XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

29 Mart 2015 - 04:58

“Dövlət ədəbiyyata qayğı göstərməyə, dəstək olmağa borcludur”.

Namiq bəylə tanışlığımız elə də uzaq keçmişə dayanmır. Təbii ki, tanışlığımıza ilkin səbəb də məhz ədəbiyyat olub. Bütün həyatını ədəbiyyata, onun inkişafına həsr edən bu “Ədəbiyyat fəadisi” ilə söhbət mənim üçün də son dərəcə maraqlı idi. Şair, publisist, AYB-nin Muğan bölməsinin rəhbəri Namiq Hacıheydərli ilə müsahibəmizi sizə təqdim edirik:

– Xoş görduk, Namiq bəy. Ədəbiyyatdakı halınız necədir?

– Ədəbiyyatda halım mənə görə yaxşıdır. Amma oxucuya və topluma görə necədir, onu bilmirəm. Ruhən ədəbiyyat adamıyam, ədəbiyyat dünyası və ədəbiyyat ortamı özümü ən yaxşı hiss etdiyim yerdi. Ədəbiyyatda özümü yerimdə hiss edirəm. Lakin ədəbiyyat məndən razıdırmı, ədəbiyyata faydalı ola bildimmi, çalışmalarım ədəbiyyatımız üçün faydalı ola biləcəkmi? – bunu zaman göstərəcək…

– Hardan başlanır ədəbiyyat?

– Ədəbiyyat ƏDƏBdən başlayır. Ədəbiyyat haqqında düşüncələrimi bu yaxınlarda “Yaxşılaşdırma sənəti” adlı yazımda ortaya qoymuşam. Ədəbiyyat dünyanı addım-addım gözəlləşdirmək üçündü. Gözəlləşdirməyə xidmət etməyən ədəbiyyat, ədəbiyyat deyil, biədəbiyyatdır.

– AYB-dəki işləriniz necədir?

– Elə AYB-nin işləri kimi. Qayğılı və ümidli. AYB-nin Bölmə rəhbəri olaraq üzərimə düşən görəvi layiqincə yerinə yetirməyə çalışıram. Yerinə yetirə bilmədiyim işlərin məndən aslı olmayan nədənləri var. Bu haqda bir neçə dəfə yazmışam və müsahibələrimdə söyləmişəm.

– Son zamanlar AYB-də baş verən narazılıqlara münasibətiniz?

– AYB-də son zamanlar deyil, hər zaman narazılıqlar olub və olacaq. Bu narazılıqlar bəzən şəxsi planda, bəzən də ədəbiyyat adına ortaya çıxır. Hərdən AYB-dən çox şey gözləyirlər. O qədər şeylər gözləyirlər ki sanki, AYB yaradıcı insanların birləşdiyi təşkilat yox, hansısa bir təchizat idarəsidir. Bir çox narazılıqların kökündə ummaq faktoru dayanır. Lakin hər hansı bir yaradıcı insan heç kimdən və heç yerdən heç nə ummadan yaradıcılıq örnəklərini ortaya qoymalı, potensialını gerçəkləşdirməyə çalışmalıdır. Əlbəttə, AYB-də əlini əlinin üstə qoyub dayanmamalıdır. AYB yaradıcı bir qurum olaraq hər zaman sözün və söz adamının, haqqın və doğru tərəfin yanında olmaq missiyasını qoruyub saxlamağı bacarmalıdır.

– Yaradıcılığınızın böyük hissəsini vətənpərvərlik mövzuları əhatə edir. Sizcə, bu movzuda deyəcəklərinizi tam deyə bilirsinizmi?

– Hər bir insanın yaşam missiyası var. Əyər bu gün varamsa, deməli hələ missiyam bitməyib və deyə biləcəklərimi tam olaraq deməmişəm.

– Söz kimindir?

-Söz, əlahəzrət millətindir. Son sözü hər zaman olduğu kimi millət deyəcək.

