XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

19 Fevral 2017 - 14:00

“Ağsaqqal”-Hekayə

aləm

 

Hər bir yazıçı öz cəmiyyətinin vicdanıdır və ya belə olmalıdır. Ətrafında baş verən hadisələr, müsbət və mənfi tendensiyalar, inkişaf prosesi ilə yanaşı tənəzzüllər, ictimai aşınmalar bədii əsərlərin əsas mövzusuna çevrilməli, insanları düşünməyə, toplumun özünüdərkinə kömək etməli, onu özünə tanıtmalıdır. Məhz bu keyfiyyətinə görə də ədəbiyyat güzgüyə bənzədilir. Mirzə Ələkbər Sabirin təbirincə, desək, “bu ayinədə özünü əyri görənlərin” gerçək simalarıyla tanış ola bilmədiyi ədəbi əsərlərin ömrü qısamüddətli olur, mütərəqqi ideyaları əks etdirən əsərlər isə uzunömürlü  həyata vəsiqəsi qazanır.

 

Yazıçı Aləm Kəngərlinin qələmi də “düzü düz, əyrini əyri, pisi həmvar” göstərən güzgülərdəndir. Onun qələmə aldığı “Ağsaqqal”, “Ehsan”, “Qonaq” və sairə hekayələrində  hər kəsi narahat edən neqativ hallar qamçılanır.

 

Müəllifin  “Ağsaqqal” hekayəsini Strateq.az oxucularına təqdim edirik: 

 

 

“Bazarbank”ın müdiri ətirləndikdən sonra  barmaqları ilə çənəsini yoxladı.  Səhər üzünü qırxmaması elə də hiss olunmurdu.  Diyircəkli  kreslosunu sağa  döndərib, yan tərəfdəki telefonun düyməsini basdı.  Katibə dodaq boyasını  çantaya atıb tez dəstəyi qaldırdı.

–  Buyurun,  Qadir  müəllim, eşidirəm.

–  Qəbulda kim var ?

Müdirin zabitəli  sorğusuna katibə mülayim səslə cavab verdi:

–  İki nəfərdi.  Biri Şakir müəllimdi,  o biri də….

Müdir qızın sözünü ağzında qoydu:

–  Şakir gəlsin.

Şakir müəllim yenidən güzgüyə baxdı.  Sağ əli ilə telinə sığal çəkib, özünü düzəltdi. Qapını döyüb, “buyur” işarəsi gözləmədən içəri keçdi. Müdir  ayağa qalxıb Şakir müəllimi böyük şövqlə qarşıladı.

–  Ay səni xoş gördük, əziz qardaş! Necəsən? Nə var, nə yox? Ağsaqqal  necədi?

–  Yaxşıdı, Qadir müəllim. Sizə  də salamı  var.

–  Sağ olsun. Allah onu var  eləsin.  Allah onun kölgəsini üstümüzdən heç vaxt  əskik eləməsin .

–  Əlbəttə,  qardaş. O olmasaydı, indi biz kim idik ki?

–  Elədi, qardaş, elədi, – deyə, müdir həm sözlə, həm də baş hərəkəti ilə təsdiqlədi.

 Şakir müəllim aradakı  ani  sükutdan istifadə edib, yubanmadan əsas məsələyə keçdi:

–  Qadir  məllim, Sizin  vaxtınızı çox almayım. Deməli, mühasiblə də, mühəndislə  də  danışdım.  Sizin təklifinizə elə  bir iradım yoxdur. Ancaq gərək bir işdə bizə köməklik  edəsiniz.

–  Buyurun, mən hazır, –  Qadir müəllimin sifətində xeyirxah, işgüzar bir ifadə oxundu.

–  Bilirsiz, Qadir  müəllim, bir-iki  yer var, indidən  ağzını  açıb bizi gözləyir. Deyirəm,  əvvəldən  pulun  başına daş salsaq,  axırda  o biri  obyektlər  kimi  bu  bina da yarımçıq qalacaq, yük olacaq peysərimizdə. İcazə verin, sizə çatacaq məbləği  ikinci “tranş”da ödəyək.

