XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

13 İyun 2017 - 21:48

“Elm və Helm” hekayəsi –Qoca Şərqin folklor boxçasından

İki dost uzun bir səfərə çıxdı.

İki dost – Elm və Helm.

Nəhayət, Bilik Şəhərinə yetişdilər.

Gecə-gündüz oxuyur, öyrənir, savadlarını artırırdılar.

Amma bir gün Helm təhsili yarımçıq qoymaq qərarına gəldi.

– Axı niyə? Səni heç anlamıram? – deyə Elm Helmi məzəmmət elədi. – Məni niyə yarıyolda qoyursan?

– Məni qınama, yolum başqadı…

– O nə yoldu elə? Məgər birgə Bilik Şəhərində oxuyub alim olmaq arzusunda deyildikmi?

– Elədi, amma…

– Amma nə?

– Bir kənd var, ora gedirəm, mən orada insanlara daha çox lazımam.

– Natamam biliyinlə? O kənddə nə edəcəksən, yarımçıq alim? – Elm istehzayla güldü.

– Allah kərimdir… Xudahafiz… Bəlkə də haçansa görüşdük, – Helm dedi və Cəhalət kəndinə üz tutdu.

Aradan xeyli vaxt keçdi. Çox, lap çox.

Elm artıq Bilik Şəhərinin ustadı, arifi, fazil alimi idi. Şöhrəti-şanı çox uzaqlara gedib çatmışdı. Hər yerdə hörmət-izzət, iltifatla qarşılanır, mütləq söz sahibi sayılırdı. Amma ahıl yaşına çatmış, ömür ağacının yarpaqları xəzəl olmuşdu.

Bir gün bərk naxoşladı. Təbiblər:

– Artıq nə dərs deyə, nə də moizə oxuya bilərsiz, – dedilər.

– O qapını üzümə tam bağlamayın, – deyə Elm yalvardı, – heç olmasa azca aralı qoyun, həftədə, ayda bir dəfə ən azı alim dostlarımla görüşüm…

– Yaxşı, – dedilər, – hərdən bir olar, ancaq alimlərlə.

Bilik Şəhərinin söz sahibi olan beş alimi vardı. Ahıl ustadla birgə. Onu ən üstün saydıqlarından təbiblərin sözünü fürsət bilib elə ilk həftəsonu görüşünə getdilər.

Xidmətçi qapını açıb onları bir-bir içəri dəvət elədi.

Qoca ustadın qarşısında bardaş qurub oturdular, xəstəhal ustadın özü də yatağında mütəkkəsinə söykənib onlarla hal-əhval tutur, maraqlarını çəkən suallara cavablar verir, hökm çıxarırdı.

Və birdən qapı döyüldü.

– Görən kimdi? – deyə qoca Elm özü-özündən soruşdu.

Xidmətçi qapıya getdi.

Qoca, saçı pırtlaşıq, saqqalı ətəyindən, nimdaş, yırtıqlı-yamaqlı libasda, amma nurani simasının işığı ilə heyrət doğuran qərib Elmlə görüşmək istədiyini dedi.

– Olmaz, təbiblər izn vermir! – xidmətçi acıqla dinərək qapını qocanın üzünə bağlamaq istədi.

Qərib əyilib onun qulağına öz adını dedi. Sonra:

– Bunu desən, məni qəbul edər, – deyə sözü tamamlayıb səbrlə dəvəti gözlədi.

Xidmətçi otağa döndü.

– Gələn kimdi? – deyə alim təəccüblə soruşdu.

Xidmətçi əyilərək ustadın qulağına müsafirin adını pıçıldadı.

Xəstə Elm cəld ayağa qalxdı. Cübbəsini geyinib qapıya üz tutdu.

Qonağı gülər üzlə qarşılayıb otağına gətirdi, düz yanında oturtdu, ağrıyan canıyla ona iltifat göstərməyə başladı. Xısın-xısın söhbət etməyə başladılar.

Üləma təəccüb içində itib-batmışdı. Bu, qoca, əynindən cin ürkən qərib görən kimdi…

Söhbət bitən kimi qəfil qonaq izn istədi.

– İxtiyar sahibisən, gözüm üstə həmişə yerin var, – deyə alim onun gedişinə heyfsiləndiyini gizlətmədi.

Sonra ayağa qalxdılar. Elm özütək qoca adamı qapıyadək ötürdü.

Otağa qayıdanda üzüntülü, pərişan idi.

– Ustad, o kim idi? – alim dostları bir ağızdan soruşdular.

– Yox, mən ustad deyiləm, heç birimiz onunla müqayisədə alim-fazil deyil, onun elmi bizim elmimizdən əfzəldi.

– Axı o nə icad edib, nə kitab yazıb ki, bizdən üstündü?

– Bundan belə min il yaşasaq da, min il öyrənib bilik artırsaq da, bir faydası yoxdu, onunla müqayisədə xəcil, nadanıq.

– Ustad, axı o kimdi?

– Mənə danışdıqlarını sizə təkrarlayımmı?.. Neçə-neçə il əvvəl o bir kəndə getdi. Nadan, cahil, Allah tanımaz camaatı olan bir kəndə. Özünə bir koma tikdi və kənd əhlinə dedi ki, uşaqlarınızı göndərin, onlara savad öyrədim. Pulsuz, müftə. Camaat özünə etimad etmədi. Amma bir gün bir yoxsul oğlunu onun yanına gətirdi. Oğlanın öyrəndiklərini bəyənən valideynin öyüdüylə qonşu da qızını ustadın yanına göndərdi. Və beləcə, tezliklə bütün kənd bu yorulmaz ustadın sayəsində bilik, iman sahibi oldu.

– Yəni hamı? – deyə alimlər bir ağızdan soruşdu.

– Bəli, hamı?

– Məəttəl qalmalı işdi… Amma…

– Nə?

– Axı o, müftə, havayı dərs öyrədirmiş. Bəs bu iradəli adam Cəhalət kəndində nəylə dolanırmış?

Qoca Elm köks ötürdü.

– Bunu da soruşdum. Dedi ki, gecələr kənd evlərinin həyətini dolaşır, zibilliyə atılmış yemək artıqlarını yeyirmiş… çiy su içirmiş…

Məclisdəki alimlər ah çəkdi.

– Ustad, bəs o qəfil qonağın adı nəydi?

– Helm, – alim dedi. – Onunla dost idik və bu şəhərə birlikdə gəlmişdik.

Hekayəti dinləyən alimlərin hamısı dərin fikrə getdi. Nəhayət, qonaqlar həmahəng ayağa qalxıb:

– Onunla müqayisədə bizlərdən heç biri alim-fazil adına iddia etməyə haqq sahibi deyil, – dedilər və bir daha Bilik Şəhərində görünmədilər.

Qoca ustad isə elə o gecə canını Allaha tapşırdı.

 

Əziz Rzazadə