XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

19 Fevral 2017 - 13:41

Üç bəndə sığan dərinlik:Bir şeirin təhlili

siir

 

Türk dilli xalqların klassik ədəbiyyatında ürfani şeirlər mühüm yer tutur. Mətbu orqanların olmadığı zamanlarda ürfan əhli öz fikirlərini şeirlər vasitəsilə yaydığından ədəbiyyatımızda bu ənənə formalaşmış, daha sonra təkfirçi fiqhçilərin repressiyaları fikirlərin ezop dilində ifadəsinə yol açmışdır. Beləcə, eşq-məhəbbət simvollarına bürünmüş ürfani ədəbiyyat da şəkil dəyişdirmiş, şəkil dəyişdirə-dəyişdirə də zənginləşmişdir.

Nəsimidən, Yunus Əmrədən, Şah İsmayıl Xətaidən başlayaraq bu günlərimizə qədər uzanan tarixi yolçuluqda  lirik bir ədəbi cərəyana çevrilən bu ənənə son zamanlar xeyli zəifləmişdir.  Onun zəifləməsində xüsusilə ateist düşüncəyə əsaslanan sovet ədəbiyyatşunaslığının mühüm rolu olmuşdur. Füzulini, az qala, göbəkdən aşağı məhəbbət şairi kimi təqdim edən sovet ədəbiyyatşunaslığının ədəbi dünyagörüşümüzə vurduğu zərbənin öz təsir gücünü hələ də saxlamasına baxmayaraq, bəzi müasir şairlərimizin əsərlərində də dərin ürfani məna qatlarına rast gəlirik.

Müasir şairlərdən Məmməd Tahir yaradıcılığı belə nadir nümunələrdəndir.  Onun bir sıra şeirlərində rastlaşdığımız mütəssəvvif cizgilər haqqında uzun-uzadı danışmaq olar.  Fəqət siyasi publisistikada ixtisaslaşdığımdan ədəbi tənqidçilərin sahəsinə çox müdaxilə etmək fikrində deyiləm. Sadəcə, şairin son günlərdə qələmə alıb facebook səhifəsində paylaşdığı 3-bəndlik bir şeiri üzərində dayanmaq istəyirəm.

Məmməd Tahirin paylaşdığı “Gedir” rədifli gəraylısını oxuduqca fikirlərim məni klassik ənənələrdə yazıb yaradan Yunis Əmrə yaradıcılığına apardı. Etiraf edim ki, bu gəraylı da Yunis Əmrə şeirləri kimi rəvan, oxunaqlı, şirin və dərin məzmunlu idi. Şeirin ilk bəndində şair deyir:

Bu dərdimi mələklərə

Nədəndi, bildirib gedir.

Adım Lövhü-məhfuzdaydı.

Pozdurub,sildirib gedir.

Göründüyü kimi, bu bənddə sevgilinin öz aşiqinin dərdlərini mələklərə bildirməsindən, onun adını lövhi-məhfuzdan sildirməsindən söhbət açılır. Təbii ki, bu qeyri-adi istedada malik varlıq bizim düşündüyümüz maddi sevgili ola bilməz. Çünki mələklərlə danışan yeganə varlığın  Allah-Təalla olduğu bilinir. Müqəddəs kitabımız Qurani-Kərimə görə, O, hələ insanı ilk yaradanda mələklərə Adəmə xidmət etməyi tapşırmış və bu barədə onların fikrini dinləmişdir. İblisin cənnətdən qovulması hadisəsinin baş verdiyi həmin toplantıda Adəmin mələklərdən üstün tutulması əslində ilahi bir məhəbbətin göstəricisidir. Görünür, şair də bəndin ilk iki misrasında məhz bu hadisəni nəzərə çatdırır. Adəmin yaradılışı ilə bağlı Quran ayəsinə (Əraf 11) istinad edən şair burada klassik ədəbiyyat nəzəriyyəsində çox rast gəlinən təlmih sənətindən istifadə etmişdir.

Bəndin son iki misrası isə haqqında söhbət açılan sevgilinin məhz Allah olduğunu tam mənasıyla ortaya qoyur. Belə ki, “lövhü-məhfuz” sirri yalnız Allaha agah olan lövhədir. Yaradılışın bütün kodlarının yazıldığı, olmuş və olacaqların sirlərini daşıyan həmin lövhədə qeydə alınanları silmək də yalnız Allaha məxsusdur. Bu barədə Qurani-Kərimin Rad surəsinin 39-cu ayəsində deyilir- “Allah (o yazıdan) istədiyini silər, (istədiyini) sabit saxlayar. Ana kitab (olan Lövhü-məhfuz) Onun qatındadır”

Bənddə tam mənasıyla deyilməsə də, adının lövhü-məhfuzdan silinməsi əslində şair tərəfindən də arzulanır. Burada şikayət yox, sevinc ifadə olunur. Bu da səbəbsiz deyil. Təsəvvüf ədəbiyyatında “fəna-fillah” deyilən bir anlayış var. Bu anlayışa görə, İlahi sevginin ən son niyyəti Allahda yoxoluşdur. Quranın məhşur ayələrindən olan “Ondan gəldik, ona dönəcəyik” (Bəqərə 156) həqiqətini əldə rəhbər tutan sufilər bu geri dönüşün ən ali formasının Allahda yoxoluş olduğuna inanıblar. Şair də bu bəndə adının lövhü-məhfuzdan silinməkdə olduğunu ifadə edərək, təsəvvüfi fikirlərini ortaya qoyur. İlk bənddə yaradılışı, son bənddə isə geri dönüşü dilə gətirməklə Məmməd Tahir sanki Adəmdən qiyamətə qədər uzanan bəşər ömrünü sadəcə bir bəndə sığışdırmağa can atır. Bununla da, bir növ, lövhü-məhfuzun icmalını, qısa məzmununu yaradır.