 Bu gözənilməz təklifdən, sanki,  müdirin başına bir qazan qaynar su tökdülər. Elə bil  dalağı sancdı, içində qəribə, indiyə qədər müşahidə etmədiyi sancı baş qaldırdı.  Yerində qıvrılıb baxışlarını  stoldan   ayırmadan, ağır-ağır dilləndi:

–  Bilirsən, nə var, Şakir?  Məsələ sən fikirləşdiyin qədər  də sadə deyil. Mən sənə bu pulu öz cibimdən vermirəm ki,  istədiyim kimi  hərəkət  edim.  Mənim heç nəsli-nəcabətim  yığışa,  o qədər pulu bir yerə toplaya bilməz.  Hər yerin öz haqqı var.  Mən  gücüm çatmayan yükün altına girə bilmərəm. Gərək bağışlayasan.  Qaldı o biri  məsələyə,  axı  indiyə  kimi  hansı  borclunun  xətrinə  dəymişdilər, qalmışdın sən? Uzağı,  tikintini  yarımcıq vəziyyətdə təhvil verəcəksən bizə, vəsallam.

       Şakir müəllim   işini aşırmaq üçün  yumşaq səslə dedi:

–  Sizi başa düşürəm,  Qadir  müəllim. Ancaq  unutma ki, bu ağsaqqalın təklifidi, mənim yox. Deyirdi ki, Qadir pis oğlan deyil. Yəqin ki, ora  necə düzəldiyini də yaddan çıxarmayıb.

Qadir müəllim bilərəkdən özün elə göstərdi ki, guya çox narahat oldu:

–  Allah eləməsin, ay Şakir. Mən çörək itirən adam  deyiləm. Ancaq sən də vəziyyəti  başa  düş. Bu, mənə aid  olan məsələ  deyil.

–  Bəs,  onda nə edək?  Ağsaqqala nə deyək?

Müdir vəziyyətdən çıxmaq  üçün tam səfərbər olmaq qərarına gəldi:

–  Bilirsən, Şakir,  and olsun o bir olan Allaha  ki, məndən  başqa heç bir köpəyoğlu   bu  məsuliyyətin  altına  girməz.  Mən boynumu baltanın altına qoyub   bu işə gedirəm. Özün deyirsən, bunu  təcili edək  ki, bilmək olmaz, sabah nə olacaq. O biri tərəfdən də heç bir sənədin, girovun-zadın  yox.  Bir  dənə layihə verəcəksən – kağız parçası, onu da   ki,  Allah  bilir, nə vaxt.  Vallah,  mən bundan artıq  heç  nə  edə bilmirəm.  

Bu cavab Şakir müəllimi qane etmədi. Odur ki, yenidən müdiri sıxmaq qərarına gəldi:

–  Deməli, ağsaqqalın sözünü  yerə salırsan?

Müdir vəzifəsini  itirəcəyindən  qorxub, bu  “tikanlı  paz”dan canını qurtarmaq üçün  bazarlığı davam  etdirmək  məcburiyyətində  qaldı:

–  Bəlkə belə edək, ay Şakir?  Yarısını indi verəsən, yarısını  da  ikinci 10 milyonu alanda.

 Şakir müəllim istədiyi  nəticəni ədə etdiyi üçün  söhbəti çox uzatmadı: 

–  Eybi  yoxdur,  olsun, mən razı.  Yəqin  ki,  ağsaqqal da etiraz etməz. Pulu indi  götürə bilərəmmi?

–  Sabah nahardan  sonra  gələrsən.  Pul  probemi yoxdur.  Gərək  formal da olsa, bir-iki  sənəd  hazırlayıb  bu  işə qanuni  don  geydirək  ki,  ağzıgöyçəklər orda-burda  artıq-əskik danışmasınlar. Əsas odur ki, səs çıxmasın.

–  Oldu, qardaş. Onda icazə ver, mən gedim.

–  Sağ-salamat, sağ-salamat. Allah xeyr versin. Ağsaqqala məndən salam deyərsən.

  Şakir  müəllim  kefikök  halda  otaqdan çıxdı. Hədiyyəsini  əvvəlcədən  alan katibə  onu  gülərüzlə yola saldı.  Sonra müdirə aid telefonun dəstəyini  qaldırıb nazlanaraq dedi:

–  Qadir müəllim, Səfər müəllim  gəlsin?

