XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 April 2015 - 18:53

Villa tikdirməyə pul tapılır, uşaq ədəbiyyatına yox…

“Bu gün ölkədə uşaq yazıçıları tanınmır”.

Bu sözləri “Azadlıq” radiosunun “İz” proqramına yazıçı Qəşəm İsabəyli deyib.

Aprelin 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitab Gününə həsr olunmuş VII Milli Uşaq Kitab Sərgisinə qatılan Qəşəm İsabəyli təəssüflə ancaq uşaq kitabxanalarında tanındıqlarını bildirib: “Biz sanki muzey əşyasına dönmüşük… Oxucunun qarşısına çıxa bilmirik. İngiltərədə yaşayan bir azərbaycanlı Bakıya gəlmişdi. Qızı ingiliscə hekayələr yazır. O danışırdı ki, İngiltərədə yazıçı və şairləri tez-tez məktəblərə çağırır və kitablarını da gətirməyi xahiş edirlər. Kim istəyir alsın – könüllüdür.

Bizim nəinki özümüzü, heç kitabımızı da məktəblərə buraxmırlar… Guya yazıçı-şair bundan sui-istifadə edər, kitablarını satar. Onsuz da sui-istifadə halları olur. Amma bir qayda qoymaq olar ki, bu kitablar nümayiş olunsun və bəyənilsə, alınsın”.

Qəşəm İsabəyli sərgidə

Qəşəm İsabəyli aparıcının “ölkədə uşaq kitablarının tirajı nə qədərdir, nəşriyyatı və yazıçını yaşatmağa imkan verirmi” sualını belə cavablandırıb: “Kitabların tirajı 300-lə 2 min nüsxə arasındadır… Mən bir dəfə Belarusda kitab sərgisinə qatılmışdım. Orada bir türkmən uşaq jurnalı gördüm – “Günəş” adlı. Tez tirajına baxdım – 120 min tirajla çıxırdı. Bizdə də “Günəş” jurnalı var – 1500 tirajla çıxır… Türkmən “Günəş”inin qiyməti 17 qəpik idi, Azərbaycan “Günəş”inin qiyməti 1 manat 50 qəpik.

Axı orada da, burada da dövlət yardımı ilə çıxır bu jurnallar. Türkmənistanda bütün kitab mağazalarını yerində gördüm. Dövlət Nəşriyyat Komitəsi də əvvəlki yerində idi. Bizdə heç biri yoxdur axı. Demək, buradan gəlir problemlər…”

Qəşəm İsabəyli maraqlı bir bənzətmə söylədi: “1989-cu ildə mənim “Əkil-Bəkil” kitabım “İlin uşaq kitabı” adına layiq görüldü. Həmin kitab 1990-cı ildə 25 min tirajla çap olundu. Daha sonra “ü-ü-ü” kitabım 30 min tirajla çıxdı. İki kitabdan indiki hesabla 70 min dollar qonorar aldım. İndi çıxan kitablarımı kitabxana kollektoru götürür. Tutalım, 300-500 ədəd götürür və onun verdiyi pul mənim qonorarım olur… çünki başqa satış yeri yoxdur. Bu gün yazıçının kitabla dolanmaq imkanı yoxdur”.

Qəşəm İsabəylinin fikrincə, bu vəziyyətdən çıxış yolu uşağın marağını kitaba yönəltməkdən keçir: “Bunu da məktəb etməlidir. Məktəb və valideyn uşağı kitaba yönəltməsə, vəziyyət düzəlməyəcək. Dövlət də məktəbdən hesabat istəməlidir. Dövlət uşaqların bədii zövqünün formalaşması qayğısına da qalmalıdır. Məktəbə deməlidir ki, hesabat ver, görək, bu uşaq ayda neçə kitab oxuyur…

Bu yaxınlarda Təhsil Nazirliyi bir yaxşı təşəbbüsdə bulunaraq “Ən yaxşı uşaq əsəri” müsabiqəsi elan edib. Bu, yaxşıdır. Amma bu gün həmin sistemdə çalışan bəzi pedaqoq və metodistlər var ki, şer yazırlar və məktəb dərsliklərinə də öz şerlərini salırlar. Axı uşaq bunu necə həzm etsin? O, ərzaq deyil – dəmirdir!..”

Yazıçı aparıcının “sizcə, məktəb uşaqları nə qədər kitab oxuyur” sualını belə cavablandırıb: “Oxuyur ki?! Məktəb uşaqları kitab oxumur! Bəlkə də 3-5 nəfər oxuya, ya oxumaya… Heç şagirdin müəllimi kitab oxumur… Heç bizim yazıçılar oxumurlar!”

Qəşəm İsabəyli internetin həyatımızdakı roluna da toxunub: “İnternet bizim həyatımızda indi hər şeydir. Mən hər dəfə bir şey axtaranda internetin atasına rəhmət oxuyuram. Amma internet ruh deyil, can deyil. Bir həkim deyirdi ki, indiki uşaqların arasında niyə intihar halı artıb, bilirsinizmi?! çünki indikilər nağıl oxumurlar! Məlikməmməd quyuya düşəndə çətinlikdən çıxa bilir. Amma kitab oxumayan uşaq çətinlikdən çıxmağın yolunu tapa bilmir və əl atır kəndirə. Yəni nağıllarımız uşaqlara həyatı öyrədir, yaşamağın yolunu göstərir. İnternet onu göstərmir axı. İnternet ruhsuzluq yaradır! Uşaqlarımızın bir faciəsi də budur”.

