XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

07 Yanvar 2017 - 19:30

Gənc yazar Ləman Abbasova:"Hər son yeni bir başlanğıc..." (Hekayə)

leman-3

Ləman ABBASOVA,

Bakı Dövlət Universitetinin I kurs tələbəsi 

 

“Ölüm ruhun və bədənin eyni zamanda təslim olmasıdır…” 

Bu sətirlərə yoldaşlıq edən pianonun heyranedici səsi gənc qadının qulaqlarında səsləndi. Verilən andın pozulması ona zəncirlə bədənə vurulan zərbənin ağrısı kimi gəlirdi. Notlar səsləndikcə, ruhunun fəryadını duyub, hiss edirdi… Nəfəsini tutmuş, göz yaşlarını saralmış kitabın səhifəsinə axıtmışdı. Uzun müddət idi ki, qulağında əks-səda doğuran bu səsə həsrət qalmışdı.

Taxtadan düzəldilmiş qırıq çarpayısında büzülmüş şəkildə uzandı. Üzərini örtməsə belə, sanki dünyanın bütün dərdləri üzərinə yorğan kimi çəkilmişdi. Hıçqırıq səsi otağı bürümüş, göz yaşları isə cinayət işləyən qatilin təslim olması kimi, təslim olmuşdu.

Yenidən yatağında oturaq vəziyyətə gəldi. Təslim olan göz yaşlarının cinayət izlərini silmək istəyirmiş kimi, əlinin üstüylə gözlərini, yanaqlarını sildi. Çılpaq ayaqlarında daşıdığı yorğunluğa rəğmən, onları yataqdan aşağı sallayıb soyuq döşəməyə qoydu.

Soyuğu iliklərinə kimi hiss etdi. Soyuq havanı yataqdan qalxdığı zamanlar heç xoşlamazdı. Soyuq, torpaq uğrunda mübarizə aparan ordunun hücumu kimi, bədəninə hücum çəkib düşüncələrini əsir almışdı.

Əyninə geyindiyi ağ, qısa donla bir-birinə qarışmış qara saçları otağın zəif işığında ona qorxunc bir görüntü verirdi. Ağlamaqdan şişmiş, quyu kimi dərin və zil qaranlıq olan gözləri yorğun bədəninə hakimlik edirdi. Soyuqdan ağarmış çılpaq ayaqları ilə addımlayaraq otağındakı güzgünün qabağında dayandı. Öz görüntüsünü diqqətlə nəzərdən keçirdi. Zahirən, saniki, qəbir altında idi, ancaq ruhən özünü güclü, fiziki cəhətdənsə yorğun hiss edirdi. Nəzərlərini güzgüdən çəkdi, güzgünün yanındakı lampanı söndürdü. Beləliklə, ürküdücü olan bu qaranlıqdakı son işığını da öz əlləri ilə itirdi. O, üşüsə də, qaranlıqdakı soyuğun varlığını sevirdi…

Güclə qaranlıqdakı otağın qapısını tapıb açdı. Ona uzun gələn, ancaq qısa olan dəhlizdə yavaş addımlarla irəliləməyə başladı.  Hər addım atdıqca düşüncələri ilə vuruşub sağ çıxmağa çalışırdı. Düşünməyi sevmirdi. Düşünmək onu bu ədalətsiz dünyada pis olmağa məcbur edirdi.

Axsayaraq atılan hər addım pianonun səsini daha da aydın eşitdirirdi. Evin sol tərəfində yerləşən qonaq otağının yarıaçıq qara qapısının dəstəyindən tutub, özünə tərəf çəkdi. Otağa daxil olanda gördüyü ilk səhnə ona bir anlığına yad gəldi. Sonra özünü toparlayaraq diqqətlə ətrafına baxdı. Arxası çevrilmiş halda oturaq olan gənc adamın kürəyi, iri çiyinləri onu cəlb etdi. Mükəmməl görünən gənc adamı gözləri ilə yenidən süzdü. Addımlarını ataraq ona tərəf yaxınlaşdı. Ona tərəf yaxınlaşdıqca, ürəyinin döyüntüsü də artırdı. Bir an ürəyinin yerindən çıxacağını hiss etdi və qorxu bədənini əsir aldı. Qorxan zaman qorxularının üzərinə getməyi kiçik yaşlarından öyrənmişdi.

