XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

15 Aprel 2017 - 18:31

Xorxe Luis Borxes –mistik və ibrətamiz hekayə

Mürəkkəb aynası

 

Tarixdən məlumdur ki, Sudanın ən zalım hökmdarı ölkəsini misirli vergi məmurlarının acgözlüyünün ixtiyarına verən və 1842-ci ilin bermahat ayının on dördündə bir saray otağında ölən Binəsib Yaqubdur.

Bəzi iddialara görə, hökmdarı xəncərlə, ya da zəhərləyərək öldürən adam (bu adamın adı "Mərhəmətli Allahın qulu" kimi tərcümə olunur) cadugər Əbdür-Rəhman-əl-Məsmudidir. Amma hökmdarın öz əcəli ilə ölməsi daha inandırıcıdır, çünki ləqəbi "Binəsib" idi.

Kapitan Richard F. Burton o cadugərlə 1853-cü ildə ünsiyyətdə olub və bu əhvalatı ondan eşidib yazıya köçürən də odur:

Binəsib Yaqubun qalasında məhbus saxlanılmağım doğrudur. Çünki qardaşım İbrahim vəhşi zənci qəbilə başçılarına bel bağlayıb sui-qəsd hazırlamışdı. Kordofanın bu alçaq tayfaları isə xain çıxdı. Və qardaşım Binəva Yaqubun hüzuruna gətirildi.

Qılıncla kəsilən başı edam kötüyünün düşüb yerdə diyirlənəndə, Binəva Yaqubun iyrənc ayaqlarına sərilib cadugər olduğumu dedim. Və canıma qıymazsa, ona sehr göstərəcəyimə and içdim.

Dedim ki, elə şeylər ki, heç sehrli lampa buna qadir deyil.

Müstəbid dərhal məndən dəlil-sübut istədi. Bir qamış qələm, qayçı, böyük Venesiya kağızı, mürəkkəb qabı, içində kömürü yanan manqal, bir neçə keşniş toxumu və qırx qram buxur gətirilməsini istədim.

Kağızı altı parçaya böldüm, beşinə tilsimlər və dualar yazıb, sonuncusuna da Qurani-Kərimdən bu ayəni köçürdüm: "Və sənin üzündən örtüyü qaldırdıq və bu gün baxışın nüfuzedicidir".

Sonra Yaqubun sağ əlinin ovcuna sehrli xətlər çəkdim və çuxurlaşdırdığı ovcunun ortasına mürəkkəb tökdüm, içində öz əksini görüb-görmədiyini soruşdum, o da gördüyünü dedi.

Buxuru və keşniş toxumlarını manqala atdım və tilsimlər yazılmış kağız parçalarını kömürün üstündə yandırdım. Sonra ondan nə görmək istədiyini soruşdum.

Bir neçə dəqiqə düşünüb dedi: "Səhranın sərhədində otlayan ilxıda ən gözəl vəhşi bir madyanı".

Ovcuna baxanda sükuta bürünmüş yaşıl bir otlaq gördü, az sonra da üzündə ağ bir ləkə olan, bəbir kimi çevik bir at yaxınlaşdı. Binəsib Yaqub içində o vəhşi madyan kimi gözəl atların olduğu bir ilxı istədi məndən. Üfüqdə toz buludu, sonra da ilxını görəndə isə əfv edildiyimi anladım.

O gündən sonra səmanın şərq səmti günəşin ilk şəfəqləriylə işıqlandıqda, zindana iki əsgər girib, məni Binəsib Yaqubun yataq otağına aparırdı. Tüstü, manqal və mürəkkəb mən içəri girənəcən otağa gətirilərdi. Və beləcə məndən istədiyini, yəni dünyanın gözlə görünə biləcək şeylərini ona göstərirdim.

Hələ də nifrətlə xatırladığım bu adam ölənlərin və həyatda olan ölərilərin bütün gördüklərini ovcunda görürdü: şəhərlər, iqlim qurşaqları, dünyanı sərhədlərlə bölən krallıqlar, Yer kürəsinin gizli dəfinələri, dənizlərə yelkən açmış gəmilər, döyüş, musiqi və əməliyyat alətləri, gözəl qadınlar, hərəkətsiz ulduzlar və səyyarələr, bütpərəstlərin iyrənc şəkillər çəkmək üçün istifadə etdikləri rənglər, faydalı qazıntıların və bitkilərin içlərində gizli qalan sirləri, yeganə qidaları Tanrını vəsf etmək və ona tapınmaq olan gümüşü mələklər, məktəblərdə mükafat vermə mərasimləri, ehramların qəlbində basdırılmış quş və firon bütləri, dünyanı buynuzlarında saxlayan öküzün və onun altındakı balıqların kölgəsi, mərhəmətli Allahın qum çölləri, qaz lampalarıyla işıqlandırılmış küçələr və insan fəryadı ilə ölən balina kimi izah edilməsi qeyri-mümkün şeylər…

