XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2017 - 12:51

Məşhur Norveç yazıçısı Yustin Qarderdən “Sofinin dünyası” essesi –“Biz kainatın ağ dovşanıyıq”

05c2bceb-d710-4c93-b33e-dd25d4e06f88

Yustin Qarder bir neçə roman, hekayə və uşaq kitablarının müəllifidir. O, adətən, uşaqların gələcəyə baxışından, dünyanı anlamağından yazır. Bu əsərlərdən ən məşhuru yazıçının 1991-ci ildə yazdığı “Sofinin dünyası” romanıdır. Əsər Sofinin öz poçt qutusundan iki anonim məktub tapmağı ilə başlayır. Tezliklə o, bir yığın məktub alır və beləcə fəlsəfə kursuna başlayır. Bu sirli ünsiyyətlə Sofi 50 yaşlı filosof Alberto Knoksun tələbəsi olur. Sofiyə göndərilən ilk məktubu Strateq.az-ın oxucularına təqdim edirik:

Əziz Sofi, adamların çoxunun hobbisi olur. Bəziləri qədimi sikkə, bəziləri marka yığır, kimi tikiş tikir, kimi də asudə vaxtının çoxunu hansısa idamana ayırır.

Çox adam oxumaqdan zövq alır. Amma oxu zövqləri də bir-birindən fərqlənir. Bəziləri yalnız qəzet, bəziləri gülməcə oxuyur, biri roman xoşlayır, biriləri isə astronomiya, yabanı təbiət və ya texniki ixtiralar haqda kitabları üstün tuturlar.

Əgər mən atlar, yaxud da qiymətli daşlar haqda oxumağı xoşlayıramsa, heç də hamı mənim bu həvəsimlə şərik olmalı deyil. Mən televiziyadakı hər cür idman verilişlərinə böyük həvəslə baxıramsa, başqalarının idmanı darıxdırıcı saymasıyla da barışmalıyam.

Bəs bizim hamımızı maraqlandıran eyni bir şey yoxdurmu? Kimliyindən və dünyanın harasında yaşadığından asılı olmayaraq biz insanların hamısına aid olan bir şey varmı? Var, əziz Sofi, var. Elə suallar var ki, hər bir insanı maraqlandırır. Bu kurs da məhz o suallar haqqındadır.

Həyatda ən başlıca şey nədir? Aclıq həddində yaşayan hər hansı adamdan bu sualı soruşsaq, cavab verər ki, yemək. Soyuqdan ölməkdə olan adam deyər – istilik. Bu sualı təcrid olunmuş bir yerdə tənha ömür sürən birindən soruşsaq, yəqin ki, cavab “insanlar arasında, başqaları ilə birgə yaşamaq” olacaq.

Bəs bu zəruri ehtiyaclar ödənildikdən sonra elə bir şey olacaqmı ki, ona hər kəsin, hamının ehtiyacı var? Filosofların fikrincə, hə! Onlar inanır ki, insan təkcə çörəklə yaşaya bilməz. Əlbəttə, qida hamıya lazımdır. Sevgi və şəfqət də. Lakin burada başqa bir şey də var, elə bir şey ki, onu anlamağa hamının ehtiyacı var: biz kimik və niyə buradayıq.

Bu suallarla maraqlanmaq marka yığmaq kimi ötəri maraq deyil. Belə suallar verən adam bu planetdə insan mövcud olandan bu yana gedən bir dartışmaya qoşulub. “Kainat, Yer kürəsi, həyat necə yaranıb?” sualı “olimpiya oyunlarında kim daha çox qızıl medal uddu?” sualından daha böyük və əhəmiyyətli sualdır.

Fəlsəfəyə yaxınlaşmağın ən yaxşı yolu bir neçə fəlsəfi sual verməkdir: Dünya necə yaranıb? Baş verənlərin arxasında hər hansı bir iradə və ya məna varmı? Ölümdən sonra həyat mövcuddurmu? Biz necə yaşamalıyıq? İnsanlar min illər boyu bu sualları veriblər. Elə bir mədəniyyət yoxdur ki, “insan nədir və dünya necə yaranıb” sualları ilə maraqlanmasın.

