XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

21 Mart 2017 - 22:43

Mərvli Hakim, yaxud niqablı boyaçı –Borxesin Şərq mövzusunda hekayəsi

jorge-luis-borges

Xorxe Luis Borxes

(hekayə)

Yanılmıramsa, Xorasanın niqablı peyğəmbəri Müğənnə haqqında yalnız dörd əsas məlumat qaynağı var: Bələzurinin yazdığı "Xəlifələr tarixi"ndən bəzi fəsillər; Abbasilərin rəsmi tarixçisi İbn Əbu Tahir Tayfurun yazdığı "Dəvin" əlyazması, ya da "İqtibas və intihal" kitabı; "Peyğəmbər"in müqəddəs kitabı olan "Qaranlıq Gül", ya da "Gizli Gül"dəki iyrənc iddiaları təkzib edən bir ərəb əlyazması ("Gülün məhvi"nin mətniylə birgə); mühəndis Andrusov tərəfindən Xəzər dəmiryolunun çəkilişi əsnasında aşkarlanmış, üzü oxunmaz dəmir pullar (Tehrandakı numizmatika kolleksiyasında sərgilənən bu pulların üstündə "Gülün məhvi"nin əsas hissələrinin qısaldılmış və ya bərpa edilən şəklini ehtiva edən farsca misralar var).

"Gül"ün əsli olan nüsxə yoxa çıxıb. 1899-cu ildə onu aşkarlayan "Morgenlândisches Archiv"in qaçaraq yayımladığı mətnin isə saxta olduğunu əvvəlcə Horn, sonra da Ser Persi Sayks sübut edib. Qərbdəki şöhrətinə görəsə "Peyğəmbər", Tomas Moorun milliyyətçi bir traktatında hissiyyatlılıq hopmuş çox uzun bir şeirinə borcludur.

Çağının və məmləkətinin adamları tərəfindən sonradan "Niqablı Peyğəmbər" kimi xatırlanacaq Hakim adlı zat hicri 120-ci ildə (miladi 736-cı ildə) Türküstanda doğulmuşdu. Bağ-bağçaları, otlaqları göz alan qədər uzanıb gedən səhraya hüznlə baxan qədim-qaim Mərv şəhəriydi yurdu.

Kəndlilərin nəfəsini kəsən, üzüm salxımlarının üstünü kül rəngli örtüyə bürüyən tozanağın ətrafı bələdiyi günorta vaxtı gözqamaşdırıcı bir bəyazlıq hakim kəsilirdi Mərv şəhrinə.

Hakim bu ocağı sönən şəhərdə böyüdü.

Əmilərindən birinin onu o zamanlar kafirlərin, saxtakarların, fırıldaqçıların sənəti olan yun boyama işinə şəyird götürdüyünü bilirik. O bic-vələdüzzinaların sonradan Hakimin bidətçi həyatında ilk alçaqlıqların mənbəyi olacağını da.

“Gülün məhvi” məşhur səhifələrinin birində Hakim bəyan edir:

“Üzüm qızılı suya boyanmışdı. Amma mən boyalarımı qarışdırdım, ikinci gecə çırpılmamış yunu boyaya saldım, üçüncü gecə təmiz yuna rəng hopdurtdum. Adaların hökmdarları hələ də bu qızıl parçalardan ötrü bir-birini didir.

Sözümün canı budur ki, hələ cavan vaxtımda Allahın işinə qarışdım, onu yaratdığı həqiqi rəngləri saxtalaşdıraraq günaha batdım…

Mələk qoçla pələngin eyni rəngdə olmadığını dedi. Şeytansa Allah-Taalanın qoçla pələngin eyni rəngdə olmalarını istədiyini, Qadir Allahın mənim ustalığımdan və boya sirlərimdən yararlandığını söylədi. Amma artıq mələyin də, şeytanın da həqiqətdən sapdığını və bütün rənglərin iyrənc olduğunu bilirəm…”

Hicri 146-cı ildə Hakim Mərvdən yoxa çıxdı. Evinə gələnlər qazanları və rəng fırçalarını param-parça halda görməklə bərabər, daxmada bir Şiraz xəncəri və bürünc ayna tapdılar.

158-ci ilin Şaban ayının sonunda səhranın səması və havası aydın idi. Mərv yolu üzərindəki bir karvansara qapısının qarşısında oturan bir dəstə adam şər qarışandan sonra gözlərini göy üzünə dikərək, orucluğun başladığını müjdələyən Ramazan mehparəsini axtarırdılar. Bu adamlar kim idi?

Kölə, dilənçi, at taciri, dəvə oğrusu və qəssab. Ədəb-ərkanla bardaş quraraq asimandan işarə gözləyirdilər.

