XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

29 Mart 2015 - 20:16

Beriya kimə işləyib? – Azərbaycanlı tədqiqatçıdan maraqlı tapıntı

Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədovun çapdan çıxmış “Bağırov-Beriya: Məxfi protokollar” kitabında maraqlı bir araşdırma yer alıb. Kitabın bir sıra KİV-lərdə Milli Təhlükəzilik orqanlarının 96 illiyinə ittihaf olunmaqla yayılmış hissəsində təkcə Azərbaycan xüsusi xidmət qurumlarının necə yaradılması prosesi təfsilatlı işıqlandırılmır, həm də indiyədək eşitmədiyimiz, oxumadığımız bir sıra faktlar təqdim edilir. Adıgözəl Məmmədov bu araşdırmasında Azərbaycan tədqiqatçısı, tarixçi-alim Məmməd Cəfərlinin 1997-ci ildə işıq üzü görmüş “Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanları” kitabına istinad edərək, Beriya ilə bağlı olduqca maraqlı bir məsələni gündəmə gətirir…

Adıgözəl Məmmədovun həmin araşdırmasını Strateq.az-ın oxucularına da təqdim edirik:

“… çoxsaylı oxucularımın bildiyinə görə, mən uzun illərdir ki, L.P.Beriyanın və M.C.Bağırovun həyat yollarını araşdırıram. Onlar yaxın dost olaraq həmişə bir-birlərinə kömək etmişdilər.

Beriya və Bağırova qarşı qurulan tələsik, qeyri-obyektiv aparılan istintaq, o vaxtların ölçülərilə götürsək, şübhəsiz ki, sifarişli və olduqca siyasi idi. Ona görə ki, bu ittihamçılar və onların sifarişçilərinin böyük əksəriyyəti özləri müxtəlif cinayətlər törədərək, günahsız insanları güllələnməyə məhkum etmişdilər. Sanki, onlar bu cinayətlərin şahidi olmuş Bağırovu və Beriyanı fiziki cəhətdən məhv etməklə, törətdikləri cinayət əməllərini və niyyətlərini güllələnmiş insanların məzarlarında gizlətmək istəyirdilər. Bu iki qəhrəmanımızın həyat tarixçəsinin bir çox məqamları “yeddi möhürün” arxasında hələ də gizlədilir.

Stalin dövrünə aid siyasi repressiya haqqında arxiv sənədlərini əldə etmək son dərəcədə çox çətindır. Kreml hökmdarlarının açılmamış böyük miqyasda cinayətləri hələ də tarixi informasiya kimi arxivlərdə saxlanılır. çünki bu arxivlər açıldıqca, onların böyük miqyasda törətdikləri iyrənc işlər adamı heyrətə gətirir…

Lakin tarix göstərdi ki, onlar istəsələr və çalışsalar da, bu sirlərini gizli saxlaya bilmədilər. Belə ki, 1953-cü ildə L.P.Beriyanın həbsindən sonra onun şəxsi arxivindən tapılan sənədlərdə gənc Lavrentinin Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarındakı fəaliyyəti barədə də məlumat var idi. Beriyanın istintaqı zamanı bu sənədlər barədə ondan soruşulanda, “Bağırov verib” demişdi. Həqiqətən də bu sənədlər M.C.Bağırovun göstərişilə Azərbaycan SSR arxivlərindən götürülmüş və Beriyaya göndərilmişdi. Ancaq məsələ burasındadır ki, Beriya 1923-cü ildə yazdığı tərcümeyi-halında Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarına, sol yönümlü “Hümmət” siyasi təşkilatının görkəmli nümayəndələrindən biri olan Mirzə Balanın təqdimatı ilə işə götürüldüyünü qeyd edirdi. Bununla da bu hadisə ilə bağlı əlavə heç bir məlumat verilmirdi.

Uzun illər Beriyanın həyatının bu qaranlıq tərəfini araşdıran çoxsaylı rus və Amerika yazarları Beriyanın Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarındakı fəaliyyəti barədə dəqiq məlumat vermirdilər. Məsələn, A.A.Ovsienko “Beriya” kitabında Beriyanın Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarından bolşevik sıralarına salınmış bir agent kimi, digər məhşur rus tarixçisi və yazarı B.Sokolov isə müəllifi olduğu “Beriya” kitabında əks iddianı irəli sürür. Ancaq əsl həqiqət Azərbaycan tədqiqatçısı, tarixçi-alim Məmməd Cəfərlinin müəllifi olduğu və tamamilə arxiv sənədlərinə söykənən “Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanları” kitabında göstərilir. Bununla da Beriyanın həyat və fəaliyyətini öyrənən təqiqatçılar arasında 60 ilin mübahisəsinə son qoyulur.

