Namiq DƏLİDAĞLI
ŞAİR öLüMü…
Məmməd Aslanın əziz xatirəsinə
I
İnsanlar bir tabut söz qaldırdılar,
bu sözün altında hər ürək dözməz.
Torpağa bir tabut söz basdırdılar…
çəkəcək canına sözün qanını,
yeyib dadlanacaq, sözü, şeiri,
gözü doymayacaq bu şirin daddan.
…Torpağa bir tabut söz basdırdılar…
indi kəpənəklər sözə qonacaq,
arılar şirəsin sözdən çəkəcək.
ürəkdən çəkəcək, gözdən çəkəcək
Bu məzar söz adlı bar gətirəcək,
çiçək bitirəcək, gül bitirəcək…
Burda “göyərəcək, hər kəlmə, hər söz”.
II
Uca kürsülərdən şeir deyirlər,
“söz satıb” nə qədər çiçək alırlar,
şairlər güllərdən şirə çəkirlər, şeir hörürlər…
…Şairlər üzünə söz tutub ölür.
Söz tutub üzünə gedir şairlər,
haqqın dərgahına və ayağına…
Bir az yüngül olur şair cəzası,
sözə bağışlanır nə günahı var…
….şair öldü!
…………………………..
VAĞZAL GƏRAYLISI
Uzun ayrılıqlar vağzallardan başlayır…
Qatarların, təyyarələrin…
çiyinlərində daşınır şəhərlərə…
Vağzalldrda doğulur, daşınır ayrılıqlar.
…Divarların yaxasına mıxlanmış tablolar
alın yazımız sanki.
Böcək gözlü işıqlar tale yolumuzu aydınlaşdırır.
Yellənən əllər və “hələlik” sözü
ayrılığın təsdiqidi burda.
Hər qərib baxışın rəsmi cızılır
vağzal divarlarına.
Gedənlərin dilində vağzal bayatısı
ikicə kəlmə- “mən getdim….”
İNKAR
İşlərində çaşbaş görüm,
gözlərində təlaş görüm.
Kefli görüm, sərxaş görüm,
şairi yaltaq görməyim!
(müəllif)
Bu məddah “şairlər”,
yaltaq “şairlər”
kabab iyi verən “şeirləri”ylə
illərdi ki zövqümüzü zorladılar
yeməkxana künclərində.
Gah da kürsulərdən
qollarını qulaclaya-qulaclaya
duyğularımızı girov götürdülər….
…amma, ruhumuzu axtalaya bilmədilər.
Nəfsinə qul şairlər,
ölü fikirlərini bizə sırısalar da,
yaxşı ki, sona qədər bu yükü daşımadıq!
ŞƏKİLLİ ŞEİR
Mənə şəkil göndərdin…
o şəklin içində hər şeyin öz şəkli var.
Baxışışın öz şəkli var,
ürəyin öz şəkli var.
Ağrının öz şəkli var, göynəyin öz şəkli var…
Mənə şəkil göndərdin…
…bilirsənmi gəlişi heç hansı ana düşdü?!
sənsizliyin ağrısın çəkən məqama düşdü.
Mənə şəkil göndərdin,
nə rəngli şəkildi…
Bomboz ağrılarıma duz basar, “məlhəm” olar…
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm olar.
Bundan belə hər dəfə
o şəkilə baxanda xumarlanar gözlərim,
baxışlarım dəm olar…
ŞƏHƏR AĞACLARINA AĞI
Bu şəhər nə yaman qocalıb,
Allah, binalar çiynini sallayıb yerə.
Nadan əlindıdi suyu, çörəyi,
yolları-izləri yad əlindədi…
…Ağaclar nec də yetimdi burda,
üstündən-başından köhnəlik yağır,
üzündən-gözündən köləlik yağır.
Baltalı adamlar cumur üstünə,
xaltalı adamlar cumur üstünə.
Yerində daş-qaya bitirmək üçün,
doğrayıb budağın, qol-qanadını,
tabut tək torpaqdan götürmək üçün,
kəsib qaşıyırlar kökünü yerdən.
…Yerində binalar ucaldır onlar,
ağacların xatirəsinə,
baş daşı kimi!
BU DƏRD
Bu dərd çəkdikcə azalmır,
çəkdikcə gördüm böyüyür.
çölümdə mən kiçilirəm,
İçimdə dərdim böyüyür.
Dön geriyə bax, demədim,
Bu qismətə baxt, demədim.
Nə istədi yox, demədim,
Nəyim var, verdim, böyüyür.
Güvəndim sənin gücünə,
ürəyim, məndən incimə.
“Bəxtəvərəm”, nə vecimə,
Böyüyür dərdim, böyüyür.
OVQAT
çox deyilən sözə dözdüm,
birə dözdüm, yüzə dözdüm.
Elə dözə-dözə dözdüm,
dözümdən çıxıb gedirəm.
Zəhər dolub qədəhlərim,
ta daş tutmur ətəklərim.
Qan ağlayır bəbəklərim,
gözümdən çıxıb gedirəm.
Gec olsa da qandım daha,
yoruldum, usandım daha.
Dediyimi dandım daha,
sözümdən çıxıb gedirəm.
Olub-keçəni əynimdən,
gündüz-gecəni əynimdən.
Soyunub məni əynimdən,
özümdən çıxıb gedirəm.