–  Səfər kimdi, ay qız?!

–  Səfər  Küskün…  “Vicdan” romanı… Yazıçı…

–   Səfər-məfər tanımıram.  Onu içəri kim buraxıb?  De  ki,  vaxtı yoxdu.

İşi başdan aşır. Getsin, bir  aydan sonra gələr.

–  Qadir  müəllim,  dünən  Sizi calaşdırdım, danışdız. Yazıçıların müdiri xahiş etmişdi.

–  Hə, hə, düz deyirsən.  Yadıma düşdü. Nə istəyir?

–  On min.

–  De, gəlsin.

Yazıçı içəri keçib salam verdi.  Müdir  xüsusi əda ilə:

–  Əleykümə-salam,  Küskün  müəllim.  Eşidirəm Sizi. Buyurun.

–  Bilirsiz də, sizə demişdilər.  Qızı köçürməliyəm. On  min manat pul lazımdır. Allah qoysa,  iki  ilə  qaytaracağam.

–  Birdən qaytarmadın, onda necə?

–  Elə şey olar? Qaytaracağam!  Evin yanında  işə də düzəlmişəm.  Mağazada gözətçi… Hər ay  təqaüdlə bərabər maaş da alacağam. Düzdür, indi toyda restoranlardan bir şey saldırmaq  olmur. Ancaq Sizə söz verirəm ki, özümü toparlayıb, iki ilin içində borcun belini qıracağam.

Müdir  Səfər  müəllimdəki dirənişi görüb dedi:

–  Girovun nədir?

–   Iki otaqlı evim, qardaş. Əhmədlidə.

–  Qorxuram,  sənə sərf etməyə.  Bizdə faizlər çox yuxarıdı.

–  Olsun,  qardaş,  eyb etməz.  Onsuz  da  başqa  çıxış  yolum  qalmayıb. Qız üç  ildi  nişanlıdı. Sizə güvənib, toyun vaxtını  da təyin etmişik.

–  Şair  qardaş,  düzü,  biz  krediti yalnız  bacarıqlı  iş  adamlarına veririk.  Müstəsna  hal  kimi  sizə kömək  edərik.  Ancaq  gərək  bura  daha üç nəfər gətirəsən  ki,  sənə  zamin  dursunlar.  Əgər  Allah  eləməmiş, özünüzün, ya evinizin  başına  bir iş  gəlsə, onlar  gətirib həmin pulu ödəməlidirlər.

–  Ay bala, mən o adamları hardan tapım?  Məgər  siz mən boyda kişiyə  inanmırsız ?

Müdir səsinin tonunu qaldırdı:

–  Küskün  müəllim,  siz  ki  oxumuş  adamsınız,  niyə  başa  düşmürsünüz? Bu  dövlət  yiyəsiz  deyil  ki, gözünü  yumub  hər yoldan ötənə  pul verəsən!  İnan ki, bir  qəpik o yan-bu yan ola, adamın atasını  yandırarlar.

Səfər müəllimin deməyə sözü qalmadı. Pərt halda başını aşağı salıb kor – peşman  otaqdan çıxdı. Katibəyə “sağ ol” deməyi  belə  unutdu.

Dərdin  ağırlığından ayaqlarını  ata  bilmirdi. Cilova  gəlməyən düşüncələri  beynini   didib  parçalayırdı. Ürəyini göynədən  dəhşətli  ağrıya  məhəl qoymadan  irəliləyirdi.   Evdə  qızına  nə  deyəcəkdi?  Həyat  yoldaşına  nə  cavab verəcəkdi?

Ağır  düşüncələr  içərisində  hara  getdiyinin fərqinə  varmadan,  piyada keçidi olmayan  yerdən  yola  çıxdı.  Böyük  sürətlə  gələn  avtomobilin  sürücüsü  qarşısındakı  adamı görüb, bir  anlığa   çaşsa  da,  son  anda  özünü  toparlayıb  var gücüylə əyləcə basdı.  Dəhşətli uğultu  ətrafdakıları qeyri-ixtiyari olaraq, hadisə olan tərəfə dönməyə məcbur etdi…

 

Aləm Kəngərli