XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2016 - 11:35

Məmməd Tahir: “Daha durub, qalxa bilmirbu bədbəxt, yazıq yerindən" - Şerlər

m%c9%99mm%c9%99d-tahir

Tanınmış şair Məmməd Tahirin bir neçə şeirini Strateq.az oxucularına təqdim edirik:

 

YAZIQ YERİNDƏN

Tökülür ömrün suvağı,

Çatlayır uçuq yerindən.

Dəlisov küləklər əsir

Könlümün açıq yerindən.

 

Cüt çərşənbə, tək ilaxır,

Fələyindi əvvəl-axır,

Daha sellər-sular axır

Köhnə alaçıq yerindən.

 

Üz aşağı gedir kəllə,

Odu sönüb, oynar küllə,

Son ümidə gələn güllə

Keçir arpacıq yerindən.

 

Ha çalxala, çalxa, bilmir,

Bəla gəlib xalxa, bilmir,

Daha durub, qalxa bilmir

Bu bədbəxt, yazıq yerindən.

                          2016

 

 

SƏRXOŞA MƏKTUB

Gözlərin süzülür yüz nəşə ilə,

Dördayaq gedirsən barmaqlar üstə.

Söz-sovu vurursan qulaqardına,

Keçir ömrün-günün qınaqlar üstə.

 

Ya naşı olmusan, ya xam olmusan,

Saralıb, solmusan, vağam olmusan,

Sən də bir zamanlar adam olmusan,

İndi sürünürsən torpaqlar üstə.

 

Sel gəlir üstünə, su dizdən keçir,

Belə yaşayırsan, üz-üzdən keçir,

Yüzdən, iki yüzdən, üç yüzdən keçir,

Qalır dadı-tamı dodaqlar üstə.

 

Canın öləziyir bir çıraq kimi,

Yol durur üzünə uca dağ kimi,

Ayların, günlərin köhnə yağ kimi,

Əriyir çaxırlar, araqlar üstə.

 

Yanından keçənlər içindən keçmir,

İçindən keçənlər öcündən keçmir,

Ölçürsən, bu dünya ölçündən keçmir,

Ölçürsən, bu dağlar o dağlar üstə.

 

Hər günün, saatın mey, məzə kimi,

Hər məzə mərəzin təptəzə kimi

Bədənin sahibsiz cənazə kimi

Gedir, başın qalır ayaqlar üstə.

                          2016

 

 

«BAX, BU , MƏNƏ DƏRD OLUB»

Xalq şairi Fikrət Qocaya

 

Dönüb ərəb saçına,

Dünya yaman sərt olub.

Hər işin başı insan,

Əzrayıl bir fərd olub.

 

İtib çoxdan yol-yordan,

Haqqı asırlar dardan,

Durub baxır kənardan,

Şeytan da çox pərt olub.

 

Çox üzlü üzdə qalıb,

Çox vədlər sözdə qalıb,

Düz elə düzdə qalıb,

Qazanan namərd olub.

 

Caduya, sehrə baxmır,

İstəyə, mehrə baxmır,

Göydəki yerə baxmır,

“Bax, bu, mənə dərd olub.”

                                    14.01.2016

 

 

SƏRBƏST DÜŞÜN

Çıx gəraylı havasından,

Bir az payız,

Bir az da yaz havası al.

Ulduzlara araçı sal,

İmzalansın Qərblə Şərqin arasında

Barış aktı.

Bu düşmənlik gör nə qədər

Ürək yaxdı.

Çıx gəraylı havasından,

Əllərini bir az geniş,

Bir az yan aç.

Nə minillik bir ölüyə ibadət et,

İncil oxu,

Nə  Quran aç.

Ətrafa bax,

Zaman necə axıb gedir.

Ömür durmur,

Gündüz, gecə axıb gedir.

Kimi məzar,

Kimi ayaq altı qazır.

Kimi alın təri ilə,

Əllərinin qabarıyla tarix yazır.

Əyil yerə, qulaq söykə,

Gör nə deyir.

Gələn gəlir,

Gedən gedir,

Məzar susur, gor nə deyir.

Ürəyini ocaq elə,

Bir az dinlə, sor, nə deyir.

Demirəm ki, boğaz yaşla,

Ya məst düşün.

Çıx gəraylı havasından,

Adam kimi yaşa bir az,

Sən də bir az sərbəst düşün.

                            30.05.2016

 

O ƏL

 

90-94-cü  illərdə Heydər Əliyevin şəxsi mühafizəçisi olan Əmir Hüseynova

 

Əlin bir isti ələ,

Könlün umuda acdı.

Dünən əl tutan əlin

Bu gün ələ möhtacdı.

 

Dünən açdığın qapı,

Bu gün üzünə bağlı.

Əldən verdiyin fürsət

Qaçır əlli-ayaqlı.

 

Əsib bir külək kimi,

Ömründən çalıb qaçıb.

