XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 11:27

“Biz ölməyə doğuluruq…” –Qurban Cəbrayılın şəhid Əbdülməcid Axundov haqda yazısı

(Aprel savaşında qəhrəmancasına həlak olmuş Əbdülməcid Axundovun əziz və unudulmaz xatirəsinə)

 

“Gələcək nəsillər bunu unutmamalıdırlar, çünki biz müqəddəs Vətən uğrunda övlad qurban verdik, canımızın bir parçasını itirdik. Onları çətinliklərlə, min-bir əzaba qatlaşaraq böyütmüşdük. Belə şeyləri heç vaxt dilimə gətirməmişəm – valideynlik borcumdur. İndi isə insanların, xalqın qarşısında başıuca, alnıaçıq, üzüağ dayandığıma görə deyirəm: sənə çəkdiyim əziyyət, verdiyim süd halalın olsun, oğlum!”

Bu sözləri aprel döyüşlərinin qəhrəmanı, Milli Ordumuzun şəhidlik məqamına yüksəlmiş əsgərinin Sumqayıt şəhərində keçirilən qırx mərasimində anası Ceyran Axundova söyləyib. 23 yaşlı igid, pəhləvan cüssəli, aycamal oğlunun ölümündən möhkəm sarsılsa da, ürəyinin sağalmaz yarasına vətən, torpaq, cihad, şəhadət kimi ali idealları məlhəm edən ağbirçək azəri qadını, daha sonra kəmfürsət yağılara, onların himayəçilərinə tükənməz nifrət, doğma yurd-yuvaya və xalqa ülvi sevgi hayqırtısı ilə kütlələri savaşa səsləyərək deyib:    

“Hər gün onlarla, yüzlərlə məktub alıram. “Ana, əllərindən öpürük, biz də sənin övladlarınıq, qəddini dik tut, ağlama, sızlama…” yazırlar gənclərimiz. Əbdülməcidin məzarı üstündə də ağlamayacağıma and içmişəm, amma bir şərtlə ki, torpaqlarımız işğaldan azad olunsun. Əgər həmin məkanlar düşmən tapdağı altında qalsa, bu, məni Qiyamətə qədər göynədəcək; yanacam ki, heyf mənim övladıma, heyf şəhidlərimizin yerdə qalan qanına. Övladlarımızı biz belə tərbiyə elədik, əgər harın böyütsəydik, onlar heç nəyin qədrini bilməzdilər, vətən uğrunda getməz, canlarını qurban verməzdilər. Mən anayam, 57 yaşım var və bu gün də əlimə silah götürüb işğalçılara qarşı müharibəyə getməyə hazıram…”

 

Vətən, başa çox iş gələr,

Baş əymə, başın sağ olsun!

Biz ölməyə doğuluruq,

Torpağın, daşın sağ olsun!

Əbdülməcid Axundov. Bəli, bu kimlik iki ay öncəyə qədər geniş kütlələrə, ictimaiyyətə heç nə demirdi, yalnız öz ailəsinə və dost-tanışlarına məlum idi; indi ümumxalq məhəbbəti qazanıb, minlərlə insanın sevimlisinə çevrilib, ən başlıcası isə ilahi təqdirə layiq görülüb. Hər gün Sumqayıtın 16 saylı məktəbində əyləşdiyi partanın, Şəhidlər Xiyabanında uyuduğu məzarın üstünə təzə-tər gül dəstələri düzülür; sevgi, təşəkkür, pərəstiş məktubları qoyulur; söhbətlərdə, düşüncələrdə, xatirələrdə anılır.

