XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 22:06

Şərurdan başlanan yol:Aşıq Nabat kimdir?

nabat Naxçıvan Muxtar Respublikasının tərkibinə daxil olan rayonların içərisində Şərur rayonunun özünəməxsus yeri vardır. Ərazisinin böyüklüyünə, torpağının münbitliyinə, barına-bəhərinə görə digər rayonlardan çox fərqlənir.

Naxçıvan Muxtar Respublikasının digər rayonlarından fərqli olaraq Şərur rayonunun Azərbaycan aşıq şeirinin inkişafında da yeri ayrıcadır. Çünki ustad sənətkarımız Aşıq Ələsgərin ustadı əgər Aşıq Alı olmuşdursa, Aşıq Alının da ustadı Şərur elindən olan Ağ Aşıq Allahverdi (Qara Osman oğlu – Kosacan kəndi ) olmuşdur. “Ağır Şərili “, “Yüngül Şərili “ kimi saz havalarının adları da məhz bu torpaqla, bu diyarla bağlıdır.

Tarixən olduğu kimi, ötən əsrimizdə də Şərur torpağında saza-sözə böyük dəyər verilmişdir. Gənclik illərimizdə yorulmadan, sevə-sevə dinlədiyimiz Aşıq Həmidin (Danzik kəndi), Ağ Aşığın (Aşıq Usub- Sədərək kəndi), Aşıq Hüseyn Arpaçaylının, Aşıq Əli Şəhriyarlının, Aşıq Əlinin (Aralıq kəndi), Aşıq Nəsibin (Axaməd kəndi ) simaları göz önümüzdə canlandığı kimi, xatirələri də qəlbimizdə yaşamaqdadır. Şərur torpağında bu gün də saza-sözə böyük dəyər verilməkdədir.

Aşıq poeziyamızın, aşıq sənətinin inkişafında Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər kimi klassik kişi sənətkarlarımızla yanaşı, Aşıq Sona, Aşıq Pəri, Aşıq Həmayıl, Aşıq Bəsti kimi qadın sənətkarlarımızın da böyük rolu olmuşdur. Bu cür qadın sənətkarlardan biri də XX əsrdə Şərur torpağında doğulmuş və şöhrəti Azərbaycandan çox-çox uzaqlara yayılmış Aşıq Nabatdır.

Aşıq Nabat (Nabat Paşa qızı Cavadova) 1914-cü ildə Şərur rayonunun Parçı kəndində (o kənd indi Xanlıqlar kəndinə birləşdirilib) yoxsul bir ailədə dünyaya gəlmişdir. Anasını çox erkən itirən bu qız atasının himayəsində böyümüşdür. Aşıq Nabatın məlahətli və əsrarəngiz səsinin olması hər kəsin diqqətini özünə cəlb etmişdir. Dədə Qorqud timsallı nuranı ağsaqqal babaların söylədiyi ovsunlu dastanlar, ağbirçək nənələrimizin şirin-şəkər nağılları onun ruhunu saz-söz üstündə kökləmişdir və “Aşıq Nabat nağılı”, “Aşıq Nabat dastanı” da beləcə yaranmış, dildən-dilə, ağızdan-ağıza düşmüşdür.

Aşıq Nabatın ailə qurmaq sevdası onu sevmədiyi bir insana zorla vermək istədikləri üçün baş tutmamışdır. Bu hadisə ona ciddi təsir etdiyindən Şərurda duruş tapa bilməyib Qarabağa getməli olur. 1934-cü ildə Bərdəyə gəlir. Burada məclislərdə oxuduğu zaman Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musa ilə tanış olur, onunla birlikdə el məclislərində iştirak edə-edə saz-söz sənətinin sirlərinə dərindən yiyələnir. Eyni zamanda Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov və Qurban Pirimov kimi ustadlarla bir yerdə xanəndəlik edir.

Aşıq Nabat 1937-ci ildə Yevlax şəhərinə köçür, burada Borsunlu Məzahirin aşıqlar dəstəsinə qoşulur. Sevdalı Həsən, Pərvanə Həsən, Aşıq Əsəd, Aşıq Saleh və Aşıq Teymur kimi gözəl aşıqlarla tanış olub, onlarla birlikdə məclislərə gedir. 1938-ci ildə Aşıqların İkinci Qurultayına nümayəndə seçilir. 1940-cı ildə may ayında Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edir və sevimli şairimiz Səməd Vurğunun “ Danışaq “ adlı qoşmasını ilk dəfə burada oxuyur. Hələ 26 yaşında Kremlin səhnəsində uğurla çıxış edən Şərurun bu nəğməkar qızının səsi-sorağı Azərbaycanın sədlərini aşmış olur. 1954-cü ildə “İzvestiya" qəzetində onun haqqında geniş məqalə yazılır və həm də şəkili verilir.

