XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 16:12

Tariximizin günümüzdə əks-səda verən ağrıları:Məmməd Arazın “Məndən ötdü qardaşıma dəydi”  şeiri

memmed-araz-111

Ey daşlaşan, torpaqlaşan ulu babam!

Bu günümdən dünənimə uzaqlaşan ulu babam!

Küləkləşən, dumanlaşan ruhunla sən

Ayağa dur, səninləyəm!

Səs getməyən, əl yetməyən

Qədim tarix dərəsindən

Səs ver mənim səsimə sən:

Sənə gələn,  səndən ötən nəydi belə?

Səndən ötüb qardaşına dəydi belə?

Bununlamı neçə dəfə ata-oğul, qardaş hissi haçalandı,

Bir şəhərin beş qardaşın xanlığına parçalandı?

O zamanmı bitdi bizim dilimizin “sənin”, “mənim” qabarı da?

O zamanmı bitdi bizim dilimizin “haralısan” damarı da?..

Səninləyəm, ulu babam! Bu məsəli kimdi yazan?

Hansı soysuz ata idi babaların imzasını çəkib, ona möhür basan?!

Adınızı dastanlardan oğrayaram, ruhunuzu qıyma-qıyma doğrayaram

Qara Çoban, Dəli Domrul, ey Xan Eyvaz, Giziroğlu Mustafabəy,

Əgər ki, siz bu məsələ qol çəkdiniz!

Sonra, sonra hansınızsa xalqa gələn bir qəzadan

Öz başını yana əydi, o qəza bir topa dönüb

Səttarxanın tifaqına yaman dəydi,

Məndən ötdü!.. Məndən ötdü!..

Sevincə bax, qeyrətə bax!

Bunu yazan xilqətə bax!

Məndən ötdü!..

Qulağımdan getmir bu səs,

Zərbələri qardaşına, sirdaşına ötürən kəs

Elə bil ki, bax, bu gecə, qulağımın dibindəcə

Xətainin süqutuna qəh-qəh çəkdi.

 Sonra, sonra səhərəcan başına yüz qədəh çəkdi.

O qəhqəhin dalğasından,

O məstliyin baş fırladan havasından qopan daşdı –

Azərbaycan torpağında Araz boyda şırım açdı.

Məndən ötdü…

Bunu dedi Şəki xanı.

Bunu dedi Bakı xanı,

Bunu dedi İbrahim xan,

Fətəli xan, Kəlbəli xan…

Qəza ötsün məndən, – dedi,

Ötən kimi “mən-mən” dedi.

“Mən-mən” dedi bir ölkədə nə qədər xan.

Onlar “mən-mən” deyən yerdə

Sən olmadın, Azərbaycan!

Səni səndən alıb belə yüz illərlə uyutdular.

Səni səndə ələdilər, səni səndə üyütdülər.

Dibək oldun öz duzunla, öz daşınla.

Ögey oldun doğma, ekiz qardaşınla –

Məndən ötdü deyənlərin qeyrətindən,

Namusunu yeyənlərin qeyrətindən!

Məndən ötdü… Məndən ötdü!

Ey daşlaşan, torpaqlaşan, ulu babam!

Bu günümdən dünənimə uzaqlaşan ulu babam!

Ayağa dur! Dəfn etdiyim məsələni başdaşına

Bir təəssüf xatirəsi yazıb, yondur:

Səndən ötən mənə dəydi,

Məndən ötən sənə dəydi.

Səndən, məndən ötən zərbə

Vətən, vətən, sənə dəydi…