Hər bir millətin tarixində acılı-şirinli unudulmaz günlər olur. İstənilən toplum bu keşməkeşli anlara sinə gərərək, millət ola bilir, varlığını davam etdirmək haqqı qazanır. Millətlərə varoluş vəsiqəsi verən bu tarixi hadisələr həm də onun gələcəyinə işıq tutur. Adətən, millətlər qan yaddaşlarında iz salan bu tarixi hadisələri öz hafizəsində diri tutduğu müddətcə bir daha başqalarının köləsinə çevrilmir, qədəm qoyduğu müstəqillik yollarında alnıaçıq, üzüağ yürüyür, böyüyür, güclənir. Bu mənada hər bir xalqın milli-azadlıq hərəkatında keçdiyi tarixi yolu onun dövlətçilik şüurunun əsas dirəyi də adlandırmaq olar.
20 yanvar da Azərbaycan xalqı üçün önəmli tarixi günlərdən biridir. 27 il bundan əvvəl öz müstəqillik yolunda qəhrəmancasına yürüyən Azərbaycan xalqının iradəsini qırmaq üçün rus imperiya qoşunları ölkəmizin paytaxtına müdaxilə etmiş və əliyalın insanların müqavimətilə qarşılaşmışdı. Rus tanklarının dəmir tırtırları mülki vətəndaşları xıncım-xıncım doğrasa da, milli iradəni məhv edə bilməmiş, əksinə, onun hiddətinə səbəb olmuş, sovet imperiyasından ayrılıq arzularını qüvvətləndirmişdi. Qısa müddətdən sonra bütövlüklə xalqın arzusuna çevrilən müstəqillik ideyası öz labüd nəticəsinə çatmış, indiki müstəqil Azərbaycanın əsası qoyulmuşdur. Bu mənada 20 yanvar hadisəsi, qətiyyən bir matəm tarixi yox, milli azadlıq hərəkatında fəal iştirak etmiş şair-nasir Aləm Kəngərlinin eyni adlı şeirində dediyi kimi, xalqın “ölüm-qalım günü” idi:
“Yerə-göyə sığmasa da
Anaların ahı, ünü,
Köləliyi diz çökdürdü
Xalqın ölüm-qalım günü!”
***
Sözsüz ki, tarixi qan yaddaşımızı diri tutmaq üçün ədiblərin də çiyninə böyük məsuliyyətlər düşür. Hər bir tarixi hadisə məhz ədib qələm süzgəcindən keçərək, millətin silinməz qan yaddaşına çevrilir, yaşamaq hüququ qazanır, fədailərin imza atdıqları qəhrəmanlıqlar bu yolla nəsillərdən nəsillərə ötürülür. Aləm Kəngərlinin qələmə aldığı “20 Yanvar” şeiri də bu tarixi missiyanı özündə ehtiva edən əsərlərdəndir.
Şeiri oxuculara təqdim edirik:
20 Yanvar
20 yanvar-qəfil hücum,
Düşmən aldı dörd bir yanı.
Batdı yasa Azərbaycan,
Döndü selə şəhid qanı…
Dəniz, hava, yer titrədi
Mərmilərin şiddətindən.
İşğalçılar utanmadı
Milyonların hiddətindən.
Güllələndi kişi, qadın,
Körpə, cavan, qoca-hamı.
Görüb, düşmən mat qalmışdı,
Əliyalın izdihamı.
Tanklar, toplar od ələdi,
Ürəkləri yıxdı ağrı.
Qəddar, iyrənc bir vəhşilik…
Vətənimin yandı bağrı.
Məğrurları qorxutmadı
Nə işgəncə, nə də zillət,
Əsarətə baş əymədi
Azadlığı sevən millət!
Yerə-göyə sığmasa da
Anaların ahı,ünü,
Köləliyi diz çökdürdü
Xalqın ölüm-qalım günü!
İmperiya qanlar töküb
Göstərsə də bu xofunu,
Birliyimiz məhv elədi
Müstəmləkə buxovunu!
İndi o gün bir dastandır,
Hər varağı hünər dolu.
Azərbaycan tarixidir
Şəhidlərin ömür yolu!..
Aləm Kəngərli