– Həm nitqinizdə, həm də yazılarınızda türkcəyə böyük önəm verirsiniz. Bu, ətraf tərəfindən necə qarşılanır?

– Türk olmaq mənim seçimim deyil, taleyimdi. Türk olaraq doğuldumsa, doğal olaraq türkcəyə böyük önəm verməliyəm. Dil bir millətin varlığının göstəricisidi. Dilini qorumayan millət ölümə məhkumdu. Dildən bir söz itirən millət mədəniyyətdən bir qat itirmiş kimidi. Millətin kimliyi, varlığı, enerjisi onun dilindədi. Bu anlamda türkcəyə önəm vermək, onun saflığını və təmizliyini qorumaq bu millətin qələm adamı olaraq mənim ilahi missiyamdı.

– İsa Muğanna deyərdi ki, “Əsl ədəbiyyatçı yalnız yazmaqla məşğul olmalıdır, vəzifə onluq deyil”. Bu fikrə munasibetiniz?

– İsa Muğanna “yazıçı yalnız yazmaqla məşğul olmalıdı”- deyərkən, “yazıçı hər şeyə biganə olmalıdı”-demək istəməyib. Yazıçı yaşadığı, vətəndaşı olduğu ölkənin, mənsub olduğu millətin, toplumun həyatında heç bir şeyə biganə qalmamalıdı. Bir ölkədə gənclik ümidsiz və qeyri-müəyyən durumdadırsa, yurdda mənəvi böhran yaşanırsa, təhslin gələcəyi sual altındadısa, bir məmləkətin məmuru süründürməçi, alimi susqundusa və bir ölkədə hər gün millətin haqqı tapdanırsa, deməli o yerdə yazıçı yoxdur, ya da yazıçı varlığı görünməz durumdadır. Yazıçı, şair yaşadığı ölkənin, mənsub olduğu millətin və toplumun həyatında baş verən hər şeyə cavabdehdir.

– Haqq nədir?

-Haqq, hamını – Tanrının yaratdığı hər şeyi düşünməkdir. Haqsızlıq dağda bitən bir ağacı susundan yandırmaqdı.

Haqq, Tanrının millətə verdiyi sərvətlərin sahiblik hüququnun millətə mənsub olmasıdır. Haqsızlıq- bu sərvətlərin 3-5 adamın əlində olmasıdı.

Haqq, milyonların seçiminin tanınması, sayğı duyulmasıdır. Haqsızlıq milyonların istəyinin ziddinə olaraq qutudan hansısa manqurtun adının çıxarılması, döşünə “millət vəkili” nişanının taxılmasıdır.

Haqq, Tanrının yanında olmaq, haqsızlıq şərin tərəfində dayanmaqdı.

Haqq, bir ömür şərin yanında olan kimsənin acılar içində dünyadan getməsi və bir ömür şərin qarşısında olduğu üçün acılar içində yaşayan kimsənin rahatlıqla dünyadan köçməsidir.

– Haqsızlıq edib peşmanlıq çəkdiyiniz olubmu?

– Heç haqsızlıq etmədim – desəm, ola bilsin ki, nə zamansa bilmədən haqqına girdiyim kimsəyə qarşı haqsızlıq etmiş olaram. Ancaq ağlım kəsəndən haqsızlıq etməməyə çalışdım.

– Yaşlı nəsil ədəbiyyatçılar niyə çox vaxt gənc nəsli bəyənmir?

– Hər zaman belə olub. Yaşlı nəsil gənc nəsli, gənc nəsil yaşlı nəsli bəyənməyib. Bunun bir çox nədənləri var. Əsas nədəni odur ki, istər yaşlı nəsil və istərsə də gənc nəsil mövcud olanı yox, görmək istədiyini görmək istəyib. Qarşılıqlı olaraq bir-birindən daha çox şey umub. Yaşlı nəsil mühafizəkar, gənc nəsil yenilikçi olub. Zaman keçdikcə hisslərə deyil, gerçəkliyə dayanan gəncliyin özü də mühafizəkar təbəqəyə çevrilib. Kimin nə istəməsindən aslı olmayaraq qələm adamı hər zaman doğru bildiyini deməli, doğru bildiyi tərəfdə yer almalıdır.