Şəhidimizin qısa, lakin heyrətamiz hadisələrlə dolu həyat kitabını yenidən vərəqləmək üçün anası Ceyran Axundova ilə məsləhətçi kimi çalışdığı Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsində görüşüb söhbətləşirik. Ötən müddət ərzində televiziyalarda, sosial şəbəkələrdə, qəzetlərdə bu barədə yayılan çoxsaylı informasiyalar Əbdülməcidi bizə yaxşı tanıtdığından “yenidən” ifadəsini işlətdim. Çünki məlum aprel savaşı və onun nəticələri fonunda xalqın coşub çağlayan mübarizə əhvalı, tarixən bizim olan, amma əsrin dörddə biri qədər ayağımız dəyməyən ərazilərə – Lalətəpəyə, Odundağa, Cocuq Mərcanlıya qovuşmağımızın həzzi, ən əsası isə işğal altındakı torpaqlarımızı azad etməyə qadirliyimizin təsdiqi elə ruh yüksəkliyi yaratmışdı ki, şahə qalxan dalğanın qarşısı beynəlxalq güclərin “yengəliyi” vasitəsilə alınmasaydı, az vaxtda Xankəndinə üçrəngli bayrağımızın sancılacağına kimsənin şübhəsi yox idi. Bu qırx gündə elektron və yazılı KİV-lər vətənpərvərlik duyğulu, “şəhidlər ölməz, vətən bölünməz” şüarlı, qələbəyə inam çağırışlı məqalələrlə aşıb daşırdı. Vətən naminə canını qurban verən rəşadətli oğullar, o cümlədən mərhum qəhrəmanımız barədə sosial şəbəkələrdə çoxsaylı səhifələr açılmışdı; nəinki tanış-biliş, heç bu şəcərəyə aidiyyəti olmayan, kənar adamlar da dəstə-dəstə şəhid məzarını, Axundovlar ailəsini ziyarət edir, başsağlığı, təsəlli xarakterli, səbr, dözüm arzulu, rəhmət dualı statuslar bölüşür, uşaqlar, gənclər onu özlərinə örnək, nümunə saydıqlarını açıqlayırdılar.

Təzə söz axtarışında olan, mövzunun mühüm ştrixlərini tapdaq yolu getmədən qabartmağa çalışan qələm əhlinə, adətən, belə zamanlarda spesifik yanaşma imkanları hava-su qədər zəruridir. Biz də söhbətə ad məsələsi ilə ("Məcid" Allahın adıdır, “əbdu” isə "qul", "bəndə" kimi mənalanır) körpü qoyduq. Ceyran xanımın baxışları uzaqlara dikilir, bildirir ki, Əbdülməcid qayınatasının, yəni uşaqların babasının adıdır. Böyük oğlu Elçin doğulanda bu adı ona vermək təklifi səslənib, lakin bir az qədimi olduğundan qəti qərara gələ bilməyiblər: “İkinci övladıma ad seçimində də mən daha çox müasirliyə can atırdım, amma rəhmətlik ağsaqqala hörmət və adının yaşaması xatirinə razılaşdıq. Uşağın da dilinə yatmırdı, eləcə qısaldıb Məcid deyirdik. Amma balaca vaxtı həyətdə oynayanda yoldan keçən Türkiyə vətəndaşı adını soruşmuş, Əbdülməcid ismini eşitcək, xeyli tərifləyib, əsl kişi adı olduğunu söyləmişdi. Mətbəxdəydim, qəfildən içəri girib qucağıma atıldı, sevincək “ana, bir əmi mənə dedi ki, adım həqiqətən kişi adıdır” sözlərini qışqırdı. Cəsurluğuna, qorxmazlığına baxmayaraq, kimsəni incitməzdi, yalnız gücsüzü, köməksizi qorumaq məqsədilə savaşardı. Qarşısındakı yaşca, vücudca böyük olsa belə geri çəkilməz, döyülər, amma qaçmazdı. Oğlum körpəliyindən belə böyümüşdü…” 

Onun orta məktəb illəri də sakit keçməyib, valideynləri tez-tez təhsil ocağına çağırılarmış – pis oxuması səbəbindən deyil, sadəcə, davranışına tutulan iradlara, ədalətsizliklərə göz yuma bilmədiyinə görə. Kövrək çiyinlərini hamının yükünün altına verdiyindən çox zaman özünün yox, digər şagirdlərin dəcəlliklərinin, ehtiyatsızlıqlarının bədəlini ödəyirmiş – könüllü şəkildə. Elə bu günlərdə keçmiş sinif yoldaşlarından biri gözüyaşlı yaxınlaşıb ki, “Ceyran xala, yadındadır neçə il öncə Əbdülməcid gəlib sizdən pul istədi ki, pəncərənin şüşəsini sındırmışam, gərək alıb yerinə salaq, həmin hadisəni mən törətmişdim…”

“Uşaqlıqda da böyüklər təki hər şeyi ölçüb-biçən, reallıqdakı yaşından xeyli müdrik idi balam” – kövrəlir ana: “Atası da, mən də maaşa baxan adamlarıq, maddi sıxıntılarımız  olurdu, ürəyindən bir şey keçəndə evdə ona yetəcək pulun varlığını dəqiqləşdirməmiş istəyini dilə gətirməzdi…” 