“Gedir” rədifli şeirin ən gözəl hissəsi ikinci bənddir:

Eşqi edib bihuş məni

Dərdim qurudur çeşməni.

Ara yerdə dost-düşməni,

Üstümə güldürüb gedir.

– deyən şair ilk misrada ilahi eşqdən bihuş olduğunu dilə gətirir. “Bihuş” sözü bildiyimiz kimi özündən getmək deməkdir və burada ruhun bədəndən çıxması assosasiyasını yaradır. İlk bənddəki “fəna-fillah” aspektindən bu misraya baxanda şairin niyə bihuş olduğu anlaşılır.

Bəndin ikinci misrasındakı “dərdin çeşməni qurutması” fikri də gözəl tapılıb. Bilindiyi kimi, əski inanışda insanın qarnını deşən sirlər sulara danışılırdı. Suya danışılan qorxulu yuxuların yaşanmayacağına inanılırdı. Yarıdini rəvayətlərdə İsgəndərin buynuzu haqqında sirr də bir quyuya açılmışdı. Suya bu cür inanc türk mənəvi dünyasının müqəddəslik anlayışından gəlir. Müqəddəs hesab edilən su qədim türk inancına görə, mənfi ruhları yuyur, onu neqativliklərdən arındırırdı. Şairin dərdi isə o qədər böyükdür ki, suların mənbəyi olan çeşmə belə öz arındırıcılıq missiyasını həyata keçirmək gücündə deyil. Məhz buna görə də şairin dərdi onu qurudur.

“Çeşmə” həm də farsca “çeşm” sözündən əmələ gəlib göz deməkdir. Göz yaş tökməsi etibarilə də çeşməyə bənzəyir. Çox ağlayan gözlərin də çeşmə kimi quruması mümkündür və təsəvvüf ədəbiyyatında xüsusi anlam daşıyır. İnanca görə, insanı günaha, maddi həvəsə çəkən əsas bədən üzvü gözdür. İnsan görməsə, maddi varlığı arzulaya bilməz. Odur ki, mütəsəvviflər kor olana qədər Allah yolunda ağlamağı “fəna-fullahın” əsas şərtlərindən hesab ediblər. Şair də sözügedən bənddə dərdinin çeşməni qurutmasını deməklə bəlkə də buna işarə etməkdədir.

Misrada həm də klassik şərq fəlsəfəsindəki həyatın 4 ünsürü düşüncəsinə də eyham var. Bu düşüncəyə görə, dörd ünsürdən biri su, digərləri isə od, havatorpaqdır. Bənddə çeşmə sözüylə suya işarə edilməkdədir. Qurutmaq sözündə isə həm od, həm də torpaq anlayışları gizlənib. Nədən ki, qurutmaq bir başa odla bağlıdır. Od, istilik olmasa, təbii ki, yaş əşyalar qurumaz. Torpaq sözünün bir başqa adının quru, Yer kürəsinin qurudan və sudan ibarət olduğunu düşünsək, bu sözlə həm də torpağa eyham vurulduğu anlaşılar. Şairin dərdi dünya həvəsindən qurtulmaqdır. Həvəsin ürfani ədəbiyyatda digər adı isə havadır. Göründüyü kimi, üç sözdən ibarət misraya şair həyatın dörd ünsürünü sığışdırmaq istəyib. Bununla da aşiq üçün həyatın dərddən başqa heç nə olmadığını, ömrün mənasının Allahda yoxoluş olduğunu ifadə edib.

İkinci bəndin son iki misrası da xeyli maraqlı məzmunlarla doludur. Əvvəla, ondan başlayaq ki, bu misralardakı ilk söz təsadüfən seçilməyib. Şair “ara yerdə” deməklə klassik nəzəriyyədə ən çətin sənətlərdən olan tövriyyədən istifadə edib. Tövriyyə sənəti bir sözün iki və daha artıq mənaya gəlməsindən yaranır. “Ara yerdə” söz birləşməsinin ilk mənası boş-boşuna deməkdir. Yəni demək istənilir ki, ilahi sevgili öz aşiqini fəna-fillaha yüksəltmək üçün ən qısa yolu qoyub, onu imtahana çəkir. Aşiq çəkdiyi əziyyətlər, tökdüyü göz yaşı nəticəsində dost-düşmən arasında rəzil olur, hamı ona gülür.

“Ara yerdə” söz birləşməsinin digər mənası aşiqin dayandığı metafizik məkanı ifadə edir. Zira “fəna-fillah” yolçuluğuna çıxan istənilən hər sufi haqq dünyasıyla bu dünya arasındakı bir mərtəbəyə qədəm qoyur. Buna bədii şəkildə “ara yerdə” də demək olar.

Şeirin sonuncu bəndi:

Arısı yoxdu şan versin,

Yağı yoxdu, yavan versin,

Gəlmişdi cana can versin.

Bilmir ki, öldürüb gedir.

Bu bənd haqqında qısaca onu demək istərdim ki, misralarda şeirin ümumi məzmunundan danışılır. Bildiyimiz kimi, sufiliyin əsas məğzi ölmədən öncə ölməkdir. Buna nəfsini öldürmək də demək olar. Şair də ilahi eşqin cana can verdiyini bildirməklə yanaşı, həm də onun öldürüb getdiyini dilə gətirir. Məhz fənafillah anlayışı da elə bu deməkdir.

Türk ürfani ədəbiyyatının çeşməsindən su içən, onu bu günlərə daşıyan şair dostum Məmməd Tahirə yaradıcılıq uğurları arzulayıram.