– Sizə də elə gəlmirmi ki, son zamanlar ədəbiyyat bayağılaşmağa doğru gedir?

– Ədəbiyyat heç zaman bayağılaşmır. Sadəcə olaraq son zamanlar bayağı adamları və bayağı yazıları ədəbiyyat adına oxucuya sırımaq prosesi gedir. Bir ölkənin iqtisadiyyatı hansı durumdadırsa mədəniyyəti və ədəbiyyatı da o durumda olur. İqtisadi sferada olduğu kimi mədəni və ədəbi alanda da süni şəkildə “idarəolunan adamlar” yetişdirilir. İyirmi-otuz il əvvəlki mədəniyyət adamları ilə indiki mədəniyyət adamları dediyimiz insanları müqayisə edin. Mədəniyyət adamı ölkədə baş verən ictimai-siyasi olaylara münasibət sərgiləyən aydından, himnimizin kim tərəfindən yazıldığını bilməyən bir şou əhlinə çevrildi. Daha doğrusu çevirdilər. Eyni durum ədəbiyyatımızda da özünü göstərir. Ciddi, tarixinə və mədəniyyətinə sayğılı, nüfuzlu ədəbiyyat adamının ortaya çıxmasını istəmirlər və bunun üçün bütün mümkün maneələri yaradırlar. Baxın, televiziyalarımızda kimlər təbliğ olunur? Kimlər “ulduz” və “yazar” adına millətə sırınır? Şou – klassik anlamda təlxək deməkdir. Saraylarda təlx
əklər saxlayırdılar əylənmək üçün. İndi həmin funksiyanı şou əhli həyata keçirməkdədi. İndi görün təlxək daha çox təbliğ olunur, tanınır yoxsa, ziyalı? Düşünən, millətinin və dövlətinin taleyinə biganə olmayan işıqlı insanlar məmur zümrəsi üçün hər zaman təhlükə mənbəyi sayılıb. Bu “təhlükəni” aradan qaldırdılar. Əvəzində düşünməyi bacarmayan, diqtə ilə oturub-duran, sifarişlə yazan, yaltaq, rəzil və sizin dediyiniz kimi bayağı bir zümrə “yetişdirdilər”.

– Ədəbiyyat sahələrindən ən çox inkişafdan qalan sahə hansıdır?

– Sahəsindən və janrından asılı olmayaraq, doğru sözə hər zaman ehtiyac var. Bu baxımdan cəmiyyətimizdə baş verən çatışmazlıqlara operativ münasibət sərgiləyə biləcək publisistikanın üzərinə daha çox vəzifə düşür.

– Ədəbiyyatımızı inkişaf etdirmək adına siz özünüz hansı işləri görürsünüz və bu sahədə nə kimi təklifləriniz var?

– Hər zaman doğru bildiyim tərəfdəyəm və doğru bildiyimi yazıram. Yazdıqlarım ədəbiyyat adına faydalı olacaqmı, olmayacaqmı, onu zaman göstərəcək. Ədəbiyyatımızı inkişaf etdirmək üçün dövlət dəstəyi lazımdır. İanə kimi yox, yardım kimi yox, pay kimi yox… Bu dəstək borc kimi, qutsal görəv kimi edilməlidir. Dövlət ədəbiyyata qayğı göstərməyə, dəstək olmağa borcludur. Folkner deyir ki, milləti ədəbiyyat yaradır. Belinski isə deyir ki, ədəbiyyat xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir. Bu anlamda millətin əbədi var olması üçün, mənəvi həyatının diriliyi üçün Məhəmməd Hadi demişkən “imzalar içində” imzasının görünməsi üçün ədəbiyyata diqqət və qayğı lazımdır.

– Son olaraq….

-Yalnız başlanğıc var, son yoxdur…

Söhbətləşdi: Şəhanə MüŞFİQ