Aşıq Nabatın ecazkar səsi olduğunu görən böyük şairimiz Səməd Vurğun onu Bakıya dəvət edir. 1961-ci ildə aşıqların III qurultayına nümayəndə seçilir. Həmin dövrdə otuz üç aşıq haqqında xüsusi bülleten buraxılır ki, onlardan biri də Aşıq Nabatdır.

1968- ci ildə isə böyük folklorşünas alimimiz Sədnik Paşayev “Azərbaycan qadını “ jurnalında onun haqqında gözəl bir məqalə ilə çıxış edir və Aşıq Nabata yüksək qiymət verir.

Aşıq ömrünün sonuna qədər Yevlax şəhərində yaşamasına baxmayaraq, Şəruru heç zaman unutmamış, onun həsrəti ilə yaşamış və 1973-cü ildə ölərkən öz vəsiyyətinə görə Şərura gətirilmiş və Siyaqut kəndində dəfn olunmuşdur. Hazırda  yeganə övladı olan qızı Kəmalə xanım isə Yevlax şəhərində yaşayır.

Aşıq Nabat təkcə ifaçı aşıq olmamış, eyni zamanda, həm də yaradıcılıqla məşğul olmuşdur. Çox təəssüflər olsun ki, aşığın şeirləri sağlığında toplanmamış və çap olunmamışdır. İllər keçdikdən sonra Aşıq Nabatın 70 illiyi ərəfəsində gözəl ziyalı, qədirşünas insan olan AYB-nin üzvü, Məmməd Araz Mükafatı laureantı, şair-publisist Budaq Təhməz aşığın olduğu yerləri el-el, oba-oba gəzərək, böyük çətinliklər bahasına olsa da, onun irsinin çox kiçik bir hissəsini toplaya bilmişdir. Səksəninci illərdən üzü bəri isə aşığın yaradıcılığının təbliği ilə məşğul olmuşdur. Sevimli şairimiz filologiya elmlər namizədi, dosent Məhərrəm Cəfərlinin yaxından köməkliyi və redaktorluğu ilə “ Aşıq Nabat “ kitabçasını çap etdirib oxuculara ərməğan etmişdir. İstedadlı şairimiz Budaq Təhməz aşığın keşməkeşli həyatını və könül dünyasını əks etdirən “Aşıq Nabat “ adlı lirik-romantik bir poema da yazmışdır. Bununla da o, Aşıq Nabat şəxsiyyətinə və yaradıcılığına olan sevgisini poetik bir dillə, dərin məhəbbətlə əks etdirmişdir. Şair eyni zamanda 1982-ci ildə Şərur rayonunun Siyaqut kənd orta məktəbində Aşıq Nabatın yubileyini təşkil edib keçirmişdir. Hətta görkəmli akademikimiz İsa Həbibbəyli də o zamanlar həmin yubileydə iştirak etmişdir.

Bir filoloq, bir ziyalı, bir şair, hər şeydən əvvəl isə, aşıq poeziyasının vurğunu olan bir oxucu kimi, Aşıq Nabatın şeirlərini incələdikcə heyrətlənməyə bilmirəm. Bir daha anlayıram ki, Aşıq Nabat heç də sıradan biri olmamışdır. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Dədə Ələsgər bulağından su içən aşıq mükəmməl söz sahibidir. Onun şeirlərindəki fikir dolğunluğu, fikrin poetik ifadə tərzi, aşıq şeirinə məxsus duruluq və axar adamı valeh etməyə bilmir. Aşığın şeirlərində yurd sevgili, vətən həsrətli hisslər daha üstünlük təşkil edir. Bu da səbəbsiz deyil. Gənclik illərindən doğulduğu Şərur torpağından ayrı düşən bir aşıqdan bundan savayı, daha nə gözləmək olardı ki?!…..

 

                                               Taleyin hökmüylə gələn qardaşlar,

                                               İtirmişəm, tapın ellərim mənim.

                                               Çərxi-fələk saldı məni toruna,

                                               Ağlamır, lal olub dillərim mənim –

 

deyən aşıq öz hisslərini, öz duyğularını nisgilli bir dillə ifadə edərək “Yaxşıdır“ rədifli gəraylısında son nöqtəni belə qoyur:

 

                                                    Qürbət eldə xan olunca,

                                                    Öz yerimdə qul yaxşıdır.

 

Doğulduğu torpağa varlığı ilə bağlı olan Aşıq Nabat illərlə yurd deyə-deyə, yanıb-yaxılır.

