XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

16 Mart 2017 - 21:00

Tanınmış şair Balayar Sadiqin yeni “Payız məktubları”:“Şaqraq nəğməli” sonetlər kitabı  

balayar

Balayar Sadiqin «Payız məktubları» kitabına qısa baxış

 

Bilirik ki, sonet bir ədəbi janr olaraq Qərbi Avropa intibahının beşiyi sayılan İtaliyada ədəbiyyata vəsiqə alıb (ilk sonet yazan şair də italiyalı Jakopo (Cakomo) da Lentidir). Sətri tərcümədə “şaqraq nəğmə” kimi əks olunan bu şeir növü sonralar İspaniya, Portuqaliya, Fransa və İngiltərədə də geniş yayılıb.

İlk yaranışından sonetlər 14 misradan ibarət olub, özünəməxsus qafiyə sistemi təşkil edib (sonralar 12 misralıq sonetlərə də təsadüf edilib; hətta kiçik şeirlərə də sonet deyilib). Lakin bəzi hallarda bu janrın qafiyə tərzi abab, cdcd, efef gg və s. kimi fərqli şəkil alıb. Və sonet janrına V.Şekspirin, Con Bensonun, Petrarkanın, Tomas Uayetin, Henri Hovardın, qraf Sereyin, Cefri Coserin, Edmund Spenserin və digərlərinin yaradıcılığında rast gəlmək mümkündür; o şairlər ki, bu janrın mahiyyətində ideoloji xüsusatlar ehtiva ediblər.

Təbii ki, müasir dünya ədəbiyyatında sonet janrı müxtəlif vaxtlarda kölgədə qalıb. Elə Azərbaycan ədəbiyyatında da bu janra nadir hallarda müraciət olunur. Maraqlıdır, 80-ci illərin istedadlarından olan Balayar Sadiqi haradasa unudulmuş, az-az müraciət olunan bu janra sövq edən nədir? Bəlkə bu zərurətə onun ədəbi irsindən qopan ideya-estetik dəyərlər zəmin yaradır? Hər halda, Balayar Sadiq demək olar ki, sonetin bilicilərindən biri kimi təsir bağışlayır və onun 2016-cı ildə xalq şairi Fikrət Qocanın redaktorluğu ilə «Ekoprint» mətbəəsində işıq üzü görmüş «Payız məktubları» sonetlər kitabında da bu ədəbi zərurəti aydın görə bilirik (bəlkə də müasir ehtivalıq zərurətindən irəli gəlir deyə Balayar Sadiqin sonetləri abcb, aac, bbc qafiyə şəkillidir. Səmimi deyək ki, istedadlı şair bu kitaba tablo kimi hopdurduğu hər sonetində ruhsal manevrlər edib, öz işıqlı qəlbininin nurunu obraz kimi seçdiyi varlıqların mehrində təcəlla etdirib, yadda qalan bədii-poetik lövhələr yaradıb. Həm də o, bütün sonetləri 6+5 heca ölçüsünə oturdub deyə ümumi ruh ritmik zəminə mane olmur (yəni bu sonetlərdəki rəqs tezlikləri eyni havaya müntəzirdi; oxunuş zamanı dil və dodaqlar oynaqlıqdan həzz alır).

Diqqət yetirək:

Bir misra yaxın gəl, bənövşə gözlüm,

Sənsizlik bələnsin sənin ətrinə.

Bir ömür arxanca qaçan qəlbimin,

Ta dəymə qəlbinə, Allah xətrinə…

***

…Saralıb ömrümün biçənəkləri,

Hələ də ömrümdə yar mövsümüdü…

***

Əcəl çox başlara yaxıbdır xına,

Baxma güzgülərin aydınlığına,

Güzgülər ölümün cavan üzüdü.

abcb, aac, bbc qafiyə şəkilli bu parçalarda şair həsrətə aşiq qəlb mehrinin dözum faktlarını sərgiləyir, ömür biçənəklərində sarılıq amili çözür, həm də davamlı sevgi çək-çevirləri tapır. Onun hətta «Baxma güzgülərin aydınlığına, Güzgülər ölümün cavan üzüdü» deməsi belə «Hələ də ömrümdə yar mövsümüdü…» gümanı ilə həyat işığı verdiyi oxucusunu zərrəcə narahat etmir.

«Payız məktubları»nda 9 sonet – coğrafi dildə desək, 9 iqlim qurşağı var. Bu sonetlərdə ədəbi çək-çevir də duyğusaldır, iqlim dəyişkənliyi də – belə demək mümkünsə, oxucu birinci sonetdə yaz soyuğu hiss edirsə, sonrakında bahar təravəti, o birisində yay qızmarlığı, başqa birində payız təbəssümü, nəhayət o birində qış əzəməti hiss edir. Qətiyyətli oxucu adıçəkilən kitabda sonetdən sonetə – iqlimdən iqlimə keçdikcə anlayır ki, bu əsərlərdəki gözəllik, məftunedicilik, ifadə və məzmun tərzindəki müasirlik, obrazların dili və ifadəli həyatı bəşəri sevgi xeyir-duaları ilə yoğrulub. Ən əsası da, kitabdakı fikirlər məhz 9 «iqlim»də yetişdiyi üçün bu qədər təbii və ürəyəyatandır.

Getməyə bir misra yol qalmayıb ki,

Özündən özünə çıxıb gedəsən.

Cavanlıq o qədər uzaqda durub,

Əl çatmır əlini sıxıb gedəsən…

***

İslanıb bir ömrün qərib yaddaşı,

Pəncərəni döyən payız yağışı

Solmuş gözəlliyin hönkürtüsüdü.