Birlikdə qürubu izlədilər, qürub da qum rəngindəydi.

Günəşi yandırıcı, Ayı insanı ürpərdən titrək işığında çölün digər ucundan, o başından gözlərinə nəhəng ölçüdə görünən üç adam gəlirdi. Həm də dübbədüz onlara doğru. Üçü də adam oğlu adamıydı, amma ortadakı şəxs öküzbaşlı idi.

Səhranın qəfil yolçuları əməllicə yaxınlaşanda, o birilər, bərikilər, yəni karvansaradakılar öküz başlı adamın əslində, niqablı, həmrahlarının isə kor olduğunu gördülər.

“Min bir gecə” nağıllarındakı kimi, biri niqablı adamdan soruşdu ki, bu nə məsələdi, nə kəramətdi…

“Onlar kordu, – niqablı zat dedi, – çünki üzümü görüblər”.

Abbasilərin rəsmi tarixçisinin yazdığına görə, səhradan gələn o zat (səsi nadidə incəydi, ya da niqablı olduğundan adama elə gəlirdi) karvansaradakılara xitabən dedi ki, burda bardaş quraraq ibadət və tövbə ayının başladığını müjdələyən mehparənin görünməsini gözlədiklərini bilir. Amma özü daha böyük bir ayəti-nişanənin vaizidir: bütün həyatları boyu günahlardan tövbə edəcək və şəhidlik mərtəbəsində dünyadan köçəcəklər.

Özünü Osman oğlu Hakim kimi tanıdan həmin adam dedi ki, hicrətin 146-cı ilində evinə bir qərib qonaq gəlmişdi; dəst-namaz alıb ibadət, razü-niyaz elədikdən sonra əcnəbi biri əyri qılıncla onun başını kəsib və kəlləsini asimandakı cənnətə aparıb.

Əcnəbinin (guya Cəbrail imiş o) sağ əlində tutduğu kəllə cənnətin ən yüksək qatına, Tanrı hüzuruna gətirilib və orada Hakim peyğəmbərliklə mükəlləf edilib.

Tanrı ona elə sözlər öyrədib ki, dilinə gətirən başqa bir insanın ağzı od tutub yanar. Üzünə elə bir nur yayılıb ki, simasına baxan istənilən fani kor ola bilər…

Niqablı adamın bəyanı bu idi: Yer üzündəki bütün insanlar yeni təlimə beyət elədikdən sonra üzü örtüyün altından çıxacaq (ona sitayiş edən mələklər kimi) fanilər də səcdəsini qılacaq.

Bu müjdəni açıqladıqdan sonra Hakim ona qulaq kəsilənləri müqəddəs savaşa, cihada və şəhidliyə dəvət elədi.

Kölələr, dilənçilər, at tacirləri, dəvə oğruları və qəssablar bu çağırışı qabırğalarının qalın yerinə saldılar. Biri “Sehrbaz!” – deyə qışqırdı, digəri “Saxtakar!” – dedi.

Karvansaraydakı adamlardan birinin yanında bəbir vardı. Fars ovçularının yetişdirdiyi cinsdən, qana susamış, qıvraq, zirək bir heyvan. Və necə oldusa, zəncirlərini qopardı bəbir. Vəlvələ düşdü, niqablı peyğəmbər və iki köməkçisindən başqa qaçaqaçda hamı bir-birini tapdalayıb əzdi. Geri döndükləri zaman peyğəmbər heyvanı kor eləmişdi. Bəbirin parlayan ölü gözləri qarşısında adamlar Hakimə tapınıb onun fövqəltəbii gücünə şahid durdular.

Niqablı peyğəmbərin Xorasandakı yüksəlişini qələmə alarkən, Abbasi xəlifələrinin tarixçisi sözü lazım olandan kəm edir. Çünki ən məşhur qəbilə rəislərinin uğursuzluğu və çarmıxa çəkdirilməsindən sonra çarəsiz xorasanlılar durumlarının doğurduğu istəklə Nur Üzlünün təliminə sarıldı, həm canlarını, həm də varidatlarını onun yolunda fəda etdilər

(Artıq Hakim kobud öküz maskasından imtina eləmiş, qiymətli daşlarla süslənən dördqat ağ ipək örtüklə üzünü yad gözlərdən gizləyirdi. Ölkəni idarə edən Bəni-Abbas xanədanlığının rəmzisə rəng qara idi; buna görə Hakim özünə ağ rəngi rəmz seçdi, xəlifələrin ziddinə, firqəsinin bayrağı və tərəfdarlarının başındakı əmmamələr bəyaz idi.).

