XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 07:00

Aydın Qacar Sərdar Cəlaloğlu haqqında yazdı:"Mən bunu istəyirdim səndən, Sərdar!"

Aydın QACAR

[email protected] 

 

"…Son dəfə qardaşıma baş çəkdim. Bir az ordan-burdan söhbət etdik. Sonra səhhətini xəbər aldim. O, çox sakit tərzdə “Daha yaşamağa utanıram” – dedi.Bu söz məni ildırım kimi vurdu. Çünki bunu ikinci dəfə, olduğu kimi təkrar eşidirdim. Bir əmimin, bir də qardaşımın dilindən. Onun üzünə baxdım. Gözlərində tam bir laqeydlik vardi. Artıq onu həyata bağlayan ən incə tel belə qalmamışdı. O da əmim kimi ölmək istəyirdi. Nə deyəcəyimi bilmədim. 

24 il qazilik ömrü yaşayan, hər cür ağrıya, əzaba, çətinliyə dözən qardaşım oğul itkisinə cəmi 24 gün dözə bildi. Qazi kimi oğlunun ölümüylə fəxr etdi, ata kimi bu itkidən qəhr oldu. Rasimin şəhidliyinin 24-cü günü bacı-qardaşının, yaxın qohumlarının əhatəsində həyata gözlərini yumdu. Bununla da öz cihad yolunu başa vurdu. 

Son anda onun üzündə heç vaxt görmədiyim rahatlıq, xoşbəxtlik, məmunluq cizgiləri göründü. Qardaşım sanki ölməkdən çox razı qalmışdı. Ölüm onu, həqiqətən, xoşbəxt etmişdi. Çünki həyat yolunda olduğu kimi, ölüm yolunda da oğluna yoldaşlıq edəcəkdi."  

S. Cəlaloğlu


 

"Yaşamağa utanıram"elegiyası başımıza od ələyir

 

Aprel yaxınlaşdıqca şəhidlər, şəhidlik mövzusu gündəmdə daha tez-tez səslənməyə başlayır və Sərdar Cəlaloğlunun şəhidlərə həsr olunmuş bu uğurlu yazısı, sözün əsil mənasında başımıza od ələyir. Qaziliyə, şəhidliyə ucaldılmış söz abidəsi də hesab etmək olar bu ağını, bu elegiyanı. 

Şəhidlərə ithaf olunmuş belə yazılar, narahat şəhid ruhlarının diz qatlayıb dincələ biləcəyi belə əraziləri hamımız genişləndirməliyik.

Yazıda, şəhid olmuş oğlunun dəfnindən sonra müəllif pafosdan, təmtəraqdan uzaq olan, ən adi sözlərlə, görün, qazi atanın özünün vida şəklini necə çəkib: "O, çox sakit tərzdə – “Daha yaşamağa utanıram” – dedi".

Bu tablo qarşısında sakit dayanmaq olmur, adamın içi də, çölü də qaynar su töküblərmiş kimi yanır, göynəyir.

"Ruhları şad olsun şəhid oğulun da, qazi atanın da, bütün şəhidlərimizin də!" – deyir və oxumayanlara "Yaşamağa utanıram" elegiyasını oxumağı tövsiyyə edirəm. Bir ailənin timsalında sərgilənən şəhidlik nümunəsini, patriotluğu, dərddən yuxarı dayana bilmək iradəsini bütün şəhidlərimizə aid edirəm.

…Şəhid oğulla vida günü zəng edib atasına da, əmilərinə də başsağlığı verib, dərdlərinə şərik olmaq istədiyim zaman, mənim qəhərlənib söz tapa bilməməyim fonunda, əks tərəfin məğrur səslə "VƏTƏN SAĞ OLSUN!" nidaları bir daha qulaqlarımda əks-səda verir… heyrətlənirəm.


O, mahiyyətcə filosofdur
  

Yazı müəllifi Sərdar Cəlaloğlunun rəsmi titulunun olub-olmamasından asılı olmayaraq, o, mahiyyətcə filosofdu, siyasət adamıdı. Bu müəllifin kitabları, yazıları, müsahibələri – əksər hallarda rəsmi, quru, akademik dildə olmaqla lirikadan, ədəbi-bədii dil üslubundan uzaq olur həmişə. İlk dəfədir özündə hiss, həyəcan, insan taleyi yaşadan, bədii səpkili, həzin, kövrək yazısına rast gəlirəm Sərdarın. Baxmayaraq ki, bu yazısında da filosof kimi neçə-neçə sosial düsturlar "icad" etməyə çalışıb və edib. Həm də gözəl süjet xətti, epik yaddaş nümayiş etdirib.