Gənc adamın əyləşdiyi stulun sağ tərəfində taxta kətilin üstündə qırmızı bir gül var idi. Bunu görən zaman həyəcan və  sevinc hissləri bir-birinə qarışmağa başladı. Qara gözlərində işıq toxumları cücərən zaman üzündə kiçik bir təbəssüm peyda oldu.

Sərt əllərin barmaqları ilə pianonun tuşlarına izlər buraxan gənc adam əllərini tuşlardan çəkdi. Pianonun səsi kəsildi. Həyəcanla ağır və yorğun baxışlarını gənc adamın çiyinlərinə dikdi. Otağa ürküdücü səssizlik çökmüşdü. Səssizlik, fəryadların qana bulanmamış adı idi. Səssizliyi sevsə də, onun səssiz qalmasını xoşlamırdı.

– Yatmamışdın sən? – Gənc adamın  məxmər səsi ilə sükutun paklığı pozuldu. Məxmər səs qadının yerindən diksinməsinə səbəb oldu. Arxası ona tərəf çevrilmiş olan gənc adamın sualına cavab verdi:

– Yox. – Qısa cavablar xoşlamadığını bilirdi və onu qıcıqlandırmaq üçün bunu edirdi.

 – Nə edirdin otaqda? – deyə sual verərək, üzünü gənc qadına tərəf çevirdi. Bir müddət gözləri gənc qadının şişmiş, qızarmış qara gözlərində gəzindi. Qadın isə baxışlarını ondan çəkmədən, diqqətlə gözlərinə baxıb, şeytandan oğurladığı təbəssümü üzünə maska kimi taxdı və sualına cavab verdi:

– Mənasız mövzusu olan zövqsüz kitablarının səhifələri ilə romantik anlar yaşayırdım.

Verdiyi bu lovğa cavabla sanırdı ki, gənc adamı əsəbləşdirib, kefini pozacaq, ancaq oğurlanmış maska artıq gənc adamın üz cizgilərində idi.

– Sənə yaraşanı edirsən. – Dodaqlarından tökülən bu acı cümlələr gənc qadının damarlarında axan qanının çəkilməsinə səbəb oldu. Qaşlarını çataraq sərt baxışlarını qarşısında dimdik duran “mükəmməl adama” çevirdi.

Əsəb, hirs duyğuları bədənindəki acı verən yorğunluğu götürüb aparmışdı. Əlini qaldıraraq gənc adamın sifətinə şiddətlə sillə çəkdi. Gənc adamın sağ tərəfə çevrilən başı əsəb duyğusunun onurğasını düşüncəsinə pərçimlədi. Zəhər dolu baxışlar gənc qadına doğru çevrildi. Birdən qadının qolundan yapışaraq, onu özünə tərəf çəkdi. Şeytan düşüncəsinə əməl edərək boğazından bərk yapışıb pianoya sərt bir şəkildə söykədi.

– Elə bil, mən sənə bu qısa müddətdə çox üz verdim, axı – deyə yeri və göyü inlədəcək şəkildə üzünə doğru bağırdı. Bəyazdan qırmızıya çalan gənc qadın nəfəsini qaranlıq quyudan çıxarmağa çalışırdı. Boğazından çəkilən əllə öskürərməyə başladı. İstəmədən əlləri boğazına getdi, ancaq acizliyini göstərməyərək dimdik ayaqda durdu.

– Layiq olana, layiq olduğu dəyəri göstərmək lazımdır və sənin layiq olan dəyərin məndə bu qədər imiş, – dedi qadın.

