XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

14 Fevral 2017 - 11:11

Tariximizin və günümüzün ağrıları –Cəlil Məmmədquluzadənin “Məni niyə döyürsünüz” məqaləsi

404074909

A mollalar niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərədn agah edəm? Olmaya qorxursunuz ki, məcmuənin vərəqlərini nökərlər samovar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırda camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola? Olmaya siz başa düşürsünüz ki, bir məmləkətdə iki padşah və bir əsərdə iki molla ola bilməz: ya Molla Xəsrəddin, ya da Molla Nəsrəddin?

Heç eybi yoxdur, döyürsünüz döyünüz. Amma bunu da biliniz ki, ey mollalar ki, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri əlinizdən alar və başlar … dəxi dalısını demirəm.

Və bu da vaxt ola bilər ki, keçəl-küçəl, tumançaq və bambılı, bit və sirkəli qardaşlarım sizlə mənim təfavütümü başa düşələr. Hərçənd ki, siz də mollasınız və mən də mollayam və lakin bizim aramızda bir balaca fərq var.

Başağrısı da olur. Amma bu barədə bir neçə söz deməyi lazım görürəm.

Bizim təfavütümüz bir neçə qismdir:

Əvvələn, mən molla ola-ola müsəlman qardaşlarıma vəz edən vaxt deyirəm: bir Allaha sitayiş edin, bir də peyğəmbərlərə və imamlara itaət edin. Amma siz deyirsiniz: Allaha da sitayiş edin, peyğəmbərə də, imamlara da, mollalara da, dərhəmzad, əcinə, kəlilə, dimnə, şeytan, div, mərrix, sərrix, tərrix, amax, saşan, küflə qurdu, mığmığ, mozalan – bunların cümləsinə sitayiş edin.

İkinci, mən də mollayam, siz də molla. Amma mən müsəlman qardaşlarıma deyirəm: ey müsəlmanlar, gözünüzü açınız, mənə baxınız; amma siz mollalar deyirsiniz: gözünüzü yumunuz, mənə baxınız.

Üçüncüsü, mən bir müsəlman uşağı küçədə görəndə deyirəm: bala, burnunun fırtını sil. Və haman uşaq arxalığının qolu ilə başlayır burnunu silməyə. Amma siz mollalar haman uşağı görəndə deyirsiniz: gədə, qırışmal, qaç atana de ki, vədə elədiyini bu gün göndərməsə, bir elə bəddua oxuram ki, yeridiyi yerdə daşa dönər.

Dördüncü, mən də mollayam, siz də mollasınız. Amma bir balaca təfavütümüz budur ki, mən heç olmasa bir parça kağız üstünə bir neçə nağıl-nuğul yazıb ilan-qurbağa şəkli çəkirəm və paylayıram müsəlmanlara ki, oğul-uşaq şəkillərə baxıb gülsünlər və nökərlər kağızını alışıq edib, asanlıqla ocağı yandırsınlar. Amma siz mollalar deyirsiniz: uşaqların da canı cəhənnəmə, nökərlərin də.

Cəlil Məmmədquluzadə