Belə deyək, Balayar Sadiqin sonetlərində bir sehr, bir ovsun da var. Açığı, bu sonetlərin məkan tapdığı «Payız məktubları»nda elə rakurslar var ki, diqqət kəsiləndə, bir ömürdə digər bir ömür yolu açıldığı qənaəti ilə üz-üzə qalırsan. Bu qənaəti, əslində Balayar Sadiq ömrün məna və müddəti kimi ifadə edir. Onun zaman əqrəbləri ixtiyarsız gah keçmişə qayıdır, gah da bir noqtədən digərinə keçid yaradır. Hətta vaxt pərişanlığı, fikir və hisslərin doğurduğu əks-səda, taleyin diqtə etdiyi cəkisizlik… də bu prosesdə fəal iştirakçı kimi diqqət çəkir… Elə «Getməyə bir misra yol qalmayıb ki, Özündən özünə çıxıb gedəsən…» zəmini də bu məntiqi verir.

Şübhəsiz, Balayar Sadiq ruhu, fikir fövqəladəliyi bir örnək kimi təcəssüm edən qələm sahibidir; onun «Payız məktubları» hüdudsuz bir məkan kimidir. İstedadlı şair bu kitabda poetik səmimiyyəti olcu vahidi kimi qabardır, yaddaş ağrılarında kosmoloji zəmin tapır, bunun fonunda özünün yaşadığı, qarşılaşdığı və şahidi olduğu məqamları ustalıqla cilalayır. Bu aspektdə “Allahım, mərminin Allahı yoxdur, Ətəyin islanar, ətəyini çək..” qətiyyəti ilə zəruri ehtimallıq əxz edən şair “Təsəlli sözünün burnu qanayıb, Ümidlər başını götürüb qaçır” inandırıcılığı fonunda bizi eyham yağışına tutur…

Dodaqda çırpınan dodaq izləri,

Dodağı qurumuş sözdü, sətirdi.

Küləyin üzündən öpürəm hər gün,

Bir ovuc ətrini bəlkə gətirdi.

***

Cığırlar muştuluq almağa qaçır,

Külək bir xəbərin əlindən tutub.

***

Kəsilmiş kəndirin getdiyin yoldur,

Yol kimi qırılmış kəndiri ağla.

Ağrı sularında qərq oldu ömür,

Ümid bayrağını endirib, ağla.

Bir ovuc insan ətrilə muştuluq almağa qaçan cığırlar küləyin şad bir xəbərin əlindən tutub ünvana aparması faktını böyük coşqu ilə xarakterizə edir. Müəllif yol kimi qırılmış kəndiri ağlamağın acısını ümid bayrağını endirmək fəlsəfəsi ilə boyayır, “Səbrin çöllərində iməkləyir can” qənaətini “Mənim yaddaşımı daşa basırlar” ehtimalında parıldadır.

«Payız məktubları»nda müəllifin oxucu dərkinə gerçək məna, reallıqda zahir olan həyat kodeksləri yükləmək, ədəbi temp üzrə ictimai-fəlsəfi konfiqurasiyalara sistemli-real və fəlsəfi-mifik izah vermək, hadisə və prosesləri ictimai-ədəbi hislərin inikası kimi təcəssüm etdirmək, zəka və duyğularda həcmi deyil, məzmunu, mahiyyəti əsas hədd kimi qabartmaq bacarığı var. Onun sonetlərində – yuxarıda nümunə kimi verdiyimiz parçalarda da ədəbi kriteriyalar məna və məzmunda yaradıcı ruha köklənir, adi və qeyri-adi proseslər (təfərrüat olaraq) mifik-kosmoloji müstəvidə xarakterizə edilir, ruhi təcəllada zühur edən hisslər labirint kimi qurulur, obrazların ədəbi-fəlsəfi israrında zaman meyllərindən kənar hisslər qabardılır.

Bir yol avar çəkir göz yaşlarında,

Qəhərdən dənizin gözləri dolur.

***

Qan-tər içindədi keçdiyim bu yol,

Mən yolu keçmədim, yol məni keçdi…

Açığı, müəllif adıçəkilən kitabında çoxmərtəbəli fikirləri ilə mənəvi mümkünlük tapıb, orada bir insan, bir ömür modeli təsvir edib. «Mən yolu keçmədim, yol məni keçdi…» bu modelin cizgiləridir.

Xülasə, kitabla tam tanışlıqdan sonra bəlli olur ki, Balayar Sadiqin sonet janrına müraciəti həm də ədəbi ehtiramlara ciddi yanaşmadan qaynaqlanır. Onun (bu janr üzrə) adıçəkilən kitabında hadisə və prosesləri ruhsal yanaşma kimi əks etdirməsi də elə onun öz ədəbi salxarı, öz ədəbi dürüstlüyüdür.

Kitabda bir qədər də ictimai təcəssüm zamana uyğun gerçəklər kimi göstərilir. Müəllif öz hisslərini belə deyək, yaddaşımıza bərkitmək marağı güdmür, əksinə, onları etinasızlıq və diqqətsizlikdən qurtarır, həyat tiplərini maraqlı statuslar kimi təqdim edir. Təbii ki, buradakı fikir duruluğunu, məzmun sistemini, fərqli səmti, fikirtəqdimetmə dürüstlüyünü görən oxucu Balayar Sadiq sevgisinə biganə qala bilmir.

Öz oxucusundan muştuluq almağa qaçan “Payız məktubları”n mübarək, Balayar Sadiq!

Hikmət Məlikzadə