XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Mart 2017 - 18:49

Xorxe Luis Borxesin hekayəsi –"Alçaqlığın dünya tarixi" kitabından

"Heykəl otağı"

 

Ərəb qaynaqlarına söykənən bu əhvalatın müəllifi naməlumdur.

Əhvalatın məzmununa baxılsa, yazarın müsəlman bir ispan olduğunu düşünə bilərik.

Əsrlər əvvəl, Əndəlis Krallığında Lebtit, Senta, ya da Jaén adlı bir şəhər vardı və krallar burada iqamət edərdi.

Bu şəhərdəki güclü qalanın qapıları içəri girmək, ya da çölə çıxmaq üçün deyil, qıfıllı saxlanılma üçün düzəldilmişdi. Krallardan biri öldükdə, uca taxta keçən digər kral qapıya öz əlləriylə yeni bir qıfıl taxardı. Və qıfıl sayı sonda iyirmi dördə çatmışdı, çünki hər kral üçün bir qıfıl bağlanmışdı qapıya.

Bir dönəmdən sonra əsilzadə olmayan bir bədxassiyyət taxt-tacı ələ keçirdi və qala qapılarına yeni bir qıfıl bağlamaq yerinə, iyirmi dörd köhnə qıfılı açıb qalanın içini görmək istədi.

Vəzir və əmirlər bunu etməməsi üçün yalvardılar, dəmir açarxananı ondan gizlədib, iyirmi dörd qıfılı çıxarmaqdansa, yeni birini əlavə etmənin daha asan yol olduğunu söylədilər ona. Amma kral məəttəl qalası bir ustalıqla tərslik göstərdi. "Qalanın içərisində nə olduğunu görmək istəyirəm", – deyərək.

Ona sürülər, müqəddəs heykəlciklər, gümüş və qızıl pay-püşk – əlçatan nə vardısa, – bütün varidatı təklif etdilər. Əfsus, yeni kralı niyyətindən döndərə bilmədilər və kral öz (əbədi yanacaq) sağ əliylə qıfılları çıxardı.

Qalanın içində metaldan və taxtadan düzəldilmiş ərəb heykəlləri tapdılar: köhlən at və dəvələrin belində, başlarında əmmamə, kəmərlərində qılınclar, əllərində uzun nizələr. Bu yonma heykəllərin hamısının kölgələri yerə düşürdü. Atların ön ayaqları şaha qalxırmışcasına yerdən üzülmüşdü.

Kralı böyük təlaş bürüdü bu heykəllər qarşısında; qorxusu bu ordunun nizamı və mükəmməl səssizliyinə sirayət elədi. Hamısı eyni istiqamətə – Qərbə baxırdı. Amma nə bir söz, nə də bir şeypur səsi eşidilirdi.

İlk otaq bunlardan ibarət idi.

İkinci otaqda Davudun oğlu Süleyman (Allah onlardan razı olsun!) üçün süfrə açılmışdı. Masa bir parça yaqutdan yonulmuşdu. Yaqutun rəngi, hamının bildiyi kimi, yaşıldır və həqiqi, amma fırtınaları yatırtmaq, sahibinin saflığını qorumaq, babasilin sağaldılması və pis ruhları qovmaq, məhkəmə çəkişmələrində uğur qazanmanı təmin etmək və doğuşu asanlaşdırmaq kimi aşkarlanmayan gizli xüsusiyyətləri vardı.

Üçüncü otaqda iki kitab tapdılar.

Birincisi – qara üzlü idi və faydalı qazıntıların xüsusiyyətlərindən, tilsimlərin istifadə qaydalarından, səma qanunlarından, zəhər və padzəhrin hazırlanmasından bəhs edirdi.

İkinci kitab ağüzlü idi və hərflər çox diqqətə çarpan olduğu halda, kimsə orada yazılanların mənasını anlaya bilmədi.

Dördüncü otaqda bütün padşahlıqları, şəhərləri, dənizləri, qalaları və təhlükələri (hər birini həqiqi adı və şəkliylə) göstərən bir dünya xəritəsi tapdılar.

Beşinci otaqda Davudun oğlu Süleyman (Allah onlardan razı olsun!) üçün düzəldilmiş dəyirmi, dəyərsiz bir güzgü vardı; güzgünün tutacağı müxtəlif filizlərin xəlitəsindən idi və o aynaya baxan Adəmdən başlayaraq Qiyamət şeypurunun səsini eşidəcək adamlaradək atalarının və oğullarının üzlərini görə bilirdi.

Altıncı otaqda elə bir iksir var idi ki, bircə damlası yüz iyirmi kilo gümüşü yüz iyirmi kilo qızıla çevirməyə bəs edirdi.

Yeddinci otaq boş görünürdü. O qədər uzun idi ki, ən mahir oxçular belə bir ucundan digər ucuna çatdıra bilməzdi atışı.

Otağın sonundakı divarda qorxunc bir yazı həkk edilmişdi. Kral o yazını oxudu və anladı.

Divardasa bu sözlər yazılmışdı: "Hər kimin əli bu qalanın qapısını açma cürətində olsa, buradakı yonulmuş heykəllərə bənzəyən canlı əsgərlər krallığı ələ keçirəcəklər".

Bu hadisələr hicri 89-cu ildə baş verdi. Hələ on ikinci ay tamamlanmamış Tariq bin Ziyad şəhəri mühasirəyə aldı, kralı məğlub etdi, kralın arvadlarını və uşaqlarını əsir edib satdı. Ölkəni yandırıb-yaxdı. Və ərəblər əncir ağacları, susuzluq bilməyən bataqlıq çayırları ilə bəzənmiş Əndəlis Krallığına belə yayıldılar.

Xəzinələri gəlincə, hər kəsə məlum olduğu kimi, Tariq, yəni Ziyadın oğlu, onları ağası olan xəlifəyə göndərdi və xəlifə xəzinələri bir sərdabənin içinə doldurdu.

 

Tərcümə: Əziz Rzazadə