Uşaq yazıçısı Sevinc Nuruqızı da təsdiqləyir ki, Azərbaycanda uşaq yazıçısı kitabla yaşayışını təmin edə bilmir: “Həm də kitab yazıçıdan böyük enerji tələb edir. Yazmaq, çap etdirmək bir yana, onu paylamaq-yaymaq, satış məntəqələrinə çatdırmaq da müşkül işdir. İndi bizdə o yazıçını xoşbəxt yazıçı adlandırılar ki, nəşriyyatda işləsin. Mən də o xoşbəxtlərdənəm – “Təhsil” nəşriyyatınd
a çalışıram. Nəşriyyatda işə başlayanda mənim 5 kitabım vardı, indi 47 kitabım var. Burda çalışmasaydım, yəqin ki, kitablarımın sayı 10-nu keçməzdi. İndi nəşriyyatlar kitabı ən çoxu 1000-2000 tirajla çap edirlər. Bu tiraj Azərbaycan üçün heç nə deməkdir. Ona görə də müasir qəhrəmanlar yaranmır”.

Sevinc Nuruqızının sərgidəki stendi

Sevinc Nuruqızı əlavə edir ki, əslində müasir qəhrəman yaranır, amma uşaqlara gedib çatmır: “Biz qalmışıq Cırtdanın, Tıq-Tıq xanımın əlində. Şəxsən mənim Sarışınım, Arıqızım var… Bozqulağım, Dovşanım, Kirpim, İpəkcəm var… Mən bu qəhrəmanları yaratmışam, amma uşaqlar onları tanımır… Tirajı azdır. Demək, müasir qəhrəmanlar var. Uşaqlar onları Kukla Teatrının səhnəsində, cizgi filmlərində görməlidir. Amma görmürlər!

Brend olmaq üçün onları çantaların, qələmlərin, dəftərlərin üzərində görməlidir. Görmürlər! Əgər o qəhrəmanlar cəmiyyət tərəfindən uşaqlara təqdim olunmursa, deməli, bizim qəhrəmanlarımız yoxdur. Bu da çox pisdir! Onda başqa ölkələrin qəhrəmanlarına üz tuturuq. Niyə başqalarının Kül Kedisi tanınır, bizim Göyçək Fatma yox? çünki biz onu brend edə bilməmişik. Yazıçının borcu yazmaqdır. Onun yazdığını müəyyən bir mətbəxdə bişirib, hazırlayıb kütləyə vermək lazımdır. Onu artıq kimsə öz üstünə götürməlidir”.

Sevinc Nuruqızı aparıcının “bu kimsə kim olmalıdır” sualını belə cavablandırır: “Kimsə olmalıdır ictimaiyyətin nümayəndələri, uşaqlarla məşğul olan müəssisələrimiz.

Məsələn, bu yaxınlarda Nizami adına Ədəbiyyat İnstitutunda İsa Həbibbəylinin təşəbbüsü ilə uşaq ədəbiyyatının vəziyyəti araşdırıldı. Bir neçə gənc alim bu iş üçün ayrıldı, tədqiqat aparıldı. Maraqlı nəticələr ortaya çıxdı. Müşavirə keçirildi. Ən azından ortaya çıxdı ki, kimlər uşaqlar üçün yazırlar, yaza bilərlər və onların əsərləri uşaqların psixologiyasını pozmayacaq, aqressiya yaratmayacaq.

Bax, belə olmalıdır. Fikrimcə, belə olmasa, uşaq ədəbiyyatını, uşaq yazarlarını tanıtmaq, uşaqlar üçün ədəbi mühit hazırlamaq – yetkin, sivil və kübar ədəbi mühit yetişdirmək Azərbaycan üçün çətin olacaq”.

Uşaq ədəbiyyatı tədqiqatçısı Füzuli Əsgərlinin fikrincə, belə sərgilər tez-tez keçirilməlidir: “Kitaba sevgi ilk növbədə evdən, ailədən başlamalıdır. Məktəbə uşaq 6 yaşından sonra gəlir. Onda da artıq gec olur. Köçərli kitabxanasının təşəbbüsü çox gözəldir, amma sərgidə pirat nəşrlərə də rast gəldim”.

Füzuli Əsgərli sərgiyə gələnlərlə söhbət zamanı

Füzuli Əsgərli kitabların az tirajla nəşr olunmasına da münasibət bildirdi: “Mənim özümün də kitablarım 100 nüsxə tirajla çıxır. çünki öz vəsaitimlə buraxıram. Maaşdan, boğazımızdan kəsib onu nəşr etdiririk. Sərgidəki bu kitaba baxın – Zahid Xəlilin 6 cildliyidir. Cəmi 100 tirajla çıxıb. Satışa da çıxmayıb. Kitabxanalara bağışlayıb. Vəsait olmayan yerdə nə etmək olar? Uşaq yazıçıları öz yazdıqları hesabına dolana bilmirlər. Hamısı hardasa işləyib, birtəhər başını dolandırır. Yazıçıya sərmayə yatıran yoxdur. Amma kiməsə villa tikdirmək üçün pul tapılır…”

Sərgiyə qatılan uşaqlar az-çox kitab oxuduqlarını bildirdilər. Ən çox nağıl kitabları oxunur. Bəziləri dastan oxuduğunu söylədi. Şer sevənlər də var.

Məktəblilər dərs yükündən gileyləndilər: “Azərbaycan dili və ədəbiyyatı, bir də tarix fənnindən o qədər tapşırıqlar olur ki, əlavə kitab oxumağa vaxtımız qalmır”.

Verilişin ən ağrılı yerinə gəlib çatdıq. Aparıcının “Kitabını səbirsizliklə gözlədiyiniz uşaq yazıçısı varmı” sualı cavabsız qaldı. Məlum oldu ki, Qəşəm İsabəyli haqlıdır. Uşaqlar müasir yazıçıları sevmək bir yana, onları heç tanımırlar da…