Altı il Dəclə Fərat sahillərində” kitabında yazır ki…” ifadəsi idi. Evə gələn bütün qonaqlara və eləcə də qonaq getdiyi hər yerdə həvəslə bu kitabdan söz açardı. Qəzənfər Paşayev atamın ən sevimli yazarına çevrilmişdi. İllər sonra belə televiziyada Qəzənfər Paşayevin çıxışını çox böyük maraq və həvəslə dinlərdi. Qəzənfər Paşayev çıxış etdimi, bu zaman bütün işlər arxa plana keçər, çıxışa sona qədər qulaq asar və bundan sonra öz işinin ardınca gedərdi.

Uzun illər keçdi, Bakıya köçdüm. Ayrı-ayrı tədbirlərdə professor Qəzənfər Paşayevi gördüm. Bir-iki dəfə görüşdük də. Atam isə artıq yaşlanmışdı və üstəlik xəstə yatırdı. Növbəti tədbirlərin birində yenə professoru gördüm. Ötəri olaraq görüşdük. Onunla görüşmək və hal-əhval tutmaq istəyənlər çox idi deyə, salamlaşıb aralandım. Bu zaman əlində fotoaparat olan şair Qəşəm Nəcəfzadəni gördüm. Fürsəti əldən verməyib, professorla şəklimizi çəkməsini xahiş etdim. Sağ olsun, dərhal əsl peşəkar fotoqraflar kimi 2 ayrı-ayrı istiqamətdən şəklimizi çəkdi. Məqsədim şəkli ən qiymətli hədiyyə kimi atam üçün aparmaq idi. Həmin vaxt atam xəstə yatırdı. Əmin idim ki, sevimli professoru ilə birgə şəklimi görən atam həddən artıq sevinəcək, xeyli  dirçələcək və bu sevinc onun ömrünü uzadacaq. Bir neçə gün sonra Yazıçılar Birliyində Qəşəm müəllimi gördüm, şəkli soruşdum. İnternet üzərindən göndərəcəyini dedi. Bir qədər sonra Facebookdan yazdım. “Şəkli hara qoymuşamsa, tapa bilmirəm, tapıb göndərəcəm” – dedi.

Sonralar başım xəstəliyi gündən-günə ağırlaşan atama qarışdı. Bir müddət sonra – 2011-ci ilin sentyabrında atam haqq dünyasına qovuşdu. Atam sevimli professoru ilə olan şəklimizi görmədən əbədiyyətə qovuşdu. Bu mövzu hər yadıma düşəndə özümü atamın ruhu qarşısında suçlu kimi hiss edirəm…

Yenə illər ötdü… 2015-ci ilin dekabrında Qəşəm Nəcəfzadənin oğlu gənc və istedadlı yazarımız Kəramət Böyükçöldən Facebook adresimə 1 cümləlik məktub gəldi: “Salam. Arxivə baxırdım, gördüm burda belə şəkil var”.

Professor Qəzənfər Paşayevlə olan şəklimizi də həmin bir cümləlik məktuba əlavə edib göndərmişdi.

Mərhum Xalq şairimiz Zəlimxan Yaqubun:

Vaxtında uzadıb kömək əlini,

Vermədin mənimlə əl-ələ, dünya!

Nəyimə lazımdır, vaxtı keçəndə,

Göydən qızıl yağdır, ləl ələ, dünya!

 – misralarında dediyi kimi şəkli “vaxtında” əldə edə bilməsəm də, “nəyimə lazımdır” – deyə düşünmədim. Onu qızıl kimi, ləl kimi qəbul etdim və Kəramətə təşəkkürlərimi bildirdim.

Bu yazını yazmaqla  özümü suçlu bildiyim atamın ruhu qarşısında hesabat verdim, az da olsa günahlarımı yumağa çalışdım.

…Və şəkli çıxartıdıb, evimdə ən sevimli professorunun şəklini atamın şəkli ilə yanaşı qoydum. Özlərini görüşdürə bilməsəm də, heç olmasa, illər sonra rəsmlərini görüşdürə bildim…

 

Namiq Hacıheydərli

Strateq.az