Əslində bu dediyinə heç özü də inanmadı. Gənc adama çox dəyər verirdi. Ancaq sevgisinə düşmən olan bu pis qürur olmasaydı…

Gənc adam dodaqlarında doğan lovğa gülüşlə qadını daha da əsəbləşdirdi. Stuldakı qırmızı gülü götürərək baxışlarını gənc qadına çevirdi:

– Gözəl güldür, hə, Gültanəm?

Gültanəm… bu kəliməni eşidən zaman düşüncəsində yol tapmağa çalışan gəmilər batmağa başladı: ürəyi yumşaldı. Uzun bir zaman idi ki, ona “Gültanəm” deyə səslənmirdi. Qadın məsum bir şəkildə başını yuxarı-aşağı sallayaraq, adamın sualını təsdiqlədi.

Gənc adam sözünə davam etdi:

– Siz qadınlar qar dənəciyi kimi narınsınız, amma eyni zamanda soyuqqanlı. Bəyaz və məsumsunuz, amma bir addımda kirlənəcək qədərsiniz. Şiddətli bir hadisə baş verən zaman əriyəcək qədər gücsüz, amma bunu hiss etdirməyəcək qədər də güclüsünüz. Siz əslində cənnətdən qovulan şeytansınız. Əvvəlcə məsumluğun libasını geynirsiniz, sonra yanan tək bir ümidlə o libası soyunursunuz… Əlimdəki bu gül kimi acizsən… Görürsən, tikanları yoxdur. Sənin də tikanlarını üzərimdən çəkib çıxarmaq mənim üçün çətin deyil… Sənə edə biləcəklərimi, yəqin ki, düşünə bilirsən… 

Bunları dedikdən sonra gülün baş hissəsini gənc qadının körpücük sümüyünün üzərinə sürtdü.  Gənc qadın gözlərini bal rəngli gözlərdən ayırmadan udqunmağa çalışdı. Bu zaman acizlik ləqəbini daşıyan  qadın bədənində soyuq metalı hiss etdi: körpücük sümüyündə bıçaq var idi. Gənc adam baxışlarını qadından çəkmədən, ancaq diqqətini gülə verərək onu baş hissədən kəsdi. Pianonun ağ-qara tuşlarına düşən gülün başı gənc qadının baxışları altında əzildi. Sanki bir gül parçasını yandırıb ürəyinin bir boşluğuna atmışdılar.

Gənc qadın başını qaldıran zaman dodaqlarında bir təzyiq hiss etdi: sevdiyi bu yad insanın dodaqları dodaqlarında idi. Göz qapaqlarını örtərək göz yaşlarının enməsinə icazə verdi. Damla-damla axıb, çənəsindən süzülən şəffaf göz yaşları öpülməsinə yox, sol tərəfdən, sinəsində hiss etdiyi bıçaq zərbəsinə görə idi…  

Dodaqlarında təzyiq azalan zaman  tutanacaq bir yer axtarırdı. Düşüncələrində qanın izləri qalmışdı. Qanın özü isə ürəyində idi.

Yarasından enən iki damla qan gülün ləçəkləri ilə salamlaşıb, pianonun tuşları ilə görüşdü. Beləliklə, qan damlaları gənc adamın çaldığı pianonun tuşlarını kirlətdi. Bədənində güc tapmayaraq, dizləri üstdə çökdü. Tutunacaq nə bir nəfəsi, nə də oxuduğu kitabların cümlələri qalmışdı. Son dəfə baxışlarını çarəsizcə bal rəngli gözlərin sahibinə çevirdi və verilən andın ağrısını bədənində hiss etdi.

Gözlərinin önündə oxuduğu sətirlər canlandı: “Aşiq olunan güldürsə, tikan gözə gəlməz.”

Və bu bitiş yeni doğan sevginin bir başlanğıcı idi…