XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 November 2015 - 09:59

Mirzə Fətəlinin uzaqgörənliyi – “Paris niyə partladı?”

feteli.jpg

Paris partladı, daha doğrusu, partladıldı. Avropalılar saqqallı, dərvişlibas cinayətkarları, terrorçuları tapmaq üçün bütün imkanlarını səfərbər etdilər. Əlbəttə, bir insanın ölümü də faciədir, müsəlman olaraq, bizlər həmişə belə düşünmüşük. Bəs görəsən, Avropa Fransada baş verənlərdən sonra indi nəyi düşünür, nəyi götür-qoy edir? Şərqdə, müsəlman, türk aləmində kiçik bir inkişafın, tərəqqinin qarşısını almaq üçün min cür fitnə-fəsad törədən, planlar cızan soyuqqanlılar insan ölümünün, doğmasını, əzizini itirməyin necə sarsıdıcı olduğunu gördülər. Bəlkə də soyuqqanlı düşündüyümə və yazdığıma görə məni qınayarsınız. Ancaq belə düşünməkdə haqlıyam, bilirsiniz niyə? Hələ XX əsrin əvvəllərindən deportasiyalara, soyqırımlara məruz qalan xalqın övladı kimi, türk, müsəlman olduğumçün Avropa hər zaman bizlərin taleyinə biganə olub, laqeyd yanaşıb.

“Səlib yürüşləri”ni xatırladınızmı? Əlcəzairdə tökülən qanları insanlıq unutsa da, Tanrı unutmamışdı…

Paris partladı. Sən demə, partladanlardan biri, dediklərinə görə, fransız imiş, özü də saqqalsız. Avropasayağı təğyiri-libas olub, soyuq düşünüb – soyuq qərar vermək, insan öldürmək elə də çətin iş deyil, mənim əzizlərim. Məsələn, Suriyada baş verənlər, “Ərəb baharları” və s…

Mirzə Fətəlinin “dərvişi”nin barıtı əsrimizdə də partlayıb Parisi dağıdırsa, əlavə söz deməyə ehtiyac qalmır. Düşünmək və nəticə çıxarmaq lazımdır. Görəsən, Parisi partlatmaq hansı terrorçunun ağlına birinci gəlib?Sözün düzü, xəbəri eşidəndə dalağım sancdı və ağlıma “Birdən azərbaycanlı partladar” fikri gəldi. Fikirləşdim ki, yəqin hansısa şahbazlardan biri Müsyo Jordandan qisasını alır.

Yox, biz azərbaycanlılar nahaqdan, acımadan insana qıymarıq, çünki bu, qanımızda yoxdur. Həm də qafqazlıyıq axı…

Əslində, Fransa bir zamanlar etdiyi səhvləri təkrarlamamalıydı, insanların heysiyyatını, dinini, inancını təhqir etməməliydi, insan haqlarına və hüquqlarına hörmətlə yanaşmalıydı.

Biz azərbaycanlılar həmişə “Firəngistana” və “firənglilərə” hörmət və sayğı ilə yanaşmışıq. Mirzə Fətəlinin “Müsyo Jordanı”nın bu gün işğal altındakı Qarabağda necə hörmət və izzət görməyini xatırlayın. Hətəmxan ağa yadelliyə “Qonaq Allah qonağı”dır,- deyib, az qala “gözünün yağını” yedirirdi. Biz həmişə çörəyimizin “düşməni” olmuşuq, ağzımızdan tikəmizi çıxarıb ona-buna vermişik…

Fransa erməninin dostudur, bu, birmənalı belədir. “Daşnakstyun”a qucaq açıb, qondarma “soyqırım” abidəsi önündə qəmli-qəmli durub gül qoymaqla onların “hay” sevgisini bir daha gördük…

Ancaq terrordan bugünə kimi əziyyət çəkən Azərbaycanın iyirmi faiz torpağının  işğalını, bir milyondan çox qaçqınının olmasını Fransaqarışıq bütün dünya görməzlikdən gəldi və susdu. Fransa həm də ATƏT-in Minks Qrupunun həmsədridir.

Bir insan kimi baş verənlərə acıyıram və terrorun Qarabağımızda da kökünün kəsilməsi gününü səbirsizliklə gözləyirəm.

Allah sənə rəhmət eləsin, Mirzə Fətəli. Sən doğurdan da dahi və uzaqgörən imişsən. 100 il bundan öncə yazdığın əsəri yenidən oxumalıyıq, çünki tarix təkrar olunur.

 

Hafiz ZİYADXANOĞLU