XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2015 - 12:26

Əlabbas: “Əlac Allaha qalıb, lələ” – müsahibə

“Tənqid ədəbiyyata dəxli olmayan “sənətkarların” palaz-palaz bəytərifini yapmaqla məşğuldur”

Картинки по запросу əlabbas

-Əlabbas kimdir və kim deyil?

-Bir kəndli balası idim. Elə də qaldım. Qırx iki illik şəhər həyatı da məni dəyişmədi. Nə dilimi, nə tövrümü, nə xasiyyətimi. Mən tipli insanların xarakterinə bəzən zaman da düzəliş eləyə bilmir. Tələbə yataqxanasında az müddətdə bir otaqda qaldığım bir dostla qırx ildən sonra rastlaşandan dedi: “Yaşa dolmasaydın, deyərdim ki, elə həmin Əlabbassan. Dəyişməmisən. “

Mən namərd deyiləm. Əclaf ola bilməzdim. Dostlar və qohumlar tez-tez elçiliyə, barışığa aparırlar məni. Bir dəfə, 96-cı ildə üstümə silah da çəkiblər. ürəyimi buz kimi saxlasam da, sonradan hansı işə qol qoyduğumu düşünəndə məni dəhşət bürüdü. Elçiyə zaval yoxdu, fikri ilə belə risk? Baxıram ki, Allah qurtarıb məni.

Sözün dar anlaminda bu belədı və bilirəm ki, bu sual mənə o məqsədlə verilməyib ki, öz şəxsi keyfiyyətlərimdən dəm vurum. Bir misal da yaradıcılığımdan çəkim, söhbəti qapayaq. Təqribən, on il öncə “Qiyamçı”nın türk dilində kitablaşdırılması kimi əlçatmaz və şirin vəd də məni yolumdan sapdırmadı.

Qaldı sualın son bəndinə, zaman-zaman bu məsələlərə qayıtdığım üçün bəzən təkrarçılıq yaranır deyə çox vaxt üstündən keçirəm. Amma səndən, sən Fərzuq Seyidbəylidən soruşuram: “Köhnə kişi” “Polkovnikə məktub yoxdur” və yaxud “Mariyaya pul lazım idi” povestindən hansı detallarına görə geri qalır? Nə mənim sahibim-yiyəm oldu, nə o əsərin. Xalqın balaları, nə bilim, nədən konfet düzəldir, amma mən nağdı əlimdə olanı da ortaya çıxara bilmədim. Qoymadılar. çünki mən özümdən asılı olanı etməklə işimi bitmiş hesab elədim. Sonrakı əsərlərimdə də həmin prinsipə sadiq qaldım. İnsanlar kimi əsərlərin də taleyi olur. Əgər “Köhnə kişi” əcnəbi nasirlərdən birinin qələmindən çıxmış olsaydı, onu bəh-bəhlə dilimizə tərcümə eləyib müəllifini də gen-bol tərifləyərdilər. Hayıf ki, o ağzından süd iyi gələn iyirmi yaşlı fərasətsiz bir gəncin qələmindən çıxmışdı. Bu və müxənnətlərin əlinə düşməyi o əsərin taleyinə də ömürlük kölgə saldı. İllərlə çap üzünə həsrət qaldığı kimi, təxminən, iyirmi beş il də tənqid ona sarı üz döndərmədi. Ədəbi taleyimdə müstəsna bir an ola biləcəyi üçün bu məsələni xüsusi diqqətə çəkirəm. Bəlkə də, mən onda, yalnız onda istədiyim yazıçı və insan ola bilərdim. Amma indi belə çıxır ki, mən nə eləyə bilərdimsə, qırx illik yaradıcılığım dövründə elə onu da eləmişəm. Sonra da Tehran Əlişanoğlu məni iddiasızlıqda günahlandırır. Nə deyim, vallah… görünür, o da nəsə bilir.

-Əlabbas adlı fərddən Qaratelə, Bəbirə, təqibçi kələ,
Mərənd ölüsünə nələr sızıb?

-Qaratel… İndinin özündə də onu xatırlayanda yadıma axşamüstü kənd bulağından səhənglə su gətirən məğrur yerişli nazəndə bir kənd sonası düşür. A kişi, o da qismətdəndi: nə onun özünü xoşbəxt eləyə bildim, nə də qoydum prototipi, proobrazı xoşbəxt olsun. İki daşın arasında ərinə yazdığı məktubu mən diktə eləmişdim ona. “Sənə elə gəlmirmi ki, biz ayrı-ayrı adamlarıq? Daha indi də uşaq deyilik ki, bir-birimizi aldadaq”. Yaxud “Unutdum sənə deyim ki, qızın olmalıydı, amma mən onu xərc elətdirdim. Elə bil hər şeydən əvvəl içimdə səni yaşadırdım” və s. və i.a.

Bəbirin hekayətini oxuyandan sonra qızımı heyrət götürdü: “Ata, bu ki sənin özünsən!”

