Qriqori PETROV
Ölkələrin dağılması, böyük sarsıntılara məruz qalması və ya böyük düşüncənin nəticəsi olan xalqların nizamlı həyatına dair xoşbəxtlik hekayələri yalnız dövləti idarə edən şəxslərin – nazirlər, krallar və ya millət vəkillərinin fəaliyyətindən irəli gəlmir. Bu məsələlər bütün vətəndaşları düşündürməlidir. Kişi, ya da qadın, gənc, ya da qoca, şəhərli, ya da kəndli, fiziki güc, ya da beyin gücü ilə çalışan hər kəs bu məsələləri düşünməlidir.
Ölkələrin güclü və ya zəif, xalqların inkişaf etmiş və ya geridə qalmış olmasının tək səbəbi idarə edənin ədalətli, ya da ədalətsiz olması deyil. İdarəçi necə insan olur-olsun – yaxşı, ya pis, qəhrəman, ya zalım – hər zaman öz xalqının bir parçası, ruhunun əksidir. Xalq necədirsə, onu idarə edənlər də elədir. Buna görə keçmişdən bəri deyilir ki, hər bir xalq layiq olduğu iqtidara və idarəçiliyə sahibdir.
Bir çox insanın, təəssüf ki, anlamaqda çətinlik çəkdiyi bu əhəmiyyətli gerçəyi isbat etmək və inkişaf etdirmək üçün fəlsəfi və tarixi mənası olan keçmiş bir məsələni xatırlatmalı olacağam.
Sual: Xalqların tarixinin yaradıcısı kimdir? Dövlətlərin və bütün insanlığın teleyində həyati önəmə sahib olan böyük hadisələri kimlər hərəkətə keçirib yönləndirir? İngilis fikir adamı Tomas Karlaylın dediyi kimi, böyük şəxsiyyətlər və qəhrəmanlar? Yoxsa bütün xalqın ortaq səyi, xalq kütlələrinin sahib olduğu ruh yüksəkliyi və ya passiv ruh halı?
Karlayl “Qəhrəmanlar” adlı önəmli kitabında qəhrəmanlıq kultu və mədəniyyətini vəsf edir. Onun fikrinə görə, xalq kütlələri cansız bir palçıq yığınıdır, heykəltaraş əli dəymədiyi müddətcə də elə qalacaq. Lakin sonunda bir sənətkar, böyük bir şəxsiyyət və ya qəhrəman – Sezar, Napoleon, Böyük Pyotr, Sokrat, Məhəmməd peyğəmbər – ortaya çıxıb bu palçıq yığınını ələ alaraq, ona müxtəlif formalar verər, insan və kütlələrdən istədiyini yaradar.
Çingiz xan milyonlarla monqolu Asiya düzənliklərindən toplayıb onlara liderlik edərək, Çin, Hindistan, İran, qədim Rusiya kimi ölkələri fəth edirdi.
Amiensli Pyotr bütün katolik Avropasını Qüdsü müsəlmanların əlindən qurtarmaq üçün ayağa qaldırıb. Lüter İslahat Hərəkatını başladığı halda Neron və Karequlla kimi şəxsiyyətlər qədim Romanın sonunu gətirən adamlar olaraq tarixə düşüb. Bismarkın və Hohenzollerin siyasəti Almaniyanı qorxunc sarsıntılara sürükləmişdi.
Qısaca, Karlaylın fikrinə görə, bir xalqın, hətta bütün insanlığın tarixini güclü iradəyə sahib müəyyən şəxslər, başqa deyimlə, qəhrəmanlar – Ramzeslər, Romullar, Femistokllar, Lüterlər, Bismarklar və s. şəxsiyyətlər şəkilləndirir.
Lev Tolstoy isə bunun əksini iddia edir. Onun fikrinə görə, həyatı yaradan, yönləndirən və bütün hadisələrin mahiyyətini, axınını müəyyən edən güc şəxsiyyətlər, Napoleonlar yox, xalq kütlələridir.
Karlayl xalq kütlələrinin yerə düşmüş çöp kimi yanıb kül olacağını və ya çürüyərək gübrəyə çevriləcəyini deyir. Böyük insanlar və qəhrəmanlar isə bu çöpü alovlandıran şimşək kimidir.
Lev Tolstoy isə deyir: “Dənizdə üzən böyük bir gəmi təsəvvür edin. Hərəkətdə olan gəmi qarşısında güclü bir axın yaradır. “Bu axın gəmini arxasınca sürükləyir” deyəcək biri varmı? Hər kəs bu axını gəminin yaratdığını və irəliyə hərəkət etdirdiyini bilir. Burada aparıcı güc gəmidir, axın isə üzən gəminin gücünü əks etdirən nəticədir.
Xalqların inkişafı da buna bənzəyir. İçində hərəkət etmək gücünün ortaya çıxaraq, artmağa başladığını hiss etdiyi an xalq, irəliyə doğru canlanaraq özü yeriyəcək, önündəki axını da hərəkətə gətirəcək. Xalq öz içindən istək və duyğularının ifadəçisi olacaq rəhbərlər çıxardacaq”.
