XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2017 - 03:38

Nurəddin İsmayıl Elçibəy haqda şeir yazdı:"Göy Adamı"

 

Gələn gedəcək. O gəlmişdi, yoluna vardı və getdi…

Nə mal-mülk, nə cah-cəlal, nə haqq etdiyi prezidentlik səltənəti onun sufi könlünü bulandırmadı, əbədi eşq qaynağı olan ilahi feyzdən bir an aralı salmadı.

Ucaldıqca sadələşdi. Sadələşdikcə gözümüzdə ucaldı. Pul-para, sərvət, kürsü əldə edəndə o qədər meylini dəyişənlər gördük ki… O dəyşmədi. Zənginliyi də, yoxsulluğu da ilahi təqdirdən qəbul etdi.

Hakimiyyət güdükçüsü olmadı, xalqa xidmətkar olmaqdan məmnunluq duydu. Rüşvətdən, korrupsiyadan uzaq, içi sevgi zənginliyi ilə dolub-daşan bir həyat yaşadı…

Getməyə gəldiyini bildiyindən, ötəri dünyanın əsiri olmadı, getməyin şərəfli yolçusu, yolbayı oldu. Hər kəsi zatən bəyzadə görmək istədi, hər kəsə fərq qoymadan "Bəy" dedi. Təbriz soraqlı “Qaragilə” oxudu, şəsti əyməyən bəy havası oynadı, türk tarixinin ağrı-acısını yaşadan "Sakarya" şerini dilində əzbər etdi…

Təkəbbür göstərmədi. Hər kəs onu insan yaraşığı təvazönün, alicənablığın, mülayim təbiətin timsalında gördü. Dostları candan sevdi. Dostluğa, insanlığa xilaf çıxanları zamanın ixtiyarına buraxdı. Üstünə gələnləri, onu daşlayanları, kommunistini, kommunist xislətli yapçısını, arxadan xəncər vuranları, üzünə çamur atanları, onu siyasi rəqiblərinə satanları, dönükləri nehrə dünyamızın içində əritdi. Yağı yağ, ayranı ayran oldu…

Üçrəngli bayraq tutan əl nə gözəl! Vətən himninin səsləndirən dil nə gözəl! İmanı, birliyi, həmrəyliyi, nizamı, qüdrəti olan el nə gözəl! Bayrağa sarıldı bayraqdar oldu, milyonların dilində himnin səslənməsindən qürur duydu. Sovet müstəmləkəsinə el birliyini görk etdi.

"Siyasət hiylədir, kələkdir, hakimiyyəti qorumaqdır"- deyə cılız düşünənlərə, siyasət xalqı ilə birgə xoşbəxt olmaq, millətini millətlər içində ucaltmaq, vilayatə sahib olmaq, yerlibazlığın, regionçuluğun kökünü kəsmək, bütöv Azərbaycan eşqi ilə yaşamaqdır ideyasını anlatdı.

Aşiqin ən böyük kamalı, ən böyük xoşbəxtliyi məşuquna qovuşub, fənaya uğramaqdır. O, məşuquna sarıldı və Allah dərgahının ən məhrəm guşəsində öz əbədiyyətinə qovuşdu…

Məkanın cənnət olsun, Elçibəy!

 

