XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 Fevral 2017 - 10:54

Rasim Gənzəli hekayəti…

genzeli

Tanınmış şair İltimas İsmayıl bu yaxınlarda 55 yaşını tamamlayan Rasim Gənzəlinin yaradıcılığı barədə öz düşüncələrini qələmə alıb.

Məqaləni oxucularımıza təqdim edirik:

 

Cəsarətlə deyə bilərəm ki, müasir dövrümüzün ən yaxşı yazarlarından biri də Rasim Gənzəlidir. Ədəbi əsərlərin gözdən düşdüyü, insanların məişət qayğılarıyla çox yükləndiyindən kitablara diqqətinin azaldığı indiki zamanda Rasim Gənzəli də öz layiq olduğu oxucu rəğbətini tam ala bilməyib. Açığını desəm, mən də bu yazarın əsərlərilə bu yaxınlarda tanış olmuşam. İlk kitabını oxuduqdan sonra onun yaradıcılığını daha dərindən tanımaq istəmiş və buna görə də bir neçə kitabını tapıb mütaliə etmişəm.

Rasim Gənzəlinun əsərlərini oxuduqca onun şəxsiyyətiylə də tanış olur, yazar səmimiyyətilə qarşılaşırdım. Bu səmimiyyət oxucuları yazarın əsərlərinə cəlb edən əsas cazibə qüvvəsidir. Bəlkə də məhz buna görə, həmin kitabları oxuduqca mənə elə gəlirdi ki, bütün əhvalatları yazarın öz dilindən, öz səsindən duyuram. Üç kitabı bir neçə gün içində oxuyub qurtara bilməyim də, görünür, yazarın bu möcüzəvi qabiliyyətindən qaynaqlanırdı.

Kitabları və əsərləri bir-birinə bağlı hadisələr zəncirindən ibarət kimi görünsə də , oxuyub dərinliyinə daldıqca, yazıçının sehrinə düşdükcə, hər bir əsərin mükəmməl müstəqilliyinin də şahidi olurdum. Və oxuduqca özümü o kənddə, o şəhərdə, o evdə, o hadisələrin içində hiss edirdim. Bunun səbəbi hadisə və müəllif təxəyyülünün gerçəklərə dayanması, təbiilikdən qidalanmasıdır. “İnsan həyatı açısıyla-şiriniylə, sevinci-kədəriyə, sevgisiylə nə qədər gözəl bir dillə təsvir edilə bilər”-deyə, soruşsalar, tərəddüd etmədən “Rasim Gənzəli diliylə”- deyə, cavab verərdim. Əsərlər yorucu təsvir üsullarından uzaq , amma oxucunu intizarda saxlayan, gərginləşdirən, qəhramanı üçün narahat edən, dualar etdirən bir axardadır.

Yazıçı yaratdığı qəhrəmanlarını olduğu kimi təsvir edir. İdeallaşdırmağa qaçmadan müsbət qəhrəmanını bütün cəhətləriylə oxuçusuna təqdim edir. Həyat reallıqlarını pərdələmədən, don geydirmədən göstərməklə oxucu rəğbəti qazanır. Onun əsərlərində şişirdilmiş insan obrazları görmürük. Düşüncələriylə, hərəkətliylə, əməlləriylə təbii obrazları qavrayır, dəyərləndiririk.

Yazıçı əsərlərində elə bacarıqla zaman və məkan dəyişimləri edir ki, hadisələri elə ustalıqla keçmiş və gələcəklə bağlayır ki, oxucunu elə marihcəsinə ovsunlayır ki, özünü gah 20-ci illərdə, gah 37-ci ilin ayazında, gah 2-ci dünya müharibəsinin arxa cəhbəsində, gah da 50-60-cı illərdə görürsən. Və bu hadisələrin hamısı real həyat gerçəkləridir. Məgər bizim atalarımız, babalarımız, ana-nənələrimiz bu olaylardan kənardamı qaldılar? Yox, əlbəttə, bu fəlakətlər hər birimizin ailəsində yaşanmışdır. Və biz o bəlalardan sıyrılanların övladları, nəvələriyik.

“Qara sevda”, “Qurdlar ve manqurtlar”, “Qanlı çay” “Bəyaz gecələr”… Bu povest və romanlardakı hadisələr eyni məkanda-Göydaşlıda baş verir. Göydaşlı bir kəndi, bir mahalı deyil, VƏTƏNİ təmsil edir. Qılman Arazlının həyat yolu bizi zamanın qatlarında dolaşdırır. Uşaqlığı müharibədən əvvəli , gəncliyi müharibədən sonrakı dövrləri əhatə edən bu qəhrəman həyatın bütün sifətlərini görür, çətinliklərinə dözür, amma əzilmir, sınmır. Həyat onu bərkidib, sərtləşdirir, amma qıra bilmir. Dilinə, dininə, millətinə, xalqına, vətəninə dərin bir sevgi var bu obrazın ürəyində. Övladlarını da bu ruhda böyüdüb; Elsever hüquqşünasdır, möhkəm, sadiq xarakterli dostdur. Sevgisini bir ömür qəlbində yaşadan, hisslərinin quluna çevrilməyən, qayğkeş oğul, qardaşdır. Ömrünün sonuna qədər doğruluqdan, sədaqətdən vaz keçmir. Rəşid çobanlıqdan başlayadığı iş həyatına kolxozda davam etdirir, çalışır, yüksəlir, oxuyur, yalnışlar etsə də, səhvlərini anlayır. Eltürk, adından göründüyü kimi, Türk elini təmsil edir. Onun simasında yazar tükçülüyümüzü, müstəqilliyimizi kölgələyənlərə qarşı mübarizə aparan oğulların obrazını yaratmışdır.

Mövhumatın iç üzünü açıb göstərməklə Rasim Gənzəli dinimizi yalnış yola sapdıranları, xurafat azarına tutulanları ifşa edir. Türkçülüyün totemi Qurda sayğı yazıçının soy-kökümüzə sahib çıxdığının bariz numunəsidir. Və sonda Xeyirin Şər üzərində qələbəsi onun əsərlərinin dəyişilməyən aqibətidir…

 Rasim Gənzəlini 55 yaşı münasibətilə təbrik edir, gələcək işlərində uğurlar arzulayıram, İnşallah, yeni əsərləriylə biz oxucularını sevindirəcəkdir…

iltimas

İltimas İsmayıl