Yaşına-boyuna baxmayaraq, ürəyinə bütöv bir kainatı yerləşdirən bu gənc təkcə ətrafındakı xırda haqsızlıqlara deyil, dünyanın, zamanın ədalətsizliklərinə qarşı da üsyana qalxırdı. Müəllimi Rüxsarə Süleymanova xatırlayır ki, ədəbiyyatdan dərsi yekunlaşdırıb Məmməd Arazın “Bu gecə yuxumda Arazı gördüm” şeirini əzbərləməyi tapşırdım: “Məcid yaxınlaşıb şeiri öyrənə bilməyəcəyini dedi. Səbəbini soruşanda cavab verdi: "Müəllimə, bu necə çaydır eee, bir məmləkəti, milləti iki yerə bölüb sakitcə axır, ata-ana o tərəfdə qalıb, övladlar bu tərəfdə; bacı o tayda sızlayır, qardaş bu tayda… mənim Arazdan xoşum gəlmir!”"

Siz bir uşağın milli heysiyyatı, cəfakeşliyi, vətəndaş təəssübü üzündən çəkdiyi əzablara diqqət edin; onun Gülüstanda, Türkmənçayda parçalanan balaca qəlbinə Şuşa, Laçın, Kəlbəcər… dərdi də yüklənmişdi.   

Ətrafımızda baş verən hadisələri çox zaman təsadüflərlə bağlayır, fərdin, qrupun, cəmiyyətin taleyini dəyişən məqamlardan ötüşməyin mümkün, ya qeyri-mümkünlüyü barədə uzun-uzadı baş sındırırıq. Lakin ümumi bir nizama tabe həyatda təsadüflər varmı? Bəlkə elə hər şey mühüm qanunauyğunluğun, əhəmiyyətli zərurətin nəticəsidir? Evdən onu birinci sinfə bir az tez göndəriblər, yəni düşünüb-daşınıblar ki, ili itməsin, orta məktəbi bitirdikdən sonra instituta imtahan verməkdən ötrü vaxtı qalsın. Özü III qrupu – humanitar sahəni seçib, xüsusən də Azərbaycan tarixini çox sevirmiş, bu istiqamətdə iş tapmağın çətinliyini nəzərə alıb, texniki fənlərə yönəldiblər. Ali məktəbin ilk sessiyasının imtahanlarını verən kimi, əsgərliyə getmək fikrini açıqlayanda, birtəhər dilə tutublar ki, təhsildə fasilə yaranmasın deyə, vətən qarşısındakı borcunu diplomu alıb yerinə yetirərsən. Zabit qismində hərbi xidmət keçmək istəyəndə, anası deyib, ay oğul, 1 il 9 aylıq ayrılığa necə dözərik və sair. Bütün sadalananlar və təfərrüatına varmadığımız onlarla xırda detal onu əbədiyyətə aparan yolun müxtəlif hissələridir. Və bunların “təsadüfi məqamlar” sayılması üçün yolçunun, sarvanın da həmin məkanda qeri-ixtiyari zühuru, hadisələrin, proseslərin içərisinə kənardan itələnib salınması lazımdır. O zaman görək qəhrəmanımız nə düşünürdü? Qısa ömrü ərzində Əbdülməcidin qəlbini saran səmavi duyğular hardan qaynaqlanmışdı? 

Anasının, qardaşının, dostlarının söhbətlərindən aydınlaşır ki, mərdlik, cəsurluq, kişilik, doğruçuluq, vətənpərvərlik bu gəncin xarakterindəki ən ümdə cizgilər idi. Ramil Səfərova, digər ünlü hərbçilərə və döyüşçülərə, Qarabağ qazilərinə xücusi dəyər verər, Mübariz İbrahimovun, Fərid Əhmədovun, vətənin azadlığı naminə ölümə atılan şəhidlərimizin xatirəsini əziz tutardı. Xüsusən şəhid Mübarizi həyatda idealı sayar, rəşadəti barədə yazıları oxuyar, kompüterinə köçürdüyü təntənəli dəfn səhnələrinə tez-tez baxarmış. Hətta bir dəfə həmin süjeti izləyərkən otağa girən anasına deyib ki, "nə xoşbəxtdir belə insan; əbədi səadət qazanıb, ata-anasının, doğmalarının, xalqının fəxr, qürur mənbəyidir. Bir gün məni də eləcə üçrəngli bayrağa büküb gətirəcəklər, onda ağlama ha".