“Hərb və sülh”ün müəllifi, Karlaylın qəhrəmanı şimşəklə müqayisə etdiyini bilsəydi yəqin ki, bunu deyərdi: “Böyük şəxsiyyət – qəhrəman, həqiqətən də şimşəkdir, lakin xalq kütlələri bir palçıq yığını və ya ot tayası deyil. Xalq içindən şişmək çaxdıran buluddur. Bulud elektrik yükü ilə dolu olduğu zaman şimşək çaxar. İçində elektrik yükü olmayan bulud isə yalnız su buxarından ibarətdir. Xaql da bulud kimidir – xarakterində böyüklük və qəhrəmanlıq ruhu olan xalq böyük insanlar və qəhrəmanlar da yetişdirə bilər. Heç bir güc sadəcə boz dumandan ibarət olan xalq kütlələrinin şimşək çaxdırmağını təmin edə bilməz”.
Əslində isə Karlayl və Tolstoyun fikirləri bir-birinə zidd deyil, tam əksinə, bir-birini tamamlayır. Bu mövzuyla əlaqədar dəyərləndirmə aparılsa, istifadə edilməli olan bağlayıcı “ya, ya da” yox, “həm, həm də” olmalıdır.
Həm Karlayl, həm də Tolstoy həqiqəti deyir. Bu iki baxış tərzi bir qəpiyin iki üzü kimi, tək və böyük həqiqətin iki dəyişik ifadəsidir. Qəhrəmanlar kütləyə ilham verib onu alovlandırarkən, bu odun qaynağı xalq kütlələrinin içindən çıxan alovun özüdür.
Bir çökük linza haqqında düşünün. O, xüsusi üsulla hazırlanır və dağınıq günəş şüalarını eyni nöqtədə toplaya bilir. Nəticədə minlərlə günəş şüasının enerjisinin cəmləndiyi bir nöqtə ortaya çıxır. Bu parlaq nöqtə ağacı, daşı və dəmiri yandıra bilir.
Xalqın içindən çıxan hər böyük şəxsiyyət yandırmağa qadir linza kimidir. Bu linza xalqının ən güclü tərəflərini və zəkasını özündə birləşdirərək, həm öz xalqını, həm də digər xalqları təmsil edən milyonlarla insanı alovlandırır. Lakin səma buludludursa və atmosferdə günəş şüaları yoxdursa, heç bir linza qar dənəciklərini əritməyə, hətta bir damla suyu isitməyə belə qadir olmayacaq.
İsveçrə pendiri yalnız dağlardakı otlarla bəslənən, Hollandiya pendiri isə bu ölkənin zəngin otlaqlarında otlayan inəklərin südündən əldə edilir. Bu pendirlər istehsal edildiyi ölkənin ətri, özüdür. Napoleon ancaq Fransada dünyaya gələ bilərdi, sülhsevər Çində bir Napoleon doğula bilməzdi. İngiltərə təbiətin təməl qanunu olan “həyat mübarizəsi” təliminin yaradıcısı Darvini, Rusiya isə şərlə mübarizə tərəfdarı olan Lev Tolstoyu yetişdirdi. Başqa cür ola da bilməzdi.
Hər zaman və hər yerdə belədir. Almaniyanı Dünya müharibəsinə çəkən II Vilhem deyildi; bunun səbəbi Almaniyanın kobud və vəhşi ruhunun Bismark, Vilhelm, Hindenburq və Rohrbax kimi şəxsiyyətlərdə təcəlli etməsi idi. Qədim Romanı Neronlar, Karikullar, Kommodlar dağıtmadı; əksinə, uzun və dağıdıcı müharibələrə görə ruhu cılızlaşmış, mənəviyyatdan məhrum Roma xalqı əxlaqdan məhrum tiranları və cəlladları iqtidarın zirvəsinə çıxardı. Bütün mövzularda ehtiraslı olan İspaniya tarixə Loyolanı və inkvizisiyanı “hədiyyə edərkən” Almaniya bir tərəfdən Kantı, digər tərəfdən isə Kruppu yetişdirdi. Hər xalqın içindən həm böyük şəxsiyyətlər, həm də alçaq insanlar çıxa bilər. Bunlardan hansının iqtidara gələcəyini müəyyən edən təməl amil xalq kütlələrinə hakim olan ruh halıdır. Xalqın sahib olduğu dəyərlər nədir? Zəkası, iradəsi və vicdanı inkişaf edir, yoxsa zəhərli otlar sarmış kimi çürüyərək yox olur və ya yazıq, xəcalətli bir yaşam üçün sərf edilir?
Burada əslində hamımızın həyatı və işləri sorğulanır. Öz ölkəmizdə nə işlə məşğuluq, xalqımızın taleyində hansı rolu üzərimizə götürürük?