XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2017 - 19:27

AMEA Naxçıvan Bölməsində elmi konfrans –Məhəmmədhüseyn Təhmasibin 110 illik yubileyi

AMEA Naxçıvan Bölməsində görkəmli folklorşünas alim, professor Məhəmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr edilən elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Strateq.az-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm nazirliyi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə birgə təşkil olunan tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev görkəmli alimin həyat və yaradıcılığından, Azərbaycan folklorşünaslıq elmi sahəsindəki əvəzolunmaz xidmətlərindən söz açıb. Bildirib ki, folklorumuzu sistemləşdirən, toplayan və Azərbaycanda folklorşünaslıq məktəbi yaradan professor Məhəmmədhüseyn Təhmasib 12 aprel 1907-ci ildə Naxçıvan şəhərində anadan olub.

Akademik qeyd edib ki, Azərbaycan tarixinin, etnoqrafiyasının, toponiminin, coğrafiyasının mükəmməl bilicisi olan alimin apardığı elmi-tədqiqat işləri bu gün də Azərbaycan ədəbiyyatşünaslığı üçün dəyərlidir. Şifahi xalq ədəbiyyatının tədqiqində böyük xidmətləri olan alim gərgin zəhməti sayəsində müxtəlif janrlı tədqiqat əsərləri yazıya alaraq nəşr etdirib. Eyni zamanda o, dastanlarımızın toplanılması sahəsində də ciddi işlər görüb.

Professor Məhəmmədhüseyn Təhmasibin rəhbərliyi altında şifahi xalq ədəbiyyatımızın qədim və zəngin janrı olan dastanlarımızın müxtəlif variantları yazıya alınaraq 5 cildlik “Azərbaycan dastanları” çap edilib. Kitablarda dastanlarımızdakı tarixən daşıdığı adlar araşdırılıb və adlara aydılıq gətirilib. Eyni zamanda onun “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?” ssenariləri əsasında eyni adlı filmlər çəkilib, “Bahar”, “Aslan yatağı”, “Çiçəklənən arzular” və digər pyes nağılları teatr səhnələrində uğurla tamaşaya qoyulub.

Məhəmmədhüseyn Təhmasib kimi alimlərimizin elmi fəliyyətləri bu günkü gənc tədqiqatçılara tanıdılması Azərbaycan ədəbiyyatının inkişafı baxımından vacib məsələlərdən biri olduğunu qeyd edən akademik Bölmədə cari ildə nəşr edilməsi nəzərdə tutulan “Məhəmmədhüseyn Təhmasib: taleyi və sənəti” məqalələr toplusunun üzərində işlənildiyini də diqqətlərə çatdırıb.

Elmi konfransda Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Məhəmmədhüseyn Təhmasibin həyatı və yaradıcılığı”, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru Yusif Səfərov “Dastanlarımızın ustad tədqiqatçısı”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədov “Azərbaycan dastanlarının toplanması, tədqiqi və nəşrində Məhəmmədhüseyn Təhmasibin rolu”, Naxçıvan Dövlət Film Fondunun direktoru “Mirakif Seyidov “Məhəmmədhüseyn Təhmasib və Azərbaycan kinosu”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Məhəmmədhüseyn Təhmasib və Azərbaycan teatrı” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə Məhəmmədhüseyn Təhmasibin Azərbaycan ədəbiyyatşünaslığında müxtəlif istiqamətlər üzrə elmi fəaliyyəti ətraflı işıqlandırılıb.