Təbii ki, Ceyran xanım eşitdiklərindən xeyli mütəəssir olub və oğluna belə şeylər danışmamasını tapşırıb. Amma oxşar epizod dəfələrlə təkrarlanıb, Ə.Axundov ürək qızdırdığı dostları, doğmaları ilə ünsiyyətdə də şəhadət arzusunu səsləndirib. Hətta bu hissin gücündən 3-4 il öncə yaxınlarına kompüterdə hazırladığı sinəsiqanlı şəkillərini göndəribmiş.

 

Neçə cəfakeşin qalar,

Hər evdən bir qoşun qalar.

Beşin ölsə, beşin qalar,

Qalan o beşin sağ olsun.

 

Nə qədər ağır olsa da, müdhiş aprel günlərini xatırlamağı, faciəli xəbərin – “qara kağız”ın necə gəlib çatması barədə danışmasını xahiş edirəm. Ceyran xanım dərindən ah çəkərək baş verənlərdən ayın 2-də xəbər tutduqlarını söyləyir: “Səhər tezdən bir həmkarım həyəcanlı zəng vurdu ki, uşaqdan məlumatınız varmı? Bərk qorxsam da, özümü sındırmadım. "Necə yəni, Tərtərdə hərbi xidmətini davam etdirir" – deyə cavab verdim. Onun səsindəki narahatlıq mənə də sirayət elədi: "Ay qız, dünən gecədən müharibə başlayıb, Məciddən bir xəbər bilin!” Tamam başımı itirmişdim, Tərtərdə tanışımız var, həmişə əlaqə saxlayır, oğluma lazım olan şeyləri göndərirdik. Telefon nömrəsini çətinliklə yığdım, dəstəkdən eşidilən növbəti cümlə məni dəhşətə gətirdi: rayonu iriçaplı silahlarla vururlar, yüzlərlə ev dağılıb, Əbdülməcidgili də deyəsən qabağa aparıblar… Günortaya yaxın mənzərə qismən aydınlaşdı, radio-televiziyalar, qəzetlər vasitəsilə Müdafiə Nazirliyinin rəsmi məlumatları yayıldı. Amma yenə də baş verənləri tam aydınlaşdırmaq mümkün deyildi. Həyatını itirən 12 nəfərin adı açıqlandı, ertəsi gün daha uzun siyahı dərc olundu, amma nə şəhidlərin, nə də yaralıların içərisində onun adına rast gəlmədik”.

Aprelin 5-də atəşkəsin bərpasına çağırış zəminində Qırmızı Xaç komitəsi bildirir ki, neytral zonadakı sağ qalanların, yaralıların və həlak olanların dəyişdirilməsinə start verilib. Stop! Gözü yoldan yığılmayanların ürəyində güclü bir ümid qığılcımı parlayır: deməli, düşmən arxasında hələ də ölümə yaxa tanıtmayan igidlərimiz var, mühasirəni yarmaq, orduya birləşmək üçün fürsət gözləyirlər. Lakin heyhat! Həmin vaxt onlarla valideyn, övlad, qardaş-bacı, ömür-gün yoldaşı, dost-tanışdan ötrü həyat zərurətli ümid alışdı, titrədi, öləzidi və söndü. Çünki növbəti bəyanatların mətnində “sağ qalan”, yaxud “yaralı” ifadəsi yox idi, yalnız meyitlərin qaytarılmasından söhbət gedirdi…              

Əvvəl qardaşı yollanıb Tərtərə, sonra atası, bütün hərbi hissələri, xəstəxanaları, morqları ələk-vələk eləyiblər, gördüm deyən olmayıb, nəhayət, Bərdədən əlaqə saxlayıblar ki, “burdadır”, təcili gəlin. Pişvazına çıxıblar: elə özünün daim arzuladığı görkəmdə, məqamda, ruhi yüksəlişdə, meracda imiş, Azərbaycan bayrağına bürünmüş tabutun içərisində uyuyurmuş… Bəli, doğmaları Əbdülməcidə yetişəndə, o artıq öz əzizinə – ilahi hədəfinə, müqəddəs sevgisinə qovuşmuşdu: “Öylə sərməstəm ki, idrak etməzəm, dünya nədir; mən kiməm, saqi olan kimdir, meyü-səhpa nədir?” – beytini yazanda da sanki bu mənzərənin seyrindən və sehrindən təsirlənmişdi Füzuli babamız.         