Tənqidçi-filoloq Rüstəm Kamalın şərik olduğum bir fikrini xatırlatmaq istəyirəm: "Şəki nəsr üçün münbit yer deyil. Nəsr sistemi epik yaddaşla, epik xatirələrlə bağlı hadisədir. Şəki insanında isə epos yaddaşı, dastan yaddaşı yoxdur. O, hər şeyi bu günlə (“hayindi”) ölçür, şəkili sanki xatirə danışa bilmir. Amma harada Qərb zonası, Naxçıvan insanı ilə rastlaşsan, başlayacaq sənə hekayət danışmağa ki, mənim babam belə gəldi, belə getdi… Şəkili insan isə öz nitqinə bəzək vurur – evi kimi, hasarı kimi. Şəkili insanın təfəkkürü şəbəkə təfəkkürüdür." 

Sərdar Cəlaloğlunun bu yazısı, epik yaddaş haqda alimin dediklərinə canlı misaldı və mən bu şərhə daha bir əlavə etmək istərdim. 

Epos yaddaşından başqa insanların, ailələrin, xalqların özlərinə məxsus taleyi, qədəri, alın yazısı da olur və bu bölgü kəndlərə, obalara, bölgələrə də aiddi – onların da insan kimi taleyi, qisməti, xisləti olur. Naxçıvan kimi kiçik bir coğrafi ərazidə yerləşən Nehrəm, Cəhri, Bənəniyar, Ordubad kimi yurd yerlərinin hər birinin fərqli, özünəməxsus dialekti, şivəsi və fərqli özəllikləri var.   

Naxçıvan mahalında doğulan adam, S. Cəlaloğlunun kəndi Cəhrini görməmişdən əvvəl, bu kəndin adını eşidir. Filankəs "Cəhri qaşığıdı, qarışdırandı" deyərdilər, baməzə, zarafatcıl olanları Cəhriyə gedən avtobusun tablosunda "Cəhri" sözü yox, qaşıq yapışdırıldığına "şahidlik" də edərdi. Bu kasıb kənddə loyal, laqeyd, mövqesiz adama rast gəlmək çətindir. İnsanlar doğulandan haqq, ədalət axtarışındadı. Düz bildikləri məsələdə heç kimə güzəşt yoxdu, müsahibinin sözün ağzında kəsər, fikrini bitirməsinə aman vermədən etirazların bildirərlər. Hamı hamıya və hər şeyə müxalifətdədi – həmsöhbət, tərəfmüqabil tapmayıb tək qalsalar, özləri-özlərinə müxalifətdə olurlar.

S. Cəlaloğlu bu yazısında özünəmüxalifliyin formulasını "Vicdan – insanın özü ilə müxalifət halıdır, onu düz yolda saxlayan, ədalətsizlikdən uzaqlaşdıran hissdir" kimi izah edir. 

Cəhrili müxalifət olanda – Sərdar Cəlaloğlu, Qurban Məmmədov, iqtidar olanda – Siyavuş Novruzov olur. Qızıl orta bu kəndin adamları üçün yad termin, yad məfhumdu.

 ***

…Biz Sərdarla iki il Bakıda bir sinifdə, o vaxtın ən elit məktəbində oxuyub, Sovet internat sisteminin özəlliklərini yaşamışıq. O vaxt o məktəbə 8 illiyi əla qiymətlə bitirən şagirdlərin sənədi qəbul olunur və ciddi müsabiqə yolu ilə seçim aparılırdı. Bu azmış kimi, biz 10-cu sinfə keçəndə, qəbul olunmuş 4 sinfi təkrar seçərək, xüsusi istedadı olanlardan ibarət yeni iki sinif yaratmışdılar. Bizə institutlardan dəvət olunmuş müəllimlər – analitik kimya, kimya texnologiyası dərsləri keçir, umumi proqram dəfələrlə artırılırdı. Xudu Məmmədov, M. Mövsümzadə kimi mötəbər alimlərlə görüşlər, olimpiadaların iştirakçısı, qalibi olmaq bizim boynumuzun yükü idi. Neft-Kimya İnstitutunun keçirdiyi və üç saat vaxt verilən olimpiada suallarını biz 15 dəqiqəyə yazıb gülürdük ki, bu, nə uşaq suallarıdı. Sonra da o inistituta "konkurs"suz qəbul olunacağımız haqda Muxtara və mənə palaz boyda bir kağız da vermişdilər.