Əslində, fəlsəfi sualların sayı elə də çox deyil. Biz artıq bir neçə vacibini yazdıq. Lakin tarix bu sualların hər birinə görə bizə cürbəcür cavablar təqdim edir. Beləliklə, fəlsəfi suallar vermək onlara cavab verməkdən asandır.

Bu gün hər bir insan bu suallara öz cavabını verməli olur. Tanrının və ya ölümdən sonra həyatın olub-olmadığını ensiklopediyaya baxmaqla bilə bilməzsən. Ensiklopediya bizə necə yaşamalı olduğumuzu da demir. Buna baxmayaraq, başqa insanların bu haqda fikirlərini oxumaq həyata öz baxışımızı formalşadırmaqda kömək ola bilər.

Filosofların həqiqəti axtarması detektiv hekayələri xatırladır. Bəziləri hesab edirlər ki, bu, qatil Andersendir, bəziləri isə düşünürlər ki, bu, Nelsen ve ya Censendir. Polislər bəzən cinayət işini aça bilirlər. Elə də olur ki, cinayətin kökünə gedib çıxa bilmir, bunun açılışı olsa da, onlar çözüb üzə çıxarmaqda aciz qalırlar. Beləliklə, suala cavab verməyin çətinliyinə baxmayaraq, yeganə bir cavab olur. Ölümdən sonra həyat ya var, ya da yoxdur.

İndi çoxdankı müəmmaların bir əksəriyyətini elm izah edir. Ayın qaranlıq tərəfinin necə olduğu nə vaxtsa mübhəm sirlərlə örtülü idi. Bu müzakirəylə həll olunası məsələlər deyildi, insan Ayın nə olduğu barədə xəyallara dalırdı. Lakin bu gün biz dəqiq bilirik ki, Ay nədir, daha heç kəs Ayda yaşayan adama, yaxud Ayın pendirdən düzəldiyinə inana bilməz.

Günümüzdən iki min il bundan qabaq yaşamış yunan filosofu hesab edir ki, fəlsəfə öz mənşəyini insanın təəccüblənmək hissindən götürür. İnsan düşünüb ki, yaşamaq necə də qəribədir və fəlsəfi suallar beləcə öz-özünə yaranıb.

Sehrbaz fəndi kimi. Başa düşə bilmirik ki, sehrbaz nəyi necə izah edir, axı necə olur ki, bir neçə ağ ipək şarfı canlı bir dovşana çevirir! Sehrbaz indicə içinin boş olduğunu göstərdiyi silindr şlyapadan qəfildən dovşan çıxaranda tamaşaçılar necə şübhəylə baxırlarsa, bəzi insnalar da dünyaya elə baxırlar.

Dovşan məsələsində biz bilirik ki, sehrbaz fənd göstərir. Biz onun yalnız bunu necə etdiyini bilmək istəyirik. Dünya məsələsində isə bu, bir qədər fərqlidir. Biz bilirik ki, dünya aldatmaca, fokus deyil, çünki özümüz də onun içindəyik, onun bir hissəsiyik. Əslində, biz şlyapadan çıxarılan ağ dovşanıq. Onunla bizim aramızda fərq odur ki, dovşan bunun sehrbazlıq fəndindən baş verdiyini bilmir. Bizsə əksinə. Nəsə sirli-sehrli bir işin bir parçası olduğumuzu hiss edirik və bütün bunların necə baş verdiyini bilmək istəyirik.

P.S Əslində dovşanı kainatla müqayisə etmək daha yaxşı olardı. Biz dovşanın xəzində tüklərin arasında yaşayan mikroskopik varlıqlarıq. Filosoflar isə daim çalışır ki, bu tüklərin ucuna dırmaşsınlar və sehrbazın düz gözünün içinə baxsınlar.

Ordasan, Sofi? Davamı olacaq …

Qəmər Şahbaz