Evdə isə onu bütün Sumqayıt camaatı qarşıladı, insan dənizinin əlindən 16-cı məhəllədə tərpənməyə yer yox idi; elə həmin izdiham şəhidi qoynuna alıb şəhərin Şəhidlər Xiyabanına doğru axışdı. Minlərlə sakinin qatıldığı dəfn mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin rəsmiləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Əbdülməcidin hərbi xidməti bitirib evə dönməsinə cəmi 3 ay qalmışdı…   

Əbdülməcid Nadirşah oğlu Axundov bu dünyada çox az, cəmi 23 il ömür sürdü. Tərcümeyi-halı da elə böyük deyil: 15 oktyabr 1993-cü ildə Sumqayıtda doğulub. 1999-2010-cu illərdə şəhər 16 saylı orta məktəbində təhsil alıb, 2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetində elektrik mühəndisi ixtisasına yiyələnib. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb, Azərbaycan Silahlı Qüvvələri sıralarında çavuş rütbəsində, manqa komandiri vəzifəsində hərbi xidmət keçib.

Oxşar cümlələrə hər kəsin məlumat bazasında rast gəlinə bilər, lakin bundan sonra qeyd olunanlar artıq bioqrafik bilgiləri kölgədə qoyub əbədiyyət dastanına çevrilir və hər kəsə də nəsib deyil: erməni silahlı birləşmələrinin təxribat cəhdlərinin qarşısının alınmasında şəxsi igidlik və rəşadət göstərərək qəhrəmancasına şəhid olub. Onun fədakarlığı dövlət və xalq tərəfindən dəyərləndirildi; Ə.Axundov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltiflənib. Təhsil aldığı orta məktəbdə xatirəsini əbədiləşdirmək üçün növbəti tədris ilindən etibarən bilik yarışmaları keçiriləcək. Gənc Mühəndislər Cəmiyyəti İctimai Birliyinin qərarı ilə Azərbaycan Texniki Universitetinin məzunu kimi adına mükafat təsis olunub. "Şəhid gənc mühəndis Əbdülməcid Axundov” mükafatı hər il Ə.Axundovun doğum günü ərəfəsində təhsil və ictimai fəaliyyətdə fərqlənən gənclərə təqdim ediləcək. Şübhə yoxdur ki, gələcəkdə həmin siyahı digər ödüllər və fəxri adlar hesabına daha da zənginləşsin, amma onun ən gözəl əməli Vətən uğrunda canını qurban verib şəhadət zirvəsini fəthi, ən ali mükafatı şəhid adıdır.

İyula saylı günlər qalır, bu ay Azərbaycan Silahlı Qüvvələrinə çağırış və tərxisolunma ilə xarakterikdir: ekran-efirdən cənab Prezidentin sərəncamı səslənəcək və prosesə start veriləcək. Hamı kimi Axundovlar da diksinib televizora, kompüterin, telefonun monitoruna boylanacaqlar – zatən gözü yolda, qulağı səsdə olan doğmalar hələ də yoxluğuna inanmırlar – lakin Əbdülməcid çoxdan qayıdıb. Özünə, Yaradıcısına, torpağına dönüb… Və adının mənasına uyğun həyat yaşayan – Allahın, Vətənin, Xalqın qulu ünvanında şərafətlənən bu sadiq bəndə elə bir məqamda qərarlaşıb ki, məzarı üzərinə qoyulmuş məktubda yazılan bir cümlə ilə dəyərləndirilə bilər: “Əvvəl bir ailənin oğlu idin, indi bütün Azərbaycanın övladısan!”

Bəli, O, həqiqətən də Vətənə olan borcunu şair Məmməd İlqarın bu şeiri ilə etiraf etməyi və ödəməyi bacaracaq qədər böyük idi:               

Çat verir, çatlayır dözüm,

Sən bölünmə, canım-gözüm.

Bizi ağlamağa gözün,

Bir də göz yaşın sağ olsun.

…Vətən, başa çox iş gələr,

Baş əymə, başın sağ olsun.

 

Qurban Cəbrayıl

May, 2016