Sinfin ümumi potensialı o qədər yüksək idi ki, hətta bəzi müəllimlər belə, bizimlə ayaqlaşa bilmirdi. Riyaziyyatdan, həndəsədən kontrol işlərini yoxlamaq üçün Sərdarı, İmranı müəllimə evlərinə dəvət edib, onların köməyindən istifadə edirdi. Nahar fasiləsinə çıxanda direktor tədris korpusunu bağladıb bizi içəri buraxmırdı ki, bir-iki saat çöldə, açıq havada gəzin, beyniniz dincəlsin. Əvvəldən kitabı qoynumuzda, qoltuğumuzda gizlədib çölə çıxarırdıq ki, o bir-iki saatı da boş keçirməyək. Axşam "otboy" verilib, işıqlar söndürüləndə gedib sanitar qovşağında oxuyurduq.

O gərginliyin içində isə Sərdar özünü suda balıq kimi hiss edir, hətda sinifdə də arxa partada oturaraq, bədii ədəbiyyat oxuya bilirdi. Özü də çox böyük sürətlə oxumaq texnikası vardı.

O vaxtlar çoxumuz bədii ədəbiyyat xəstəsi idik, ancaq çatdırıb oxuya bilmir və Sərdara açıqca qibtə edirdik…

İnstitutda da elə olub. Sərdargilin kirayə qaldıqları daxmaya gedən adam digər sinif yoldaşımız Gerasimi (Sərdardan da istedadlı idi) dəftər-kitabı, tibb inistitunun vəsaiti olan kəllə sümüklərini qabağına töküb dərs oxuyan, Sərdarı isə yenə də qalaq-qalaq başqa kitablar oxuyan görüblər. İzahı isə belə olub: "Xəstə gəlib desə "başım ağrıyır", Gerasim onun 200 səbəbdən baş verə biləcəyini, mən isə 5 səbəbin biləcəm, o araşdırınca mən diaqnoz qoyub, müalicəyə başlayacağam".

Məktəbimizdə yaşanan ab-hava, gərginlik, vaxt çatışmamazlığı və bu fonda Sərdarın sərbəstliyi haqda təfərrüata varmağım, bir növ, "məktub məsələsi" deyilən bir mövzuya keçid üçün idi…

 

Onu ədəbi müstəvidə görmək istəyim 

 

… Bir dəfə mənə kənddən, məktub içində bir məktub gəlmişdi. Qızdan… sevgi etirafı idi! O dövrün qızları üçün belə addım ata bilmək çox böyük cəsarət tələb edirdi. Mənimsə bu mövzuda heç xəyala dalmağa belə, nə vaxtım, nə də marağım vardı, normal məktəbli kimi gecə-gündüz alışıb yandığım tək bir istək, arzu instituta girməkdi. Sonra 5 il oxumaq, bir neçə il işləyib valideyinə maddi dəstək vermək və s. Ümumən, əlləm-qəlləm işlərdə birinci olsam da, ciddi münasibətlərdə həmişə nümunəvi davranmışam.

Məktubu göstərərək bunları Sərdara izah edir və qızın heysiyyatına toxunmayan çox "delikat" formada, bir imtina cavabı yazmasını istəyirəm. Bu sirri bölüşə biləcəyim adam da yalnız Sərdarıydı – öz kəndçilərimin bilməsi qızı satmağa, xəyanətə bərabər idi.

Axşam birin yazıb verir, oxuyub cırıram:

 – "Əjlaf" inşa yazırsan? Bir hissiyatın olsun da!

 Sabahı ikincisin yazır, bəyənmirəm, özü alıb cırır:

– Get tullanmağının dalınca! Həylə qanansan, özün yaz!
                                                   
Həə… bu dialoqdan nə az, nə çox – düz 47 il ötüb.

Və mən ilk dəfədir sinif yoldaşımın, dostumun ürək göynədən "Yaşamağa utanıram" yazısına rast gəlib kövrəlir, qəhərlənir, həm də qürur duyuram!

Mən bunu istəyirdim səndən, Sərdar!

Səni bu müstəvidə görmək məktəb illərinə qaytardı məni… Belə hesab etdim ki, gec də olsa, sən o məktubu yazdın, məni də, o qızı da məmnun və məsud etdin!…

Bundan sonra mənim mətbuatda gedən hər yazımdan sonra göndərdiyin mesajları – "O, nə vaxtdan yazıçı olub əə… onun qızına məktubları həmişə mən yazmışam, inanmırsız gəlsin, üzünə deyim"ləri – təsdiq edəcək və inanmayana sənin bu yazını oxumağı məsləhət görəcəyəm.