Məmməd Cəfərlinin 1997-ci ildə işıq üzü görmüş “Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanları” kitabı vasitəsi ilə ADR hökumətinin Hərbi Nazirliyinin kəşfiyyat və əks-kəşfiyyat bölməsinin, habelə Əksinqilabla Mübarizə Təşkilatının yaranması və təşəkkülü sahəsində fəaliyyətini əks etdirən məxfilik qrifi götürülmüş arxiv materialları və sənədləri ilk dəfə olaraq elmi dövriyyəyə gətirilir. Bu kitabdan bizə aydın olur ki, Azərbaycan Demokratik Respublikasının vaxtında yaradılan xüsusi xidmət orqanı – Əksinqilabla Mübarizə Təşkilatı paritet əsaslarla formalaşdırılırdı. Yəni Azərbaycan parlamentində olan hər partiya bu kəşfiyyat strukturunda öz nümayəndələri ilə təmsil olunurdu. Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində Milli Ordunun təşkili prosesində və həmçinin dövlətin təhlükəsizliyi baxımından general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinskigeneral Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Belə ki, 1919-cu il mart ayının 28-də Hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü. Lakin hərbi idarə çərçivəsində olan bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldirdi.

1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda Səməd bəy Mehmandarov yazırdı (Məmməd Cəfərli “Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanları”, Bakı – 1997): “Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan, tək hərbi idarə onun öhdəsindən gələ bilməz…”

Beləliklə, 1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi mümkünləşdi. Azərbaycan Demokratik Respublikasının parlamentinin qərarı ilə iyun ayının 9-da Vətəni müdafiə sahəsində fövqəladə səlahiyyətlərə malik olan xüsusi orqan – Dövlət Müdafiə Komitəsi yaradıldı. Respublikanın daxilində və sərhədlərində vəziyyət daha da gərginləşdiyindən Dövlət Müdafiə Komitəsi 1919-cu il iyun ayının 11-də Azərbaycanda fövqəladə vəziyyət elan etdi və elə həmin günlərdə də müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı – Əksinqilabla Mübarizə Təşkilatını yaratdı. Qısa müddət ərzində Bakıda təşkilatın yeddi rayon bölməsi formalaşdı.

Yeni yaradılan bu strukturun rəhbəri Məmmədbağır Şeyxzamanov idi. Ancaq çox keçmədi ki, paritet əsaslarla formalaşan Əksinqilabla Mübarizə Təşkilatı işləməz hala gəldi. Əksinqilabla Mübarizə
Təşkilatında təmsil olunmuş partiyaların nümayəndələri səmərəli işləmək əvəzinə, daha çox bir-birlərini pusur və pozuçuluqla məşğul olurdular. Bu da kəşfiyyat və əks-kəşfiyyat işini iflic hala salırdı.

Ona görə də bu paritet əsaslı struktur formalaşmasına etiraz edən Məmmədbağır Şeyxzamanov istefa verir. Məhz Məmmədbağır Şeyxzamanovun bu addımından sonra paritet əsaslı struktur formasından imtina edilir. Əksinqilabla Mübarizə Təşkilatının yeni rəhbəri Nağı Şeyxzamanov isə çox ciddi kadr islahatları həyata keçirərək, əsasən sədaqətli və peşakarlardan ibarət komanda formalaşdırır. Bu zaman Beriyanın sədaqətinə tam inanan Nağı bəy ona daha məsul vəzifəni tapşırır. O, Əksinqilabla Mübarizə Təşkilatının məktubların yoxlanılması şöbəsinin rəisi təyin edilir.

Əslində Beriyaya çox ciddi strateji bir sahə tapşırılmışdı. Ona görə ki, o dövrdə məktublar rabitənin ən birinci növü idi. Beriyanın bu təyinatı gələcəkdə onu ittiham atəşinə tutanların ən əsas arqumentinə çevriləcəkdi. Məntiqlə Hümmətin Əksinqilabla Mübarizə Təşkilatındakı nümayəndəsi paritet prinsiplərə son qoyulandan sonra istefa verməli idi, lakin Beriya nəinki bu strukturda öz vəzifəsini qorudu və hətta daha məsul vəzifəyə irəli çəkildi…”