XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 15:18

Məşhur rus yazıçısı Dostoyevski:“Biz Avropada yalnız vecsizlərik”

original_big

Axı siz sözdən işə necə keçdiniz? Axı siz çoxdan, lap çoxdan başlamısınız, amma bununla belə ümumbəşərilik naminə, yəni öz ideyanızın təntənəsi naminə nə etmisiniz? Siz zahirən avropalı olmaq həsrətilə Avropanı məqsədsiz, mənasız dolaşmaqdan başladınız. Bütün on səkkizinci əsr boyu biz yalnız və yalnız zahiri görkəmi qəbul etməklə məşğul olmuşuq. Biz Avropa zövqlərini süni şəkildə qəbul etmişik, biz hətta üzümüzü turşutmamağa çalışaraq hər zir-zibili yemişik: “Yəni ki, görürsünüzmü, mən necə ingilisəm, qırmızı bibərsiz heç nə yeyə bilmirəm”. Elə bilirsiniz, mən sizi ələ salıram? Əsla. Mən çox yaxşı anlayıram ki, başqa cür başlamaq da mümkün deyildi. Hələ Pyotra qədər, hələ Moskva çarları və patriarxları dövründə o zamankı qabaqcıl bir gənc, Moskva modabazı fransız libası geymiş və böyründən avropalı qılıncı asmışdı. Biz məhz özümüzünkünə və özümüzünkülərə nifrətdən başlamalı idik və əgər tam iki əsr boyu nə irəliyə, nə geriyə hərəkət etmədən bir nöqtədə qalmışıqsa, deməli, bizim vaxtımız hələ gəlib çatmayıb. Doğrudur, biz hərəkət edirdik: özümüzünkünə və özümüzünkülərə qarşı olan nifrətimiz get-gedə artırdı, xüsusən də biz Avropanı daha ciddi şəkildə anlamağa başlayandan sonra. Bununla belə, Avropadakı millətlərin kəskin şəkildə bir-birindən fərqlənməsi və kəskin şəkildə təyin olunmuş xalq xarakterləri bizi heç vaxt təşvişə salmırdı. Biz elə ondan başladıq ki, birbaşa “bütün əksiklikəri aradan qaldıraraq” nəticədə ümumbəşəri “avropalı” tipini əldə etdik.

Biz Russonun və Volterin gəlişini sevinclə qarşıladıq, biz səyahət edən Karamzinlə birlikdə 89-cu ildə “Milli Ştatların” çağırılmasına riqqətlə sevinirdik və əgər sonradan, artıq indiki əsrin birinci rübünün sonunda, qabaqcıl avropalılarla birlikdə onların artıq məhv olmuş arzuları və idealları sarıdan ümidsizliyə düçar olsaq da, yenə də öz inamımızı itirmədik və hətta avropalıların özlərinə də təskinlik verirdik. Hətta rusların öz vətənində “ağlar”ı belə elə o saat “qırmızılar” olurdular – bu da son dərəcə səciyyəvi xüsusiyyətdir. Sonra, indiki yüzilliyin ortalarında bəzilərimiz fransız sosializminə qoşulmağa layiq görüldü və onu, nəhayət, azca da olsa tərəddüdsüz-filansız, ümumbəşəri birliyin həlli naminə, yəni indiyədək bizi cəlb edən arzularımızın naminə qəbul etdilər.

Bununla belə, rus xalq xarakterini biz nəinki heç nə hesab edirik, hətta xalqda hər hansı xarakterin olmasını belə qəbul etmirdik. Biz onun barəsində düşünməyi belə unutmuşduq və (sual belə vermədən) tam bir despot sakitliyi ilə əmin idik ki, xalqımız bizim ona göstərəcəyimiz, əslində isə əmr edəcəyimiz hər şeyi elə o saatdaca qəbul edəcəkdir. Bu mənada bizdə xalq haqqında daim gülməli lətifə dolaşırdı. Ümumən insanlarımız xalqımıza qarşı hətta kəndli islahatından sonra da tamamilə mülkədar olaraq qalırdı.

Və biz nəyə nail olduq? Qəribə nəticələrə nail olduq: başlıcası, Avropada hamı bizə istehza ilə baxır, ən yaxşı və həqiqətən, ağıllı ruslara isə Avropada təkəbbürlü bir iltifatla yanaşırlar. Onları bu təkəbbürlü iltifatdan Rusiyadan mühacirətdə, yəni artıq siyasi mühacirət və Rusiyadan tamamilə imtina da xilas etmirdi.

Bununla belə, biz Avropdan heç cür imtina edə bilmərik. Avropa bizim ikinci vətənimizdir, – mən bunu birinci olaraq açıq söyləyirəm və həmişə də söyləmişəm. Avropa bizim hamımız üçün, az qala, Rusiya qədər əzizdir; bütün Yafəs nəsli ordadır, bizim ideyamız isə bu nəslin bütün millətlərinin birləşməsi ideyasıdır və hətta bundan o yana, xeyli o yana Samdan və Yamdan olan nəsillərin birləşməsidir. Nə etməli?

Birincisi və hər şeydən əvvəl rus olmalı. Əgər ümumbəşərilik milli rus ideyasıdırsa, onda hər şeydən əvvəl hər bir kəsə rus olmaq, yəni özünə qayıtmaq lazımdır və onda elə ilk addımdanca hər şey dəyişəcək. Rus olmaq öz xalqına nifrəti tərgitmək deməkdir. Və avropalı öz xalqımıza və millətimizə hörmət etməyə başladığımızı görəndə elə o saatdaca bizə hörmət etməyə başlayacaq. Həqiqətən də, biz nə qədər güclü və müstəqil şəkildə inkişaf etsək, o qədər də güclü şəkildə avropalının qəlbində əks-səda doğurmuş olarıq və Avropayla doğmalaşaraq, elə o saatdaca onun üçün anlaşılan olarıq. Onda bizdən təkəbbürlə üz çevirməzlər, bizi dinləyərlər. Biz onda görkəmcə də başqa cür olarıq. Özümüzə qayıtmaqla biz, nəhayət ki, meymun deyil, insan siması qəbul etmiş olarıq.

Onda biz özümüz də başa düşərik ki, millətimizin nifrət etdiyimiz xüsusiyyətlərinin çoxu zülmət deyil, məhz işıqdır, axmaqlıq deyil, məhz ağıldır, bunu başa düşdükdən sonra isə biz Avropada hökmən elə söz deyəcəyik ki, orada hələ eşitməyiblər.

Bununla belə, doğrudanmı, mən kimisə inandırmaq istəyirəm? Bu, zarafat idi. Amma insan zəifdir: bəlkə də, yeniyetmələrdən, gənc nəslin nümayəndələrindən kimsə oxudu…

Rus dilindən çevirən: Məmməd Qocayev