Sözardı kimi, elə bunları demək, təsiri olarsa uşaqlıq dostumu ədəbi müstəviyə çəkmək istəyirdim. Bilsəm də ki, Ş. Ağayar demişkən, "Tanrı hər kəsə ağrılarını sözə çevirə bilmək imkanı vermir".

Ancaq yeri gəlmişkən, Sərdar Cəlaloğlu portretinə daha bir-iki abzaslıq "əl qatmaq" ehtiyacı duyub yazını davam etdirirəm.


                                                                                         
O, birincilərə müxalif olmaq ustasıdı

O, qurmaq, yaratmaq, təsərrüfat, istehsalat, biznes sahəsində səriştəsizdi. İdarəetməni, birinci olmağı da bacarmır, siyasətdə də birinciliyə iddialı deyil – o, birincilərə müxalifətdə olmaq ustasıdı. Bu ehtirasla alışıb yanır, bunu bacarır, bundan zövq alır, bunun üçün elmi, biliyi, istedadı, iradəsi, prinsipallığı, şəxsi mənafeyini arxa plana ata bilmək əzmi hər birimizdən qat-qat yüksəkdi. Bu müxaliflik ona mərhumiyyətlər, təqiblər, təhdidlər, sıxıntılar, itkilər, övladlarının cəlayi – vətən olması, mənəvi zədələr alması hesabına başa gəlsə də, yolundan dönmür.

Düzdür, son illər hakimiyyətə müxalif olmaqdan çəkilmiş kimi görünür. Ancaq bunun müqabilində ehtirasını, istedadıni, Dədə Qorquddan Səməd Vurğunadək ölüləri qəbirdən çıxarıb, Koroğlunu mavi, homoseksual, Babəki, Nəbini, Həcəri nə bilim nə etməklə müxaliflik ehtirasın söndürür.

İndi onu gah Qurana təfsir yazan, gah yaratdığı nəzəriyyələrlə Nobel mükafatına namizədlər sırasına düşən, gah da fəlsəfi aforizmlər, siyasi postulatlar müəllifi rolunda görürük. Və əfsus ki, yaşadığımız bu paradoksal cəmiyyətdə – vəzifəsi, səlahiyyəti, iqtidar yanında mövqeyi, dəstəyi, yaxud şəxsi vəsaiti olmayan adamın nəyəsə nail olması qeyri-mümkündür. "Kəlilə və Dimnə"də deyildiyi kimi, "kasıb səxavət göstərsə – israfçı, ağıllı kəlam söyləsə – boşboğaz adlandırarlar".

İnsanın idealı olan Allah ətrafına müxalifət yox, mələk yığırsa, günahlar içində itib-batan insandan nə istəyirsən? Sərdar bir şeyi qəbul edə, anlaya bilmir ki, bütün birincilər özlərini Allah, ətrafını mələk görmək istəyir!

Əslində fəlsəfi yanaşanda, bütün dinlər insan ağlının məhsulu kimi görünür – təbii ki, ictimai, tarixi, coğrafi şəraitə, zamana, məkana uyğun olaraq. Ancaq insan ağlı da Allaha şərik qoşmayıb, mələklərə öz sözü, öz mövqeyi olan səlahiyyət verməyib, yalnız lal-kar icraçılıq, buyruqları yerinə yetirən, müstəqil fikri olmayan, görünməyən, iddiasız artur rəsizadələr…

Sərdar həmişə davadan qabaq "aqibətini düşünən qəhrəman ola bilməz" tezisləri ilə yaşayıb.

Mən özümü dostumdan ağıllı saymıram, əksinə. Ancaq vaxtında ona bu sualı vermişəm: Sən bilirsənmi, yolunda ölümə getməyə hazır olduğun Rəsul Quliyev hakimiyyətə gəlsə, birinci işi Qurban Məmmədov, Sərdar Cəlaloğlu kimi adamlardan xilas olmaq olacaq?

Heyf… Çox heyf ki, cəhrili mələk ola bilmir… Bu da qədərdi, qismətdi, bu da alın yazısıdı.

Bir pritçanı xatırladıb, Sərdarın məişət məsələsində belə, necə əllamə müxalifətçi olduğunu vurğulamaq istəyirəm.

Mühazirə zamanı tələbə professordan soruşur:

– Professor, qaranlıq mövcuddur?
– Əlbəttə.
– Siz düz demirsiz. Qaranlıq yoxdur. Çünki qaranlığın ölçü vahidi yoxdu, biz qaranlığı ölçə bilmərik. Yalnız işığın dalğası, uzunluğu, dərəcəsi var.
– Bəs qaranlıq nədir?
– Qaranlıq işığın olmamasıdır. Qaranlıq sözünü insanlar istifadə edir ki, işıq olmayanda nə baş verir.
(Tələbə Albert Eynşteyn imiş.)

