XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2017 - 16:30

Azər Qaraçənlinin yazısı:"Gülnaz: Məşədi İbadın, Rüstəm bəyin və Şərqin xilas kodu!"

Demək olar, hər bir yüksək sənət əsərində, xüsusilə romanda, poemada və bədii filmdə bir əxlaqi meyar olur, bütün qəhrəmanların əxlaqi keyfiyyətləri də o meyara münasibətdə açılır.

Mənə elə gəlir, “O olmasın, bu olsun” filminin əxlaqi meyarı Gülnazdı.

Kimdi Gülnaz? Sevən, ancaq azadlığı olmayan Şərq qadını. O, Sərvərə getmək istəyir, ancaq Məşədi İbada getməlidi, çünki atasının qərarı belədi. Bütün film də elə Gülnazın sevgisindən və azad olmamağından yaranıb. Məşədi İbad ona görə onu satın almaq istəyir ki, Gülnaz azad deyil; Sərvər bütün o hoqqaları ona görə çıxarır ki, Gülnaz azad deyil… Gülnaz azad deyil, amma sevgisi var – bütöv bir qoçular və lotular dəstəsi də ona görə bu filmdə peyda ola bilib ki, Gülnazın sevgisi var, hüququ yoxdu…

Hamını bu filmə Gülnazın sevgisi və hüquqsuzluğu gətirib. Məsələn, Məşədi İbadı hüquqsuzluğu gətirib, Sərvəri – sevgisi. Rüstəm bəyi əvvəl hüquqsuzluğu gətirmişdi, sonra sevgisi saxladı. Sonra Məşədi İbad, Sərvər və Rüstəm bəy başda olmaqla bütün əsas və epizodik rollar da bu filmdə eyni zamanda Gülnazın həm sevgisi, həm də hüquqsuzluğu sayəsində duruş gətirə bildilər. Bu mənada “O olmasın, bu olsun”da Gülnazın sevgisindən və hüquqsuzluğundan möhkəm heç nə yoxdu. Bütün film bu inadkar bünövrənin üstündə bərqərardı: onunla başlayır, davam eləyir – nə sevgi imkan verir ki, film dərhal bitsin, nə hüquqsuzluq. Film məhz bu dayaqların birindən məhrum olan kimi sona çatır, yəni yox olur. Əgər biz bunu gözləmədən hansısa məqamda əlimizi uzadıb o dayaqlardan birini – ya sevgini, ya hüquqsuzluğu – götürsəydik, onda “O olmasın, bu olsun” həmin anda həmin yerdən sökülə-sökülə gedərdi.

Gülnaz “O olmasın, bu olsun”un əxlaqi arşınıdı. Məşədi İbad əhvalatların mərkəzidi, ona görə baş qəhrəmandı. Gülnaz mənəviyyatların mərkəzidi, hər bir hadisəyə və iştirakçıya qiymət verməkdən ötrü başlıca meyardı. Əgər biz Gülnazla ölçməsək, onun taleyini və hissini, onun sevgisinə və azadlığına münasibəti bir qırağa qoysaq, onda qoçuların, lotuların Rüstəm bəyin qapısına hücum çəkməsi adicə pulpərəstlik kimi görünər və bilinməz ki, bu adamlar bu pulu kiminsə faciəsinə bais olmaqla da qazanmağa razılaşardılar, ya yox. Yəni onlar sırf maddi alverin, yalnız pulun dövr elədiyi qumarın iştirakçısına çevrilərdilər və əsl mahiyyətləri açılmamış qalardı. Burdasa qumara qız çıxarılıb, deməli, bu, mənəvi qumardı və ortada puldan əvvəl insan taleyi dövriyyədədi. Biz onların bu qumara zərrə qədər də olsun tərəddüd eləmədən qoşulduğunu görürük. Onların əxlaqını qiymətləndirmək üçün ən prinsipial məqam da budu. Başqa məqamlar (tutalım, onların Məşədi İbadı qəzetə, məhkəməyə verməklə hədələyib pul qoparmaları, “hamam pulu” dərdindən onu qoyub qaçmaları) əxlaqi əhəmiyyətinə görə bundan sonra gəlir.