Əldə nə var idisə

Əlindən alb qaçıb.

 

Qoruduğun Palıdın

Qolu-qanadı durur.

Palıd quruyub, fəqət,

İmzası, adı durur.

 

Get o imzaya tərəf,

O ada tərəf yüyür.

Bir gün görərsən yenə

O əl qapını döyür.

              21.11.2016

 

GEDƏK GÜNƏŞ DOĞAN YERƏ

 

Keçdi bahar, ötdü payız,

İllər bizi ayrı saldı.

Mən tək oldum, sən də yalqız,

Fələk bizdən ömür çaldı.

 

Yuxu kimi keçdi aylar,

Nə sən gəldin, nə mən çatdım.

Elə səmtsiz axdı çaylar,

Sən dərd aldın, mən qəm satdım.

 

Biz iki dağ, aramızdan

Bir ayrılıq çayı axır.

Kimsə görmür, çiynimizdə

Dərd çəkirik, dağdan ağır.

 

Gəl, ayrılıq sona yetsin,

Sığın könlüm sığan yerə.

Tut əlimdən, çıxaq gedək,

Gedək günəş doğan yerə.

 

                          12. XII. 2016

 

     TARİXİN  ATASI

    "Dünya tarixinin atası Heredot, Naxçıvan tarixinin atası tarix elmləri doktoru, professor Vəli Əliyevdir".

 

Ömürdən gah payız, gah da qış düşür,

Əli daşlar üstə, qayalar üstə.

Ömür də tarixdi, yüz naxış düşür,

Gör, neçə rəng üstə, boyalar üstə.

 

Payız ağacların başının üstə,

Dünənki tarixlə savaş dövrüdür.

Tarix var, hər kiçik daşının üstə,

Neolit dövrüdüdür, ya daş dövrüdür.

 

Bu qədim diyarın qabarır köksü,

Çapır beş min illik zaman atını.

Əlincə ayağı altında kürsü,

Fəth edir tarixin uca qatını.

 

Əl gedir torpağın dərin qatına,

Saxsı qab, gümüş pul, nizə çıxarır.

O, pozur min illik bir səssizliyi,

İtmiş bir dünəni üzə çıxarır.

 

Tarixçi istəyi, alim niyyəti

Tarixin birinci qiyməti olur.

Dünənki Kültəpə mədəniyyəti

Bu gün insanlığın şöhrəti olur.

 

Torpağın altından boylanır yad-yad.

Tarix küçə-küçə, vaxt- zaman ev-ev.

Sığışır misraya bir ad, bir soyad;

Alim-arxeoloq Vəli Əliyev.

 13.XI.2016

 

      DOSTLUQ QALDI

Bu nə umu-küsü, nə umacaqdı,

Qürur dizə gəldi, durub əl çaldın.

İçimdə bir dünya qurmayacaqdın,

Bəs niyə dünyanı gözümdən saldın.

 

Əl tutduq, əlimiz bir az isindi,

Göz gözə gələndə gözə göz dəydi.

Ağlıma gəlir ki, bax, elə indi,

Top-tüfəng, güllə yox, mənə söz dəydi.

 

Nə yaxşı bilirsən vaxtın qədrini,

Ötən hər saniyə sənə əzizdi.

Xəbərin olmadı zaman birini

Qoyub ayağının altına əzdi.

 

 Babalar  söykənib biri-birinə,

Ocaqda alovu, qoru bölüblər.

Onlar pul yerinə, para yerinə

Sonuncu ümidi yarı bölüblər.

 

Zamanı unutduq,vaxtı anladıq,

Çox vurduq, çox böldük, çox qalıq qaldı.

Görüşdük, əl-ələ tutduq, ayrıldıq,

Arada üşüyən bir dostluq qaldı.

  28.X1.2016

 

MƏMMƏD ƏMİN

 

Nə yay, payız, nə də qışdı,

Elə yazdı Məmməd əmin.

Durub yazdı hamı səndən,

Gördü azdı, Məmməd əmin.

 

Totpaq dona, daş bərkiyə,

Millətləri çək sərgiyə

Türk adını ilk cərgəyə,

Durub yazdı Məmməd əmin.

 

Gül-çiçəklər qoxuyanda,

Günəş ləçək toxuyanda,

Himnimizi oxuyanda,

İlk avazdı Məmməd Əmin

 

O nə torpaq, o nə qəbir,

O, kitabə, övliya, pir.

Sinəmizin üstündə bir

Telli sazdı Məmməıd Əmin.

 

Könül dedi, qələm yazdı,

Ürək çaşdı, ağıl azdı,

Səndən yazdı, gördü azdı,

Kür, Arazdı Məmməd əmin.

 

Kimi gördü, kimi andı,

Ruhu mələk, cismi candı,

Adı iman, məslək andı,

Baş Qafqazdı Məmməd Əmin.