 

                                                     Taleyin hökmüdür belə,

                                                     Məni atıb eldən-elə.

                                                     Dərviş olub düşdüm dilə,

                                                     Bu dünyada, bu dünyada.

 

                                                     Nabat, harda qaldı elin?

                                                     Oğulsuz bükülüb belin.

                                                     Lal olub danışmır dilin,

                                                     Bu dünyada, bu dünyada.

 

Dərviş olub eldən-elə düşən aşığın yurd sevgisi zaman keçdikcə səngimək bilmir. "Könlüm axır Vətən sarı" deyən bu insanın həsrəti günü-gündən daha da artır, onu Vətənə sarı çəkir.

Klassik aşıq poeziyamızın ənənələri, ifadə formaları Aşıq Nabatın şeirlərində də öz bədii həllini dolğun şəkildə tapmışdır.

 

                                                  Al yaşıl geyinib tirmə bağlayın,

                                                  Bənzəyin qubaya-qaza, gözəllər.

 

                                                 Ağ buxağa gül-bənövşə düzərsiz,

                                                 Gərdən çəkib bağrın başın üzərsiz.

                                                 Sığallanıb toy-düyündə gəzərsiz,

                                                 Bu hal çox yaraşır sizə gözəllər.

 

Gözəllərə bu cür gözəlləmə deyən aşıq özünü də unutmur:

 

                                               Həqiqət yolunda mən bir səyyadam,

                                               Günəşli ölkəmə baxdıqca şadam.

                                               Cəfakeşəm, yorulmamış Fərhadam,

                                               Nabat meylin salıb saza gözəllər.

 

“Açılmamış soldu güllərim mənim “ – deyən Aşıq Nabat daima taleyindən şikayətlənir. Lakin bunu elə bir formada, elə bir dillə ifadə edir ki, istər-istəməz heyrətlənməyə bilmirsən:

 

                                             Dörd bir yanım qaranlıqdır, adadı,

                                             Fələk tutub qollarımdan budadı.

                                             Aman, qoyma, o dəryada, sudadı,

                                             Qərq olub dəryada batan baxtımı –

söyləyən aşıq sonda “Paytaxtı yan üstə çönən mən oldum” –deyir.

Bütün ustad aşıqlarımız kimi, Aşıq Nabat da bayatı janrına müraciət etmiş, özünəməxsus orijinal bayatılar yarada bilmişdir:

 

                                                 Mən aşiqəm üz üşər,

                                                 Bu dərddən can üzüşər.

                                                 Bülbül qanad tərpədər,

                                                 Külək əsər, üz üşər.

 

                                                 Əziziyəm ağam, gəl,

                                                 Ölməmişəm sağam, gəl.

                                                 Boynumda qəm zənciri,

                                                 Yolunda dustağam, gəl.

 

Aşıq Nabatın bu kitabçada Aşıq Hüseynlə verilmiş birgə deyişməsini mən aşıq şeirimizin mükəmməl nümunələrindən biri kimi qiymətləndirərdim.

 

                                                               Aşıq Hüseyn

                                            Aşıq Nabat, götür sazı deyişək,

                                            Düz ilqardan, sədaqətdən danışaq.

                                            Şairlərin sənətindən söz açaq,

                                            Görünməmiş məharətdən danışaq.

 

                                                              Aşıq Nabat

                                           Şair qardaş, sən qələmlə mən sazla,

                                           Əlli yaşlı bu bahardan danışaq.

                                           Min dil açıb Azərbaycan torpağı,

                                           Tükənməyən arzulardan danışaq.

 

Aşıq Nabatın Şərurdan başlayan sənət yolu Azərbaycanın hər bir elini, obasını, bütövlükdə Vətən torpağını qarış-qarış gəzərək dolaşdı və sonunda qəlblərə, onu sevən könüllərə köçdü və orada da yaşamaqdadır. Di gəl ki, Aşığın adını həyatda əbədiləşdirmək, onun xatirəsini yaşatmaq üçün Şərurda onun adını daşıyacaq bir küçə, bir uşaq bağçası və ya bir məktəb olsaydı necə də gözəl olardı? Yəqin ki, bununla ilgili düşünənlər nə zamansa tapılacaqdır.

İnanıram ki, Şərurdan başlanan sənət yolunun yolçusu olan Aşıq Nabatın sazımızı yüksəklərə qaldırması Azərbaycanda qadın aşıqlarımız sırasında onun da özünə layiq yerinin olmasını göstərən ən böyük amillərdən biridir.

ələsgər

 Ələsgər Talıboğlu

 şair-publisist, AYB -nin üzvü,

M.Araz mükafatı  laureantı