Hərbi yürüş yaxşı başladı. Hərçənd “Qətilik kitab”ında yazılıb ki, xəlifə orduları bütün cəbhələrdə müzəffər idi. Amma nədənsə bu zəfərlərin dəyişməz nəticəsi ya sərkərdələrin vəzifələrindən kənarlaşdırılması, ya da alınmaz qalalardan geri çəkilmə olduğu üçün diqqətli oxucunun həqiqəti anlaması, yəqin ki, çətin olmayacaq.

Hicri 161-ci ilin Rəcəb ayının sonunda şanlı Nişapur şəhəri dəmir qapılarını Niqablının üzünə açdı; 162-ci ilin əvvəlində Astarabad şəhəri də eyni şeyi etdi. (Ondan daha bəxtəvər bir peyğəmbərin də etdiyi kimi), Hakimin hərbi sərkərdəliyi yalnız və yalnız döyüşün qızğın çağında oturduğu dəvənin üstündə Allaha xitabən ucadan dua etmək idi.

Sağından-solundan vızıldayaraq keçən oxların bircə dənəsi də bədəninə saplanmadı. Elə bil başına bəla axtarırdı. Hətta günlərin bir günü bir dəstə iyrənc cüzamlı sarayın ətrafında dolaşanda, gecənin qaranlığında onları saraya dəvət elədi, üzlərini duz kimi yalayıb-öpdü, hələ onlara qızıl və gümüş də verdi.

İdarəçilik işini altı-yeddi sadiq adamı boynuna götürmüşdü. Özüsə rahatlıq və zikrə aşina idi, müqəddəs bədəninin ehtiyaclarını ödətmək üçün işini yaxşı bilən yüz on dörd kor qadından bir hərəmxana da qurmuşdu.

Nə qədər ifratçı və təhlükəli sayılsa da, İslam dininin başbilənləri mömin bəndələrin kəskin bəyanlarına həmişə dözümlü yanaşıblar. Təki mövcud çərçivədən kənara çıxan bu fikirlərlə Allaha şərik qoşulmasın, şirkə yuvarlanma olmasın. Yalançı peyğəmbərin özü də bu həddi aşmazdı bəlkə də, amma müridlərinin çoxalması, qazandığı çoxsaylı zəfərlər və xəlifənin, yəni Məhəmməd əl-Mehdinin aşkar qəzəbi Mərvli Hakimi zəlalətə düşürdü. Köhnə inanclarla qarışıq yeni bir dini vücuda gətirdi və süquta uğradı o.

Təlimi səfsəfə olan Niqablı "Sözə, Müqəddəs Niqaba və Nurlu Üzə" etiqad etməyəni 999 qatlı cəhənnəmlə qorxudurdu".

Hicrətin 163-cü (və Nur Üzlünün 5-ci) ilində xilafət ordusu Hakimi Sənəm qalasında mühasirəyə aldı. Ərzaq və yolunda canlarını qurban verənlər sarıdan qıtlıq yox idi, üstəlik arası kəsilməyən mələk ordusunun yardıma gələcəyi gözlənilirdi.

Elə bu dəmlərdə qəfildən qalada ortamı təlaşa salan şayiə yayıldı. Dedilər ki, hərəmin xacələri zinakar bir qadını boğmaq istərkən, qışqırıbmış ki, “Peyğəmbər”in sağ əlində adsız barmağı yoxdur, o biri barmaqları da dırnaqsızdı.

Müridlərin arasına vəlvələ düşdü. Hakim o dəmdə camaatın ortasında, əlləri səmaya açılmış halda Tanrıdan zəfər, ya da bir möcüzə diləyirdi.

Leysandan qorunurmuş kimi başlarını sadiq kölə tək önə əyən iki sərkərdə niqabı qaldırdı.

Kütlə lərzəyə gəldi əvvəlcə. “Tanrı elçisi”nin müqəddəs üzü, cənnəti gözüylə görmüş o üz, həqiqətən ağappaq, amma cüzama xas olan bəyazlıqdaydı. O qədər əcaib idi ki, maskaya oxşayırdı. Qaşları yoxuydu. Sağ gözünün alt qapağı yanağı tək sallaq idi. Dodağı sanki gəmirilmişdi. Aslan burnuna bənzəyən iri, yastı burnu vardı.

Mərvli Hakim son bir yalanla ona gözlərini dikmiş insanları bir daha aldatmaq istədi. “Bağışlanmayacaq günahlarınız mənim izzətimə şahid olmanıza icazə vermir”, – dedi.

Sözünə qulaq asan olmadı, nizələr bədəninə saplandı.

 

Tərcümə: Əziz Rzazadə