İndi oxşar bir dialoqu Sərdar Cəlaloğlu ilə mən aparır və deyirəm: "Qatıq ağdır".

Sərdar əlüstü "qatıq ağ ola bilməz" deyib, başlayacaq "mütləq ağ cism"in tərifin deyib, izahın verməyə. Bunu qoyub keçəcək "ağ işığın difraksiyası"na, bütün rənglərin ağ işıqdan yaranmasını izah etməyə. Ərki, zarafatı olduğundan başlayacaq mənə sataşmağa ki, Arif müəllim fizika labaratoriyasında bunu əyani nümayiş etdirəndə, sən yatmışdın və s. Bununla da ürəyi soyumasa, deyəcək: "Tutaq ki, o qatıq sizin kənddən, Qabıllıdan gəlib, sizdə də südün üzünü üç dəfə yığmasalar qatıq çalmazlar, o halda belə, qatıqda 1-2 faiz yağ qalacaq və yağ da sarıdı".

Sərdardan qatığın ağ olduğu etirafını eşitmək istəyirsənsə, gərək sən əvvəldən deyəsən ki, qatıq qaradır.
             

 O, bəzən mürəkkəb və ziddiyyətli olur 

 

Fikrimi əsaslandırmaq üçün yenə də məktəb həyatına qayıdıram. Çünki 1971-dən sonra çox az, ancaq xeyir-şər zamanı rastlaşa bilmişik Sərdarla və buna baxmayaraq, əminəm – o vaxtdan bu vaxta, onda ümumən heç nə dəyişməyib, yaxud çox az şey dəyişib.

Bəli, uşaqlardan biri ona yaxınlaşıb oksidləşmə-reduksiya reaksiyasını başa düşmədiyini və kömək etməsini istəyir. Sərdar "pritin yanması" reaksiyasını yazıb bununla sualı izah edir!

Kimyaçı olmayanlar üçün deyim ki, bu cür mürəkkəb oksidləşmə-reduksiya reaksiyaları qeyri-üzvi kimyada bir əlin barmağı ilə sayılacaqdan da azdır. Burda bir element iki müxtəlif valentlik göstərməklə iki dəfə reaksiyaya daxil olur. İndi təsəvvür edin, tərifi  "bir element elektron verirsə-oksidləşirsə, digər element elektron almalı-reduksiya olunmalıdı" olan qanunu, sadə nümunələrlə qavramağa çətinlik çəkən adam, bu mürəkkəb misalla yüklənəndə nə günə düşər, nə anlaya bilər?!

Deyirəm:

– Sərdar, indi o gedib özünü dünyanın ən mağmun, küt adamı hesab edəcək və özünə də, kimya elminə də nifrət edəcək. Niyə belə edirsən?

– Yaxşı eləyirəm, sözə bax ee… Başı yoxdu kimya təmayüllü məktəbdə nə işi var, getsin, öz kəndində oxusun.
   
Sərdarı bəzən mürəkkəb, anlaşılmaz, cığal olmaqda da, özünün və cavabdeh olduğu insanların həyatını öz idealları uğrunda təhlükəyə atmaqda da, ümumiyyətlə çox şeydə günahlandırmaq, çox məsələdə qınamaq olar, bir şeydən başqa: bu insan fitri istedada, böyük, hərtərəfli elmi potensiala, biliyə, hələ də oxumaq, öyrənmək əzminə, iradəsinə və ən başlıcası, oxuduğu – öyrəndiyi mənbələrdən orda yazılmayan, deyilməyən yeni bir nəticə hasil etmək, postulatlar, düsturlar, nəzəriyyələr, paralellər qurmaq fitrətinə qabildi!

Bu, müdriklik zirvəsi, məqamı, müdriklik yaşına çatmaqdı!

Çox təəssüflənir, bəzən öz içimdə qırılıram: Sərdarın timsalında insanların uzun illər ağır zəhmət, həyat təcrübəsi hesabına toplamış olduqları bilik və bacarıqları istifadəsiz, gərəksiz əşya kimi bir küncə atılır, bəzi hallarda isə ironiya mənbəyi olur.

Sərdar Cəlaloğlunun indi nə biliyini ötürməyə tələbə auditoriyası, nə də elmi titulu var, düşdüyü tunelin sonunda közərən zəif işıq da çox dayanıqsız görünür. Əfsus…

Şəkildə: Aydın Qacar və Sərdar Cəlaloğlu (məktəb illəri)