Göy adamı

Əlsiz, ayaqsız,
əllərin, ayaqların yetmədiyi
göylərin pak, müqəddəs qoynunda,
nəcib, xeyirxah bir ruh dolaşmada…
“Orda bir yol var uzaqlarda”
göynərtili soraqlarla,
haqqa sadiq, can sirdaşım,
mövlam mənim
haqq evinə qovuşmada…
Qovuşmadadır
könül yarın bağçasına,
Çiçək-çiçək ulduz göylər
gəl-gəl deyir, qucaq açır,
qərib yollar yolçusuna.
Gəl-gəl deyir,
Tanrı üzlü mavi göylər,
Get, yolun açıq olsun,
gör nə zamandır
göylər sənin yolunu gözlər…
Yolunu gözlər,
göy üzü, intəhasızlıqlar,
Gözlər səni, yer üzündən
incik düşən,
məsum, yalqız ruhlar…
Get, qonağı ol,
saqisi mələklər olan
ay-ulduzla bəzənmiş
məclislərin,
Allah hüzurundadır məqamı
nəfsi təmiz, müqəddəslərin.
Sarmış buludları
qulac-qulac qollarına,
Yer adamı olammadın,
bəy əfəndim,
salam olsun sənin
haqq nurundan şölə saçan
yollarına.
Yerdə pisliklər, yamanlıqlar çox.
Yer keçib naşı əllərə,
yerdə allah bəndəsinə aman yox.
Aman yoxdur yerdə,
yer qurduna, çay balığına,
Satılır yer bazarında insan
itdən ucuz bahalığına.
Yer, quyruğu uzun dünyanı
pardaqlayıb, sökənlərin,
Yerdə sənin nə işin,
mələklər ağuşudur yeri,
tərəzisi düz çəkən kişilərin.
Ələyəcək ələyində
yaxşını, yamanı,
iynəsi gözündən əyri sapları
keçirən fələklər,
Qəm yemə, bəy əfəndim,
xoş müjdəni,
səndən əvvəl yetirər göylərə
xeyr-şər dəftərini
yazan mələklər.
Necədir, bəy əfəndim,
zamana buraxıb hər işi,
zamansızlaşmaq,
Əl götürüb faniliklərdən,
qəm nəğməsini
küləklər pıçıldayan
uca göylərdə
əbədi kamansızlaşma?
Necədir, hər yaranışın son mənzili,
o uca göylərin halı?
Yermi, göymü yaxşı,
yoxsa, bir aldanışdır
insanın göylərə can atan
şirin xəyalı?
Cənnət qoxulu çiçəklər
ruha qida verirmi orada?
Dan şəfəqli səhərlər
çiçəklər üstünə
təzə-tər şehin sərirmi orada?
Varmı oralarda bölgüsü aparılan
ağlar, qaralar?
Sızıldarmı yenə
sinənə dağı çəkilən
sağalmaz yaralar?
Səsi batmış Təbriz
necə görünür oradan,
Şuşaya əlin çatırmı,
Söylə göy adamı,
göylər sənin ürəyinə yatırmı?
Ürəyinə yatırmı ruhunun
səmalarında pərvaz etdiyi
mas-mavi göy qübbələr?

Yaraşırmı sənə 

Tanrıdan boyuna biçilmiş

ulduz düyməli, səmavi cübbələr?
Necə qarşıladı səni
könül həmdəmlərin,
azadlıq carçısı, nazlı mələklər?

Üzündən utandımı sənin
qara bəxtimizə
tasın quran fələklər?
Yaşıl işartılı nişanələr qoyulubmu,
yolunu getməyə zülmətlərin,
İxtiyarı zalımlar əlində deyil ki,
yerdə hər tikəsinə
tələ qurulan ilahi nemətlərin?
Nizamı necə qurulub
göylər səltənətinin,
orada ay, ulduz işinə qarışmır ki?
Yaşamır ki, göylər yer rəzalətini?
Haqqı yeyilən haqsızlıqla
barışmır ki?
Sağ, sol, yolun o üzü, bu üzü varmı,
Kəsir burada əyri düzü,
kişi olmaq, düzü demək
orada işə yarayırmı?
Göy üzü təmiz ayna kimi,
ləkə götürməz,
Alar sevdiklərini qoynuna,
göy üzündən onu, ötürməz.
Arındırar mavi göy sularda,
Heyran qalar paklığına onun
öz suyunda çimizdirdiyi sular da.
“Xoş gəldin” deyər ona
göylər yaraşığı ruh pərilər,
Aman allah, nə xoşbəxtlik,
göy çadırlar içində sənə
laylasını mələklər oxuyan
bir yer sərilə…
Qapısı taybatay açıla üzünə
özgür aləmlərin,
Heyranı olasan
köksü azadlıq eşqi ilə
əbədi döyünənlərin.
Hər gecən ayrı bir gecə ola,
Ala səni qoynuna
ay, ulduz gözəllər,
Ax necə olar…
Şikəstə, “Qara gilə” oxuya sənə
səhərlərə açılan qara gecələr…
Uyu qardaşım, uyu,
ora bir səadət bağçası,
Yetər, inşallah, hər arzun yerinə,
ruhun yalnız orda dincələr.

Nurəddin İSMAYIL