XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2017 - 20:21

“Yuxu görən iki adamın hekayəti” –Xorxe Luis Borxes

hekayə

 

Ərəb tarixçisi əl-İksahi belə bir qəziyyədən xəbər verir:

Mötəbər şəxslərin qeydlərinə əsasən (amma yalnız Allahu-Təala hər şeyə qadir və mərhəmətlidir, həm də hər şeydən vaqifdir), bir vaxtlar Qahirədə çox zəngin bir adam yaşayırdı. Elə səxavətli və əliaçıq idi ki, atasının evi istisna olmaqla, hər şeyi itirdi, axırda dolanışığını qolunun gücü və alnının təriylə təmin eləmək məcburiyyətində qaldı.

O qədər işləyirdi ki, bir gün qaş qaralandan sonra evə dönüb, öz bağçasında, əncir ağacının altında biixtiyar yuxuya getdi və röyada başdan ayağa islanmış bir adam gördü.

Naməlum adam ağzından bir qızıl sikkə çıxarıb dedi: "Qismətin İsfahandır, Fars məmləkətində. Ora get və qismətini axtar".

Ertəsi gün sübh tezdən yuxudan oyandı və uzun bir səfərə çıxdı.

Yolda səhralar, gəmilər, quldurlar, bütpərəstlər, çaylar, vəhşi heyvanlar və insanların törətdiyi bütün təhlükələrə sinə gərdi.

Nəhayət, İsfahana gəlib çıxdı. Amma şəhərin qala qapısından içəri girər-girməz zil qaranlıq çökdü və qahirəli səyyah bir məscid həyətində gecələməli oldu.

Məscidin yaxınlığında bir ev vardı. Bir quldur dəstəsi məscidin həyətindən həmin evə soxulmuşdu. Evin sahibləri gurultudan oyanıb qıy-qışqır saldılar. Qonşular da "ya mədəd" deyə haraya tələsdi.

Axırda darğalar da hadisə yerinə gəlib çıxdı.

Damdan-dama atılaraq qaçıb gedən quldurların axtarışına başlanıldı. Darğabaşı məscidi də gözdən keçirməyi əmr elədi. Qahirədən gələn adamı tapınca darğabaşı ona qamış çubuqlarla elə bir zərbə vurdu ki, adam az qala öləcəkdi.

İki gün sonra özünə gələn qahirəli artıq zindandaydı. Darğabaşı onu hüzuruna gətizdirib, "kimsən, haradan gəlmisən" deyə sorğu-suala tutdu.

– Məşhur Qahirə şəhərindən gəlmişəm və adım Məhəmməd əl-Məğribidir, – qərib dedi.

– İsfahana niyə gəlmisən?

Qahirəli qərib həqiqəti deməyi üstün tutdu:

– Yuxuda biri mənə İsfahana getməyimi buyurdu. Dedi ki, qismətim məni orada gözləyir. Amma İsfahana gəlib çıxdıqda, məlum oldu ki, o qismət mənə vurulan şallaq imiş.

Bunu eşidən darğabaşı elə güldü ki, ağzındakı otuz iki dişin hamısı göründü.

Sonra dedi:

– Ey kəmağıl, mən də yuxuda üç dəfə Qahirədəki bir evi görmüşəm. Evin həyətində bir bağça, bağçanın kənarında bir günəş saatı, günəş saatının yanında bir əncir ağacı, əncir ağacının böyründə bir bulaq və bulağın altında böyük bir dəfinə vardı. Amma bu yalana əsla inanmadım… Şeytanla qatırın törəməsi, bir yuxudan ötrü bu qədər yol gəlməyə dəyərmi!? Rədd ol, bir daha səni İsfahanda görməyim. Al, bu pulların. Rədd ol!

Qərib adam pulunu götürdü və vətəninə doğru yola aldı.

Bağçasındakı bulağın altından (darğabaşının yuxuda gördüyü çeşməydi bu), böyük dəfinə çıxardı.

Və beləcə, Allah ona bolluca nemət yağdırdı. Səxavətli şəxsi layiq olduğu ilə mükafatlandırdı.

Gözə görünməz Allah lütfkardır.

 

Tərcümə: Əziz Rzazadə