Qaldı təqibçi kələ, ona inadkar bir canlı xarakteri vermək istəyi də öz təbiətimdən doğan şeydi. Onun başına gələnlər məhz burdan qaynaqlanır. Bəlkə də, bu yaxşı hal deyil, qəhrəmanlarımın hamısı özüm kimi danışır, özüm kimi davranır. Onların yerişi-duruşu da eyzən özümə çəkib. Bütün yaradıcılığım boyu ölət yox, döyüşkən, mübariz, əzmkar və çılğın qəhrəmanların eşqində olmuşam. Götürək, “Qaraqovaq çöllərini.” Orda psixoloji cəhətdən yorulmuş cəmiyyətin obrazı yaradılıb. İnsan nə qədər yalan eşidə bilər? Nə qədər aldadıla bilər? Gec-tez belə şeylər insanda bezginlik, süstlük, laqeydlik, barışdırıcı mövqe yaradır axı. Bunun axır ki, bir sonu olmalıdı, ya yox? Əfsun obrazı da mənə məhz buna görə lazım olub. Dediyim odu ki, fəqir obrazlar ömrünü “altmışıncılar”la başa vurdu. Bəs sonrakı nəslin missiyası nə idi? Tənqid hər şeydən əvvəl diqqəti, bax, bu məsələyə çəkməli idi. “Səksənincilər”, namxuda, bir ordudu. Azərbaycan nəsrini dünya miqyasında ləyaqətlə təmsil etməyə qadir olan rəhmətlik Rafiq Tağı və Eyvaz Əlləzoğlu, Aslan Quliyev, Firuz Mustafa, Afaq Məsud, Eyvaz Zeynalov, Nəriman Əbdürrəhmanlı, Azad Qaradərəli, Rafiq Babayev, Kamran Nəzirli, Səfər Alışarlı, Saday Budaqlı, Kamil Əfsəroğlu və başqalarının yaradıcılığında bu xətt bəs qədər aydın görünür. Hayıf ki, tənqid araşdırmalarını bütöv bir ədəbi nəslin fəaliyyətini işıqlandırmağa yox, ədəbiyyata dəxli olmayan “sənətkarların” palaz-palaz bəytərifinə yönəltməklə bitmiş hesab elədi. O hələ də bu yanlış yolla getməyində israrla davam edir. Allah xeyirlərini versin. Yaxşı ki, ədəbiyyatın agır yükü bütün zamanlarda yazıçı və şairlərin çiynində olub, tənqidçilərin yox.

-Bu sualı vaxtilə aliməqam şəhid Rafiq Tağıya vermişdim: “Bu ölkədə özünü necə hiss edirsən?”

-Rafiqin o suala nöqtəbənöqtə nə cavab verdiyini, hayıf ki, bilmirəm. İntəhası məhəbbəti olmayan dövrə, zəmanəyə münasibətindən nə dediyini təxmin eləmək elə də çətin deyil. Rafiqi kim tanımırdı ki? Burası belə… Qaldı məsələnin o biri tərəfinə, deyim ki, əgər publisistikası, sözü birbaşa demək imkanı olmasaydı, Rafiq çatdığı şöhrəti nəsri ilə əldə eləyə bilməzdi. Necə ki, başqaları eləyə bilmir.

Əgər sıradan bir futbolçu sənin on kitab müəllifi olan ciddi bir yazıçından qat-qat yaxşı dolanırsa, mənim daha deyiləsi sözüm yoxdu, qağa. Ad-familini düz-əməlli yaza bilməyən bir tacir sənin yazıçı-şairini tərəzinin bir, ətək-ətək pulunu isə o biri gözünə qoya bilirsə, daha nə deyim sənə, dadaş? Danışıq səsindən azca fərqli avazı olan bir alababat müğənni bu gün sənin millətinə televiziya vasitəsilə ağıl dərsi keçir və cəmiyyət də buna göz yumursa, demək, əlac Allaha qalıb, lələ, Rafiqlik bir şey yoxdu.

-Yazılarınızı redaktəyə verirsinizmi? Əvvəllər belə bir prossedur vardı.

-Böyük əksəriyyətdən fərqli olaraq əsərlərimin hamısının redaktoru olub. İndə də var. Bu barədə “Qaraqovaq çöllərini”nə yazdığım ön sözdə ətraflı bəhs eləmişəm. Onu da indi deyim ki, biz otuz dörd ildi görüşə bilmirik, ayrı-ayrı dillərdə danışdığımıza görə bir-birimizi başa düşə bilmədik. Buna rəğmən, deyim ki, o öz işini ləyaqətlə görür. Elə bu da mənə bəs eləyir. Başqa daha nə eləməlidi?

-Yazıçı və insan kimi nələri yaşaya bilmədin?

-Bu elə məsələdi ki, ona birmənalı “pis”, ya “yaxşı” yarlığı vurmaqla iş bitmir. Desəm, hər şeyə bir sıfır, deməli, ömrü bihudə yerə yaşamısan. Desəm, yox, filan məsələ mən istədiyimdən də gözəl alınıb, onda bu giley-güzar nədi belə? Necə deyərlər, yarının yarıya. Amma o da var ki, ömrün elə bir dövrü gəlib çatır ki, yazıçı və insan kəlmələrinin arasındakı bağlayıcı öz-özünə qeybə çəkilir və o, vahıd məna ifadə edən bir anlama çevrilir: yazıçı insan… Balıq-adamda olduğu kimi. Sən bunun nə vaxt baş verdiyini, necə baş verdiyini hiss eləmirsən. Amma dünyanın saysız-hesabsız zövq-səfası, doyulmaz gözəllikləri var ki, yazıb-yaratmaq eşqi səni onların hamısından qoyur. Əvəzində sənə bəxş elədiyi yeganə bir şey var: yaradıcılıq nəşəsi… Azərbaycanın şairi də, yazıçısı da uzun illərdi yalnız buna işləyir, nə qədər ağır olsa belə…

-Bələyimizi xatırlaya bilmirik, məzarımız hardadır?

-Maraqlı sualdı. Amma kalan vaxtın olmalıdı ki, oturub düşüncələrini bölüşə biləsən. İndiki halda cavabım belədi ki, bələyini xatırlaya bilməyənin, məzarının harda olmağını bilməyi nəyi dəyişəndi?

Söhbətləşdi: Fərzuq Seyidbəyli