Bir dəfə məndən "Avropa" adlı məkanı ona göstərməyimi istədi. Əsas küçəsini görməsini təmin elədim. Və məncə, orada, qara libas geyinmiş və eynək taxmış insan selinin arasında ilk dəfə gözünə o adam sataşdı – üzü örtülü adam.

Bəzən Sudanın milli libaslarında, bəzən də hərbi geyimdə, amma üzü həmişə örtülü olan bu adam bundan sonra gördüyümüz bütün mənzərələrdə var idi. Heç bir görüntüdən əskik olmadı o. Kim olduğunu anlamağa da əsla cəhd eləmədik.

Mürəkkəb aynasındakı görüntülər əvvəllər ani, ya da hərəkətsiz olduğu halda indi aydın hal alırdı. Əmrlərimə ləngimədən tabe olur və ən qəlizlərini belə açıq şəkildə görə bilirdik.

Səhnələrin getdikcə artan dəhşəti ikimizi də taqətdən salırdı, əlbəttə. Çünki gördüyümüz cəzalar, edamlar, şaqqalamlar və cəlladın rəhmsizlikdən aldığı həzdən başqa bir şey deyildi.

O gün ürəyi edam səhnəsi görmə təşnəsiylə yanan Binəsib Yaqub mənə həm ədalətli, həm də əfvi olmayan bir edam səhnəsini göstərməyi buyurdu. Təbil çalan əsgərləri, edam kötüyünə sərilmiş buzov dərisini, tamaşaçı olma fürsətinə sahib insanları, ədalət qılıncını istifadə etməyə amadə olan cəlladı görməsini təmin elədim.

Onu görüncə heyrətlənən Binəsib Yaqub dedi: "Bu cəllad qardaşın İbrahimi ədalətin tələb etdiyi şəkildə öldürən Əbu Kirdir. Cadu elmini öyrənib köməyin olmadan bu mənəzərələrə baxacağım gün sənin də başını bədənindən ayıracaq".

Sonra da məndən edam ediləcək adamı göstərməyimi istədi. İstəyi yerinə yetincə, məhkumun sirli, niqablı adam olduğunu gördü. Müstəbidin üzünün rəngi qaçdı. Ədalət yerini tapmazdan əvvəl adamın üzündəki örtüyü açmam əmr edildi.

Bunu buyuran kimi zalımın ayaqlarına döşəndim və yalvardım: "Ey dünyanın ən böyük padşahı, bu insan başqalarına bənzəməz, nə adını, nə soyunu, nə də doğulduğu yurdu bilirəm. Bu görüntüyə müdaxilə də edə bilmərəm, çünki günaha batmış olaram".

Binəsib Yaqub güldü və qəhqəhəsi bitdikdə, dedi ki, əgər bu işdə bir günah varsa, onu boynuna götürməyə hazırdır. Hətta Qurana və qılıncına əl basaraq and içdi.

Məhbusun soyundurulmasını, buzov dərisinin üstünə uzadılmasını və üzündəki niqabın çıxarılmasını əmr elədim.

Əmrlər icra olundu.

Yaqubun bərəlmiş gözləri nəhayət, o üzü görə bildi – öz üzüydü bu.

Ürəyi quş kimi çırpındı, qorxu bütün bədənini sardı. Titrəyən sağ əlini ovcuma alaraq öz ölüm mərasiminə şahidlik etməsini əmr elədim. Elə hala düşdü ki, nə gözlərini aynadan ayıra, nə də sol əlin ovcundakı mürəkkəbi yerə tökə bilirdi.

Görüntüdəki qılınc günahkarın başına endiyi an, Yaqubun dodaqlarından inilti qopdu.

Ürəyim əsla rəhmə gəlmədi.

Cəsəd yerə sərildi.

Həmdu-səna yalnız sənə məxsusdur, ey Əbədi Var Olan, sərhədsiz mərhəmət və tükənməz cəzanın açarını əlində saxlayan Rəbb!

 

Tərcümə: Əziz Rzazadə