Rüstəm bəy qızını pula satır. Məşədi İbad gələcək arvadını pulla satın alır. Bu, onların xarakterini dərk eləmək üçün daha mühüm məqamlardı, nəinki başqa hərəkətləri; məsələn, Rüstəm bəyin Məşədi İbadı aldatması, Məşədi İbadın hambalın bir abbasısını verməməsi…

Hətta hambalın da əsl mənəvi siması onun Gülnaza münasibətində açılır. Kimdi hambal? Gülnazı bədbəxt eləməyə girişmiş nəhəng bir mexanizmin tərkib hissəsi. Onu da bu filmə Gülnazın hüquqsuzluğu gətirib. O da Gülnazı məhv eləməklə məşğuldu. Ancaq hambal yeganə personadı ki, iştirakçısı olduğu prosesə mənəvi münasibəti yoxdu (Yalnız bir yerdə o bu münasibəti yüngülcə dilə gətirir: “Məşədi, olmaya oğurluğa gedirsən?..”). Hambal mənəvi anlaqsızlıq vəziyyətindədi. O bu vəziyyətiylə şərə şərikdi. Və bu, təkcə Gülnaz üçün yox, hambalın özü üçün də təhlükəlidi. Filmin sonunda Sərvərin atıb getdiyi tapançanın oyuncaq olub-olmadığını yoxlamaq üçün Qoçu Əsgər silahı hambalın başına tuşlayıb atəş açır. Əgər həmin anda ordan əsl güllə çıxsaydı, onda mənəvi anlaqsızlığı, şərə biganəliyilə, məzlumluğuyla şərik çıxması hambalı məhv eləyəcəkdi.

Hamı ən böyük əxlaqsızlığı məhz Gülnaza qarşı eləyir. Qumarbaz (Rüstəm bəy) ən əxlaqsız qumarını Gülnazla oynayır. Tacir (Məşədi İbad) ən əxlaqsız alverini Gülnazla aparır. Qoçu (Əsgər) ən əxlaqsız zorunu Gülnaza göstərir. Hətta məzlumun (hambal) da ən əxlaqsız məzlumluğu Gülnaza qarşıdı.

Hamını bu mənəvi girdabdan Gülnazın azadlığı çıxarır. Onun xoşbəxtliyi heç kimi tamamilə məhv olub getməyə qoymur. Gülnaz bədbəxt olsaydı, bir kimsə üçün xilas yolu qalmayacaqdı. Düzdü, mahiyyətcə nəticənin Gülnaza qarşı əxlaqsızlıqda iştirak eləyənlərə dəxli yoxdu, onlar onsuz da bu əxlaqsızlığı eləyiblər. Ancaq hər halda Gülnazın xoşbəxtliyi onların bütünlüklə bulaşmasına imkan vermir və onları bağışlamaq üçün əlyeri qoyur.

Gülnaz azad olmadı, onu azad elədilər. Və bu xilas yarı zəruri, yarı təsadüfi baş verdi. Hər şey başqa cür də ola bilərdi: Sərvərgilin əməliyyatı baş tutmaya bilərdi. Bu əməliyyatın riskini, tükdən asılı olduğunu biz qız toyunda gəlin paltarında oturmuş Gülnazın üzünün ifadəsindən görürük. O bilir ki, Sərvərgil onu xilas eləyəcək. Ancaq bəlkə alınmadı? Bax, Gülnazın üzündəki ifadə “bəlkə alınmadı” ifadəsidi. Bu ifadə yalnız bir şeyi deyir: insan həyatı bu qədər təsadüfdən asılı vəziyyətə salınmamalıdı; insan taleyi bu qədər başqasından asılı vəziyyətə düşməməlidi; başqaları insanın taleyində rol oynaya bilər, ancaq o dərəcədə yox ki, kiminsə ayağının burxulub yolda qalması kiminsə həyatını birdəfəlik məhv eləsin… Ona görə də Gülnazı xilas eləməyin ən etibarlı yolu ona azadlıq verməkdi. Yalnız bu halda onun xoşbəxtliyi təbii, qanunauyğun görünə bilər.

İnsan azadlığı, qadın azadlığı “O olmasın, bu olsun” filminin başlıca ideyasıdı. Sevgiyə və azadlığa münasibət “O olmasın, bu olsun”da başlıca əxlaqdı.

Bircə Gülnazın azad oması kifayət eləyərdi ki, “O olmasın, bu olsun” olmasın. Yaxud eləcə cəmiyyətin sevgi hüququnu tanıması bəsiydi ki, “O olmasın, bu olsun”un bütün mahiyyəti dəyişsin…

Allah sənə min rəhmət eləsin, Üzeyir bəy!

 

Azər QARAÇƏNLİ

“III sektor” jurnalı, №4, 2004-cü il