XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 11:11

“Qonaqsevməz dünyanın şairi”:Kəmaləddin Qədim-60

kemaleddin1

“Tanınmış şair Kəmaləddin Qədimin iki yeni kitabı işıq üzü görüb. “Burdan ayrılıq keçib” adlı kitabında şairin son bir ildə qələmə aldığı şeirləri, “Qonaqsevməz dünyanın şairi” adlı digər kitabında isə müxtəlif ədəbi tənqidçilərin və ədiblərin şair haqqında təəssüratları, yazıları yer alıb”.

Strateq.az xəbər verir ki, məlumatı əməkdaşımıza “Burdan ayrılıq keçib” kitabının redaktoru və tərtibatçısı, Aləm Kəngərli bildirib.

Aləm Kəngərlinin sözlərinə görə, bu əsərlərlə şair işıq üzü görən 11-cı kitabını oxucularına təqdim edəcək. 

Yazıçı-şair redaktoru olduğu kitab və onun müəllifi barədə də danışıb: “Kəmaləddin Qədim Azərbaycan poeziyasında öz dəsti-xətti ilə seçilən şairlərdəndir. Şair kimi özünün ən məhsuldar dövrünü yaşayır və yazdığı şeirlərdə vətənpərvərlik, məhəbbət mövzularına daha çox üstünlük verir, müxtəlif sosial problemlər də Kəmaləddin Qədim yaradıcılığında öz poetik əksini tapır”.

Ədəbi mühitimizdə ad-san qazandıqdan sonra bir çox şairlərdə yaranan özünəarxayınçılığın onların yaradıcılıqlarına mənfi təsir göstərməsindən gileylənən Aləm Kəngərli Kəmaləddin Qədimdə bu cür mənfi tendensiyaların müşahidə edilməməsinə sevinir: “Kəmaləddin Qədim yaşa dolduqca, şeirləri daha da təkmilləşir, müdrikləşir. Redaktoru olduğum “Burdan ayrılıq keçib” kitabı da 60 yaşına qədəm qoyan şairin, deyərdim ki, ən mükəmməl əsəridir”.

Kəmaləddin Qədimin digər kitabı “Qonaqsevməz dünyanın şairi” isə onun 60 illik yubileyinə qələm dostlarının hədiyyəsidir. Müxtəlif şair və tənqidçilərin Kəmaləddin Qədim yaradıcılığına baxışlarını, münasibətlərini özündə əks etdirən kitabın tərtibatçısı və redaktoru isə filologiya elmləri üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər də qələm dostunu müasir Azərbaycan poeziyasının ən layiqli təmsilçilərindən biri kimi tanıyır.

Kəmaləddin Qədim öz yaradıcılıq uğurlarına görə “Türk Ədəbiyyatına Xidmət” beynəlxalq ədəbiyyat mükafatı (Türkiyə) və “Şahmar Ələkbərzadə adına Poeziya Mükafatı"nı qazanan, Prezident təqaüdünə layiq görülən ədiblərdəndir.

Şairi yubileyi münasibətilə biz də təbrik edirik.