XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

14 İyun 2017 - 02:14

“Ruhani” havasında, məzar üstə kitab təqdimatı –İsa Muğanna yad edildi

İyunun 12-də Hədəf nəşrləri və Qazax Xeyriyyə Cəmiyyəti böyük yazıçı İsa Muğannanın doğum günü ilə əlaqədar Fəxri Xiyabanda yazıçının məzarı başında anım tədbiri və həmçinin yazıçı Şəmil Sadiqin İsa Muğannaya həsr etdiyi “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” adlı monoqrafiyasının təqdimatını keçiriblər. 

Strateq.az Senet.az-a istinadla xəbər verir ki, anım tədbirində ölkənin bir neçə nüfuzulu qurumlarından nümayəndələr, tanınmış şəxslər iştirak ediblər. 

İlk olaraq çıxış edən “Qazax Cəmiyyəti” İctimai Birliyinin sədri, texnika elmləri doktoru, professor İlham Pirməmmədov anım iştirakçılarını salamlayıb və İsa Muğanna yaradıcılığından söz açıb: “İsa Muğanna hər birimizin sevə-sevə oxuduğu, dərin düşündürücü əsərlərin müəllifi olan görkəmli yazar idi. Gənclik illərimizdən bəri onun əsərlərini oxuyub, kitablarından yaradıcılığının ucalığını duymuşuq. Təhsil Nazirliyində işlədiyim müddətdə İsa müəllimin özü ilə yaxından tanış olduq. O zaman bir daha anladım ki, İsa Muğanna Azərbaycanın, elimizin-obamızın fəxri olan insanlardan biridir…".

Çıxışının sonunda İlham Pirməmmədov gələn il böyük Ustadın 90 illiyinin daha möhtəşəm şəkildə qeyd olunacağını söyləyib.

Daha sonra çıxış edən akademik Nizami Cəfərov həmişə Fəxri Xiyabana yolu düşdüyündə İsa Muğannanın məzarını ziyarət etdiyini deyib. Görkəmli yazarın yaradıcılığına toxunan deputat bildirib ki, İsa Muğannanın əsərlərini oxumayan insan da onun böyüklüyünü qəbul edir: “İsa Muğannanın hər yerdə imzası var. O, dərin mənəviyyatı olduğu qədər də təvazökar insan idi. Onun böyüklüyünü, xeyirxahlıqlarını, istedadını kiçikdən böyüyə hər kəs dərk edir. Bəzi insanlar onun yaradıcılığını dərk edə bilmir, amma yenə də bilir ki, böyük insandır, ona görə qəbul edir. İsa Muğanna ədəbiyyatımızın və ictimai fikrimizin tarixində əvəzsizdir…".

Anım mərasimində həmçinin yazıçı Şəmil Sadiqin Ustad sənətkarın yaradıcılığına həsr edilmiş “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” monoqrafiyası oxuculara təqdim olunub.

Əsərin müəllifi və İsa Muğanna irsinin hal-hazırda ən böyük tədqiqatçılarından olan Şəmil Sadiq Ustad sənətkarla bağlı bir çox xatirələrini tədbir iştirakçıları ilə paylaşıb.

Monoqrafiyada xalq yazıçısı İsa Muğanna yaradıcılığını çox orjinal bir üslubda oxuculara təqdim edən Şəmil Sadiq bu sahədə işlərin bununla bitməyəcəyini, böyük Ustadın əsərlərinin xaricə dillərə tərcümələri üzərində işlərin getdiyini, həmçinin bugünə qədər işıq üzü görməyən bir neçə pyes və səhnə əsərlərinin də yaxın gələcəkdə çap ediləcəyini, səhnələşdiriləcəyini qeyd edib.

Şəmil Sadiq monoqrafiyasında yazıçı, ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı İsa Mustafa oğlu Hüseynov (Muğanna) yaradıcılığının ikinci mərhələsinə aid əsərləri tədqiqata cəlb etdiyini, bu monoqrafiyanın böyük sənətkar haqqında ilk irihəcmli elmi əsər olduğunu da vurğulayıb. 

Yazıçının “İdeal” romanından sonra yazdığı “Cəhənnəm”,  “İlan dərəsi”, “GurÜn”, “Qırx kisə qızıl”, “Qəbiristan”, “İsahəq,  Musahəq”, “Türfə”, “Mənim məhəbbətim” kimi bədii əsərlər tədqiqata cəlb edən Şəmil Sadiq, monoqrafiyada Hüseyn Cavid, Kamal Abdulla, Zəlimxan Yaqub kimi yazarların əsərlərinin ideoloji fikri ilə İsa Muğanna yaradıcılığı arasında paralellər apardığını, təhlil etdiyini tədbir iştirakçılarına çatdırıb. Həmçinin Şəmil Sadiq “Hədəf” nəşrləri tərəfindən böyük Ustadın bütün kitablarının yenidən çap edildiyini də tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbirdə çıxış edən yazıçı Rüstəm Kamal, İsa Muğannanın Azərbaycan ədəbiyyatına gətirdiyi yeni fəlsəfi ideyalardan danışaraq, Muğanna irsinin hələ bundan sonra neçə əsrlər davam edəcəyini söyləyib.

Anım mərasimi daha sonra aşıq Avdi Musayevin ifasında “Ruhani” saz havası ilə davam edib.

Tədbirin sonunda yazıçı Şəmil Sadiqin “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” monoqrafiyası oxuculara hədiyyə olunub.